Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Milyonların sevimlisi - Mehriban Əliyeva

Milyonların sevimlisi - Mehriban Əliyeva

26.08.2022 [09:15]

Azərbaycanın Birinci vitse-prezidenti, Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı qısa şəkildə təqdim etsək, belə deyə bilərik: Milyonların, bütün Azərbaycanın sevimlisi.

Bu uca məqama çatmaq çoxlarının xəyalından keçə bilər. Kim istəməz ki, ətrafdakılar ona rəğbətlə yanaşsınlar? Ancaq yalnız istəklə iş bitmir. Hər kəsin qiyməti əməlinə görə verilir. Necə ki, insanlar ölkənin birinci xanımı və Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı fəaliyyətinə, Azərbaycan naminə respublika daxilində və ölkə hüdudlarından kənarda gördüyü işlərə, xeyirxah əməllərinə görə yüksək dəyər verirlər.

Azərbaycanın fərqli birinci xanım institutu

Ənənəvi olaraq belə bir qənaət formalaşıb ki, birinci xanımlar  bütün qayğılardan uzaqdırlar və onlarla sıravi insanlar arasında keçilməz “Çin sədləri” var. Birinci xanım Mehriban  Əliyevanın timsalında isə biz ənənəvi təsəvvürlərdən uzaq olan tamam fərqli bir mənzərənin şahidi oluruq. O, heç bir halda özünü cəmiyyətdən ayırmır, daim ziyalılarla, sıravi vətəndaşlarla, gənclərlə, könüllülərlə, uşaqlarla ünsiyyətə can atır. Aydın şəkildə hiss olunur ki, o məhz belə məqamlarda özünü xoşbəxt sanır. Mehriban xanım Əliyeva Azərbaycanda birinci xanım institutunun orijinal və çox funksional bir modelini formalaşdırmağa nail olub. Harada ki, çətinliklər var, nə zaman ki, milli mədəniyyətimizə qayğı tələb olunur, kiminsə haqqı tapdalanır, Azərbaycanın haqq səsini dünyada ucaltmaq lazımdır... məhz belə yerlərdə və həssas məqamlarda biz birinci xanım Mehriban Əliyevanı görürük. Bəzən onun irəli sürdüyü təşəbbüslərin icrası çox çətin görünür. O sanki hadisələri, zamanı bir addım qabaqlayır. Ancaq yox, artıq neçə illərdir ki, təsdiqini tapıb: Mehriban xanım Əliyevanın bəyan etdiyi layihələrin miqyasından asılı olmayaraq, hamısının icrası yüksək səviyyədə təmin olunub. Bunun arxasında isə, ilk növbədə, onun canıyananlığı, fədakarlığı, məsuliyyəti və yüksək təşkilatçılıq, insanları milli məqsədlər naminə səfərbər etmək məharəti dayanır.  

Buna çoxlu nümunələr gətirə bilərik. Mehriban xanım Əliyevanın xarakterindəki üstün keyfiyyətlər onun rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyətində qabarıq şəkildə nəzərə çarpır. 2004-cü il mayın 10-da yaradılan Fond məhz Mehriban xanım Əliyevanın fədakarlığı sayəsində Azərbaycanın ictimai həyatına böyük canlanma gətirən, müxtəlif istiqamətlərdə dövlət siyasətinə güclü dəstək verən bir quruma çevrildi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Onun əsas missiyası ulu öndər Heydər Əliyevin siyasətini davam etdirməkdir. Eyni missiya Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyətindən də qırmızı xətt kimi keçir. Yarandığı vaxtdan etibarən Fond Azərbaycanın dövlət siyasətinin bütün prioritet sahələrinə özünün sanballı töhfələrini verir. Biz Heydər Əliyev Fondunun fəaliyyətinin timsalında dövlət-cəmiyyət tərəfdaşlığının gözəl nümunəsini görürük. Bir sıra hallarda Fond dövlətin apardığı siyasətə əlavə impuls verir, digər hallarda isə qurumdan, şəxsən Mehriban xanım Əliyevadan gələn təşəbbüslər və başlanan işlər dövlət  tərəfindən dəstəklənərək irəli aparılır. Prezident İlham Əliyev respublikamızda neft kapitalının insan kapitalına çevrilməsi siyasətini bəyan edib. Buna uyğun olaraq Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin icrasına start verdi. Sonradan Prezident İlham Əliyevin də məmnunluqla vurğuladığı kimi, bu, dövlət proqramına çevrildi. Belə faydalı əməkdaşlıqdan qazanan isə təhsilimizdir, böyüməkdə plan nəsildir. İndiyədək respublikamızda təxminən 3500 məktəb tikilərək istifadəyə verilib ki, onların da bir çoxunun inşası məhz Heydər Əliyev Fondunun xətti ilə təmin edilib. Və yaxud götürək Heydər Əliyev Fondunun beynəlxalq səviyyədə başlatdığı “Xocalıya ədalət!” kampaniyasını. Sonradan ayrı-ayrı dövlət qurumları da bu təşəbbüsə qoşuldular və nəticədə erməni vandallarının 1992-ci ilin fevralında Xocalıda törətdikləri dəhşətli soyqırım 10-dan çox ölkədə tanındı.

Beynəlxalq tədbirlərdə yüksək Azərbaycan standartları

Birinci xanım Mehriban Əliyevanın fəaliyyətində daxildən gələn milli təəssübkeşlik, Azərbaycana qəlbən bağlılıq aydın şəkildə özünü büruzə verir. Hiss olunur ki, onun gördüyü işlərin əsas enerji mənbəyi, motivasiyası mənsub olduğu xalqa və Vətənə sonsuz sevgidən qaynaqlanır. Mehriban xanım Əliyeva Azərbaycanın yerini uca zirvələrdə görür. Və bu, yalnız onun arzusu, istəyi deyil. Mehriban xanım Əliyeva məhz əməlləri ilə bu böyük arzunu reallaşdırmağa, hər zaman Azərbaycanın ünvanına xoş soraqlar gətirməyə, uğurlar qazandırmağa çalışır. İndiyədək Mehriban xanım Əliyeva respublikamızın ev sahibliyi etdiyi bir neçə mötəbər beynəlxalq tədbirin təşkilat komitəsinə rəhbərlik edib. Bu sırada “Eurovision-2012” mahnı müsabiqəsini, Birinci Avropa Oyunlarını, IV İslam Həmrəylik Oyunlarını qeyd edə bilərik. Azərbaycanın belə geniş əhatə dairəsinə malik beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində təcrübəsi az idi. Qısa müddətdə zəruri infrastruktur qurulmalı idi. Lakin təcrübə az olsa da, təşkilat komitələrinin rəhbəri Mehriban xanım Əliyevanın böyük ürəyi və məsuliyyəti var idi.

Hər üç mötəbər tədbirə hazırlıq işləri, necə deyərlər, gecə-gündüz fasilə verilmədən aparıldı. Həmin günlərdə paytaxtımıza qaynar bir ab-hava, coşqu hakim kəsilmişdi. Hər kəs Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən hazırlıq işlərindən qürur duyur və buna öz töhfəsini verməyə çalışırdı. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitələri mötəbər tədbirlərə hazırlıq işlərini qısa müddətdə başa çatdırdılar. Bütün layihər incə zövqlə və peşəkarlıqla icra olundu. Respublikamız reallaşdırdığı hazırlıq işləri ilə dünya üçün bir növ yeni standartlar müəyyənləşdirdi. Tədbirlərin yüksək səviyyədə başa çatması Azərbaycanın necə güclü, qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi.

Dünyanı gözəllik və xeyirxahlıq xilas edəcək

Mehriban xanım Əliyeva barəsində yazı yazanda onun humanizm dəyərlərinə yüksək önəm verməsini xüsusi vurğulamaq lazım gəlir. Deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Mehriban xanım Əliyevanın şəxsi nümunəsinə və əməllərinə istinad etməklə bu ifadəni belə dəyişə bilərik: Dünyanı gözəllik və xeyirxahlıq xilas edəcək. “Mehriban” adını daşıyan birinci xanım həyatda, başqaları ilə ünsiyyətdə də mehribandır, uşaqlara, həssas qruplardan olan insanlara münasibətdə xüsusi qayğı, nəvaziş nümayiş etdirir. Biz onun timsalında zərif və xeyirxah Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Mehriban xanım Əliyeva bayramlarda bir qayda olaraq xüsusi qruplardan olan uşaqların əhatəsində olur, onlar üçün klounların, sevilən müğənnilərin iştirakı ilə şənliklər təşkil edir, internat məktəblərinə baş çəkir, səhiyyə ocaqlarına gələrək daun sindromlu, talassemiyalı xəstələri yoluxur. Onun ana nəvazişinə həsrət qalan uşaqlar üçün tort bişirib hədiyyə etdiyi də minnədarlıq hissi ilə xatırlanır. İndiyədək Heydər Əliyev Fondunun icra etdiyi təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 40-dan çox internat və uşaq evi yenidən qurulub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə “Məzun evi” tikilərək uşaq evləri və internat məktəblərinin məzunu olan gənclərin istifadəsinə verilib.  Bütövlükdə bu binalarda 365 gənc hər cür rahatlığı olan mənzillərlə təmin olunub.

Mehriban xanım Əliyeva daim özündə xeyirxahlığı, humanizm dəyərlərini ehtiva edən təşəbbüslər irəli sürür. İndiyədək onun təşəbbüsü ilə bir neçə dəfə amnistiya aktı qəbul olunub. Əsasən əlamətdar tarixlər, milli bayramlarımız ərəfəsində qəbul olunan bu amnistiya aktlarının icrası nəticəsində 40 minə yaxın məhkum müxtəlif növ cəzalarından azad edilib. Bütün bunlarla Mehriban xanım Əliyeva cəmiyyətə humanizm mesajları ötürür, insanlara mərhəmətli olmağa, başqalarının ağrı-acısını, kədərini özününkü kimi qəbul etməyə, xoş günlərin sevincini paylaşmağa çağırış edir. Məhz bu nümunədə həyat gözəldir və yaşamağa dəyər! Azərbaycan xalqının çoxəsirlik həyat tərzi belə ənənələr əsasında formalaşıb. Ənənələrimiz yaşadılmalı və gələcək nəsillərə çatdırılmalıdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti - niyə məhz Mehriban Əliyeva

Respublikamızda  2016-cı il sentyabrın 26-da  Konstitusiya islahatları ilə bağlı keçirilən referenduma əsasən dövlət idarəçiliyində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradılıb. Çox haqlı olaraq dövlət idarəçiliyində Birinci vitse-prezidentlik institutunun formalaşdırılması Azərbaycanın müasir simasının yeni bir əlaməti, respublikamızın çatdığı inkişaf səviyyəsinin meydana çıxartdığı obyektiv zərurət kimi dəyərləndirilir. Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın dövlət idarəçiliyinin ölkəmizin inkişaf səviyyəsinə uyğun surətdə təkmilləşdirilməsinin zəruriliyinə verdiyi böyük önəmi ifadə edir. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Ötən dövrdə  Birinci vitse-prezidentin komandası formalaşıb və uğurla fəaliyyət göstərməkdədir.

Bəs yeni mərhələdə dövlət idarəçiliyi baxımından strateji  önəm daşıyan Birinci vitse-prezident vəzifəsinə nə üçün məhz Mehriban xanım Əliyeva təyinat aldı? Yenə də sualın cavabını Mehriban xanım Əliyevanın həyatının indiyəqədərki mərhələsində Azərbaycan naminə gördüyü böyük miqyaslı işlərdə axtarmaq lazımdır. Biz yuxarıda həmin işlərin bir qisminə nəzər saldıq. Çoxşaxəli məhsuldar fəaliyyəti Mehriban xanım Əliyevaya həm cəmiyyətdə, həm də ölkə rəhbərliyi səviyyəsində böyük inam formalaşdırıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərək belə deyib: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində ona göstərilən etimadı yüksək səviyyədə doğruldur.  Həssas təbəqələrdən olan insanlara qayğı yeni vəzifədə də Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Heç təsadüfi deyildir ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində də ilk müşavirəsini cəmiyyətin həssas təbəqəsinin problemlərinə - Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Birinci və İkinci Qarabağ müharibəsi qazilərinin yüksək səviyyəli protezlərlə təmin olunması təşəbbüsü ilə çıxış edib. Hazırda müvafiq proqram uğurla həyata keçirilməkdədir.

Mehriban xanım Əliyeva Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasına böyük həssaslıqla yanaşır. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu üç onilliyi əhatə edən işğal dövründə erməni vandalları tərəfindən dağıdılan, təhqirlərə məruz qalan dini abidələrin, məscidlərin bərpasını öz üzərinə götürüb. Layihənin icrası çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı ayrı-ayrı ünvanlarda bərpa işlərinin gedişi ilə şəxsən tanış olublar və özlərinin dəyərli tövsiyələrini veriblər. Layihə ilə bağlı “İnstaqram” səhifəsində paylaşım edən Mehriban Əliyeva vurğulayıb: “Əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar”.

Böyük əməyə verilən yüksək mükafatlar

Mehriban xanım Əliyevanın respublika daxilində və ölkə hüdudlarından kənarda həyata keçirdiyi çoxşaxəli fəaliyyət yüksək mükafatlara layiq görülüb. Bu mükafatlar Rusiyadan, Polşadan, Serbiyadan, Pakistandan, Küveytdən və digər ölkələrdən, eləcə də nüfuzlu beynəlxalq təşkilatlardan gəlib. Bu mükafatlar ona dəlalət edir ki, Mehriban xanım Əliyevanın fəaliyyəti, həyata keçirdiyi missiya bütün dünyada təqdir edilir və yüksək qiymətləndirilir.

Mehriban xanım Əliyeva, həmçinin doğma Azərbaycanın ali mükafatlarına layiq görülüb. O, belə mükafatlardan biri ilə Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə təltif olunub. Belə ki, Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim edib. Dövlət başçısının  29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 770 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31