Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yolumuz 3 istiqamətədir

Yolumuz 3 istiqamətədir

17.12.2021 [10:50]

Mübariz ABDULLAYEV

Dəmir yolları Xankəndiyə, Şuşaya və Naxçıvana qədər uzanacaq

Son günlər işğaldan azad edilmiş ərazilərlə bağlı gələn xoş müjdələrin sayı daha da artıb. Sosial şəbəkələrdə hələlik Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə erməni postlarının götürüldüyü, qondarma “Artsax”a məxsus əski parçasından başqa bir şey olmayan bayrağın yığışdırıldığı barədə müzakirələr aparılır. Sosial şəbəkələrin erməni seqmentində Xankəndidə müşahidə edilən acınacaqlı durumdan bəhs edilir. Bildirilir ki, burada şəhər əhalisi köç əhval-ruhiyyəsindədir, insanların gələcəklə bağlı hər hansı bir pozitiv planları yoxdur, hər kəs əmlakını satıb Rusiyaya köçmək barədə düşünür. Əslində, 44 günlük müharibədən sonra Xankəndidə belə vəziyyətin yaranacağı gözlənilən idi. Necə deyərlər, hayla gələn, vayla gedər.

Yazını hazırlayarkən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) yeni bir xoş xəbər gəldi. Məlumatda bildirilir ki, gələn il yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reyslərinin açılması planlaşdırılır. Verilən məlumata görə, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir. İlkin mərhələdə Qarabağa reyslər həftədə 2 dəfə olacaq. Əgər daşımalar rentabelli olarsa, reyslərin sayı artırıla bilər”.

Xankəndiyə gedən dəmir yolu xəttinin bərpası gündəmdədir

Azərbaycan ərazisindən Xankəndiyə dəmir yolunun çəkilməsinə hazırlıq görüldüyü də Qarabağdan gələn xoş müjdələr sırasında yer alır. Bu barədə məlumatlar Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya KİV-ində yer alıb. Məlumat, həmçinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) də təsdiqlənib.

Azərbaycan ərazisindən Xankəndiyə dəmir yolunun çəkilməsi postmüharibə mərhələsində regionda kommunikasiyaların bərpası planlarının tərkibinə daxildir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən, Azərbaycanın iqtisadi rayonları yenidən təsnifatlandırılıb, o cümlədən Xankəndi və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. İqtisadi rayonların yenidən təsnifatlandırılması son nəticədə ölkənin bölgələri arasında iqtisadi bağlılığın möhkəmlənməsinə təkan verəcək ki, burada da nəqliyyat infrastrukturu müstəsna rola malikdir. Bu kontekstdə Azərbaycan ərazisindən Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi reinteqrasiya proseslərini daha da sürətləndirəcək. QSC-nin mətbuat xidmətindən KİV-ə  bildirilib ki, yeni xəttin uzunluğu 104 kilometr olacaq. Xətt boyunca  aşağıdakı stansiyaların olacağı ehtimal edilir: Yevlax (son) - Bərdə - Köçərli - Təzəkənd - Ağdam - Əsgəran - Xocalı - Xankəndi (son).

Əslində, burada söhbət Xankəndiyə dəmir yolu xəttinin bərpasından gedir. Keçmiş sovet dönəmində Xankəndinin sakinləri avtomobillə Azərbaycanın yaxın şəhərlərinə gələrək buradan dəmir yolu ilə hərəkətlərini davam etdirirdilər. 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndi oldu.  Şəhərin sakinləri bu xətlə işləyən qatarlarla sərbəst şəkildə Bakıya və keçmiş ittifaqın müxtəlif şəhərlərinə gedib gəlirdilər. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə başlaması ilə dəmir yolunun fəaliyyətinə də son qoyuldu. Üç onilliyi əhatə edən işğal dövründə Qarabağda digər infrastruktur obyektləri kimi, Xankəndi ilə Azərbaycanın ayrı-ayrı şəhərlərini birləşdirən dəmir yolu da ermənilərin vandalizm əməllərinə məruz qalıb. Burada dəmir yolu xətləri, işarəvermə qurğuları, stansiyalar dağıdılıb. Müzakirəsi aparılan layihədə dəmir yolunun tamamilə yenidən qurulması nəzərdə tutulur.

Şuşaya gediş-gəliş asanlaşacaq

Şuşa hər bir azərbaycanlı üçün çox əziz şəhərdir. Şəhərdə əcdadlarımız əsrlər boyunca bizim milli-dini kimliyimizi təsdiqləyən zəngin tarixi-mədəni irs nümunələri yaradıblar. Mənfur düşmən işğal dövründə Şuşanın memarlığını, ab-havasını dəyişmək istəsə də, buna nail ola bilmədi - Prezident İlham Əliyevin hər dəfə qürurla bildirdiyi kimi, şəhər öz aurasını, azərbaycanlı ruhunu qoruyub saxladı.

Postmüharibə mərhələsində işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Şuşada da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin şəxsi nəzarəti altında reallaşdırılan Şuşanın bərpası proqramında şəhərə rahat gediş-gəlişi təmin etmək üçün müasir yol-nəqliyyat infrastrukturunun qurulması istiqaməti də xüsusi yer tutur. Artıq Şuşaya aparan Zəfər yolu istifadəyə verilib, digər bir avtomobil yolunun çəkilişi isə intensiv şəkildə davam etdirilir.

Sevindirici xəbərlərdən biri də ondan ibarətdir ki, Şuşaya, həmçinin dəmir yolunun çəkilməsi nəzərdə tutulub. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə söylədiyi nitqində məlumat verib. “Dəmir yolları ilə bağlı göstəriş verildi, hazırlıq işləri gedir. Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin. Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir. Amma hər hal?a indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun bildirdiyinə görə Şuşaya çəkiləcək dəmir yolu xəttinin layihələndirilməsi Türkiyə şirkətinə həvalə olunub. Layihələndirmə işlərində diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biri optimal marşrutun seçilməsi və ərazinin mürəkkəb relyefidir.  “Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq”, - C.Qurbanov qeyd edib.

Mütəxəssislər Azərbaycan ərazisindən Xankəndiyə və Şuşaya dəmir yolunun çəkilməsinin iqtisadi və sosial baxımdan böyük önəm daşıdığını bildirirlər. Hazırda Qarabağda miqyası kifayət qədər geniş olan bərpa işləri aparılır. Dəmir yolu xətlərinin Xankəndiyə və Şuşaya qədər uzadılması Azərbaycanın digər ərazilərindən yüklərin Qarabağa daha ucuz daşınmasını təmin edəcək. Eyni zamanda, bu marşrut sərnişinlərin və turistlərin də mənzil başına tez və rahat bir şəkildə çatmasına imkan verəcək.

Naxçıvanın blokadasının aradan qaldırılacağı gün uzaqda deyil

Xatırladaq ki, ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda regionda bütün kommunikasiyaların bərpası, o cümlədən də ölkəmizin Qərb rayonları ilə blokadada olan Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı müddəa öz əksini tapıb. Həmçinin cari ilin yanvarında Moskvada və bir qədər bundan əvvəl Soçidə baş tutan görüşlərdə də hər üç ölkənin liderləri kommunikasiyaların açılmasının zəruriliyini bir daha təsdiqləyiblər. Ölkəmizin Qərb rayonlarından Naxçıvana nəqliyyat dəhlizinin açılması ideyası Azərbaycana məxsusdur və müvafiq müddəa bəhs olunan sənədlərə məhz ölkəmizin diktəsi ilə salınıb. Qalib Azərbaycan Şərqi Zəngəzurdan keçməklə Naxçıvana dəhlizin açılmasında israrlı mövqe sərgiləyir. Bu dəhlizin yaradılması Azərbaycanın milli, siyasi, iqtisadi, tarixi və perspektiv maraqlarına tam cavab verir. Sözügedən dəhlizin mühüm seqmentlərindən biri dəmir yolu xəttidir. Yenə də keçmiş sovet dönəmində respublikamızın Qərb rayonları ilə Naxçıvanı birləşdirən dəmir yolu xətti mövcud olub. İşğal faktına görə dəmir yolunun Ermənistan ərazisindən (tarixi Azərbaycan torpaqlarından - red.) keçən hissəsi dağıntılara məruz qalıb. Azərbaycan Ermənistanın üçtərəfli bəyanatların şərtlərini pozmaq, o cümlədən də kommunikasiyaların açılmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, bu yolun da bərpasında israrlı mövqe sərgiləyir. Əslində, Ermənistanın manipulyativ cəhdlərinin proseslərə təsir imkanları sıfıra bərabərdir. Çünki forpost dövlətdə dəmir yolları Rusiyanın yuridiksiyasındadır. Yuxarıda bəhs olunan iclasdakı nitqində bunu bir daha xatırladan Prezident İlham Əliyev “Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir”, - deyə bildirib.

Onu da qeyd edək ki, Azərbaycan artıq Naxçıvana çəkiləcək dəmir yolunun ölkəmizin ərazisindən keçən hissəsinin tikintisinə start verib. Söhbət strateji önəm daşıyan və cari ilin əvvəlində Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Horadiz-Ağbənd dəmir yolunun inşasından gedir.

Bəhs olunan dəmir yolunun inşası yalnız Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan üçün əhəmiyyətli deyil.  Yeni nəqliyyat bağlantısı regional əməkdaşlıq üçün də geniş imkanlar yaradacaq,  Avrasiya coğrafiyasında ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin funksionallığının artmasına öz müsbət təsirini göstərəcək.

 

Paylaş:
Baxılıb: 652 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31