Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Böyük Qayıdış üzrə strateji çərçivə

Böyük Qayıdış üzrə strateji çərçivə

27.07.2022 [09:53]

Mübariz ABDULLAYEV

Azərbaycan  daim inkişafının səviyyəsinə və meydana çıxan çağırışlara uyğun olaraq yeni strategiyalar, proqramlar qəbul edərək perspektiv hədəflərini müəyyənləşdirir. Belə inkişaf modeli dövlət siyasətinin səmərəliliyini artırır, qüvvələrin və maliyyə vəsaitlərinin daha prioritet sahələrə istiqamətləndirilməsini təmin edir.

Hazırkı dövr respublikamız üçün xüsusilə əlamətdar bir mərhələni təşkil edir. Ölkəmiz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı Zəfərə imza ataraq ərazi bütövlüyünü təmin edib. Bu, respublikamız üçün mühüm çağırışlar deməkdir. Eyni zamanda, qlobal miqyasda da yeni trendlər müşahidə edilməkdədir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” bütün bu kimi yeni reallıqlar və amillər nəzərə alınmaqla hazırlanıb. Sənədlə ölkəmizin qarşıdakı illərdə keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf modeli müəyyənləşdirilib. Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələ 2022-2026-cı, ikinci mərhələ isə 2027-2030-cu illəri əhatə edəcək.

Yeni çağırışlar

Qeyd etdiyimiz kimi, 2030-cu ilədək olan dövrü əhatə edən indiki strateji mərhələdə ölkəmizin qarşısında yeni çağırışlar dayanır. Bu çağırışlara adekvat siyasətin həyata keçirilməsi, zəruri tədbirlərin reallaşdırılması ölkəmizin perspektivdə də dayanıqlı inkişafını təmin edəcək və sosial rifah cəmiyyətinin qurulması ilə vətəndaş məmnunluğu daha da artacaq. Strategiyada vurğulanır ki, sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli və ağıllı inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisadi quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin - ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsində mühüm rol oynayıb. Son illərdə pandemiyanın ölkənin ixrac gəlirlərinə əhəmiyyətli təsirinə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində milli iqtisadiyyat qısa müddətdə yeni qlobal reallıqlara uyğunlaşdırılıb, makroiqtisadi stabillik təmin edilib və Azərbaycan bu böhrandan ən az təsirlənən ölkələrdən biri olub. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinin astanasındadır. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlılığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.

Göründüyü kimi, qarşıda duran hədəflərin miqyası kifayət qədər genişdir. Bu hədəflərə çatılması həm ölkənin inkişafında, həm də insanların həyatında, sosial rifahında dönüş yaradacaq. Dövlət başçısının imzaladığı Strategiyada vurğulanır: “Məhz bu məqsədlə “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunmuş və bu prioritetlərə söykənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanmışdır. Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıq??lığı daha da güclənəcəkdir”.

İşğaldan azad olunmuş ərazilərə layiqli qayıdış

Bəhs olunan strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən bir 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır. Yaxın 10 il üçün belə bir prioritetin müəyyənləşdirilməsi isə heç də təsadüfi deyildir. Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının dəstəyi ilə ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq insan öz doğma yurd yerlərini tərk etmək məcburiyyətində qaldı. On illər boyu tikib qurduqları mülklərini itirən həmin insanlar üç onillik ərzində çətin şəraitdə yaşadılar, qaçqınlıq, məcburi köçkünlük həyatına, məhrumiyyətlərə dözdülər. Bütün bunlara baxmayaraq, yurd yerlərinin nisgili onların qəlbindən heç vaxt çıxmadı. Həmin insanlar düz üç onillik ərzində doğma torpaqlarına - Şuşaya, Qubadlıya, Laçına, Füzuliyə, Zəngilana, Cəbrayıla və digər şəhər və kəndlərimizə qayıdacaqları günü səbirsizliklə gözlədilər. Dövlətimiz, Prezidentimiz də onlara daim ümid verdi. Müzəffər Ordumuzun Zəfəri sayəsində artıq doğma torpaqlara geri dönüş vaxtı gəlib çatıb.

Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Strategiyada Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Qeyd etmək yerinə düşər ki, güclü və məsuliyyətli dövlət olan Azərbaycan 11 min kvadratkilometri əhatə edən işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına müharibə başa çatdıqdan dərhal sonra başladı. Ötən il bu məqdəslə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrıldı.  Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Qanuna əsasən, cari ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına 2 670 000 000,0 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.

Aradan az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda infrastruktur layihələrinin icrası uğurla başa çatıb. Yeni layihələrin icrası da intensiv şəkildə davam etdirilir. Bu günlərdə qaçqın və məcburi köçkün soydaşlarımız işğaldan azad edilmiş ərazilərə ilk qayıdışın böyük sevincini yaşayıblar. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsinə ilk ailələr köçürülüb. Yaxın vaxtlarda yeni belə layihələrin icrası da nəzərdə tutulub. Kəndlərlə yanaşı, böyük şəhərlərin də bərpasına start verilib. Artıq bir neçə şəhərin tikinti layihəsi hazırlanaraq Prezident İlham Əliyevin iştirakı ilə geniş ictimaiyyətə təqdim olunub.

Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında  “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”, eləcə də “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslər yaradılıb. Prezident İlham Əliyevin fərmanları ilə yeni qurumların yaradılması  işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsinə güclü impuls verəcək. Deyə bilərik ki, əziz Qarabağımızın dirçəldilməsində keyfiyyətcə yeni bir mərhələ başlayır.

Güclü iqtisadi potensialdan istifadə

İşğaldan azad edilən ərazilərin iqtisadi potensialı kifayət qədər güclüdür.  Bol sulu, münbit torpaqlarla, təbii ehtiyatlarla  zəngin olan işğaldan azad edilmiş ərazilərdə həm aqrar sektoru, həm də sənayenin müxtəlif sahələrini inkişaf etdirmək mümkündür. Sözügedən ərazilərin iqtisadi potensialından səmərəli şəkildə bəhrələnmək, eyni zamanda, bu bölgələrin ölkənin digər regionlarına reinteqrasiyasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı müvafiq sənəd əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

Dövlət başçısının təsdiqlədiyi Strategiyada da bəlli məqsədlər üçün konkret hədəflər müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaq. Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaqdır. İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət-xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək. Sənəddə oxuyuruq: “İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaqdır. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq”.

Paylaş:
Baxılıb: 133 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31