Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Avrasiyanın yeni nəqliyyat habı

Avrasiyanın yeni nəqliyyat habı

21.12.2021 [11:01]

 Mübariz ABDULLAYEV

Son illərdə Azərbaycanın böyük həcmlərdə investisiya yönəltdiyi sahələrdən biri yol-nəqliyyat sektorudur. Ölkəmizin bu sahənin inkişafını diqqət mərkəzində saxlaması isə heç də təsadüfi deyil. Respublikamız Avrasiyada əlverişli coğrafi məkanda yerləşir. Beynəlxalq əhəmiyyətli iki mühüm nəqliyyat dəhlizi - Şərq-Qərb və Şimal-Cənub marşrutları ölkəmizin ərazisindən keçir. Azərbaycan bu kimi üstünlüklərindən bəhrələnməklə ölkə ərazisindən tranzit daşımalarının həcmini artırmağı və bu yolla qeyri-neft sektoru üzrə əlavə gəlirlər əldə etməyi hədəfləyib.

Daxili sabitlik və qonşularla xoş münasibətlər

Respublikamızın açıq dənizə çıxışı yoxdur. Bununla belə, hazırda ölkəmiz geniş Avrasiya məkanında mühüm nəqliyyat-logistika habına çevrilməkdədir. Əlbəttə, burada dövlətin siyasi iradəsi, həyata keçirilən siyasət böyük önəm daşıyır. Sirr deyil ki, ayrılıqda götürülmüş bir ölkə tranzit daşımalarında zəncirin yalnız bir həlqəsidir və onun hansısa bir uğura imza atması absurddur. Söhbət tranzit daşımalarından gedirsə, burada qonşu ölkələrin əməkdaşlığı, bir-biri ilə xoş münasibətləri önə çıxır. Bunu Azərbaycanın timsalında da aydın şəkildə görmək mümkündür. Coğrafi mövqe öz yerində, Azərbaycanın Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə xoş mərama əsaslanan münasibətlər qurması ölkəmizin tranzit daşımaları sahəsində uğurlar qazanmasını şərtləndirən çox mühüm amillərdən biri qismində çıxış edir. Eyni zamanda, möhkəm qanunvericilik bazası, quru və su sərhədlərinə malik olması, qonşu dövlətlərlə uyğunlaşdırılmış optimal qiymət siyasəti kimi amillər də Azərbaycanın tranzit ölkə kimi cəlbediciliyini artırır.

Burada ölkəmizdə bərqərar olan uzunmüddətli daxili sabitliyin önəmini isə ayrıca qeyd etmək lazımdır. Azərbaycanda daxili qarşıdurmalar, terror təhlükəsi, narko ticarət marşrutu yoxdur və nizam-intizam yüksək səviyyədədir. Ölkədəki nümunəvi multikultural mühit milli zəmində ziddiyyətlər baş qaldırmasını istisna edir. Bütün bu kimi amillər də ayrı-ayrı ölkələri və transmilli şirkətləri öz yüklərini Azərbaycan üzərindən daşımağa sövq edir.

Müasir yol-nəqliyyat və logistika infrastrukturu

Azərbaycanın qısa müddətdə Avrasiyanın mühüm tranzit habına çevrilməsini şərtləndirən ən mühüm faktorlardan biri qismində, həmçinin son 18 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu çıxış edir. Bəhs olunan dövrdə respublika üzrə təxminən 18 min kilometr uzunluğunda avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, yüzlərlə körpü, keçid inşa olunub. Ölkəmiz Xəzərdə ən böyük donanmaya malikdir. Hazırda Azərbaycanda 6 beynəlxalq səviyyəli hava limanı fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan biri - Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, digər iki aeroportun inşası isə intensiv şəkildə davam etdirilir.

Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmlərdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Azərbaycanın moderatorluğu inşa olunan və 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirməklə Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Ən son texnologiyalar əsasında inşa olunan Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər.

Yaradılan yüksək səviyyəli infra­struktur yüklərin Azərbaycan ərazisindən təyinat yerinə tez və rahat çatdırılmasını təmin edir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda yaradılan nəqliyyat infrastrukturu beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Məsələn,  Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerlərdə qərarlaşıb.

Üç istiqamətdə üç dəhliz

Müxtəlif istiqamətlərdə uzanan və bir-biri ilə inteqrasiya olunan dəhlizlər Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Qədim İpək Yolu marşrutu üzrə uzanan Şərq-Qərb dəhlizi ənənəvi marşrutdur. Mərkəzi Asiyadan gələn yüklər bu marşrutla daşınır. Dünya nəhəngi Çin də bu marşrutdan istifadə etməklə öz mallarını Avropa məkanına çatdırır. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub marşrutu isə son dövrlərdə formalaşıb. Prezident İlham Əliyevin  bu günlərdə Brüsselə işgüzar səfəri çərçivəsində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində vurğuladığı kimi, bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb.

Azərbaycandan keçəcək daha bir tranzit marşrutu isə Zəngəzur dəhlizi olacaq. Ölkəmizin ötən il Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində yaranan yeni reallıqlar Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizi” kimi adlandırdığı və bütün dünyanın belə qəbul etdiyi yeni nəqliyyat arteriyasının açılmasını zərurətə çevirib. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin ötən il noyabrın 10-da, cari il yanvarın 11-də və bir qədər bundan əvvəl Soçidə imzaladıqları üçtərəfli bəyanatlarda regionda bütün kommunikasiyaların açılması ilə bağlı müddəa öz əksini tapıb. Bu barədə, həmçinin Azərbaycan Prezidentinin Brüsseldə keçirdiyi görüşlərdə də ətraflı fikir mübadiləsi aparılıb.

Rusiyanın, Avropa İttifaqının birmənalı mövqeyi ondan ibarətdir ki, Zəngəzur dəhlizi mütləq açılmalıdır. Bəhs olunan müsahibəsində yeni dəhlizlə bağlı fikirlərini növbəti dəfə diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Əlbəttə ki, İkinci Qarabağ müharibəsindən sonra hər yerdə artıq Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün imkan var. O, Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Üstəgəl, biz Bakının yaxınlığında Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal çalışırıq. Bu zona gələn il fəaliyyətdə olacaq. Ümid edirik ki, bu coğrafi mövqe, artıq şaxələnmiş nəqliyyat şəbəkəsi bizə orada çalışmağa üstünlük verən investorları cəlb etməyə kömək edəcək. Beləliklə, nəqliyyat sektoru enerji sektorundan sonra aparıcı sektorlardan biri olacaq və bu komponentə yatırılmış investisiyalar, əlbəttə ki, çoxlu mənfəət gətirir”.

Ermənistan üçün qızıl fürsət

Zəngəzur dəhlizi regional əməkdaşlığın dərinləşməsinə yeni imkanlar açır. Bu dəhliz region dövlətlərini 3+3 və yaxud 3+2 formatında birləşdirəcək. Türkiyə, Rusiya, İran və Azərbaycan bu platformada yer almaq niyyətlərini birmənalı şəkildə ifadə ediblər.  Brüssel görüşlərinədək Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəddüdlü mövqe sərgiləyir və bununla hansısa güzəştlərə nail olmaq istəyirdi. Brüssel görüşlərində Ermənistan da Zəngəzur dəhlizinin açılmasına özünün, necə deyərlər, hərisini verdi. Ümumiyyətlə, burada uduzan tərəf yoxdur. Dəhlizin açılması həmçinin üç onillik ərzində işğalçılıq siyasətinin girovuna çevrilən və dalan ölkə kimi bütün investisiya cəlbediciliyini itirən Ermənistanın özü üçün də faydalıdır. Dəhlizin açılması sayəsində bu ölkə qonşu dövlətlərlə, o cümlədən də İran və Rusiya kimi tərəfdaşları ilə nəqliyyat bağlantısına malik olacaq ki, bu da onun üçün hava və su kimi zəruridir. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını Ermənistan üçün qızıl fürsət kimi dəyərləndirib. “Hesab edirəm, Ermənistanda bu qızıl fürsəti həqiqətən dərk etməlidirlər ki, onlar daha da fəal hərəkət etsinlər və bu gələcək planlarda bizə qatılmaq üçün tərəddüd etməsinlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

 

 

 

 

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31