Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Heydər Əliyev siyasi obrazı: Xarakter cizgiləri

Heydər Əliyev siyasi obrazı: Xarakter cizgiləri

10.05.2022 [10:15]

Alqış HƏSƏNOĞLU

2003-cü ildə “Yeni Azərbaycan” qəzetində dərc edilmiş məqalə həmin dövrə aid məsələlərin bugünkü reallıqlar fonunda aktuallığı, Heydər Əliyev ideyalarının əbədiyaşar olması, Ümummilli Liderin siyasi irsinin təbliğinin və öyrənilməsinin tarixi, mənəvi-siyasi əhəmiyyəti nəzərə alınaraq yenidən çap olunur.

Həqiqətin ən kəsə və dəqiq meyarı ardıcıllıqdır. Bu prinsipə riayət etməyən siyasətçi heç zaman böyük auditoriyada uğur qazana bilməz. Məhdud korporativ maraqlar güdən siyasətçinin obrazca dolğunluğuna nadir hallarda rast gəlmək olur və bunlar da bir qayda olaraq, yarımçıq, dağınıq ştrixlərdən ibarət natamam portret karkasını xatırladır. Misal üçün, bizim müxalifət liderlərinin heç biri bitkin siyasi obraza malik deyil, ən yaxşı halda onların ayrı-ayrı portret cizgilərindən  bəhs etmək mümkündür. Həmin cizgilər isə (küçə, stixiya, xaos, dağıntı və s. ilə sıx bağlılıq) siyasi peşəkarlıqdan çox naşılıqdan xəbər verir.

Obraz siyasətçi xarakterinin ən mühüm və ayrılmaz atributudur. Lider məhz onun vasitəsilə öz siyasi addımlarının məqsədyönlülüyünü, ardıcıllığını, idarəçilik manerasını, fəaliyyət üslubunu, bir sözlə, xarizmasının ən kamil cəhətlərini nümayiş etdirir, xalqa, cəmiyyətə, seçicilərinə çatdırır, onları inandırır və öz ardınca aparır. Bu mənada, siyasi obrazın parlaqlığı, bütövlüyü fəaliyyətdə olan prezident və dövlət başçısı üçün ikiqat-üçqat əhəmiyyət kəsb edir.

Siyasi obraz əsl siyasətçilərə xas kateqoriyadır. Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqına nəinki yaxşı tanışdır, həm də ona son dərəcə doğmadır. Çünki bu obraz yalnız bir şəxsə, bir siyasətçiyə, bir dövlət xadiminə şamil olunmaqla qalmır, Heydər Əliyev siyasi obrazı Azərbaycan dövlətçilik şüurunun, bütöv bir idarəçilik məktəbinin, Yeni Azərbaycan Partiyasının, hazırda hakimiyyətdə olan komandanın, daha geniş götürdükdə isə müasir Azərbaycan ictimai-siyasi fikrinin davamlı keyfiyyətlərini əks etdirir. Bu obraz bizə, bəlkə, həm də ona görə bu qədər doğma və əzizdir ki, onda hər birimizin, Azərbaycan vətəndaşlarının, bütün Azərbaycan xalqının ümumi dəyər və məziyyətləri toplanmışdır. “Xalq-Heydər Heydər-xalq” şüarı yoxdan yaranmayıb ki! Bu gün Heydər Əliyev siyasi obrazının bəzi mühüm cizgilərindən bəhs etmək, əslində, yeni tariximizin şərəfli bir mərhələsi, dövlət quruculuğu prosesinin gedişi, Azərbaycan xalqının dünya arenasına çıxışı haqqında danışmaq deməkdir. Nəhayət, Heydər Əliyev siyasi obrazı xalqımızın qəlbindən və siyasi təxəyyülündən doğduğu kimi, otuz ildən artıq onun hiss və duyğularına, siyasi düşüncəsinə hakim kəsildiyi üçün hazırkı siyasi mədəniyyətimizin güzgüsü rolunu oynayır və elə buna görə də sonuna yaxınlaşmaqda olduğumuz seçki kampaniyasının bəri başdan hamıya məlum olan uğurlu və xeyirli nəticələri baxımından mühüm aktuallıq qazanır.

Tarixilik - Heydər Əliyev siyasi şəxsiyyətinə sarsılmaz və əlahiddə cazibədarlıq verən xüsusiyyətdir

Heydər Əliyev siyasi obrazının ən bariz göstəriciləri hansılardır? Bu suala cavablar müxtəlif ola bilər və bu da təbii qarşılanmalıdır. Heydər Əliyev siyasi obrazı bu gün artıq elə bir kütləvi idraki fenomenə çevrilib ki, hər kəs onda öz fikri, əqli, elmi-nəzəri, habelə emosional inkişaf səviyyəsinin imkan verdiyi xassə və keyfiyyətləri görə bilir. Bu, Azərbaycan xalqının milli sərvətlərindən olduğu üçün hər bir vətəndaşın ona xüsusi münasibəti və baxışı ola bilər. Odur ki, Heydər Əliyev siyasi obrazı obyektiv olduğu qədər də subyektivdir, daha doğrusu, burada obyektiv və subyektiv dəyişənlərin özünəməxsus harmonik bir dialektikası qərarlaşıb. Bu yazıda deyilənləri həmin mövzuda son həqiqət instansiyası saymağın özü obyektivlik hissini itirmək demək olardı.

Tarixilik - Heydər Əliyev siyasi şəxsiyyətinə sarsılmaz və əlahiddə cazibədarlıq verən xüsusiyyətdir, desək, yəqin ki, səhv etmərik. O, həqiqətən də, tarixi şəxsiyyətdir. “Heydər Əliyev Azərbaycanın dünəni, bu günü və sabahıdır” deyimi quru şüarçılıq olmayıb, ictimai fikrimizin ən böyük siyasi inanclarından birini əks etdirir. Bu inanc bəşər övladına xas ən ibtidai və ən qədim arzular olan yenilməzlik və ölməzliyin bədii inikası qədər mifoloji və əfsanəvi çalarlar daşıyır. Lakin Heydər Əliyev əsatiri gerçəkliyə dayanan mifdir, bir qədər banal səslənsə də, belə demək daha düzgün çıxar ki, o, Azərbaycan xalqının canlı əfsanəsidir. Bu, 70 il müstəmləkə əsarəti altında yaşamağa məhkum olmuş bir xalqın nəhəng imperiya idarəçiliyinin zirvəsinə yüksəldiyi özünütəsdiq əfsanəsidir. Bu, azadlıq təşnəsi olan bir xalqın müstəqilliyini onun üçün faktiki siyasi mövcudluq həddinə qaldırmış, ona dövlətçilik vermiş triumfal bir şəxsiyyətin əfsanəsidir. Heydər Əliyev obrazının mifik dəyəri ictimai şüurda bununla da məhdudlaşmır, o, Azərbaycanın daha işıqlı gələcəyinin ən etibarlı təminatı ucalığında dərk edilir. Tarixilik burada sadə xronoloji məfhum olmaqdan çıxır, onun sərhədləri Heydər Əliyevin Azərbaycana bəxş etdiyi tarixi olayların əhəmiyyəti ilə müəyyən olunur. Bu, elə bir siyasi - ictimai parametrdir ki, Azərbaycan tarixində Şah İsmayıl Xətaini istisna etsək, xalqımız hələ heç kimə Heydər Əliyevlə rəqabət aparmaq haqqı verməyib və yəqin, hələ uzun zaman da verməyəcək.

“Heydər Əliyev Azərbaycanın dünəni, bu günü və sabahıdır” deyimi quru şüarçılıq olmayıb, ictimai fikrimizin ən böyük siyasi inanclarından birini əks etdirir

Heydər Əliyev siyasi obrazının ikinci ən mühüm əlaməti, zənnimizcə, onun səmimiliyidir. İstər sovet dövründə, istərsə də dövlət müstəqilliyimizin bərpasından sonra o, misli görünməmiş bir səmimiyyətlə Azərbaycan xalqının qalxınması, tərəqqisi, müasir dünyanın mədəni və demokratik dəyərlərinə tapınan millətlərin cərgəsinə qoşulması üçün gecəli-gündüzlü gərgin əmək sərf etmişdir. Heydər Əliyevin səmimiyyəti Onun obrazının daha iki səciyyəvi əlaməti - ideyalılığı və təmənnasızlığı ilə əlaqədardır. Azərbaycan ideyası, xalqın və Vətənin durmadan irəliləyişi, fasiləsiz inkişafı konsepsiyası Onun həyat kredosudur. Hələ 1969-1982-ci illərdə, daha sonra Moskvada, Siyasi Büro üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışarkən o, daim Azərbaycanın yüksəlişini düşünmüş, bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərmişdir. Tarixi taleyimiz belə gətirmişdi ki, Bakını çıxmaq şərtilə Azərbaycan kapitalist inkişaf yolunu sonadək keçmədən, birbaşa feodalizmin son fazasından sosializmə adlamalı olmuşdu və bu, istər iqtisadi ukladın strukturunda, istərsə də xalqın mədəni - mənəvi səviyyəsində müəyyən disharmoniya doğurmuşdu. Araya repressiya, II Dünya müharibəsi illəri düşmüş, deyilən ziddiyyətlər həll olunmamış qalmışdı. Azərbaycanın bir ölkə və bir xalq kimi inkişafındakı həmin ziddiyyətlərin həllinə də tariximizdə ilk dəfə məhz Heydər Əliyev girişmiş və qısa bir vaxtda bu sahədə möhtəşəm də dəyişikliklərə nail olmuşdu. Azərbaycan aqrar feodal ukladın dominantlığı şəraitindən qüdrətli sənaye respublikasına, savadsızlıq və cəhalət dünyasından elm və maarif diyarına çevrilmişdi. Heydər Əliyevin təmənnasız xidmətləri xalqımızın yaddaşına əbədi həkk olunmuş və yeni dövrdə tarix Azərbaycanı müstəqil dövlətçiliyin qurulması zərurəti ilə üzləşdirəndə milli - ictimai yaddaşımızın qısamüddətli silkələnməsi Heydər Əliyev obrazının siyasi təfəkkürdə təxirəsalınmadan üzə çıxması ilə nəticələnmişdi. Bu titanik şəxsiyyət yenə də xalqın və tarixin çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürmüş və onun sürətli icrasına başlamışdı. Lakin sovet dövründə olduğu kimi, bu mərhələdə də Azərbaycanın müstəqilliyini istəməyən, hər cəhdlə buna qarşı müqavimət göstərən daxili və xarici qüvvələrin təzyiqi böyük idi. Milli maraqlarımız tələb edirdi ki, bu ziddiyyətlər məngənəsindən itkisiz, ağrısız, qansız-qadasız çıxmağın yollarını arayaq, çünki müstəqillik uğrunda verdiyimiz qurbanların sayı çox böyük idi. Bu işin öhdəsindən isə yalnız Azərbaycanın dövlət müstəqilliyi xəttini fövqəlideya səviyyəsinə yüksəltmiş tarixi şəxsiyyət gələ bilərdi. Bu, milli tariximizdə keyfiyyətcə yeni bir missiya idi. Artıq nəticələr göz qabağındadır. Heydər Əliyev siyasi səmimiyyəti azərbaycançılıq ideyasının həm ölkəmizdə, həm xaricdə yaşayan soydaşlarımız arasında, həm də bütün dünyada qələbəsi üçün fundamental zəmin rolunu oynamışdır - o, kütlələrə Azərbaycan naminə, milli dirçəliş naminə dar, xəbis fərdi maraqların fövqünə qalxmaq, Vətənə təmənnasız xidmət dəyərlərini aşılamışdır. Heydər Əliyev səmimiliyi bu cəhətdən həm də böyük ictimai terapevtik və profilaktik rol oynamışdır.

Azərbaycan tarixində Şah İsmayıl Xətaini istisna etsək, xalqımız hələ heç kimə Heydər Əliyevlə rəqabət aparmaq haqqı verməyib və yəqin, hələ uzun zaman da verməyəcək

Siyasi liderin obrazı mütləq milli əxlaq və mentalitetə uyğun olmalıdır, əks təqdirdə onun vasitəsilə ictimaiyyətə güclü təsir göstərmək mümkün olmaz. Heydər Əliyev Azərbaycan xalqının mental xüsusiyyətlərinə, psixologiyasına yeni dövrdə yaranmış boşluqdan istifadə edərək siyasi mübarizə meydanına atılmış cılız siyasətbazlarla müqayisə oluna bilməyəcək dərəcədə yaxşı bələddir. Odur ki, siyasi obrazının qurulmasında da əxlaq qaydalarını daim əsas tutmuş və bu da onun siyasi inandırıcılıq potensialını yüzqat artırmışdır. Diqqət yetirsək, asanlıqla görə bilərik ki, Heydər Əliyev Azərbaycan xalqının ən gözəl məziyyətlərini öz siyasi obrazında toplamağı bacarmışdır. Bu, siyasi proseslərdə unikal əhəmiyyətli müstəsna xüsusiyyətdir. Xalqın ayrı-ayrı nümayəndələri, ola bilsin ki, kənar təsirlərin basqısı altında müəyyən müddətə müəyyən əxlaqi dəyərlərdən uzaq düşə bilərlər. Söhbət bütöv xalqlardan gedirsə, bunlara yalnız və yalnız etika çərçivəsində yanaşmaq lazım gəlir. Xalq heç zaman əxlaq qanunlarından imtina etmir, belə iddialar varsa da, həqiqətə ziddir. Xalq özü xislətən (apriori) əxlaqlı olduğu üçün öz hakimiyyətinin və liderlərinin də fəaliyyətinə həmişə əxlaqi kurallar nöqteyi-nəzərindən qiymət verməyə meyillidir. Heydər Əliyev Azərbaycan xalqının sovet dövründə beynəlmiləlçi dəyərləri, indi isə müasir Qərb dəyərlərini əxz etmək hesabına mədəni-mənəvi yüksəlişi xəttinin tərəfdarı kimi çıxış etmişdir. Lakin heç bir halda xalqını öz milli köklərindən ayrılmağa, milli nihilizmə yuvarlanmağa səsləməmişdir, əksinə, buna daim ciddi müqavimət göstərmişdir. Dünyada qloballaşmanın geniş yayıldığı çağımızda Heydər Əliyevin milli-mental xüsusiyyətlərimizə azərbaycançılıq ideologiyasının özəyi kimi yanaşması xüsusilə təqdirəlayiq dəyərləndirilməlidir. Onun milli əxlaqımıza zidd halların qarşısının alınmasına yönəlik fəaliyyəti hamıya bəllidir.

İdeyalılıq və təmənnasızlıq - Heydər Əliyev səmimiyyətini ifadə edən mühüm amillərdir

 Belə çıxmasın ki, siyasətlə əxlaqı ayrı-ayrı ictimai həyat paradiqmalarının struktur elementləri kimi tədqiq edən politoloji nəzəriyyələrdən xəbərsizik. Yox, əksinə, biz də bilirik ki, siyasətçi öz hakimiyyətinin həyata keçirilməsi prosesində çox zaman özündən də asılı olmayaraq, hətta iradəsi əleyhinə əxlaq normalarından kənarlaşmağa məcbur olur və bu, heç də nadir hadisə sayılmır. Amma bizə belə gəlir ki, siyasi liderin böyüklük meyarı da, əslində belə hallardan əxlaqa uyğun çıxış yolları axtarıb tapmaq bacarığında əks olunur. Heydər Əliyev ən qətiyyətli, ən kəskin davranışlarında da əxlaq normalarını əsas götürməsi, hakimiyyət və əxlaq prinsiplərinin ziddiyyət təşkil etdiyi məqamlarda belə onları sonadək paralel tələbatlar kimi gözləməsi ilə fərqlənən nadir siyasətçilərdəndir. Rövşən və Mahir Cavadov qardaşlarının gənc dövlətçiliyimizə qarşı hələ 1993-cü ilin ortalarından davamlı olaraq yeritdikləri qəsd siyasəti 1995-ci ilin əvvəllərində artıq hamını bezdirdiyi, zəhmətkeşlərin faktiki olaraq quldur dəstəsinə çevrilmiş Xüsusi Təyinatlı Polis Dəstəsinə qarşı qəti tədbirlər görmək tələbi ilə müraciətləri ictimai sifariş həddinə çatdığı bir vaxtda da Heydər Əliyev əxlaq və mərhəmət çərçivələrini aşmaq istəyində olmadığını aydın hərəkətlərlə büruzə verməkdən çəkinmirdi. O, istər adı çəkilən dəstə üzvlərinin, istərsə də onlara rəhbərlik edənlərin cavanlığını nəzərə alaraq, son anadək bütün mümkün vasitələri səfərbərliyə almaqla onları düşdükləri yanlış yoldan daşındırmağa çoxsaylı cəhdlər göstərirdi. Bu səbr yalnız böyük əxlaq, nəhayətsiz alicənablıq keyfiyyətlərinə malik siyasi şəxsiyyətə xas ola bilərdi. Siyasətşünaslıqda belə bir elmi həqiqət mövcuddur ki, liderin ekstremal situasiyalarda göstərdiyi davranış tərzi ictimai şüurda avtomatik olaraq onun siyasi obraz cizgisi sifətində qeydə alınır. Bəhs açdığımız 1993-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı Heydər Əliyevin milli əxlaqımıza uyğun olaraq atdığı addımlar da məhz bu qəbildəndir. Qeyd etməliyik ki, siyasi obrazının bu xüsusiyyəti Prezidentin indiyə qədər irili-xırdalı cinayətlər törətmiş üç mindən artıq məhbusa şamil edilmiş 32 əfv fərmanı imzalamasında da əks olunmuşdur. Heydər Əliyev cari ictimai-siyasi həyatımızın kiçik və böyük təzahürləri arasında tənasübü dövlətçiliyə münasibət rakursundan dəqiq müəyyənləşdirir, proseslərə alicənablıq və ağayanalıqla yanaşır və bununla da heç bir halda uduzmur, əksinə, hər zaman udur. Siyasi əleyhdarlarının bəzən açıq düşmənçilik həddinə çatan əsassız ittihamlarına həmişə öz yüksəkliyindən baxması siyasi rəqabətdə Heydər Əliyevə xalq simpatiyası qazandıran amillərdəndir. O, haqlı olaraq plebey ruhlu müxalifət liderlərinin heç biri ilə kütləvi polemikaya girmir, bilir ki, bu yolla onlara böyük şərəf vermiş olar. Xalq da öz Prezidentinin obrazının digər əlamətləri kimi bu ağayanalığını da yüksək qiymətləndirir.

Azərbaycan ideyası, xalqın və Vətənin durmadan irəliləyişi, fasiləsiz inkişafı konsepsiyası Onun həyat kredosudur

Heydər Əliyev bütün fəaliyyəti boyunca özünü maksimum dərəcədə müstəqil siyasətçi kimi göstərmişdir. Onun siyasətinin yeganə bir məhdudlaşdırıcısı varsa, bu da Azərbaycanın milli və dövləti maraqlarıdır. Heydər Əliyev dünya siyasət aləmində onun iradəsini üstələyə biləcək digər bir məhdudlaşdırıcı tanımır və qəbul etmirdi. Əvvəlcə sovet rəhbərliyi, sonra isə Amerika, Fransa, İngiltərə, Rusiya, xüsusilə də Türkiyə dövlət başçıları qarşısında hiss olunacaq bir aşağılıq kompleksi keçirən və bunu hiss etdirməkdən də çəkinməyən sabiq rəhbərlər və eks-prezidentlərlə müqayisədə o, hamı ilə - Klinton, Buş, Şirak, Bleyr, Yeltsin, Putin, Dəmirəl, Sezər və başqaları ilə münasibətində özünü siyasi prosesin bərabərhüquqlu və taməsaslı tərəfi kimi aparır, bununla da millətini və dövlətini yüksək səviyyədə təmsil edir. Ölkə daxilində onun iradəsinə bu və başqa hər hansı bir şəkildə təsir göstərəcək fərdi - korporativ xarakterli heç bir qüvvə yoxdur və ola da bilməz. Çünki Heydər Əliyev sərbəstlik və müstəqilliyə adət etmiş, özünə məhz belə bir rahat iş şəraiti yaratmağa qadir lider kimi diktə və təzyiq faktorlarına qarşı barışmazlığı ilə tanınmışdır. Təbiətən humanist və insanpərvər şəxsiyyət olmasına baxmayaraq, istənilən aqressiv məhdudlaşdırıcı faktorun qarşısını hələ onun formalaşma mərhələsində qətiyyətlə almaq, belə hallara sərt münasibət bəsləmək Heydər Əliyev siyasi üslubunun bariz cəhətlərindəndir. O, hakimiyyətə canından artıq sevdiyi xalqın çağırışı ilə gəldiyi, xalqın azad iradəsi ilə seçildiyi üçün, məhz xalqına hörmət bəslədiyi, onu hakimiyyətin yeganə və müqəddəs mənbəyi bildiyi üçün digər heç bir qüvvə qarşısında güzəştə getməyi özünə yaraşdırmır və belə halları dövlət həyatına ağır zərbə kimi qiymətləndirərək adekvat tədbirlər görür. Müstəqilliyi, qətiyyətliliyi və yeri gəldikdə sərtliyi Heydər Əliyevi həm öz xalqının, həm də beynəlxalq siyasi dairələrin nəzərində daha da ucaldır. Qərb siyasi təbirindən istifadə edəsi olsaq, Heydər Əliyev siyasi obrazi “maskulin imic” (kişi obrazı) modelinə uyğundur. Dünyanın siyasi mənzərəsinin cızılmasında müstəsna xidmətləri olmuş Franklin Ruzvelt, Uilyam Çörçill, general de Qoll, Mustafa Kamal Paşa Atatürk məhz bu lider tipinə mənsub siyasi xadimlər olmuşlar.

Gələcək Heydər Əliyevindir. Bu, Azərbaycan xalqının alın yazısıdır və elə bir alın yazısıdır ki, fatal bir labüdlük kimi onun iradəsindən asılı olmayaraq ortaya çıxmayıb. Azərbaycan xalqı bu yazını öz alnına öz əli ilə yazıb

Quruculuq Heydər Əliyev siyasi obrazının başqa bir parlaq əlamətidir. Bu əlamətin əyani təzahürləri müasir Azərbaycanın istənilən bölgəsində silinməz maddi izlər buraxmışdır. Bunlar elə nişanələrdir ki, əlavə şərhə ehtiyac duymur, özləri özlərini təbliğ və təlqin edirlər. Azərbaycana uzun illər boyunca layiqincə xidmət göstərmiş və bu gün də iqtisadi, mədəni, mənəvi həyatımızın ağırlıq mərkəzləri rolunu oynayan minlərlə zavodlar, fabriklər, neft mədənləri, elektrik stansiyaları, dəyirmanlar, mədəniyyət sarayları, yaşayış binaları, kommunikasiya vasitələri, orta, ali, ixtisas məktəbləri, elm və səhiyyə ocaqları Heydər Əliyevi tariximizin quruculuq dövrünün əvəzsiz cəngavəri kimi tanıdır. Yüksək işgüzarlıq dərəcəsi dövlət başçısına etimad və rəğbət doğuran başlıca amillərdən sayılır. Heydər Əliyevin işgüzarlığı və zəhmətkeşliyi dillər əzbəridir. Onun iş qrafiki daim gərgin və yüklüdür. Bu qrafikin, hətta rəsmi statistik məlumatlara düşən hissəsi belə bəzən fantastik təəssürat doğurur. Ümumiləşdirmə aparanda isə görürük ki, Heydər Əliyevin yaradıcılıq fəaliyyəti onlarla orta statistik vətəndaş ömrünə sığışmayacaq qədər zəngin və çoxcəhətlidir. Daxili enerjisi, tükənməz potensialı, yorulmazlığı ona ruhən xas olan böyük ilhamdan xəbər verir. İlhamlılıq - Heydər Əliyev siyasi obrazının üzərində xüsusi dayanmaq lazım gələn növbəti keyfiyyətidir. İlham hər insana deyil, yalnız yaradıcı şəxsiyyətlərə xas olan nadir əlamət olub, ruhun məxsusi yüksəliş məqamı kimi izah edilə bilər. Adətən, insan fəaliyyətinin spesifik sahələrindən sayılan bədii yaradıcılıq kateqoriyası kimi nəzərdən keçirilən ilham siyasətlə məşğul olanların böyük əksəriyyəti üçün əlçatmaz keyfiyyətlərdəndir. Heydər Əliyev bu baxımdan da azsaylı siyasi simalardandır. O, öz işini, peşəsini, bəxtinə düşmüş böyük siyasəti intəhasız bir romantika, sonsuz bir məhəbbətlə sevir. İnsan həyatının erkən çağlarına daha artıq xas olan bu romantikanı ahıl yaşlarına qədər qoruyub saxlamaq, onu yerlə, torpaqla, adi, gündəlik gerçəkliklə bağlı siyasət sferasına tətbiq eləmək, siyasətin poeziyasını yaratmaq, siyasəti vərdiş və adətlər qəlibindən çıxarıb göylərə qaldırmaq - Heydər Əliyev enerjisinin tükənməzliyinin bir sirri də, zənnimizcə, burada axtarılmalıdır. İlhamlı əmək effektiv və məhsuldar olur. İlhamın mənbəyi doğma xalqın real həyatından gələndə isə onun gücü-qüvvəsi həndəsi silsilə ilə artır, ilhamlı siyasətçi yenilməz və sarsılmaz olur. Bunun üstünə də xalqın öz müdrik, ilhamlı oğluna hədsiz sədaqətini və tükənməz sevgisini gələndə Heydər Əliyevin siyasi triumfunun məqbul düsturunu əldə etməyə yaxınlaşırıq.

Siyasi liderin obrazı mütləq milli əxlaq və mentalitetə uyğun olmalıdır, əks təqdirdə onun vasitəsilə ictimaiyyətə güclü təsir göstərmək mümkün olmaz

Heydər Əliyev xaraktercə böyük inam sahibidir. Bu inam ikitərəfli səciyyə daşıyır. Bir tərəfdən liderin özünə və arxalandığı xalqın potensialına inamından, digər tərəfdən xalqa təlqin etdiyi gələcəyə sarsılmaz inamdan ibarətdir. Şəxsiyyət öz inamı ilə güclü olur. Siyasətçi öz əqidəsinə, idealına inanmalıdır ki, başqalarını da buna inandırıb, arxasınca apara bilsin. Heydər Əliyev öz inamının bu iki tərəfi arasında tam dialektik ahəngi tapmağı bacarmışdır. O özü belə bir fikrini dəfələrlə təkrarlamaqdan yorulmur ki, “Mənim yeganə arxam-dayağım, inamım və dəstəyim Azərbaycan xalqıdır”. Xalqına, onun müdrikliyinə, intellektual potensialına sonsuz inam Heydər Əliyev siyasi liderliyində ideal səviyyəsinə qaldırılmışdır. O, xalqını hakimiyyət aləti kimi istifadə edən siyasətçilər qəbilindən deyil. Əksinə, öz siyasi hakimiyyətini xalqın adından və xalqın gələcəyi naminə vasitə hesab edir. Heydər Əliyev bütün ömrünü bu idealın gerçəkləşməsinə həsr etmişdir. Onun 1992-ci ildə söylədiyi “Ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” ifadəsi öz səmimiliyi, məzmun və mündəricə tutumu etibarilə o qədər təsirli olmuşdur ki, bu gün də Azərbaycanın ən uzaq əyalətlərində belə sadə zəhmət adamlarının da dilindən düşmür. Əqidə səviyyəsinə yüksələn xalqçılıq inamı Heydər Əliyevə imkan verir ki, istər ölkənin daxilində, istərsə də xaricində bütün müşkül problemlərin öhdəsindən asanlıqla gəlməyi bacarsın. Onunla heç kim nə Əbdürrəhman Vəzirov, nə Ayaz Mütəllibov, nə mərhum Əbülfəz Elçibəy kimi rəftar edə bilməz, çünki hamı bilir - Heydər Əliyev Azərbaycan xalqının malik olduğu bütün əzəmət və qüdrəti öz şəxsində toplamışdır. Heydər Əliyev şəxsiyyəti öz əqidəsi ilə, öz inamı ilə qaynayıb-qarışan, birləşən və onunla eyni cismdə təsəvvür olunan siyasi fenomendir. Belə demək mümkünsə, Heydər Əliyev xarakter etibarilə Azərbaycan xalqına inamın cövhəri, substansiyasıdır. O, siyasət aləmində min ildə bir dəfə üzə çıxan bu nadir fenomenin qədrini hər şeydən artıq bilir və həmişə xalqının qarşısına sözübütöv, sözü ilə əməli tən gələn nüfuzlu el ağsaqqalı kimi çıxır. Heydər Əliyevin xalqına verdiyi elə bir vəd yoxdur ki, real həyatda gerçəkləşməsin. Odur ki, onun obrazı xalqa yalnız bugünkü təhlükəsiz həyatın, maddi rifahın, mədəni yüksəlişin qarantı kimi yox, həm də daha işıqlı sabahın insanı rahatladan simvolu kimi əzizdir. Bəzən seçkiqabağı təbliğat funksionerləri tez-tez belə bir fikrə istinad edirlər ki, xalqımıza, dövlətçiliyimizə indiyəqədərki saysız-hesabsız xidmətlərinə görə Heydər Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməyə daha çox mənəvi haqqı var. Bu fikir yanlış deyil, lakin diqqəti müəyyən qədər sxematizmi ilə çəkir. Biz bu fikri belə bir tezislə də davam etdirməyin tərəfdarıyıq: Heydər Əliyev Azərbaycan Prezidentliyinə hamıdan daha artıq təkcə ona görə layiq deyil ki, keçmişdə onun bu xalq qarşısında danılmaz xidmətləri olmuşdur, həm də ona görə layiqdir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı sabaha daha inamla aparacaq milli-ideoloji bayraq səciyyəsi daşıyır. Heydər Əliyev siyasi kursu təkcə keçmişin yox, həmçinin daha işıqlı gələcəyin ən etibarlı canlı təcəssümüdür. Tarix bizi Azərbaycan dövlətçiliyinin monolit fundamentinin qoyulduğu illərdən nə qədər artıq ayırırsa, Heydər Əliyev siyasi kursunun dəyəri, qiyməti azalmır, əksinə, bir o qədər artır və bu da tamamilə təbiidir. Çünki Heydər Əliyev heç vaxt nəzərləri keçmişə zillənən, keçmişin dumanlı idilliyası arxasında gizlənən siyasətçilərdən olmayıb, onun siyasi irsi tamamilə gələcəyə istiqamətlənmişdir. Bu da öz inamında əriyən və özü canlı, nəhəng inam və əqidə heykəlinə çevrilən Heydər Əliyev fenomeninin daha bir rakursdan görünüşüdür. 1994-cü ildə Azərbaycanın (oxu: Heydər Əliyevin) neft strategiyasının ilk təməl daşları qoyulanda bəlkə də onun perspektivlərini möhtərəm Prezidentimizin özündən daha dəqiq və ətraflı təsəvvür edən kimsə yoxdur. Bu gün, artıq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərində işlərin sürətləndiyi, Azərbaycanın karbohidrogen ehtiyatlarının istismarından real gəlirlər götürdüyü bir vaxtda həmin strategiyanın ölkəmizə və vətəndaşlarımıza hansı dividendlər gətirəcəyi hamının gözü qarşısında əyaniləşir. Bu gün artıq cavan da, qoca da, uşaq da, böyük də yaxşı bilir ki, 2005-ci ildən həmin strategiyanın real nəticələri milyardlarla neft dolları şəklində Azərbaycanın büdcəsinə axacaq və bu, hər bir vətəndaşın həyatında köklü dəyişikliklərə gətirib çıxaracaqdır.

Heydər Əliyev Azərbaycan xalqının mental xüsusiyyətlərinə, psixologiyasına yeni dövrdə yaranmış boşluqdan istifadə edərək siyasi mübarizə meydanına atılmış cılız siyasətbazlarla müqayisə oluna bilməyəcək dərəcədə yaxşı bələddir. Odur ki, siyasi obrazının qurulmasın da əxlaq qaydalarını daim əsas tutmuş və bu da onun siyasi inandırıcılıq potensialını yüzqat artırmışdır

Heydər Əliyev siyasi obrazında fədakarlıq, cəsurluq, inadkarlıq, prinsipiallıq kimi xüsusiyyətlər də mühüm yer tutur. Bunlar kütləvi siyasi xadimin şəxsi-iradi keyfiyyətləri içərisində ən yüksək dəyərləndirilən sifətlərdir. Kütlə onun yolunda çəkilən əziyyətlərin cavabını həmişə artıqlaması ilə verməyə meyillidir. Heydər Əliyev öz ideyası - Azarbaycan ideyası uğrunda qırx ildən çoxdur ki, kütləvi siyasi meydanda misli görünməmiş fədakarlıq göstərir. Onun siyasi tərcümeyi-halı hələ ötən əsrin 40-50-ci illərindən başlayaraq siyasi sıçrayışların, yüksəlişlərin enişlər və durğunluqlarla əvəzlənməsi təcrübələri ilə doludur. Heydər Əliyev nəinki Azərbaycanda, hətta bütünlüklə postsovet siyasi məkanında yeganə və sonuncu şəxsdir ki, öz əqidəsi yolunda dünyanın son imperiyasının zirvəsində tutduğu əlverişli mövqeyindən imtina etmişdir. Əleyhdarları, Azərbaycan xalqının gizli və açıq düşmənləri onu siyasi həyatın küncünə sıxışdırmaq, tarixin yaddaşından silmək üçün dəridən-qabıqdan çıxmağa çalışsalar da, heç nəyə nail ola bilməmişlər. Azərbaycan xalqı XX əsrdə tarixi tələbatlarının cavabı olaraq yetişdirdiyi ən layiqli oğlunu düşmən məkrindən, sui-qəsdlərdən, çevriliş cəhdlərindən hifz edərək, ən qiymətli dəyərini - körpə dövlətçiliyinin taleyini ona əmanət etmişdir. Əlbəttə, Heydər Əliyevin inadkarlığı, prinsipiallığı, nəsillərə örnək olan cəsarəti də hər dəfə onun tarixin burulğanlarından sağ-salamat çıxmasında, oddayanmaz-sudabatmaz imici qazanmasında həlledici faktorlardan olmuşdur. Heydər Əliyevin gücünə, imkanlarına, potensialına ictimai inam da elə bu şəxsi keyfiyyətlərin sınaqlardan qüsursuz çıxması ilə əlaqədardır. Xalq öz liderinin qarşıya çıxan bütün sədləri dağıtmasına, maneələri aşmasına artıq adət etdiyi üçün ona yüz faizli arxayınlıqdan irəli gələn bir əminliklə bütün tarixi dönüş anlarında öz problemlərinin həllinə məhz onu məsul etmiş və heç zaman bundan peşmanlıq çəkməmişdir. Xalq qətiyyətlə inanır ki, Qarabağ münaqişəsini qansız-qadasız, dinc danışıqlar yolu ilə yalnız Heydər Əliyev tənzimləməyə qadirdir.

Heydər Əliyev siyasi obrazında fədakarlıq, cəsurluq, inadkarlıq, prinsipiallıq kimi xüsusiyyətlər də mühüm yer tutur. Bunlar kütləvi siyasi xadimin şəxsi-iradi keyfiyyətləri içərisində ən yüksək dəyərləndirilən sifətlərdir

Xalq bilir ki, lideri onun maraqlarını sonadək inadkarlıqla müdafiə edəcək, qorxub çəkinməyəcək, şəxsi mənfəətlərinə qurban verməyəcək, prinsipiallıq göstərib doğru yoldan dönməyəcək. Xalq onun mərhəmət və alicənablığına dəfələrlə şahid olduğu kimi, Heydər Əliyev cəsurluğuna da yaxşı bələddir, xalq onun fədakarcasına atdığı addımların izi ilə çox yeriyib və həmişə də qələbəyə çatıb, məğlubiyyətə yox. Odur ki, Azərbaycan xalqı özünün təmsilçilik mandatını həmişə Heydər Əliyevə heç kimə müəssər olmayacaq son həddə, şəriksiz edib. Xalqı öz liderinə nəhayətsiz inamda və etimadda qınamaq isə yalnız siyasi korlara və binəsiblərə xasdır. Heydər Əliyev xalqına inandığı, arxalandığı üçün siyasi fəaliyyətində açıqlığın tərəfdarıdır, başqa cür ola da bilməz. Qapalı siyasi lider tipinə mənsub olanlar xalqın həyati maraqlarını addımbaşı tapdayan və dövlət hakimiyyətinə şəxsi, qrup, klan maraqlarının reallaşması vasitəsi kimi baxanlar ola bilər. Heydər Əliyev ən yüksək siyasi dairələrdə milli mənafelərimizin köklü məsələlərinə dair apardığı danışıqların belə məğzini xalqına çatdırmaqdan, xalqın rəyini, düşüncəsini soruşmaqdan və siyasi manevrlərini buna uyğun qurmaqdan heç vəchlə çəkinmir. Çünki o, xalqının qarşısında həmişə alnıaçıq, üzüağ olmuşdur və bu gün də belədir. Heydər Əliyev nəinki Qarabağ münaqişəsinin müzakirə olunduğu beynəlxalq məclislərdə, həmçinin adi, gündəlik həyat hadisələrində də Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutur. Bu isə mücərrəd bir məfhum deyil, Azərbaycan dövlətinin maraqları hər bir vətəndaşın həyati maraqlarından qurulur, Prezidentin hər bir vətəndaşa münasibətdə xeyirxahlıq və qayğıkeşlik nümayişində üzə çıxır. Heydər Əliyevin sadə Vətən insanlarına göstərdiyi misilsiz qayğıkeşlik və xeyirxahlıq nümunələri saya-hesaba gəlmir. Bu nümunələrin canlı şahidlərinə hər eldə, hər obada rast gəlmək mümkündür.

Heydər Əliyev xalqına inandığı, arxalandığı üçün siyasi fəaliyyətində açıqlığın tərəfdarı idi, başqa cür ola da bilməzdi

Qanunauyğun haldır ki, qapalı, separatist siyasi dəst-xətt tərəfdarları Heydər Əliyev açıqlığı qarşısında duruş gətirə bilmirlər. Onların sosial dayaqları yoxdur, xalq hərəkatı dövründəki eyforiyaya qapılıb onlara qoşulanlar da əriyərək Heydər Əliyevin sosial bazasına qoşulmuşlar. Sübut üçün bir neçə rəqəmi müqayisə edək. 1990-1991-ci ilin mitinqlərində yüz minlərlə adam Xalq Cəbhəsinin (indiki bütün müxalif siyasi təşkilatların toplu arxetipinin) ətrafında sıx birləşirdi. 1993-cü ilin 29 avqustunda keçirilmiş Elçibəyə etimadsızlıq referendumunda da onların lehinə cəmi 2 faiz (70 min nəfər) əhali səs vermişdi. Sadəcə, bir ildən bir az artıq müddət ərzində hakimiyyətdə ola-ola sosial dayaqları bu qədər ixtisara düşən və birdən-birə göbələkvari bir sürətlə 10-15 partiyaya parçalanan həmin qüvvələr bu gün eyni inkişaf tempi ilə nə qədər tərəfdara malik ola bilərlər? Bu minvalla onların ətrafında 3-4 min real tərəfdarları qalmışsa da, onlar üçün həddindən böyük rəqəmdir. Millətin onları ideal olaraq artıq çoxdan süpürüb tarixin zibilliyinə atdığı aşkardır. Bu prosesin reallaşması isə yenə də Heydər Əliyev siyasi kursunun davamçılarının adı ilə bağlı olacaqdır. “Müsavat”, Milli İstiqlal, Demokrat, Xalq Cəbhəsi kimi populyar adlar altında gizlənən bu xalqsız “xalq qəhrəmanları”nın siyasi arenadakı ömrü oktyabrın 15-nə qədərdir. Hər şey açıqlıq və aşkarlıq prinsipinə uyğun xalqın gözü qarşısında, tam demokratik əsaslarla baş verəcəkdir. Tarixi inkişafın 40 illik məntiqi qanunauyğunluğu dediklərimizi zəruri edir. Bu, elə bir siyasi aqibətdir ki, Azərbaycan xalqının hökmran iradəsindən başqa heç kimin səlahiyyəti çərçivəsində dərk edilə bilməz. Azərbaycan xalqı isə öz sözünü neçə illərdir keçirilən analoji elektoral tədbirlərdə birmənalı şəkildə bütün dünyaya bəyan edir. Heydər Əliyev siyasi obrazının möhtəşəmliyinə bir nəfər kimi səs verməklə!

Gələcək Heydər Əliyevindir. Bu, Azərbaycan xalqının alın yazısıdır və elə bir alın yazısıdır ki, fatal bir labüdlük kimi onun iradəsindən asılı olmayaraq ortaya çıxmayıb. Azərbaycan xalqı bu yazını öz alnına öz əli ilə yazıb. Yuxarıda Heydər Əliyev siyasi kursunun gələcəyə yönəldiyindən bəhs etdik. Heydər Əliyev siyasi kursu bu gün etibarlı əllərdədir. YAP Sədrinin birinci müavini İlham Əliyevin də öz sədri, lideri, böyüyü və ağsaqqalı ilə eyni sırada prezidentliyə namizədliyinin gerçəkləşməsi məhz bu anlamda əlamətdardır. Heydər Əliyevə Azərbaycanda alternativ yalnız Heydər Əliyevin özü ola bilər. Belə ki, qarşıdakı seçkilərdə biz İlham Əliyevə səs verməklə də Heydər Əliyev siyasi kursunu dəstəkləmiş olacağıq. Heydər Əliyev siyasətinin ən ibrətamiz xarakter xüsusiyyətlərindən birinin də bu ölməzlikdə inikas olunduğu oktyabrın 15-də təsdiqlənəcəkdir.

“Yeni Azərbaycan” qəzeti

2003-cü il

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Xarici siyasət

Analitik

İqtisadiyyat

Gündəm

Son mərhələ...

20 May 09:49

Prezident bu gün

Prezident bu gün

20 May 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31