Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Böyük yolun Müzəffər davamçısı

Böyük yolun Müzəffər davamçısı

24.12.2021 [15:38]

Tahir BUDAQOV,

YAP Sədrinin müavini -

Mərkəzi Aparatın rəhbəri

 

Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. Ayrı-ayrı xalqların, dövlətlərin tarixi-siyasi təcrübəsinə nəzər saldıqda məlum olur ki, milli inkişafı, intibahı, tərəqqini və yüksəlişi təmin edən bir çox mühüm amil var, amma həlledici faktorlar sırasında liderlik fenomeni xüsusi yer tutur. Ümumiyyətlə, liderlik güc-qüdrət, həmrəylik, rifah və tərəqqi anlayışları ilə assosiasiya olunur, zaman və məkan məfhumlarının fövqündədir, bütün tarixi dövrləri və bütün coğrafiyaları əhatə edir. Tarixin ayrı-ayrı dövrlərində milli məsuliyyəti öz üzərlərinə götürmüş liderlər siyasət səhnəsində öz sözlərini demiş - parlaq nailiyyətlərə imza atmışlar. Situasiyadan, ölkədaxili vəziyyətdən, beynəlxalq şəraitdən, xalqın milli psixologiyasından və digər faktorlardan asılı olaraq, liderlər müxtəlif missiyalar yerinə yetirmiş, milli taleyin siyasi kodlarını müəyyənləşdirmişlər. Bəzi liderlər xilaskar rolunda çıxış etmiş, onların bir qismi isə mürəkkəb şəraiti xalq üçün tarixi fürsətə çevirərək yeni eranın əsasını qoymuşlar. Azərbaycan da bu mənada istisna deyil, yəni güclü, nüfuzlu, qətiyyətli, milli maraqlara və milli-mənəvi dəyərlərə əsaslanan siyasət yürüdən liderlər - ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev sayəsində qüdrətli dövlətə, öz siyasi taleyinin sahibinə çevrilmiş, tarixi nailiyyətlər qazanaraq inkişaf və qələbə zirvəsinə yüksəlmişdir.

Heydər Əliyev siyasəti - Azərbaycanı zirvəyə aparan yol

Bu gün Azərbaycan Heydər Əliyev ideyaları - Ulu Öndərin zəngin dövlətçilik irsi əsasında milli tərəqqi yolunda inamla irəliləyərək tarix yazır və tarixə yazılır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın yüksəlişində lider amilindən bəhs edərkən ilk növbədə qeyd etmək lazımdır ki, müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqımızın milli sərvəti olan müstəqilliyin, dövlətçilik ənənələrinin qorunmasını təmin etmiş, Azərbaycanı tənəzzüldən tərəqqi və qələbə yoluna çıxarmışdır. Daha dəqiq desək, ümummilli lider Heydər Əliyev respublikamızın ziddiyyətlər və qarşıdurma məkanına çevrildiyi, mürəkkəb regional və beynəlxalq proseslərin cərəyan etdiyi bir şəraitdə Azərbaycan xalqını kataklizmlərdən xilas etmiş, faciə və fəlakətlərin qarşısını almış, ölkəmizin formal deyil, gerçək müstəqilliyini təmin etmişdir. Bir sözlə, xalqımızın milli müstəqillik zirvəsi və istiqlal ideyasının gerçəkləşməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində Heydər Əliyev "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm", - deyə qeyd etmişdi. Zaman bu sözlərin doğruluğunu, Ulu Öndərin əqidəsinin bütövlüyünü və siyasi uzaqgörənliyini təsdiqlədi. Daha dəqiq desək, tarix Ümummilli Liderin sözü ilə əməlinin vəhdətini əks etdirdi, Onun qətiyyətli - prinsipial mövqeyi, uğurlu daxili və xarici siyasət kursu Azərbaycan dövlətinin qüdrətinin artmasını, xalqımızın rifahının yüksəlməsini, müstəqil respublikamızın dünya arenasında öz sözü və nüfuzu olan ölkə, etibarlı tərəfdaş kimi tanınmasını təmin etdi.

Şübhəsiz ki, Ümummilli Liderin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri üçün ən böyük miraslarından biri siyasi varisliyi təmin etməsidir. O, özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider - şəxsiyyət yetişdirməklə dövlətçilik tariximizin ən böyük xidmətlərindən birini göstərmişdir. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyən Ümummilli Liderin inamı, xalqın böyük etimadı özünü tam doğrultmuşdur. Cənab İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur.

Bu gün qürurla və iftixarla qeyd edirik ki, Azərbaycan zəngin və çoxəsrlik dövlətçilik tarixinə malikdir. Bu tarix bəşər sivilizasiyasına unikal və nümunəvi töhfələr vermiş xalqımızın şanlı keçmişini, şərəfli inkişaf yolunu özündə ehtiva edir. Azərbaycan dövlətinin bugünkü tərəqqisi də məhz xalqımızın tarixi ənənələrinə, mütərəqqi milli dəyərlərinə söykənir və çağdaş dünyanın qlobal çağırışlarına tam adekvatdır. Ölkəmizi tənəzzüldən xilas edərək intibah yoluna çıxaran, real müstəqilliyin əldə olunmasını təmin edən ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə, dövrün ictimai və siyasi qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi nəticəsində milli tərəqqinin Azərbaycan nümunəsi adlı fenomen yaranıb. Bu nümunə öz cəlbediciliyinə görə bütün dünyada maraqla öyrənilən strateji model kimi xarakterizə olunur.

Prezident İlham Əliyevin müəllifi olduğu inkişafın Azərbaycan modeli kompleks xarakter daşıyır, siyasi, iqtisadi, sosial-ictimai, mədəni-humanitar sahələri əhatə edir. Bu kontekstdə ilk növbədə vurğulamaq gərəkdir ki, dövlət başçısının son 18 il ərzində respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi strateji kurs uğurlu və səmərəli nəticələri ilə yadda qalmışdır. Azərbaycanda dayanıqlı iqtisadi sistem formalaşmış, regionların siması əsaslı dərəcədə dəyişilmiş, müxtəlif sahələrin paralel inkişafı təmin edilmişdir. Bir sözlə, dövlət başçısının inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasəti sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi tam təmin edilmiş, ölkənin maliyyə imkanları genişlənmişdir. Yəni güclü iqtisadiyyat quruculuğu, iqtisadi inkişaf bizi tarixi Zəfərə və tərəqqi zirvəsinə aparan çox mühüm - həlledici amillərdən biri olmuşdur. Son 18 ilin göstəriciləri makroiqtisadi sabitliyə nail olan Azərbaycanın innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan əsas hədəfləri uğurla reallaşdırdığını təsdiqləyir. Ümumi daxili məhsul istehsalının artım göstəriciləri də bu reallığın ifadəsidir. Digər əhəmiyyətli faktor Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olmasıdır. Son 18 ildə Azərbaycana daxili və xarici mənbələrdən davamlı investisiya yönəldilməsi isə iqtisadi inkişafın davamlılığını təmin edən mühüm amillərdən biridir. Azərbaycanın nümunəvi iqtisadi inkişaf modelinin mühüm komponentləri sırasında respublikamızın strateji valyuta ehtiyatlarının mütəmadi olaraq artması xüsusi yer tutur. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycanın MDB məkanında birinci yerdə olması və digər faktlar, nailiyyətlər iqtisadi müstəqilliyi gücləndirən və beləliklə də, siyasi suverenliyin əsaslarını möhkəmləndirən amillərdəndir. Eyni zamanda, əhalinin sosial müdafiəsinin mütəmadi olaraq gücləndirilməsinə xidmət edən sosial paketlərin reallaşdırılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması və digər strateji əhəmiyyətli addımlar vətəndaş məmnunluğunun artmasını şərtləndirmişdir. Prezident İlham Əliyevin "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" tezisi əməli surətdə özünü doğrultmuş, insanların rifahı və mənafeyinə xidmət edən uğurlu sosial siyasət modeli formalaşdırılmışdır. Bütövlükdə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etmişdir.

Nəticə etibarilə, inkişafın Azərbaycan modeli milli tərəqqinin mühüm və spesifik nümunəsi kimi çıxış edir, dünya miqyasında olduqca yüksək qiymətləndirilir, nüfuzlu strateji tədqiqat institutları və beyin mərkəzləri tərəfindən cəlbedici örnək kimi xüsusi öyrənilir.

Yeni Azərbaycan reallığı - xalqımızın qürur və güc mənbəyi

Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin siyasəti, eyni zamanda, yeni Azərbaycan reallığının yaranması ilə xarakterikdir. Bu mənada, Azərbaycanı siyasi xaos və qarşıdurmadan xilas edən Yeni Azərbaycan Partiyasının hakim siyasi qüvvə kimi milli siyasət arenasında yüksəlişi xüsusi qeyd edilməlidir. YAP-ın inkişafı və yüksəlişi Azərbaycanın tərəqqisi, yeni zirvələr fəth edərək tarixi nailiyyətlərə imza atması deməkdir. Bu, həm də inam və etimadın doğruldulması, parlaq perspektivlərin yaradılmasıdır. Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər", - deyə ifadə etdiyi fikir real həyatda öz siyasi təsdiqini tapdı. Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Yeni Azərbaycan Partiyasının və yeni Azərbaycanın inkişafı, ölkəmiz üçün yeni perspektivlərin yaranması inkaredilməz - danılmaz həqiqətdir.

Xüsusi vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədri seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır. Ümumiyyətlə, müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi ümummilli lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP ötən 29 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmiş, siyasi ləyaqət etalonu yaratmışdır. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Sıralarında cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi də bu reallığın təsdiqidir. Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Təbii ki, hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə üzərinə mühüm vəzifə və məsuliyyət düşür. Xüsusi vurğulamaq gərəkdir ki, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın cari il martın 5-də baş tutmuş VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də yuxarıda bəhs olunan strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı - etibarlı və möhkəm zəmin yaradacaq.

Bütövlükdə, yeni Azərbaycan reallığı Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü - məntiqi nəticəsi, xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir.

Mütərəqqi islahatlar kursu - dayanıqlı və dinamik inkişaf amili

Prezident İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik olan, modern idarəetmə sistemi yaradan islahatçı lider kimi tanınır. Dövlət başçısının islahatlar kursunun proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir. Kompleks, sistemli, ardıcıl və çoxşaxəli səciyyə daşıyan institusional və digər xarakterli reformalar idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə, ən əsası, Azərbaycan dövlətinin milli gücünün artmasına xidmət göstərir, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir çağırışlara adekvat cavab verən suveren ölkə kimi irəliləməsini təmin edir.

Çoxşaxəli reformalardan bəhs edərkən ölkəmizin demokratiya və tərəqqi yolunda irəliləməsini təmin edən siyasi islahatların əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. İslahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın formalaşdırılması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın mühüm prioritetləri reallaşdırmasına, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan vermişdir. 44 günlük Vətən müharibəsi zamanı əksər siyasi partiyaların birgə bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində Ali Baş Komandan cənab İlham Əliyevin siyasətinə birmənalı dəstək göstərmələri və postmünaqişə mərhələsində ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri bu siyasi birliyin bariz nümunəsi - əyani ifadəsidir.

Bütövlükdə, Prezident İlham Əliyevin islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini isə mümkün edən mühüm amillərdən biri kimi çıxış edir.

Uğurlu xarici siyasət - Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edən strateji faktor

Bunlarla yanaşı, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanın güclü - qüdrətli dövlət kimi tarixi nailiyyətlər qazanmasını təmin edən çox mühüm amillərdən biridir. Bu strateji kurs nəticəsində Azərbaycanın dünya miqyasında reputasiyası güclənmişdir, ölkəmiz həm müstəqil siyasət yürüdən regional güc mərkəzi, həm nüfuzlu və etibarlı tərəfdaş, həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır. Respublikamız ötən müddət ərzində bəşəriyyət üçün taleyüklü məsələlərin həllində mühüm rol oynamış, bu istiqamətdə əhəmiyyətli təşəbbüslər irəli sürmüş və sistemli fəaliyyət göstərmiş, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr vermişdir. Azərbaycanın 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Prezident İlham Əliyevin səmərəli xarici siyasət kursunun nəticəsi, ölkəmizə yüksək beynəlxalq etimadın göstəricisidir.

Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilməsi, 2019-2022-ci illərin isə Azərbaycanın Hərəkata sədrlik dövrü kimi müəyyənləşdirilməsi də bu qəbildən olan nümunələr sırasındadır. Bununla yanaşı, sabitlik adası, təhlükəsizlik məkanı kimi tanınan, iqtisadi inkişaf kontekstində cəlbedici və nümunəvi ölkə olan Azərbaycan "Bakı-2015" ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, o cümlədən digər çoxsaylı mədəni-humanitar xarakterli, qlobal əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməklə sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr vermişdir. Təsadüfi deyil ki, nüfuzlu strateji araşdırma mərkəzləri, beynəlxalq ekspertlər tərəfindən ifadə edilən rəylərdə Şərqlə Qərb arasında mənəvi-siyasi və mədəni-intellektual körpü rolunu oynayan Azərbaycanın beynəlxalq əməkdaşlıq prosesinə fundamental töhfələr verməsi olduqca yüksək dəyərləndirilir.

Bütövlükdə, Prezident İlham Əliyevin milli maraqlara, milli, regional və qlobal çağırışlara adekvat cavab verən xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, qlobal müstəvidə yeni uğurlar qazanmasını, dünya siyasətinin nüfuz və güc iyerarxiyasında sürətli yüksəlişini təmin edən strateji amildir.

Qələbə zirvəsi - Zəfər təntənəsi

Güclü və nüfuzlu Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə 18 il ərzində tarixə əlamətdar və bənzərsiz hadisələri əbədi həkk etməyə müvəffəq olmuşdur. Xüsusilə də, torpaqlarımızın işğaldan azad olunması - Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi - Qələbə dastanıdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan strateji kursun məntiqi nəticəsidir. Müdrik dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasəti sayəsində Azərbaycanın milli gücü - iqtisadi potensialı, hərbi qüdrəti artmışdır. Eyni zamanda, hücum xarakterli dərin strateji diplomatiyanın həyata keçirilməsi ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində güclü dostluq və tərəfdaşlıq əlaqələrinin formalaşdırmasını, sürətli - dinamik yüksəlişini təmin etmişdir. Təbii ki, bütün bunlar dövlət siyasətinin əsas strateji prioritetlərindən olan məsələnin - Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsinin həllinə imkan vermişdir.

Ümumiyyətlə, öz ərazi bütövlüyünü təmin edən Azərbaycanın yaratdığı strateji presedent milli güc faktorunun qlobal geosiyasətdə həlledici amil olduğunu təsdiqlədi. Təbii ki, milli güc deyildikdə təkcə hərbi potensial nəzərdə tutulmur. Buraya siyasi-diplomatik, iqtisadi, mənəvi-psixoloji güc və milli həmrəylik faktoru, eləcə də beynəlxalq reputasiya daxildir. Azərbaycan öz haqlı mübarizəsində həm siyasi-diplomatik, həm iqtisadi imkanlarından, həm də milli birlik faktorundan səmərəli istifadə etməklə və qlobal informasiya platformasında məqsədyönlü fəaliyyət həyata keçirməklə, son nəticədə hərb meydanında düşməni darmadağın etməklə tarixin XXI əsr səhifəsinə QALİB AZƏRBAYCAN adını yazdırdı! 44 günlük Zəfər yürüşünün nəticəsi olan möhtəşəm Qələbə Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Nəticə etibarilə, 44 günlük Vətən müharibəsi və Azərbaycanın şanlı qələbəsi çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisəsi - iftixar səhifəsidir. Bu Qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması - Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli tərəqqinin yeni mərhələsinin başlanğıcıdır. Hərbi-siyasi və diplomatik müstəvidə üstünlüyünü nümayiş etdirən Azərbaycan yeni geostrateji reallıqlar yaratmışdır, irəli sürülən strateji təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, ölkəmizin qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin etmişdir. Xüsusilə də, Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş formatda unikal əməkdaşlıq imkanlarının formalaşması deməkdir. Paralel olaraq işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin aparılması ölkəmizin inkişafına yeni impuls olacaq. Xüsusən, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanından irəli gələn vəzifələrin icrası, iqtisadi potensialdan istifadə olunması nəticəsində inkişafın sürətlənməsinə əlavə təkan olacaq. Yeni bölgüyə əsasən 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması isə həm tarixi, həm mənəvi, həm iqtisadi, həm də strateji baxımdan olduqca əhəmiyyətlidir. Əminliklə söyləmək olar ki, postmüharibə dövründə Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmində və gücündə olan Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ardıcıl nailiyyətlər qazanmaqla həm şanlı Qələbəmizin nəticələrinin daha da möhkəmləndirilməsinə, həm də yeni strateji zirvələrin fəth edilməsinə müvəffəq olacaq!

Əsrə bərabər inkişaf yolu -  yeni hədəflərə doğru

Beləliklə, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və hərtərəfli, əsrə bərabər inkişaf yolu keçmişdir. Heç şübhəsiz, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti də Azərbaycanın böyük uğurlar qazanmasını şərtləndirən çox mühüm amillərdəndir. Sirr deyil ki, ölkəmizin qarşıya qoyulmuş bir çox hədəflərə nail olmasında Mehriban xanım Əliyevanın xüsusi rolu var. Azərbaycanın birinci xanımının rəhbərliyi ilə görülən işlər Azərbaycan reallıqlarının beynəlxalq müstəvidə təbliğ olunmasında, ölkəmizin pozitiv reputasiyasının güclənməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında və bir çox istiqamətlərdə çox böyük əhəmiyyətə malikdir.

Nəticə etibarilə, bu gün Avrasiyada mühüm strateji əhəmiyyətə malik olan Cənubi Qafqaz regionunun lider dövləti, olduqca mürəkkəb xarakter daşıyan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu ölkəsi kimi tanınan, müstəqillik və suverenlik rəmzlərindən olan üçrəngli bayrağının qürurla və əzəmətlə ən yüksək zirvələrdə dalğalandığı Azərbaycan beynəlxalq arenada - bəşəriyyətin ən yeni tarixində öz sözü, nüfuzu və imzası olan güclü dövlət kimi tanınır. XXI əsrin mürəkkəb şərtləri və şəraiti fonunda sabitlik və təhlükəsizlik adası, tolerantlıq nümunəsi və multikulturalizm ünvanı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi səciyyələndirilən Azərbaycanın spesifik və unikal milli inkişaf nümunəsi isə bir çox ölkələr üçün strateji örnək və iqtisadi-siyasi fenomendir. Ölkəmiz bütün strateji hədəflərinə doğru addım-addım irəliləyir, öz gücü - qüdrəti ilə milli məqsədlərə nail olmaq iqtidarında olduğunu nümayiş etdirir. Cənab İlham Əliyev lider dövlətin və tarixin ən güclü Azərbaycanının Lideri kimi tarix yazmağa davam edir. Prezident İlham Əliyevin təbirincə desək, bizi heç nə və heç kim dayandıra bilməz!

Paylaş:
Baxılıb: 371 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Nobel, yoxsa Abel?

27 Sentyabr 10:50

Maraqlı

“Google” 25 yaşında

27 Sentyabr 10:47

Xəbər lenti

43 ildir...

27 Sentyabr 10:45

Sosial

Prezident bu gün

Prezident bu gün

27 Sentyabr 10:30

Analitik

İranda nə baş verir?

27 Sentyabr 10:29

Xarici siyasət

MEDİA

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Bir il əvvəl...

27 Sentyabr 09:58  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30