Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Vətən sevgisindən ayrı düşənlər...

Vətən sevgisindən ayrı düşənlər...

29.03.2022 [10:19]

Müxalifətin ənənəvi sindromu

Məlik Məmmədov

«Vətənin sevməyən insan olmaz,

Olsa da ol şəxsdə vicdan olmaz!»

Abbas Səhhət

Martın 26-da erməni separatçıları Azərbaycan ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd ediblər. Görülmüş cavab tədbirləri nəticəsində Azərbaycan ordusu onları geri çəkilməyə məcbur edərək, Fərrux kəndini və bəzi yüksəkliklərdə yerdəyişmə prosesini həyata keçirib. Azərbaycan ordusunun müdaxiləsi 9/10 noyabr 2020-ci il tarixli Bəyanatın və 22 fevral 2022-ci il tarixli Bəyannamənin bəndlərinə əməl olunmamasının nəticəsi olan məcburi tədbir olub. Bunun ardınca Rusiya Müdafiə Nazirliyi tərəfindən sözügedən Bəyannamənin ruhuna zidd olaraq iki təxribat xarakterli bəyanat səsləndirilib. Bəyanatların birində Azərbaycan ordusunun hissələrinin “Farux” kəndi və ətraf yüksəkliklərdə yerləşən mövqelərdən guya geri çəkildiyi barədə dezinformasiyalar yer alıb ki, bu da ölkəmizin Müdafiə Nazirliyi tərəfindən dərhal açıq-aydın video sübutlarla təkzib edilib.

Erməni tərəfinin təxribatları artıq təəccüb doğurmur. Onların məqsədi bəllidir. Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında vasitəçi rolunu öz üzərinə götürmüş Rusiyanın Müdafiə Nazirliyinin təxribatçı addımları və  Azərbaycan müxalifətinin hərəkətləri məyusedicidir.

Dezinformasiya istənilən müharibənin güclü silahıdır və bu vəziyyətdə Ermənistan və Rusiya tərəflərindən qeyri-sağlam addımlar gözləniləndir. Dezinformasiya çaşqınlıq salmaq və etibarlı məlumat mənbələrinə inamı sarsıtmaq məqsədilə aqressiv, rüsvayçı, ikiüzlü və həyasız “beşinci kolon” tərəfindən yayımlananda isə, bu artıq tamam başqa effekt verir.

Azərbaycan saytlarının xəbər lentlərini Xocalı rayonunun Fərrux kəndinin ordumuzun nəzarətində olması xəbərləri bəzəyərkən, sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri fəxrlə “Fərrux Azərbaycandır!” kimi paylaşımlar edərkən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli nədənsə məhz Rusiya MN-nin bəyanatına istinad etdi.  Maraqlıdır ki, Əli Kərimlinin “Facebook” sosial şəbəkəsindəki səhifəsinin lentinə nəzər saldıqda onun Rusiya əleyhinə yazılarla, Rusiya hakimiyyətinin ünvanına tənqidlərlə dolu olduğunu görmək olar. Lakin buna baxmayaraq, Kərimli maraqları uğrunda guya “mübarizə apardığı” Azərbaycan xalqının sevincinə şərik olmaq əvəzinə, bu qədər sevmədiyi Rusiyanın MN-nin məlumatlarını paylaşmağa tələsdi. Paradoksal olsa da, AXCP sədri Rusiya MN-nin məlumatını öz ölkəsinin Müdafiə Nazirliyindən daha “etibarlı mənbə” hesab edir və Azərbaycan əsgərinin şücaətini şübhə altına alır. Təəccüblüdür ki, bu adam öz ölkəsinə nə qədər nifrət edir.

Lakin “siyasi lider” vətəndaşlarımızın sərt tənqidlərinə baxmayaraq, bununla kifayətlənməyib. MN-nin təkziblərindən sonra biabır olan Əli Kərimli buna baxmayaraq xəyanətkar mövqeyindən geri çəkilməyib. O, böhtana və ölkədəki sabitliyi pozmaq cəhdinə görə üzr istəmək əvəzinə özünə bəraət qazandırmağa çalışır, bu məlumatı yalnız müxalifət nümayəndəsi kimi guya “hökuməti milli maraqları güzəştə getməkdən çəkindirmək” məqsədilə paylaşdığını bildirir. Onun sözlərinə görə, iqtidar heç bir güzəştin olmadığını bildirəndə “müxalifət bu xəbərdən məmnun olur” və  “bu xəbərin doğru olmasını” arzulayıb. Yəni, rəsmi təkzib və video sübutlardan sonra da Kərimli hökuməti ittiham etməyə çalışır. “Bundan təbii və normal nə ola bilər? Müxalifətin vəzifəsi hökuməti milli maraqları güzəştə getməkdən çəkindirmək deyilmi?”, - deyə, Əli Kərimli yazır. Ali Baş Komandanın və Azərbaycan ordusunun qətiyyətinə əvvəlcə şübhə ilə yanaşan “siyasətçi”, eyni zamanda arqumentsiz eyhamlardan sonra “Dövlətin və millətin ordusudur, qürur mənbəyimizdir. Hər zaman və istənilən situasiyada ordumuza dəstəyimiz tamdır” sözlərini yazmaq cəsarəti tapıb. Azərbaycan hakimiyyətinə inamsızlığını “əvvəlki presedentlərlə” əsaslandıran Kərimli vicdan əzabı çəkmədən əvvəllər səsləndirdiyi, heç bir faktla təsdiqini tapmayan yalanları təkrarlayır.

Bütün bunlar təbii ki, əbəsdir, çünki xalq bilir ki, Əli Kərimli kimi autsayderlər hər dəfə tələbsizlik və dəyərsizlik problemlərini hakimiyyətin üzərinə yıxmağa çalışırlar. Və hansı məqsədə xidmət etmələri barədə dəqiq bir təsəvvürləri yoxdur.

Özü əvvəlki yalançı eyhamlarını yada salmaq qərarına gəldiyi üçün Kərimlinin və onun əlaltılarının Vətənimiz üçün həlledici məqamlarda təxribat xarakterli açıqlamalarını nəzər salaq.

“Azərbaycan hökuməti itkilərimizin real rəqəmlərini xalqdan gizlədir və erməni tərəfinin itkilərini şişirdir”

2016-cı ilin aprel döyüşləri günlərində igid Azərbaycan ordusunun erməni tərəfinin genişmiqyaslı təxribatına cavab olaraq əks-həmlə əməliyyatı keçirdiyi vaxtda qondarma müxalifətin lideri fəal şəkildə hökumət əleyhinə təxribat xarakterli fəaliyyətlərə başladı. O, Azərbaycan hakimiyyətini ordunun itkilərini gizlətməkdə ittiham edib, eyni zamanda əsassız olaraq özündən rəqəmlər uydururdu. “Silahlanmaya on milyardlarla dollar xərcləyən ordunun 100 nəfər itkisi olmamalı idi”, - deyə Kərimli heç bir sübut təqdim etmədən bildirib. Bundan başqa, radikal müxalifətin xidmətçisi, “jurnalist” Sevinc Osmanqızı ilə söhbətində o, Azərbaycan hökumətinin “erməni tərəfinin itkilərini bilərəkdən şişirtdiyini” bildirib.

Həmin vaxt AXCP sədri bir daha göstərdi ki, onun üçün həmişə şəxsi maraqlar ön plandadır, Azərbaycan xalqının taleyi onu maraqlandırmır. Çünki istənilən sivil cəmiyyətdə ölkə üçün xarici təhlükə olduğu halda bütün siyasi qüvvələr mövcud fikir ayrılıqlarını bir kənara qoyaraq vahid cəbhə kimi çıxış etməyə borcludurlar. Əvəzində Kərimli və ətrafı erməni təbliğatının dəyirmanına su tökərək millətin mübarizə ruhunu, ölkə rəhbərliyinin nüfuzunu sarsıtmağa çalışırdılar. Bu, Vətənə xəyanət deyilsə, nədir? Kərimlinin sözlərində heç olmasa zərrə qədər həqiqət olsaydı belə, onun belə açıqlamalar verməyə mənəvi haqqı yox idi. Bu, Azərbaycan xalqına qarşı açıq-aşkar təxribat, əhali arasında çaxnaşma salmaq cəhdi idi!

Onu da xatırlatmaq yerinə düşər ki, Kərimlinin bəyanatlarından hiddətlənən bir qrup fəal AXCP sədrinin evinin yaxınlığında aksiya keçiriblər. Etirazçılar onu düşmənlə əlbir olmaqda ittiham ediblər: “Əli Kərimli, sənin oğlun İngiltərədə, bizim uşaqlar isə Qarabağdadır”, “Satqınlara yer yoxdur”, “Milli satqın”, “Ermənilərin qulu” və s. şüarlar səsləndiriblər.

“Azərbaycan əsgərləri səngərlərdə əliboş dayanırdı və Azərbaycan Ordusunun silah-sursatı “sınıq və yararsızdır””

Əli Kərimlinin Milli Şuradan olan yaxın tərəfdaşı Gültəkin Hacıbəyli də Azərbaycan əleyhinə böhtan xarakterli açıqlamaları sayəsində ermənilərin sevimlisinə çevrilib. Milli Şuranın biabırçı mitinqlərində bildirirdi ki, “Azərbaycan əsgərləri səngərlərdə əliboş dayanır və Azərbaycan Ordusunun silah-sursatı “sınıq və yararsızdır”. Əlbəttə, erməni mediası həmin böhtanlı fikirləri dərhal ictimailəşdirdi və bununla düşmən və işğalçı ölkə necə deyərlər, əlinə “kozır” aldı ki, sonrakı müddətdəki informasiya müharibəsində anti-Azərbaycan fəaliyyətində bacardıqca istifadə etsin.

Məhz bu amildən çıxış edərək, belə bir qənaətə gəlmək mümkündür ki, adıçəkilən ünsürlərlə Azərbaycan xalqını bağlayan bağlar çoxdan qırılıb və onların əsas məqsədləri bacardıqca ölkəmizin reputasiyasına zərbələr vurmaq, bunun isə əvəzində erməni lobbisinin maliyyələşdirdiyi xarici qurumlardan daha çox qrant toplamaqdır.

Azərbaycan hökumətinə və ordusuna qarşı belə böhtanlara görə ona cinayət işi açılmalı idi. Bu həm də o Gültəkin Hacıbəylidir ki, karantin vaxtı bildirmişdi ki, “xalqın güzəranı pisləşir, buna sevinmək lazımdır”: “Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir, bu da açığı birmənalı olaraq bizə sərf edir”.

“Paşinyan demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz adamdır”

Bu ifadə Milli Şuradan prezidentliyə namizədliyi irəli sürülən, daha sonra ABŞ-a köçən, oradan Azərbaycan əleyhinə fəaliyyətini davam etdirən Cəmil Həsənliyə məxsusdur. Siz bir fikirləşin, ölkəmizə rəhbərlik etmək iddiasında olmuş bu “alim” Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş ölkənin rəhbərini tərifləyir, onu örnək göstərirdi. O Paşinyanı ki, təxribatçı hərəkətləri faktiki olaraq münaqişənin güc yolu ilə həllinə səbəb olub. “Qarabağ Ermənistandır” deyən Paşinyanı. Kərimli isə Paşinyanı Cənubi Qafqazda inqilabın yeni “bələdçi ulduzu” adlandıraraq, 2018-ci ildə Ermənistanda baş verən məxməri inqilab zamanı hakimiyyətə müraciət edərək Qarabağdakı işğalçı rejimin “dincliyini” pozmamağa çağırıb. Burada şərh verməyə belə dəyməz, hər şey göz qabağındadır. Prezident İlham Əliyevin istər MDB məkanında, istərsə də Ermənistanın özündə gülüş obyektinə çevirdiyi Paşinyanın obrazı Azərbaycan müxalifətinin qəhrəmanı idi.

Cahil müxalifət ideoloqları ildən-ilə ictimai şüurda doqmatik postulat yetişdirirdi: Qarabağın azadlığına gedən yol azadlıq inqilabından keçir. Onlar əmin edirdilər ki, ölkənin müdafiə qabiliyyəti ürək açan deyil. Lakin 2020-ci ildə Qarabağda 44 günlük müharibə zamanı Prezident İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini bildiyini göstərdi və sübut etdi ki, onun üçün heç vaxt torpaqların işğaldan azad edilməsindən mühüm vəzifə olmayıb. Bütün dünya yeni minilliyin silahlı qüvvələrinin hərbi qüdrətinə heyranlıqla baxırdı. Döyüş meydanında erməni işğalçı ordusu cəsur, fədakar və hərbi texnoloji təchizat baxımından unikal armada tərəfindən darmadağın edilib.

Qarabağdakı hərbi uğurlar yalnız qısa müddətə daxili siyasi problemləri arxa plana keçirdi. Çox keçmədi ki, radikal müxalifət öz xəyanətkar fəaliyyətini yenidən davam etdirdi. Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli “beşinci kalon” kimi ömürlərini davam etdirirlər.

Özünü müxalifət kimi göstərən radikallara nə lazımdır? İnkişaf, gələcəyimiz və ölkəmizin gələcəyi? Xeyr - yalnız hakimiyyət və şəxsi mənfəət. Heç kim radikal müxalifətin vecinə deyil. Bu, 90-cı illərin əvvəllərində, bu qrup hakimiyyətdə olanda da özünü büruzə verirdi: onlar ölkəni parçalanma həddinə çatdırdılar, anarxiya və xaos səpdilər, vətəndaş qarşıdurması yaratdılar, lakin eyni zamanda özləri zərrə belə zərər çəkmədilər. Üstəlik, onlar “demokratik təsisatların inkişafı üçün” qrantlar paylamağa hazır olan hər cür Qərb sponsorlarına qoşularaq özləri üçün yaxşı həyat qurdular.

Onların problemi odur ki, öz ölkələrini Vətən kimi qəbul etmirlər - milli maraqlara xəyanət anlayışı onlar üçün sadəcə mövcud deyil, çünki şəxsi maraqlar və  ambisiyaları onlar üçün hər şeydən üstündür.

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31