Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Fəal siyasi dialoq ili

Fəal siyasi dialoq ili

31.12.2021 [00:47]

İctimai vəhdətin, siyasi birliyin və milli həmrəyliyin gücləndirilməsinə mühüm töhfə

Nurlan QƏLƏNDƏRLİ

2021-ci il Azərbaycan üçün çox mühüm uğurlarla və əlamətdar hadisələrlə yadda qaldı. Müxtəlif sahələrdə görülən işlər - atılan addımlar Azərbaycanın milli gücünün artmasına və qarşıda duran strateji hədəflərə çatmağa əlverişli zəmin - əhəmiyyətli imkanlar yaratdı. Xüsusilə də, milli maraqlara və müasir çağırışlara adekvat olaraq kompleks islahatların həyata keçirilməsi ictimai-sosial, iqtisadi və siyasi mühitin yenilənməsi prosesini sürətləndirdi. Yeni siyasi konfiqurasiya şəraitində dialoq prosesinin dərinləşdirilməsi, siyasi partiyalarla işin müasir çağırışlar və ictimai sifarişlər əsasında ardıcıl olaraq davam etdirilməsi yola salmağa hazırlaşdığımız ildə bu sahədə də mühüm irəliləyişlərin əldə olunmasını şərtləndirdi. Nəticə isə siyasi sistemin inkişafı və siyasi birliyin - milli həmrəyliyin güclənməsidir.

Ümumiyyətlə, bu istiqamətdə nəticələri və qarşıda duran hədəfləri, gözləntiləri daha dəqiq təsvir və təhlil etmək üçün həm Vətən müharibəsindən öncə, həm də yeni dövrdə - postmüharibə mərhələsində və bütövlükdə, 2021-ci ildə siyasi proseslərin tənzimlənməsi, islahatların həyata keçirilməsi fonunda görülən işlərə nəzər salmaq məqsədəmüvafiq olar.

İslahatlar kursu: həm forma, həm də məzmun dəyişir

Əvvəla qeyd etmək lazımdır ki, islahat - reforma təkcə formanı deyil, həm də mahiyyəti dəyişməklə, keyfiyyətcə yeni dəyişikliklərə nail olmaqla təkamülü, tərəqqini təmin etmək vasitəsidir. Prezident İlham Əliyevin islahatlar kursu da bu reallığı ifadə edir. Cənab İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmişdi. Bundan sonra həm sosial-iqtisadi, həm də ictimai-siyasi sahədə konkret hədəflərə istiqamətlənmiş genişmiqyaslı islahatlara start verildi. Dövlət başçısı “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”, - deyə vurğulayıb. Qeyd etdiyimiz kimi, yeni islahatlar kursu siyasi sistemin inkişafını təmin edən çox mühüm amillərdən biridir. Təbii ki, burada siyasi proseslərin iştirakçılarının rolu da xüsusi yer tutur. Daha dəqiq desək, siyasi inkişafı təmin edən amillər sırasında partiyaların fəaliyyəti böyük önəm daşıyır. Siyasi partiya ənənələrinin formalaşması və zənginləşməsi isə bu prosesdə mühüm amil kimi dəyərləndirilir. 

Azərbaycanın siyasi təqvimi və siyasi məktəbi Heydər Əliyevin adı ilə bağlıdır

İnkaredilməz həqiqətdir ki, Azərbaycanda müstəqillik dövrünə qədər siyasi partiya  ənənələri, demək olar ki, olmayıb. Bu, bir çox səbəblərlə əlaqədardır. İlk növbədə vurğulamaq gərəkdir ki, SSRİ dönəmində siyasi sistem təkpartiyalı olub və plüralizmin, sərbəst fəaliyyət və rəqabət mühitinin mövcud olmaması siyasi partiya ənənələrinin formalaşmasına imkan verməyib. Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etməsindən sonra isə demokratik təcrübənin qazanılması - siyasi partiya ənənələrinin formalaşması məhz lider amili sayəsində mümkün olub. Daha dəqiq desək, ulu öndər Heydər Əliyevin siyasi lider kimi məqsədyönlü fəaliyyətinin nəticəsində müstəqillik və dövlətçilik tariximizin çox mühüm siyasi ənənələrindən biri formalaşıb. Bu, siyasi partiya ənənəsidir və 1992-ci ilin noyabrın 21-də xalqın çağırışı əsasında güclü Lider ətrafında partiyanın - Yeni Azərbaycan Partiyasının yaradılması ilə baş tutub. Məlum olduğu kimi, YAP yarandığı zaman ölkədaxili vəziyyət və siyasi şərait olduqca gərgin, mürəkkəb idi. Yeni Azərbaycan Partiyası o vaxt müxalifət partiyası statusunda idi. Buna baxmayaraq, partiya həmin müddətdə iqtidarda və müxalifətdə təmsil olunan digər partiyalardan fərqlənməyi, sivil siyasi davranış qaydaları və normaları nümayiş etdirməyi bacardı. Yeni Azərbaycan Partiyasının yaradılmasına qədər ölkəmizdə siyasi sistemin mövcud olmadığını bildirən Prezident İlham Əliyev deyib: “Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir”.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin siyasətdə və idarəetmədə yaratdığı ənənələr zaman və məkan məfhumunun fövqündə olan dəyərlər sistemidir, bu gün də aktualdır, gələcəkdə də dəyişməz prinsiplər kimi qalacaq. Onun “Kim müxalifətdə durursa-dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın” fikri Heydər Əliyev siyasətinin, əslində, dövlətçilik əqidəsi olduğunu göstərir. Yeni Azərbaycan Partiyası müxalifətdə olduğu zaman Heydər Əliyev dövlətçilik prizmasından çıxış edərək siyasi fəaliyyəti milli maraqların qorunması, müstəqillik, rifah, inkişaf və tərəqqi naminə çalışmaq kimi səciyyələndirirdi. Onun hələ 1993-cü ilin iyununda Azərbaycanda xaos və anarxiyanın hökm sürdüyü, siyasi böhranın, iqtisadi tənəzzülün dərinləşdiyi vaxtda “Biz Azərbaycan Prezidentinin ətrafında birləşməliyik”,-deyə fikir söyləməsi Heydər Əliyev siyasətinin şəxsi ambisiyalardan, konyuktur maraqlardan uzaq olduğunu göstərirdi. Bu, dövlətçilik məktəbi, siyasi mədəniyyət nümunəsi və özündə vətənpərvərliyi, milliliyi əks etdirən sivil siyasi davranış qaydası idi. Bu, həmçinin yeni Azərbaycanın müasir siyasi ənənələrinin rüşeymi idi.

Beləliklə, dövlətçiliyin zəif həlqələrindən olan bir sahədə institutlaşma prosesinə start verilməsi, yəni çoxpartiyalılıq prinsipi əsasında siyasi partiya ənənəsinin əsasının qoyulması Ulu Öndərin siyasətinin - Azərbaycanın strateji inkişaf xəttinin çox mühüm tərkib hissəsini təşkil edirdi. Müstəqillik dövründə gördük ki, Azərbaycanda olduqca mühüm önəmə malik olan, hətta bilavasitə milli təhlükəsizlik məsələsi kimi çıxış edən həm ictimai, həm siyasi əhəmiyyətli iki sahədə ciddi boşluqlar var. Bunlardan biri mətbuatla, digəri isə siyasi partiyalarla əlaqədar idi. Doğrudur, ciddi boşluqlar olsa da, bizim mətbuat ənənələrimiz vardı. Amma qeyd etdiyimiz kimi, siyasi partiyalarla bağlı ənənələr, demək olar ki, yox idi, bu, ictimai-siyasi sahənin ən zəif bəndlərindən biri olaraq səciyyələndirilirdi. Vurğuladığımız kimi, bu sahədə görülən işlər Azərbaycan güclü dövlət konsepsiyasının reallaşdırılmasını mümkün etdi.

Siyasi dialoq təşəbbüsü hakimiyyətin ictimai-siyasi ehtiyacından yaranmayıb və konyuktur xarakter daşımır

Prezident İlham Əliyev digər sahə və istiqamətlərlə yanaşı, ictimai-siyasi müstəvidə də Heydər Əliyev siyasətinin dəyərləşmiş - dəyərə çevrilmiş ənənələrini davam etdirir, yeni reallıqlara və müasir çağırışlara uyğun zənginləşdirir. Bu, siyasi partiyalarla iş sahəsində də özünü göstərir. Xüsusilə də, yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin həyata keçirilməsi müasir çağırışlar əsasında siyasi sistemin yenidən təşkili baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Hazırkı mərhələdə ictimai-siyasi münasibətlərdə siyasi əxlaq və siyasi mədəniyyətin əsas götürüldüyü, qarşılıqlı hörmətə və konstruktiv yanaşmaya əsaslanan yeni davranış qaydaları müəyyənləşir. İslahatlar isə davamlı xarakter daşıyır. Yeri gəlmişkən, 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrinə uyğun olaraq Milli Məclisin yeni tərkibdə formalaşması çoxpartiyalı sistemin inkişafına yeni töhfədir. Bu seçkilər, həmçinin siyasi palitranın rəngarəng olduğunu nümayiş etdirdi. Həmin vaxt ölkədə mövcud olan 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etdi. Seçkilərin yekunu olaraq parlamentə seçilmiş 121 nəfərdən 70-i YAP, 10-u müxalif partiya nümayəndəsi, 41-i isə bitərəf oldu. Mütləq çoxluqda olan YAP üzvləri və bitərəflərlə yanaşı, mandat qazanmış 8 müxalifət partiyasının üzvləri də müstəqil Azərbaycanın parlamentarizm tarixində ilk dəfə həm Milli Məclisin, həm də daimi komitələrin rəhbərliyində təmsil olundular. Statistik göstəricilərin ifadə etdiyi bu reallıqlar Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşdığını göstərir.

Ümumiyyətlə, siyasi dialoq prosesi ümummilli məsələdir, yəni daxili və xarici müstəvidə dövlətin maraqlarının qorunması baxımından vacib amildir. Eyni zamanda, siyasi dialoq genişmiqyaslı və dərinməzmunlu prosesdir. Bu, iqtidarın digər siyasi partiyalarla formal təmaslarını, yaxud hansısa konyuktur məsələlər ətrafında danışıqlarını əks etdirmir. Burada iki başlıca məqsəd müəyyənləşdirilib: siyasi sistemin daimi inkişafına nail olmaq və dövlətçilik  maraqlarını müdafiə etmək. Azərbaycan iqtidarının dialoq fəlsəfəsinin əsasında bu tezis dayanır. Azərbaycan iqtidarı bu prosesə dövlətçilik maraqlarının qorunması naminə start verib. Hakimiyyətin siyasi dialoqa, yaxud siyasi partiyaların dəstəyinə xüsusi ehtiyacı yoxdur. Elə Azərbaycan Prezidentinin yüksək nüfuzu və reytinqi, xalqın dəstəyi milli maraqlara əsaslanan istənilən qərarın qəbulunu və icrasını mümkün edir.  Ona görə də siyasi dialoq təşəbbüsü hakimiyyətin ictimai-siyasi ehtiyacından yaranmayıb, konyuktur maraqlara xidmət etmir, ümummilli proses kimi dövlətin mənafeyinin qorunması baxımından zəruri faktordur. Bununla yanaşı, siyasi inkişaf təkcə iqtidar ilə müxalifət partiyaları arasında təmasların, dialoqun səmərəliliyindən asılı deyil. Hər bir partiya siyasi proseslərin subyektidir, ona görə də müxalifət partiyaları arasında əlaqələr, partiyadaxili münasibətlər də siyasi sistemin inkişafında vacib rol oynayır. Yəni siyasi inkişaf təkcə iqtidarın məsuliyyətində deyil, bu istiqamətdə hər bir siyasi proses iştirakçısının üzərinə mühüm vəzifələr, öhdəliklər düşür.

Yeni siyasi konfiqurasiya - hər kəs hamı üçün, hamı dövlət üçün

Nəzər yetirdiyimiz müddətdə, eləcə də 2021-ci ildə Azərbaycanda siyasi sistemin inkişafına müsbət təsir göstərən amillərdən biri bəzi hüquqi məsələlərin həlli oldu. Bu baxımdan, yeni siyasi partiyaların qeydiyyata alınması xüsusi vurğulana bilər. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı bu məsələyə toxunaraq  “Bir neçə ay bundan əvvəl mənə məlumat verildi ki, bəzi partiyalar qeydiyyatdan keçməyiblər. Mənim üçün bu, sözün düzü, yenilik idi. Mən bilmirdim. Mənə heç kim məlumat verməmişdi ki, belə hallar var. Ona görə mən dərhal göstəriş verdim ki, bu məsələ öz həllini tapmalıdır. İndi siyasi partiyaların qeydiyyat məsələsi öz həllini tapır”, - deyə qeyd etmişdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından sonra 9 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb. Son olaraq cari ilin oktyabr ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2 yeni siyasi partiyanın (Haqq Ədalət Partiyası və Azərbaycan Yüksəliş Partiyası) dövlət qeydiyyatına alınması ilə ölkədə siyasi partiyaların sayı 58-ə çatıb.

Bütövlükdə, ölkəmizdə siyasi münasibətlər yeni çağırışlar və reallıqlar, həmçinin milli maraqlar əsasında tənzimlənir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu sahədə öz səmərəli fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. İrəli sürülən təkliflər, atılan addımlar - görülən işlər çərçivəsində uzun fasilədən sonra yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, vaxtı ötürülmüş qurultayların keçirilməsi məqsədilə bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi, siyasi partiyaların qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, qərargahı olmayan siyasi partiyalar üçün ofislər ayrılması, “Siyasi partiyalar” haqqında yeni qanun layihəsinin siyasi partiya rəhbərləri ilə müzakirəsinin aparılması və digər addımlar bu baxımdan xüsusi qeyd edilməlidir.

Ümumiyyətlə, 2021-ci ildə siyasi partiyalara dəstək tədbirləri çoxşaxəli olub və müxtəlif istiqamətləri əhatə edib. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən dövlət qeydiyyatı məsələlərinin əlaqələndirilməsi nəticəsində videokonfrans vasitəsi ilə il ərzində 15 siyasi partiyanın (Aydınlar Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokrat Sahibkarlar Partiyası, Azərbaycan Ümid Partiyası, Azad Demokratlar Partiyası, Ədalət Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Birlik Partiyası) qurultayları keçirilib. 19 və 29 mart tarixlərində  isə daha 6 siyasi partiyaya (Vəhdət Partiyası, Müstəqil Xalq Partiyası, Azərbaycan Azad Demokratlar Partiyası, Aydınlar Partiyası, Gələcək Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası) və 10 avqust tarixində 2 siyasi partiyaya (Klassik Xalq Cəbhəsi Partiyası, Yeni Zaman Partiyası) fəaliyyət göstərmələri üçün ofis sahələri təqdim edilib. Bununla ofis sahələri təqdim edilmiş siyasi partiyaların sayı 22-yə çatıb. Bununla yanaşı, sentyabr ayında 9 siyasi partiyanın qərargahlarının yerləşdiyi binanın qarşısında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlıq işləri həyata keçirilib. Böyük Quruluş Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Vətəndaş Birliyi Partiyası və Demokratik Maarifçilik Partiyasının namizədlərinin MSK-ya üzv (ehtiyat üzv) seçilmələri də çoxpartiyalı siyasi sistemin inkişafı və siyasi proseslərin hüquqi tənzimlənməsi baxımından əhəmiyyətlidir. Yeri gəlmişkən, 2022-ci ilin dövlət büdcəsində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 1 milyon manat və ya 25 faiz çoxdur.

Bunlarla yanaşı, siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə “Azərbaycan”, “525-ci qəzet”, “İki sahil”, “Ədalət” və “Yeni Azərbaycan” qəzetlərində dövlət siyasəti barədə müxtəlif siyasi partiya liderlərinin mülahizələrinin dərc edilməsinin davam etdirilməsi, dialoqda iştirak edən siyasi partiya rəhbərlərinin “Xəzər”, “Space” və “REAL TV” televiziya kanallarında müvafiq mövzular üzrə verilişlərdə çıxış etmələri üçün dəvət olunmaları sağlam ictimai rəyin formalaşması və informasiya platformasında milli maraqların qorunması baxımından önəmlidir.

İl ərzində partiyaların fərdi müraciətləri ilə bağlı məsələlər də diqqət mərkəzində olub. Partiyaların müraciətləri nəticəsində şəxsi problemlərin həlli, müalicə, məşğulluq və digər məsələlərin həlli istiqamətində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən müvafiq işlər görülüb və 90-dək məsələ öz həllini tapıb. Bununla yanaşı, 23, 26 və 27 fevral tarixlərində 24 siyasi partiyanın 50 yaşdan yuxarı olan 58 üzvü və 4 politoloq vaksinasiya olunub. 23 mart tarixində 23 siyasi partiyanın 50 yaşdan yuxarı olan 47 üzvü və 4 politoloq COVID-19 virusuna qarşı təkrar, 1 nəfər partiya üzvü isə ilk dəfə vaksinasiya olunub.

Görüşlər, tədbirlər və müzakirələr: siyasi partiyalar arasında təmaslar artır

Bu fəaliyyət çərçivəsində 2021-ci il üzrə siyasi partiya rəhbərləri və nümayəndələri ilə 432 görüş baş tutub, bunlardan 37-si Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən keçirilib. 2020-ci il fevral-dekabr ayları üzrə isə 538 görüş keçirilib. Ümumilikdə, keçirilən görüşlərin sayı 1052-dir. 

Bunlarla yanaşı, bu il ərzində videokonfrans formatında tədbirlərin təşkili siyasi partiyalar arasında təmasların sıxlaşdırılması, ölkə gündəminin, ictimai-siyasi məsələlərin müzakirəsi, faydalı ideya və təşəbbüslərin irəli sürülməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Vurğulamaq yerinə düşər ki, “Siyasi dialoqun Azərbaycan modeli” adlı layihə çərçivəsində 11 fevral tarixində ölkənin qabaqcıl ali təhsil müəssisələrinin, həmçinin AMEA-nın müvafiq institutlarının rəhbər və mütəxəssislərinin, 19 fevral tarixində ölkənin tanınmış politoloq, siyasi şərhçi və siyasiləşmiş QHT rəhbərlərinin iştirakı ilə videokonfranslar təşkil olunub. 100-ə yaxın şəxsin iştirakı ilə keçirilmiş görüşlərdə ümumən 24 məruzə dinlənilib.  15 mart tarixində isə ölkənin aparıcı televiziya kanalları, qəzetləri, informasiya agentlikləri və xəbər saytlarının rəhbər və redaktorlarının, həmçinin Administrasiyanın müvafiq şöbələrinin rəhbərliyi və nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil edilib. 50 nəfərin iştirak etdiyi tədbirdə siyasi dialoq mühitinin dəstəklənməsində medianın rolu geniş müzakirə olunub və məsələ ilə bağlı ümumilikdə 9 məruzə dinlənilib. Bununla yanaşı, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 6 mart tarixində “Siyasi dialoqda qadınların rolu” mövzusunda videokonfrans təşkil olunub. 31 siyasi partiyanı təmsil edən 50-dən artıq qadının iştirak etdiyi görüşdə 12 məruzə dinlənilib. 26 may tarixində isə “Dövlətçiliyi qoruyan dəyərlər: demokratik ənənələr və milli birlik” mövzusunda 30 siyasi partiyanın ictimai-siyasi fəal qadınlarının iştirakı ilə videokonfrans formatında görüş keçirilib.  Sentyabrın 9-da 45 siyasi partiyanın iştirakı ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda videokonfrans formatında görüş keçirilib və aparılan müzakirələrdə 18 nəfər siyasi partiya rəhbəri çıxış edib. Həmçinin Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü ilə əlaqədar Bakı şəhərində yerləşən “Türk şəhidliyi” abidəsinin 2021-ci il 15 sentyabr tarixində 17 siyasi partiya nümayəndəsi tərəfindən ziyarəti təşkil edilib.

Təbii ki, görülən bütün bu işlər böyük əhəmiyyətə malikdir və yeni siyasi konfiqurasiyanın reallıqlarını ifadə edir. Beləliklə, yeni siyasi konfiqurasiya “hər kəs hamı üçün, hamı dövlət üçün” prinsipini əks etdirir.

Siyasi birlikdən milli həmrəyliyə...

Vurğuladığımız kimi, etimad və inkişaf mühiti olan yeni siyasi konfiqurasiya şəraitində dialoq prosesi ölkəmizdə siyasi sistemin inkişafını və milli birliyin güclənməsini təmin edir. Bu gün siyasi partiyalar müstəqillik tariximizdə heç vaxt olmadığı kimi birlik - həmrəylik nümayiş etdirir, milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe ortaya qoyurlar. Ölkəmizdə mövcud olan siyasi həmrəylik Vətən müharibəsi dövründə və postmüharibə ərəfəsində daha qabarıq surətdə nəzərə çarpdı, yəni siyasi qüvvələrin birliyi daha da möhkəmləndi. Prezident İlham Əliyev qeyd edib: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”.

Milli həmrəyliyin təmin olunmasında vacib rola malik olan əhəmiyyətli amillərdən biri də siyasi sistemin iştirakçıları arasında sağlam münasibətlərin, o cümlədən siyasi birliyin mövcudluğudur. Prezident İlham Əliyevin hələ Vətən müharibəsindən əvvəl islahatlar proqramını təqdim etməsi ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin ardıcıl xarakter daşıması üçün dayanıqlı zəmin yaradıb, bu isə milli həmrəyliyə böyük töhfə olub. Yeri gəlmişkən, Azərbaycan Prezidenti 21 oktyabr 2020-ci il tarixində Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bu məqamlara xüsusi diqqət yetirərək “İndi mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri gəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir”, - deyə vurğulamışdı.  Vətən müharibəsində siyasi partiyaların mütləq əksəriyyəti xarici təhdidlərə qarşı birlik nümayiş etdirdi, 8 birgə bəyanat və 2 birgə müraciət imzalandı. Bu fakt göstərdi ki, Azərbaycan xalqı ümummilli məsələlərdə hər zaman birləşməyə hazırdır. Dövlət başçısının da vurğuladığı kimi: “Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir”.

Qeyd etmək lazımdır ki, 2021-ci ildə imzalanan bəyanatlar, ünvanlanan müraciətlər, irəli sürülən təkliflər də xüsusi əhəmiyyətə malikdir. Vurğulayaq ki, Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ölkədə fəaliyyət göstərən 40 siyasi partiya tərəfindən ayrı-ayrılıqda müvafiq bəyanatlar imzalanıb. Həmçinin siyasi partiyalar məsələ ilə bağlı xarici dövlətlərin siyasi partiyalarına və beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıblar. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel tarixində “ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair” birgə bəyanat imzalayıblar. Həmin bəyanat 8 dilə tərcümə edilərək AZƏRTAC-da dərc edilib. Bəyanatla bağlı, həmçinin Türkiyə KİV-lərində 100-dək yazı dərc edilib. Digər tərəfdən,  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 2021-ci il 16 iyun tarixində birgə bəyanat imzalayıblar. Həmin bəyanat 8 dilə tərcümə edilərək AZƏRTAC-da dərc edilib. Eyni zamanda, 27 sentyabr - Anım Günü ilə əlaqədar 43 siyasi partiya Ermənistan Respublikasının Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünü pisləyən, Vətən müharibəsində olduğu kimi Ali Baş Komandanın yanında olduqlarını bildirən və ölkədə milli birliyin qorunub saxlanılmasının vacibliyini əks etdirən bəyanatlar imzalayıb və xarici dillərə tərcümə edərək müxtəlif dövlətlərin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinə, həmçinin bəynəlxalq təşkilatlara göndəriblər. Sadalananlardan əlavə, 1-8 noyabr tarixlərində ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya Zəfər Günü münasibətilə ayrı-ayrılıqda bəyanatlar imzalayıblar. Bəyanatlarda  tarixə 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş Zəfərin Azərbaycanın müstəqillik tarixində müstəsna əhəmiyyəti qeyd olunub, həmin Qələbəni Azərbaycana bəxş etmiş Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Silahlı Qüvvələrimizin cəsur hərbçilərinə, həmçinin müharibə günlərində Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqına minnətdarlıq bildirilib və təbriklər səsləndirilib. Aprel ayı ərzində isə 18 siyasi partiya Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müraciətinə cavab olaraq “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi ilə bağlı təkliflərini təqdim edib. Həmin təkliflər ümumiləşdirilib və təhlil edilib.

İl ərzində işğaldan azad edilmiş ərazilərə birgə səfərlərin təşkili də siyasi birliyin və milli həmrəyliyin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, 17 mart tarixində ümumilikdə 75 nəfər olmaqla 48 siyasi partiya nümayəndəsinin, habelə politoloqların və media təmsilçilərinin Ağdam rayonuna səfəri təşkil olunub. 7 oktyabr tarixində isə Şuşa şəhərinə səfər təşkil olunub. Səfərdə ümumilikdə 81 nəfər olmaqla 43 siyasi partiyanın rəhbərləri və nümayəndələri, o cümlədən politoloqlar və media təmsilçiləri iştirak ediblər.

Bütövlükdə, görülən bütün bu işlər - həyata keçirilən tədbirlər siyasi birliyin güclənməsini və milli həmrəyliyin möhkəmlənməsini təmin edən çox mühüm amildir.

Siyasi autsayderlər milli maraqlara qarşı...

Dialoq prosesi siyasi birliyi gücləndirən amil olduğuna, siyasi birlik isə milli həmrəyliyi möhkəmləndirdiyinə görə daxildə və xaricdə müəyyən dairələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Ona görə də partiyalararası konstruktiv əməkdaşlığın qurulması prosesindən özünü kənara çəkən və siyasi dialoq prosesinə, milli birliyin gücləndirilməsinə etinasız - laqeyd və qərəzli yanaşan, hətta zərbə vurmağa çalışanlar da var. Bunlar ölkə daxilində konkret olaraq AXCP və Müsavat partiyasıdır. Siyasi dialoq təklifinə müsbət reaksiya verməmək, Vətən müharibəsi zamanı və postkonflikt mərhələsində xalqa, dövlətə dəstək xarakter daşıyan birlik - həmrəylik təşəbbüslərindən özünü kənarda saxlamaq bu partiyaların siyasi əqidəsini (əqidəsizliyini) aşkar surətdə əks etdirir. Dövlət başçısı bəhs olunan müsahibəsində qeyd edib: “... Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasıdır. Yeri gəlmişkən, bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv fazasındayıq”.

Reallıq budur ki, AXCP və Müsavat partiyası cəmiyyətdə heç bir nüfuza, təsir imkanlarına, rəqabət aparmaq gücünə malik deyil. 30 ilə yaxındır ki, demokratik sistemin “müxalifətçilik ştatı”ndan qidalanmağa çalışan, xarici qrant və qonorarların daimi abunəçisinə çevrilən bu qruplaşmalar indiyə qədər hər hansı bir konstruktiv ideya, təklif, təşəbbüs və proqram irəli sürməyiblər. Ona görə də siyasi autsayder vəziyyətinə düşüblər və onların dialoq prosesində iştirak edib-etməməsi heç nəyi dəyişmir.

Bütövlükdə, 2021-ci ildə Azərbaycanda siyasi dialoqun aktiv fazası hökm sürüb. Həm iqtidarın, həm də siyasi sistemin iştirakçısı olan müxalifət partiyalarının mövqeyi bu prosesin davamlı xarakter daşıyacağını deməyə əsas verir. Bunun nəticəsində ictimai vəhdətin, siyasi birliyin və milli həmrəyliyin gücləndirilməsi isə milli hədəflərə çatmaq üçün əlverişli imkanlar formalaşdırır.

Paylaş
Baxılıb: 221 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31