Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub

28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub

28.05.2010 [09:42]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib
Dünən “Buta” sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
Salona toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Azərbaycanın dövlət himni səslənib.
Dövlətimizin başçısı rəsmi qəbulda nitq söyləyib.
Prezident İlham Əliyev deyib ki, doxsan iki il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika yaradılıb: “Bu hadisə çox böyük tarixi məna daşıyırdı. İlk dəfə olaraq bu bölgədə demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyəti idi. Respublikanın ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Azərbaycan xalqı dövlət müstəqilliyini itirdi. Qısa müddət ərzində, iki ildə bütün dövlət atributları yaradıldı, Azərbaycanın dövlət bayrağı qəbul edildi, bizim dahi bəstəkarımız üzeyir bəy Hacıbəyli tərəfindən Azərbaycanın dövlət himni yaradıldı, Azərbaycanın dövlət gerbi qəbul edildi, dövlət strukturları formalaşdırıldı, nazirliklər yaradıldı. Buna baxmayaraq, respublikanın süqutu qaçılmaz idi və 70 il ərzində Azərbaycan Sovet İttifaqının tərkibində sosialist respublikası kimi yaşadı. Baxmayaraq ki, biz dövlət müstəqilliyimizdən məhrum idik, o illər də Azərbaycan üçün uğurlu illər olmuşdur. O illər ərzində Azərbaycanda çox güclü sənaye potensialı yaradıldı. Azərbaycanda kənd təsərrüfatının inkişafı çox sürətlə gedirdi. ölkəmiz üçün çox vacib olan sənaye müəssisələri, xüsusilə neft-qaz sahəsində yaradılmış müəssisələr bu gün də müstəqil Azərbaycana xidmət göstərir”.
Dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycan xalqının müstəqillik ümidləri özünü 1991-ci ildə doğruldub və Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa edib: “Ancaq o illər Azərbaycan üçün çox ağır illər idi. Yəni tariximizə ağır, çox çətin illər kimi daxil olub. çünki müstəqilliyin ilk illərində Azərbaycanda gedən xoşagəlməz proseslər, daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, Azərbaycan rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi yenə də şübhə altına qoyuldu. Bütün iqtisadi məsələlər düzgün istiqamətdə həll olunmurdu. Sənaye sahəsində böyük tənəzzül müşahidə olunurdu, total böhran hökm sürürdü. Bundan əlavə, hələ Sovet İttifaqının dağılmasından bir neçə il əvvəl erməni separatçılarının Azərbaycana qarşı apardıqları işğalçı siyasət nəticəsində torpaqlarımızın müəyyən hissəsinin işğal altına düşməsi - bütün bu amillər Azərbaycanı çox çətin vəziyyətdə qoymuşdu”.
“1993-2003-cü illər Azərbaycan tarixində sabitlik və inkişaf illəri kimi qalacaqdır. Məhz o illərdə Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu, hüquqi dövlət quruculuğu işində çox əhəmiyyətli addımlar atıldı” - deyən, Prezident İlham Əliyev bildirib ki, Azərbaycan məhz o illərdə dünya birliyinə sürətlə inteqrasiya etməyə başlayıb və bir sıra beynəlxalq təşkilatların üzvü olub: “ölkəyə böyük həcmdə xarici sərmayənin gətirilməsi nəticəsində bizim uzunmüddətli inkişaf strategiyamız təmin edildi. Heydər Əliyev neft strategiyasının bütün bu işlərin içərisində xüsusi yeri vardır. Bu strategiya bu gün də uğurla icra edilir və məhz bunun nəticəsində biz bu gün Azərbaycanda çox sürətli inkişafı görürük”.
Regional əməkdaşlıq sahəsində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün layihələrin uğurla icra edildiyini söyləyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərin dərinləşməsinə çalışırıq və bölgədə buna nail ola bilmişik: “Bizim iqtisadi islahatlarımız dünya birliyi tərəfindən də təqdirlə qarşılanır. Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları çox yüksək dəyərləndirirlər. Dünya İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafına görə Azərbaycan MDB məkanında lider dövlətdir. Baxmayaraq ki, dünyada maliyyə və iqtisadi böhran hələ başa çatmayıb, bu yaxınlarda Azərbaycan mötəbər reytinq agentlikləri tərəfindən çox yüksək qiymət alıb. Bizim reytinqimiz artıbdır. Bu, deyə bilərəm ki, indiki şəraitdə çox böyük əhəmiyyətə malik olan bir hadisədir. çünki dünyada mövcud olan və davam edən böhran bir çox ölkə qarşısında çox böyük problemlər yaratdı. Azərbaycan isə o ölkələrdəndir ki, iqtisadi böhrandan ən az itkilərlə çıxa bilmişdir”.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan dövləti ölkədə bazar iqtisadiyyatının inkişafı üçün bütün praktiki tədbirləri görür və bu gün ölkəmizdə artıq güclənən sahibkarlar sinfi yaranmaqdadır.
Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Qarşımızda duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə çox fəal çalışırıq. Danışıqlar prosesində biz həmişə prinsipial mövqe tutmuşuq. Son illər ərzində gedən danışıqlar bunu bir daha göstərir. Azərbaycan prinsipial məsələlərdə bir addım geri atmamışdır. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə əsaslanır və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz bütün imkanlardan istifadə edirik. Qarşı tərəfin mövqeyi isə onların arzularına əsaslanıb və bu, münaqişənin həlli üçün heç cür əsas ola bilməz. BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər beynəlxalq təşkilatların qərarları və qətnamələri bizim mövqeyimizi gücləndirir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın işğal edilmiş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma, tarixi torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağda isə erməni və Azərbaycan icmaları yüksək muxtariyyət çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Bu, prinsipial mövqedir. Bu mövqe beynəlxalq hüquq normalarına və dünya birliyi tərəfindən qəbul edilmiş prinsiplərə əsaslanır. Bildiyiniz kimi, bu yaxınlarda İslam Konfransı Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox müsbət və tutarlı arqumentlərlə zəngin olan qətnamələr qəbul edibdir. Bu qətnamələr Azərbaycanın mövqeyini, yəni haqq-ədaləti tam şəkildə dəstəkləyir. Bir həftə bundan əvvəl Avropa Parlamenti tərəfindən bu məsələ ilə bağlı qəbul edilmiş qətnamə yenə də beynəlxalq hüquq normalarına əsaslanır və orada Ermənistan aqressor, yəni təcavüzkar dövlət kimi göstərilir. Açıq-aydın göstərilir ki, güc tətbiq etməklə heç bir ölkənin sərhədlərini pozmaq, status-kvo ilə barışmaq mümkün deyildir. Açıq-aydın göstərilir ki, bu vəziyyət - nə sülh, nə savaş davam edə bilməz, Azərbaycan torpaqları işğalçılardan azad edilməlidir. Bu, son həftələr ərzində baş vermiş mühüm hadisələrdir. Bu, bizim mövqeyimizi daha da gücləndirir və bir daha göstərir ki, beynəlxalq birlik - istər İslam dünyası, istər Avropa Birliyi vahid mövqedən, yəni ədalətli mövqedən çıxış edir. Biz başa düşürük ki, bu qətnamələr və siyasi addımlar Ermənistanı çox böyük təşvişə salıbdır. Yəni Ermənistan təbliğatına çox böyük zərbələr endirilibdir. Onların belə isterik reaksiyası bunun əyani sübutudur. Əgər belə olmasaydı, Ermənistan rəsmiləri Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməyə dair çox gülməli və əsassız şərhlər verməzdilər. Yəni, onlar deyirlər ki, bu qətnamə Madrid prinsiplərinə ziddir. Halbuki, bu, Madrid prinsiplərinə və beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Belə gülməli və qeyri-ciddi şərhlər təkcə onu göstərir ki, Ermənistan tərəfi doğrudan da təşviş içindədir. Onlar bu ağır vəziyyətdən çıxmaq üçün konkret addımlar atmalıdırlar. Bu yaxınlarda Dağlıq Qarabağda separatçı kriminal rejim tərəfindən keçirilmiş qanunsuz, qondarma “seçkilər” və “seçkilərə” beynəlxalq birlik tərəfindən verilən qiymət bir daha onu göstərir ki, dünya birliyi separatizmi qəbul etmir, Dağlıq Qarabağı müstəqil qurum kimi qəbul etmir və etməyəcəkdir”.
Prezident İlham Əliyev qeyd edib ki, müstəqilliyimizin 20 ili sübut edib ki, Azərbaycan xalqı müstəqil yaşaya bilər və yaşayacaq.
Dövlət başçısı bir daha Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib.
Mərasimdə elm, mədəniyyət və ədəbiyyat xadimlərinə dövlət mükafatları təqdim olunub.
Tədbir Azərbaycan incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.


Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31