Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 98 il sonra - 7 iyul 1923-dən 7 iyul 2021-ci ilə...

98 il sonra - 7 iyul 1923-dən 7 iyul 2021-ci ilə...

07.07.2022 [10:01]

İlham Əliyev bir əsrlik tarixi ədalətsizliyi aradan qaldırdı

Nurlan QƏLƏNDƏRLİ

“Dağlıq Qarabağ” yoxdur, Şərqi Zəngəzur və Qarabağ var!

Faktlar və reallıqlar təsdiqləyir ki, tarixin ədalətin bərpası, ictimai-siyasi yaddaşın yenilənməsi, əsas etibarilə, milli köklərə, mənəvi dəyərlərə bağlı olan uzaqgörən lider fenomenindən, xalq-lider vəhdətindən asılıdır. Bunun bir çox nümunələri tariximizin müxtəlif qatlarında və səhifələrində əks olunub - özünə yer tapıb, milli hafizəmizin silinməz izlərinə çevrilib.

Azərbaycan dövlətinin ərazi bütövlüyünün, xalqımızın qürur və ləyaqətinin bərpası, milli mənəviyyatımızın yenilənməsi, dövlətin gücləndirilməsi, dövlətçiliyin möhkəmləndirilməsi ilə əlamətdar olan İkinci Qarabağ - Vətən müharibəsi  bu baxımdan bənzərsiz nümunə və hadisədir.

Azərbaycan 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti - tarixi şəraiti dəyişdirdi. Burada söhbət təkcə yeni əməkdaşlıq və təhlükəsizlik mühitinin yaradılmasından getmir. Eyni zamanda, Azərbaycan ermənilərdən istifadə edən böyük güclərin gələcəyə (onilliklərə, hətta yüzilliklərə) hesablanmış planlarını iflasa uğratdı - haqsızlığı ədalətlə bərpa etdi.

Prezident İlham Əliyev yarım əsr irəliyə baxdığını qeyd edir. Onun 50 il öncəni görən bu strateji baxışı nəticəsində qazanılan Qələbə Azərbaycanın 100 illik tarixi ədalətsizliyi aradan qaldırmasını təmin edib. Söhbət ötən əsrin birinci rübündə ölkəmizin ərazisində yaradılmış, sonradan işğal məhsuluna, etnik təmizləmə alətinə çevrilmiş süni qurumun ləğvindən, separatizmin məhvindən gedir.

Problemin tarixi kökləri

Əvvəlcə tarixi faktlara diqqət yetirək.

Məlumdur ki, 1921-ci ildə Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun plenumunun iclas-protokolunda “Dağlıq Qarabağ” ifadəsi yer almışdı. Eyni zamanda, bunun əsasında süni bölgü aparılmış, 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı.

1980-ci illərin əvvəllərindən isə Sovet İttifaqının mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edən SSRİ rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu hərəkətə keçdi. Məqsəd Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi idi.

1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul etdi və muxtariyyətin səlahiyyətlərində yeniliklər edildi. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu bu qanunla müəyyənləşib.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi.

1989-cu ilin noyabr ayında isə SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyət statusunun ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar verdi. Lakin 1989-cu ilin dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqladı.

Paralel olaraq 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olundu. Həmin qanuna əsasən “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayıldı.

Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv olundu və ölkəmizin ərazisində belə inzibati strukturun olmadığı bəyan edildi.

Heydər Əliyev 10 noyabr 1999-cu il tarixli çıxışında qeyd etmişdi ki, 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bəla olub: “Muxtariyyət Azərbaycanın içinə qoyulmuş bombadır, nə vaxtsa partlamalı idi”.

Son nöqtə və ya bütün spekulyasiyalara son!

İstər münaqişə dövründə, istərsə də postmünaqişə mərhələsində ermənilər bu məsələni spekulyasiya mövzusuna çeviriblər. Onlar 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması məsələsindən müxtəlif platformalarda və fərqli məqsədlər naminə istifadə etməyə cəhd göstəriblər. Amma son nöqtəni Azərbaycan Prezidenti qoydu.

Başqa sözlə, İlham Əliyev həmin hadisədən 98 il sonra - ötən ilin bu günü, 7 iyul 2021-ci il tarixində  “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalamaqla bütün spekulyasiyalara son qoydu.

Sənədə əsasən, ölkəmizdə iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdırıldı. Ən əsası, respublikamızın iqtisadi rayonlarının sırasına Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının adları da daxil edildi. İqtisadi rayonların yeni bölgüsünə əsasən Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edən Qarabağ iqtisadi rayonu yaradıldı. Vətən müharibəsində işğaldan azad olunan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonuna aid olundu.

Süni bölgünün üzərindən birdəfəlik xətt çəkildi

Beləliklə, tarixi ədalətsizlik tamamilə aradan qaldırıldı. “Dağlıq” sözünün çıxarılması, bölgüdə “Qarabağ iqtisadi rayonu” ifadəsinin yer alması ilə süni bölgünün üzərindən birdəfəlik xətt çəkildi və Azərbaycanın suverenliyi təsbit edildi.

Yeni təsnifat Azərbaycanın 44 günlük müharibədə mütləq qələbə qazanmasından sonra yaranmış reallıqlara uyğundur. Və göründüyü kimi, iqtisadi rayonların yeni bölgüsü yalnız iqtisadi önəm daşımır, həm də mühüm tarixi və siyasi-strateji əhəmiyyətə malikdir.

Yeni iqtisadi imkanlar və perspektivlər

Yeni bölgü Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri ilə də bağlı müstəsna önəm daşıyır.

Bəllidir ki, işğaldan azad edilmiş ərazilərimiz zəngin iqtisadi potensiala malikdir. Həmin ərazilər təbii sərvətləri və geniş turizm imkanları ilə fərqlənir. Vahid proqram əsasında reallaşdırılacaq layihələr Azərbaycanın iqtisadi imkanlarını artıracaq. Məqsədyönlü fəaliyyət, eyni zamanda, sözügedən ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını sürətləndirəcək, bütün ölkə üzrə iqtisadi rayonlar arasında əlaqələrin intensivləşməsini təmin edəcək.

Fərmanda bildirilir ki, azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə-Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.

Nə münaqişə, nə status, nə də “Dağlıq Qarabağ”...

Beləliklə, bu gün “Dağlıq Qarabağ” adlı xüsusi inzibati ərazi vahidi və ya əlahiddə idarəetmə subyekti yoxdur. Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edib. Ona görə də nə status, nə də status-kvo mövcuddur və bundan sonra da ola bilməz.

Azərbaycanın yeni yaratdığı reallıq fonunda beynəlxalq ictimaiyyətin də məsələyə yanaşması dəyişib. Bir vaxtlar qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dairələr indi tamamilə fərqli - yeni mövqe sərgiləyirlər. Onların leksikonunda nə “status”, nə də Qarabağ sözünün əvvəlinə yamaq edilmiş “Dağlıq” anlayışı var. Görünən budur ki, Azərbaycanın “münaqişə bitib, “Dağlıq Qarabağ” məfhumu yoxdur” haqlı, obyektiv yanaşması beynəlxalq miqyasda - bütün səviyyələrdə siyasi-hüquqi müstəvidə qəbul edilib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib. Dövlət başçısı deyib: “Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim Sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb. 7 iyul 1923-cü ildə - bir əsr bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı”.

Şərqi Zəngəzurdan Qərbi Zəngəzura...

İlham Əliyev çox maraqlı və haqlı bir məqama toxunub. O qeyd edib ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq: “Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə daha çox haqqımız var. Çünki son əsrin tarixi aydın şəkildə göstərir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən 6 ay sonra sovet hökuməti Azərbaycanın tarixi hissəsi olan Zəngəzuru qoparıb Ermənistana verib. Ona görə də əgər Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etsə, nə üçün Azərbaycan Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin? Çünki orada tam olaraq azərbaycanlılar məskunlaşmışdı. Beləliklə, bu, çıxılmaz vəziyyətə səbəb ola bilər. Düşünürəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır, bu dərsləri yaxşı öyrənməlidir və Azərbaycana qarşı istənilən ərazi iddialarından çəkinməlidir”.

Tarixi yaddaşın bərpası, tarixi ədalətsizliyin aradan qaldırılması  gələcək strateji hədəflərə çatmaq baxımından da əlamətdar və əhəmiyyətlidir. Şübhəsiz, Şərqi Zəngəzurun öncə azad, sonra isə abad edilməsi ilə proses başa çatmayacaq, bu yol soydaşlarımızı Qərbi Zəngəzura da aparacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: “Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində, əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin  daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri xalqımızın öz tarixi irsinə sahib çıxması, milli keçmişimizə aid reallıqların öyrənilməsi və geniş təbliğ olunmasıdır. Bu, şübhəsiz ki, milli yaddaşın bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı xalqımızın milli hafizəsinin yenilənməsini təkcə tarixi məsələ kimi deyil, həm də siyasi, mənəvi, mədəni və ideoloji hadisə kimi nəzərdən keçirir. Çünki  Azərbaycanın gələcək hədəflərinə nail olmaq - perspektiv inkişaf yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji qatlarını yeniləməkdən keçir. Ona görə də Azərbaycan Prezidenti vaxtaşırı milli-ictimai yaddaşa mühüm tarixi məsələləri təqdim edir, bununla bağlı müvafiq addımlar atılır.

Beləliklə, 2021-ci ilin 7 iyul tarixli Fərmanı ilə 1923-cü ilin 7 iyul tarixli qərarının üstündən xətt çəkən - 98 il sonra tarixi ədalətsizliyi aradan qaldıran - ədaləti bərpa edən İlham Əliyev Azərbaycanın 100 il sonraya hədəflənmiş milli məqsədləri - strateji vəzifələri üçün tarixi yol inşa edib. Nəinki Azərbaycanın, bütöv regionun gələcəyi məhz bu yolda - qalib Azərbaycanın dövlətçilik marşrutundadır. Zəngəzur dəhlizində, Şərqi Zəngəzurdan dünyaya açılan yolda..!

Paylaş:
Baxılıb: 167 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31