Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev ölkənin şimal bölgəsində səfərdə olub

Prezident İlham Əliyev ölkənin şimal bölgəsində səfərdə olub

19.09.2009 [14:08]

Dövlət başçısı İlham Əliyev Quba və Qusar rayonlarında bir sıra açılışlarda iştirak edib, ictimaiyyətlə görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Quba rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə Quba şəhərinin mərkəzində salınmış Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Prezident İlham Əliyev parkda aparılmış yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri ilə tanış olub.
Dövlətimizin başçısına parkda görülən işlər barədə məlumat verilib. Bildirilib ki, yeddi hektar ərazini əhatə edən parkda abadlıq işləri davam etdirilir.
Dünən Prezident İlham Əliyev Qubada Heydər Əliyev Muzeyi üçün inşa edilən yeni binanın tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısına muzeyin yeni binasının layihəsi təqdim edilib.
Bildirilib ki, Ulu öndərin dövlətçilik irsinə artan maraq nəzərə alınaraq Heydər Əliyev parkında muzeyin yeni binasının tikintisinə başlanıb. Muzeyin yeni binasının layihəsini memar Toğrul Ruslanoğlu hazırlayıb. Bu ilin avqustunda təməli qoyulan yeni bina dördmərtəbəli olacaq. Muzeyin girişində Ulu öndərin büstü qoyulacaq. Orijinal layihə əsasında inşa olunan binada yaradılacaq bölmələrdə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən çoxlu sayda eksponat yerləşdiriləcək, informasiya-kommunikasiya texnologiyalarının da geniş tətbiqinə xüsusi diqqət yetiriləcək.
Prezident İlham Əliyev muzeyin inşası və tərtibatı ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Prezident İlham Əliyev dünən Qubada Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib, səhiyyə ocağında yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, təməli 2006-cı ilin martında qoyulan və ümumi sahəsi 1,3 hektar olan Quba Müalicə-Diaqnostika Mərkəzi Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilib. Quba ilə yanaşı qonşu rayonların da əhalisinə xidmət göstərəcək mərkəzdə ümumilikdə 260 həkim və orta tibb heyəti işlə təmin olunub.
Dörd mərtəbədən ibarət olan mərkəzin əsas binasının sahəsi 7 min 220 kvadratmetr, yardımçı binaların sahəsi isə 805 kvadratmetrdir. Əsas binanın birinci mərtəbəsində konsultativ diaqnostika poliklinikası, qəbul otağı, laboratoriya və şüa diaqnostikası şöbələri yerləşir. Poliklinika oftalmologiya, lor, ultrasəs müayinə, ginekologiya otaqlarından ibarətdir. Şüa diaqnostika şöbəsində biokimyəvi laboratoriya, qastroskopiya və kolonoskopiya otaqları fəaliyyət göstərir.
İkinci mərtəbənin foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda səhiyyənin inkişafı sahəsində gördükləri işləri əks etdirən fotoguşə yaradılıb. Bu mərtəbədə 20 çarpayılıq cərrahiyyə və 10 çarpayılıq hemodializ şöbələri yerləşir. Dörd bölmədən ibarət əməliyyat bloku üçüncü mərtəbədədir. Reanimasiya və anesteziologiya şöbələri də üçüncü mərtəbədə yerləşir. Burada sterilləşdirmə bloku da fəaliyyət göstərir. Dördüncü mərtəbədə 164 nəfərlik konfrans zalı və texniki otaqlar var. Səhiyyə ocağında Almaniyanın və Yaponiyanın ən müasir tibbi avadanlığı quraşdırılıb.
Mərkəzin ərazisində qazanxana, su anbarı, nasosxana, elektrik yarımstansiyası, yeməkxana və digər yardımçı binalar tikilib.
Səhiyyə ocağının həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllıq zonası salınıb, əraziyə süni qranit, tamet və mərmər döşənmiş, yeni işıqlandırma sistemi quraşdırılıb. Mərkəzə gələn yol asfaltlanıb.
Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb, onları təbrik edib.
Həkim Rəhimə Məmmədova səhiyyəyə göstərdiyi diqqət və qayğıya görə Quba Müalicə-Diaqnostika Mərkəzinin kollektivi adından təşəkkür edib. Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Qubadakı soyqırımı məzarlığını da ziyarət edib. Dövlətimizin başçısına məlumat verilib ki, bu məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının danılmaz sübutudur. Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Aparılan qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkar edilib. İnsanların hamısının soyuq sılah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Ermənilər Qubada azərbaycanlılarla yanaşı ləzgiləri, yəhudiləri, tatları, avarları və digər etnik qrupların nümayəndələrini də amansızlıqla öldürüblər. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir.
Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları burada 2007-ci il aprelin 8-dən 11-dək ilkin tədqiqat işləri aparıblar. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu təsdiqlənib. Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində ermənilər tərəfindən təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirilib, 122 kənd tamamilə dağıdılıb. Bu məzarlıq erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daha bir danılmaz tarixi faktdır. Prezident İlham Əliyevə məzarlıqda inşa olunacaq abidə kompleksinin layihəsi haqqında da məlumat verilib.
Prezident İlham Əliyev Qubada “Şahdağ” Elektrik Stansiyasının açılışında iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib ki, ərazisi 14 hektar olan “Şahdağ” Elektrik Stansiyası ölkəmizin energetika sisteminə böyük töhfələrdən biridir. İnşasına 2008-ci ildə başlanan stansiyada tikinti-quraşdırma işlərini yerli “AZENKO” şirkəti həyata keçirib. Stansiyanın, elektrik avadanlığı İsveçrənin “ABB”, güc avadanlığı isə Finlandiyanın “Vartsila” şirkətlərinin istehsalıdır. Ən son elmi-texniki yeniliklərin tətbiq olunduğu stansiyada ildə 700 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal etmək mümkündür. “Şahdağ”da istehsal olunacaq enerjinin ötürülməsi üçün 110 kilovoltluq 2-ci Quba hava xəttinin stansiyaya giriş-çıxışının təmin edilməsi məqsədi ilə 2 kilometr uzunluğunda yeni xətt çəkilib. Stansiyanın qaz təchizatı üçün 14 kilometr uzunluğunda boru kəməri çəkilib, qazpaylayıcı stansiya tikilib. Elektrik stansiyası Sahdağ Qış-Yay Turizm Kompleksinin, eləcə də Quba və Qusar rayonlarının elektrik enerjisi təchizatını əsaslı surətdə yaxşılaşdıracaq. Şahdağ Qış-Yay Turizm Kompleksinin elektrik enerjisinə tələbatı ilkin mərhələdə 50 meqavat təşkil edəcək. Sonrakı mərhələdə bu göstəricinin 100 meqavata yüksələcəyi gözlənilir. Prezident İlham Əliyev stansiyanın iş prinsipi ilə tanış olub.
Qeyd edilib ki, ümumi gücü 105 meqavat olan bu energetika qurğusunda hər biri 8,7 meqavatlıq porşen tipli 12 aqreqat quraşdırılıb. Bir kilovat-saat elektrik enerjisinin istehsalı üçün şərti yanacaq vahidi ilə cəmi 0,23 kubmetr və ya 267 qram təbii qaz sərf ediləcək. Faydalı iş əmsalı 46 faiz olan stansiyanın işləməsi üçün təbii qazın 6 bar təzyiqlə verilməsi kifayətdir. Bu, buxar-qaz turbinlərinə verilən qazın təzyiqindən təxminən 4 dəfə azdır. Məlumat verilib ki, tikintinin gedişində 500 nəfər çalışıb, onların yarısını yerli əhali təşkil edib. Stansiyada isə 120 nəfər daimi işlə təmin olunacaq.
Prezident İlham Əliyev idarəetmə məntəqəsindən stansiyanı işə salıb. Dövlətimizin başçısına bu stansiya ilə bağlı perspektivdə görüləcək işlər barədə də məlumat verilib. Qeyd edilib ki, “Xaçmaz” Elektrik Stansiyası ilə “Şahdağ” Elektrik Stansiyası arasında 40 kilometrə qədər uzunluqda 110 kilovoltluq elektrik xəttinin və Şahdağ Qış-Yay Turizm Kompleksinin enerji təchizatı üçün 40 kilometrlik 2 elektrik xəttinin, həmçinin müvafiq yarımstansiyaların tikintisi nəzərdə tutulub. Stansiyanın ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb, 10 minə qədər dekorativ ağac və gül kolu əkilib, 40 min kvadratmetr sahəyə asfalt döşənib. Uzunluğu 1 kilometrə çatan daxili drenaj kanalı çəkilib, stansiyanı texniki və içməli su ilə təmin etmək üçün hər biri 120 metr dərinliyində 2 artezian quyusu qazılıb, uzunluğu 2500 metr olan su xətti çəkilib. Yanğın təhlükəsizliyi məqsədi ilə su çənləri inşa edilib. Prezident İlham Əliyev ümumi sahəsi 530 kvadratmetr olan ikimərtəbəli inzibati bina ilə də tanış olub. Buradakı fotoguşələrdə Azərbaycan elektroenergetikasının sürətli inkişafında müstəsna əməyi olan Ulu öndər Heydər Əliyevin xalq və Vətən qarşısında xidmətlərindən, energetiklərlə görüşlərindən və müxtəlif tədbirlərdə iştirakından bəhs edən eksponatlar var. Bundan başqa, Prezident İlham Əliyevin respublikamızın energetika potensialının möhkəmləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində reallaşdırdığı ardıcıl və fundamental tədbirlər də buradakı fotoşəkillərdə dolğun əksini tapıb. Sonda Prezident İlham Əliyev energetiklərə görüşüb, onları təbrik edib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubaya səfərini başa çatdıraraq Qusar rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə Qusar şəhərinin mərkəzindəki Heydər bağında Ulu öndərin büstünü ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Qusar şəhərində Dövlət Bayrağı meydanı ilə tanış olub. Qusar şəhərinin girəcəyində ən yüksək yerdə inşa olunmuş Dövlət Bayrağı meydanının tikintisinə bu ilin mayında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə inşa olunmuş meydanın ərazisi 16 min kvadratmetrdir. Meydanın 9 min kvadratmetrlik sahəsində yaşıllıq salınıb, yerli iqlimə uyğun 5 min ağac, dekorativ gül kolları əkilib. Bundan başqa, 7500 kvadratmetr əraziyə tamet və daş piltələr döşənib, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlüyündə dirəkdə Azərbaycan bayrağı dalğalanır. Ərazinin metereoloji vəziyyəti nəzərə alınaraq bayraq üçün 12 tonluq dirək ucaldılıb. Eni 10, uzunluğu 20 metr olan bayraq və onun dirəyi Türkiyədə hazırlanıb.
Prezident İlham Əliyev meydanla tanışlıqdan sonra şəhərin mənzərəsini seyr edib.
Sonra burada dövlətimizin başçısına Samur-Həzrə yolunun plan-sxemi, Heydər Əliyev parkının və muzey kompleksinin eskiz layihəsi barədə məlumat verilib.
Prezident İlham Əliyev Qusarın yol-nəqliyyat kompleksinin yenilənməsi, Heydər Əliyev parkı və muzey kompleksinin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Qusar rayon Mərkəzi Xəstəxanasının yeni binasında tikinti işlərinin gedişi ilə tanış olub. Binanın təməli ötən ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Xəstəxana binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilir. İnşaat işləri müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilir.
Bildirilib ki, 230 çarpayılıq xəstəxana 3,5 hektar ərazini əhatə edir. Burada cərrahiyyə, reanimasiya, diaqnostika, ultrasəs müayinəsi, stasionar diaqnostika, yoluxucu xəstəliklər və doğum şöbələri, vərəm dispanseri olacaq. Yeni səhiyyə ocağı ən müasir avadanlıqla təchiz ediləcək. Dövlət Neft Şirkətinin dəstəyi ilə inşa olunan xəstəxana dördmərtəbəli bir əsas korpusdan və yeddi köməkçi binadan ibarət olacaq. Səhiyyə ocağı gələn il Qusar sakinlərinin istifadəsinə veriləcək.
Dünən Prezident İlham Əliyev Qusardakı Qanlı dərədə qələbə çalan Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılan abidənin açılışında iştirak edib. Bildirilib ki, tarixin şanlı mərhələsinin gənc nəsillərə ötürülməsi məqsədilə ucaldılan bu abidə Azərbaycan gəncliyinin ata-babalarımızın bu qəhrəmanlıq salnaməsini daha yaxşı öyrənmələri və yadda saxlamaları üçün əsil mənbədir. Dövlətimizin başçısı abidənin üzərindəki ağ örtüyü açıb və bu münasibətlə Qusar ictimaiyyətini təbrik edib.
Prezident İlham Əliyev sakinlərlə xatirə şəkli çəkdirib.
Qusar rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Şahdağ Qış-Yay Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak edib. Kompleksin baş planı və eskiz layihəsi ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, Şahdağ Qış-Yay Turizm Kompleksi Qusar rayonunun mərkəzindən 30 kilometr şimalda yerləşəcək.
Dövlətimizin başçısı gilizi kompleksin bünövrəsinə buraxıb, beton qarışığı töküb. Sonra Prezident İlham Əliyev kompleksin maketinə baxıb.
Dünən Prezident İlham Əliyev Qusarda, Şahdağın ətəyində mənzərəli bir məkanda yerləşən “Suvar” dağ turizm mərkəzinin fəaliyyəti ilə də tanış olub.
Dünən Qusara səfərini başa çatdıran Prezident İlham Əliyev yolüstü Qubanın Qırmızı qəsəbəsində yəhudi icmasının nümayəndələri ilə görüşüb.
Bununla da, dövlətimizin başçısının Quba və Qusar rayonlarına səfəri başa çatıb.


Paylaş:
Baxılıb: 1156 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31