Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tehran-Bakı geosiyasi xəttində fəallıq...

Tehran-Bakı geosiyasi xəttində fəallıq...

15.07.2022 [09:55]

İkitərəfli münasibətlərin inkişafı, regional təhlükəsizlik məsələləri diqqət mərkəzində...

Nurlan QƏLƏNDƏRLİ

İranın ali rəhbərinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi admiral Əli Şamxaninin ölkəmizə səfəri yerli və beynəlxalq medianın diqqət mərkəzindədir. Müzakirə olunan əsas məsələ səfər çərçivəsində hansı məsələlər ətrafında fikir mübadiləsinin aparılmasıdır. Analitiklər müxtəlif rakurslardan yanaşırlar. Səfərin detalları barədə müfəssəl məlumat verilməsə də, hazırkı reallıqlar Bakı-Tehran geosiyasi xəttində ikitərəfli münasibətlərin inkişafı, regional təhlükəsizlik kimi məsələlərin diqqət mərkəzində olduğunu göstərir.

Tərəflər maraqlıdır

Azərbaycan qonşu İranla dostluq münasibətlərinin tarixi ənənələr və siyasi-mənəvi dəyərlər əsasında, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq çərçivəsində inkişafının tərəfdarı olduğunu dəfələrlə ifadə edib. Hətta bütün bu illər ərzində Prezident İlham Əliyevin siyasətində Azərbaycan ərazisindən İrana qarşı üçüncü dövlətin istifadəsinin yolverilməz olması qırmızı xətt kimi keçib. Elə bu gün də Azərbaycan xoş niyyət göstərir, dostluq əlini uzadır, siyasi jestlərlə etimad mühitinin dərinləşməsinə töhfə verir. İran da öz növbəsində Azərbaycanla tərəfdaşlıq münasibətlərini müsbət dəyərləndirir, ölkəmizlə əməkdaşlığa böyük önəm verir. Bu da təsadüfi deyil.

Yeni reallıqlar, yeni yanaşma...

Azərbaycan bu gün regionda və dünyada güclü-qüdrətli, nüfuzlu və prinsipial mövqeyi olan dövlət, etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz müstəqil xarici siyasət həyata keçirir və öz maraqlarını qoruyur. Regionda mühüm təsir mexanizmlərinə malik İran ilə münasibətlərin inkişafı isə hazırkı mürəkkəb regional vəziyyətdə və beynəlxalq münasibətlər şəraitində milli mənafelərin təmini baxımından önəmlidir. Nəzərə almaq lazımdır ki, Tehran ilə Bakı arasında fəal siyasi dialoq, intensiv təmaslar var. İran Azərbaycanı bərabərhüquqlu və etibarlı tərəfdaş kimi dəyərləndirir, əməkdaşlığın inkişafında maraqlı olduğunu nümayiş etdirir.

Digər tərəfdən, hazırda bölgədə real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması əsas məsələdir. Hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq ortamı formalaşdırır. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır. Bu, regionda bütün qüvvələr üçün faydalı və perspektivlidir.

Təhlükəsizlik və əməkdaşlıq şəraitində kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizinin reallaşması və digər işbirliyi layihələrinin reallaşdırılması bölgənin geostrateji gələcəyinin inşasıdır. Başqa sözlə, regionda yeni geosiyasi situasiya məhz Azərbaycanın yaratdığı reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bakı Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir.

Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik - təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Bütün bunlar respublikamızın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir - Bakının nüfuzunu - prestijini əks etdirir. Ən əsası, bu gün Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi deyil. Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır. Ölkəmizdə mötəbər tədbirlərin, görüşlərin keçirilməsi, qlobal siyasi atmosferə təsir imkanlarına malik elita tərəfindən taleyüklü məsələlərin müzakirəyə çıxarılması və digər bu kimi nümunələr mühüm bir məqamı ifadə edir: ölkəmizə inam və etimad yüksəkdir. Bununla yanaşı, gerçəkliklər həm də onu təsdiqləyir ki, Azərbaycan ilə tərəfdaşlığın genişləndirilməsi regional və beynəlxalq güc mərkəzləri üçün strateji prioritetlərdən biridir. Bakıya təhlükəsizlik məsələsində inam - etimad mesajları, tərəfdaşlığı gücləndirmək çağırışları da bu səpkidə xüsusi əhəmiyyət daşıyır. Nəhayət, Azərbaycan nəinki öz təhlükəsizliyini təmin edir, hətta regional sabitliyə və inkişafa çox mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü ilə çoxtərəfli regional əməkdaşlıq formatları yaradılır.

Avrasiyanın yeni nəqliyyat xəritəsinin yaradıldığı vaxtda və şəraitdə...

İranın Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsini strateji prioritetlərdən biri kimi müəyyənləşdirməsi həm də Avrasiyada yeni nəqliyyat-kommunikasiya xəttinin yaradılması ilə əlaqədardır. Söhbət postmüharibə mərhələsində regionda kommunikasiyaların bərpasından, eləcə də Zəngəzur dəhlizinin açılmasından gedir.

Şübhəsiz ki, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Zəngəzur dəhlizinin yaradılması isə Avrasiyada yeni platformanın əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Region dövlətləri bu proyekti yeni və önəmli, dəyərli iqtisadi platforma kimi qiymətləndirir. Azərbaycan Prezidenti dəfələrlə ölkəmizin Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Ölkəmiz Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda inteqrasiya prosesi güclənəcək. Dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm imkanlar qazanacaq. Bütövlükdə, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. Burada əsas məsələ - həlledici məqam Azərbaycanla əməkdaşlıq vasitəsilə maraqların uzlaşdırılmasıdır.

Anlaşma Memorandumu - yeni imkanlar, geoiqtisadi üstünlüklər

Ümumiyyətlə, bu gün Avrasiyada tarixi anlar yaşanır. Bu səpkidə Azərbaycanla İran arasında cari ilin mart ayında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasını da xüsusi vurğulamaq lazımdır. Bu, geosiyasi və geoiqtisadi əhəmiyyətinə görə, şübhəsiz ki, tarixi hadisədir.

Bəllidir ki, bu günə qədər Azərbaycanın təşəbbüsü və liderliyi ilə bölgədə bir çox nəhəng layihələr reallaşdırılıb. Nəticədə Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən dizayn olunub. Azərbaycanla İran arasında Anlaşma Memorandumunun imzalanması da bu prosesin davamı və regional təhlükəsizliyə, əməkdaşlığa yeni töhfədir. Məqsəd Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Deməli, regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklər olacaq. Bu, eyni zamanda, Azərbaycana yeni üstünlüklər qazandırır.  Bunlarla yanaşı, bu Memorandumdan irəli gələn işlərin həyata keçirilməsi Naxçıvan MR-in blokadadan çıxmasında - muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq. Bu gün elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır. Bütün bunlar isə iqtisadi inkişafa mühüm töhfə olacaq.

“Altılıq” formatı - daha bir platforma

Azərbaycan və Türkiyənin birgə təşəbbüsü olan “altılıq” formatında işbirliyi platforması da İranın diqqət mərkəzində olan məsələlərdəndir. Yeni əməkdaşlıq modeli uzun müddətdir ki, müzakirə olunur. Hətta bununla əlaqədar müəyyən təmaslar - danışıqlar və görüşlər olub. Platforma çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan arasında iqtisadi, kommunikasiya  əlaqələrinin qurulması nəzərdə tutulur ki, bu da bütövlükdə regionun mənzərəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Gürcüstan istisna olmaqla digər dövlətlər ötən dövr ərzində “3+3” formatında əməkdaşlıq platformasını dəstəklədiklərini bəyan ediblər. Təşəbbüsün reallığa çevrilməsi üçün praktiki addımlar atılıb. Doğrudur, Rusiya-Ukrayna müharibəsi situasiyanın müəyyən qədər dəyişməsinə, prosesdə ləngiməyə səbəb olub. Geosiyasi zəlzələ effekti yaradan bu qarşıdurma nəticəsində qütbləşmənin yaranmasının bəzi tərəflərin eyni platformada əməkdaşlıq imkanlarını zəiflətdiyi bildirilir. Amma son açıqlamalar məsələnin hələ də aktual olduğunu, əməkdaşlıq imkanlarının müzakirə ediləcəyini göstərir. Çünki “3+3” formatında yeni əməkdaşlıq platforması bütün tərəflər üçün siyasi və iqtisadi mənfəət vəd edir. “Altılıq” platforması siyasi-diplomatik ve geostrateji təhlükəsizlik baxımından əhəmiyyətli olmaqla yanaşı, mühüm iqtisadi-ticari önəmə də malikdir. Məlumata əsasən, “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır. Bu, ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Deməli, iqtisadi potensial qarşılıqlı-faydalı əməkdaşlığa geniş imkanlar yaradır. Xüsusilə də, sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda işbirliyi imkanları genişdir. Gələcəkdə birgə tərəfdaşlıq çərçivəsində qarşılıqlı investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması məsələləri də aktualdır. Digər tərəfdən, “altılıq” ölkələrinin demoqrafik (toplam 300 milyon nəfərdən çox əhali) potensialı da iqtisadi-ticari münasibətlərin uğurlu inkişafına real zəmin yaradır. Ölkələr yeni satış bazarlarına çıxış imkanları əldə edir ki, bu da əmtəə dövriyyəsinin artması, sosial-iqtisadi inkişaf deməkdir. Əlbəttə, yeni reallıqlar fonunda “3+3” formatında əməkdaşlıq mexanizmi real və perspektivli görünür. Benilüks və Skandinaviya, bir sıra Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrinin regional əməkdaşlıq platformaları çərçivəsində indiyə qədər səmərəli işbirliyi nümunələri yaratması reallıqdır. “Altılıq” təşəbbüsü də real siyasi-iqtisadi platformaya çevrilə bilər. Əsas məsələ tərəflərin geosiyasi iradə nümayiş etdirməsidir. Hər halda, zaman göstərəcək.

Çoxşaxəli münasibətlər hər iki ölkənin strateji maraqlarına cavab verir

Bütövlükdə, münasibətlərdə müsbət dinamikanın qeydə alınması təsadüfi deyil və tərəflərin geosiyasi iradəsinin ifadəsi, yaxud nəticəsidir. Ümumiyyətlə, iki ölkəni dostluq və əməkdaşlıq ənənələri bağlayır. Əlaqələr qarşılıqlı-faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.

Nəticə etibarilə, İran-Azərbaycan münasibətləri çoxşaxəlidir, hər iki ölkənin strateji maraqlarına cavab verir. Bu isə yeni perspektivlər deməkdir.

Paylaş:
Baxılıb: 140 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31