Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Böyük alim, fədakar ömür-gün yoldaşı

Böyük alim, fədakar ömür-gün yoldaşı

28.04.2022 [09:57]

Mübariz ABDULLAYEV

Həyatda elə insanlar olur ki, amansız ölüm belə onları bizdən ayıra bilmir. Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva məhz belə insanlar sırasında yer alır. Zaman keçir, onun cismən bizimlə olmadığı illərin üstünə yeni illər əlavə olunur. Ancaq illərin ötməsi heç nəyi dəyişdirmir - Zərifə xanımın xatirəsi vaxtilə milyonlarla insanın yaddaşında necə həkk olunubsa, bu gün də elə parlaq şəkildə canlanır. Təbii ki, sual yaranır: Zərifə xanımı unudulmaz edən nədir? Bu suala çoxsaylı cavablar sadalamaq mümkündür. Ancaq bu mərhəmətli və fədakar insanın keçdiyi ömür yolu, əməlləri, zənnimizcə, sualın ən yaxşı cavabıdır. Bu ömür yolunun ayrı-ayrı məqamlarına nəzər saldıqda gözlərimiz önündə sadə, təvazökar olduğu qədər də məqsədləri uğrunda misilsiz fədakarlıqlar göstərən alim-ziyalı, eyni zamanda, nümunəvi ana obrazı canlanır. Zərifə xanımın timsalında  biz qadının zərifliyi ilə qüdrətinin birləşməsinin, Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük.

Azərbaycanın tanınmış ziyalısı, görkəmli  ictimai-siyasi xadim Əziz Əliyevin yaxın çevrəsi Azərbaycanın ən görkəmli elm və mədəniyyət xadimlərindən ibarət idi. Onun ailəsi Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və digərləri ilə sıx əlaqələr saxlayırdı. Bu görkəmli simaları tez-tez Əziz Əliyevin evində görmək mümkün idi.

Bundan, ilk növbədə,  faydalananlar isə maraqlı diskusiyaların canlı şahidləri olan uşaqlar idilər. Onların arasında Əziz Əliyevin 1923-cü il aprelin 28-də dünyaya gələn övladı Zərifə Əliyeva da var idi. Bir tərəfdən, ailənin ənənələri, digər tərəfdən isə evin daimi qonaqlarının tövsiyələri Zərifə xanımın yaddaşında möhkəm yer etməkdə idi. O, məktəbdə dərs alır, Əziz Əliyevin ailəsində isə mükəmməl şəxsiyyət kimi formalaşırdı. İllər ötəcək, Zərifə xanım həyat yolunda müstəqil, inamlı addımlar atacaq, elmdə bir-birinin ardınca zirvələr fəth edəcəkdi. Bütün bunların təməlində isə böyük insan Əziz Əliyevin ailə məktəbinin dərsləri dayanırdı..

İllər ötdükcə həkim olmaq istəyi Zərifə Əliyevanın qəlbinə hakim kəsildi. Burada da atasının nümunəsi öz rolunu oynadı. Sonradan Zərifə Əliyeva elm yolunda uca zirvələr fəth etdi. Mütəxəssislər çox haqlı olaraq belə bir qənaəti bölüşürlər ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.

Zərifə xanımın xarakteri elə formalaşmışdı ki, o, üzərinə həmişə daha çətin yük götürməyə çalışırdı. Peşə seçərkən də məhz bu prinsipdən çıxış etdi. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə isə mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.

Zərifə xanım Əliyeva 1968-ci ildən başlayaraq peşə oftalmologiyasının problemləri ilə ciddi məşğul olub. Təsadüfi deyil ki, onun elmi uğurları sırasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinə həsr olunmuş tədqiqatları xüsusi yer tutur. Diqqətəlayiqdir ki, ulu öndər Heydər Əliyev respublikamızın tərəqqisi naminə Azərbaycanda sənayeni yeni inkişaf mərhələsinə yüksəltdiyi bir vaxtda Zərifə xanım Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, əslində, elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur.

Zərifə xanım Əliyevanın tədqiqatlarının mühüm bir istiqaməti, həmçinin yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərlə bağlı idi. O, bu problem üzərində iş apararkən çox vaxt sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi.

Zərifə xanım Əliyevanın tədqiqatları, elmi axtarışları Azərbaycanda bir yenilik idi. Onun ixtiralarından respublikanın səhiyyə müəssisələrində geniş istifadə olunurdu. Sonralar böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi.

Zərifə xanım Əliyevanın elmi yaradıcılığının və praktiki fəaliyyətinin nəticəsi olaraq tibb elminə gətirdiyi yeniliklər, eyni zamanda, hələ onun sağlığında ikən respublikamızın sərhədlərini aşmışdı və Azərbaycan aliminə beynəlxalq səviyyədə böyük şöhrət qazandırmışdı. O dövrdə ümum­ittifaq mükafatları müttəfiq respublikalardan olan alimlərə tək-tək hallarda verilirdi. Amma peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatına - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. Professor Z.Əliyeva həm də həmin mükafatla təltif edilən ilk qadın alim idi. Bütün bunlar onun elmi araşdırmalarının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinə bariz sübutdur.

Zərifə xanım Əliyevanın tibb elminə gətirdiyi yeniliklər barədə qısaca da olsa söhbət açdıq. Ancaq onun mənalı həyatına ekskurs edərkən daha bir mühüm məqam barəsində də ayrıca danışmaq lazım gəlir ki, bu da Zərifə xanımın xalqımızın tarixin dərin qatlarından gələn gözəl ailə ənənələrinə sadiqliyi ilə bağlıdır. Zərifə xanım heç vaxt ailə dəyərlərimizi, adət-ənənələrimizi, ana və ömür-gün yoldaşı olmaq missiyalarını arxa plana keçirməyib. Elə Zərifə xanımın başqalarından fərqi, kamilliyi və bütövlüyü də məhz bu kimi keyfiyyətlərindədir. O, elmlə, ictimai işlərlə məşğul olmağa vaxt tapdığı kimi, daha artıq istəklə ailəsinin, övladlarının, ömür-gün yoldaşının yanında olmağa çalışır və bunu özü üçün böyük xoşbəxtlik sayırdı.

Onu da nəzərə almaq lazımdır ki, Zərifə xanım sıradan bir insanın deyil, Azərbaycan xalqının ümummilli Lideri, respublikamızın o dövrdəki rəhbəri və sonralar keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Heydər Əliyevin həyat yoldaşı idi. Heydər Əliyev kimi yüksək vəzifələrdə çalışan unikal şəxsiyyətin ömür-gün yoldaşı olmaq Zərifə xanım üçün yalnız xoşbəxtlik deyildi, həm də böyük məsuliyyət idi. O dövrün gərgin, ziddiyyətlərlə dolu ictimai-siyasi ab-havasını göz önündə canlandırsaq, onun çiyinlərinə necə ağır yük düşdüyünü təsəvvür edə bilərik. Ancaq burada da Zərifə xanımın təmkini, ağlı, ömür-gün yoldaşına böyük sevgisi, ana olmağın məsuliyyətini dərk etməsi onun ailəsində gözəl ab-havanın yaranmasını şərtləndirirdi. Məhz buna görə də onun ailəsinə xoşbəxtlik hakim kəsilmişdi. Ulu Öndər Heydər Əliyev ömür-gün yoldaşı Zərifə xanımı anaraq xatırlayırdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”.

Zərifə xanımla Heydər Əliyevin qurduğu xoşbəxt ailədə iki övlad dünyaya göz açıb böyüdü. Bu gün Zərifə xanımla Heydər Əliyevin - bu iki unikal şəxsiyyətin övladı İlham Əliyev Azərbaycan dövlətinə inamla rəhbərlik edir. Onun Azərbaycan xalqının iradəsi ilə Prezident kimi fəaliyyət göstərdiyi son 19 ilə yaxın müddətdə respublikamız möhtəşəm uğurlara imza atıb, dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib. Ata vəsiyyətinə əməl edən Prezident İlham Əliyev xalqımıza böyük qələbə sevinci yaşatdı. Dövlət başçımızın fəaliyyətinə nəzər saldıqda biz yenə də xalqa bağlı olmağın, Vətəni sevməyin unikal bir nümunəsinin şahidi olacağıq. Deməli, Zərifə xanım ömür-gün yoldaşı Heydər Əliyevlə birlikdə kökdən, şəcərədən gələn dəyərləri gələcəyə - öz övladlarına ötürə biliblər və bu, hər bir valideynin böyük xoşbəxtliyidir. Anası Zərifə Əliyeva barədə xatirələrini bölüşən Prezident İlham Əliyev vurğulayıb: “Onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Eyni zamanda, Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda, yüksək mədəniyyət, alicənablıq - bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi”.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31