Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Anons verilib...

Anons verilib...

25.02.2023 [10:14]

Antiterror əməliyyatı gündəmdə

Son vaxtlar Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əvvəllər proqnozlaşdırılmayan gəlişmələr müşahidə edilməkdədir. Azərbaycanın təmkin nümayiş etdirməsi və özünün ardıcıl siyasətinə sadiq qalması fonunda Ermənistanda isterika müşahidə edilməkdədir. Aydın şəkildə görünür ki, revanşist mövqeyindən geri çəkilməyən Nikol Paşinyan iqtidarı perspektiv seçimini Rusiya, yoxsa Qərblə bağlamaqda tərəddüdlər keçirir. Heyətində silahlı qüvvələrin təmsilçilərinin də yer aldığı  çoxtərkibli (200 nəfərdən ibarət) Avropa İttifaqı (Aİ) missiyasının iki il müddətinə Ermənistana gəlməsinin ardından ölkənin liderinin Rusiya prezidenti ilə bir növ hesabat xarakterli telefon danışığı aparması bu qənaəti möhkəmləndirir. Məğlub Ermənistanın adekvat olmayan davranışları, Cənubi Qafqazda maraqlı olan güc mərkəzləri arasında manevr etmək cəhdləri regionda yeni müharibə alovu yandıra bilərmi?

Ermənistanın prosesləri BMT müstəvisinə çıxarmaq cəhdləri

Ermənistan deyilən dövlətin siyasi çəkisinin və hərbi gücünün nə qədər yüngül olduğunu deməyə lüzum yoxdur. İkinci Qarabağ müharibəsində biz bu dövlətin mahiyyətinin nədən ibarət olduğunu gördük. O da məlumdur ki, Ermənistan heç vaxt öz gücünə, daxili imkanlarına arxalanmayıb. Çünki belə imkanlar, ümumiyyətlə, yoxdur. İndiyədək forpost dövlət Rusiyanın himayəsində olub, bu ölkədən davamlı şəkildə iqtisadi və hərbi dəstək alıb. Rusiya-Ukrayna müharibəsi fonunda şimal qonşumuzun ətrafında fərqli situasiya yaranıb. Hazırda Rusiya məlum səbəblərdən Ermənistanın istədiklərini verə bilmir və yaxud bunu istəmir. Ermənistan iqtidarı Rusiya ətrafında yaranmış vəziyyəti yeni çətirlər altına girmək üçün frsət kimi dəyərləndirir. Belə ki, iştahası böyük olsa da, öz gücünə arxalanmayan və ənənəvi sahibindən əli üzülən Ermənistan tənzimləmə prosesini beynəlxalq müstəviyə daşımağa səy göstərir. Burada heç şübhəsiz ki, Ermənistanı “kiçik bacı” gözündə görən Fransanın, şəxsən prezident Emmanuel Makronun səylərini də ayrıca qeyd etmək lazımdır. Belə görünür ki, N.Paşinyan-E.Makron cütlüyünün səyləri müəyyən cücərtilər verir. Qeyd olunduğu kimi, artıq Aİ-nin missiyası Ermənistandadır və onun maliyyə təminatı da öz həllini tapıb. Hətta beynəlxalq ictimaiyyətə mülki adı altında təqdim olunan missiyanın tərkibində Fransanın və Almaniyanın silahlı qüvvələrinin təmsilçiləri də yer alırlar.

Senarinin növbəti səhnələrində biz missiyaya əlavə səlahiyyətlər verilməsinin, onun genişləndirilməsinin və Ermənistanda qalma müddətinin artırılmasının da şahidi ola bilərik. Eyni zamanda, N.Paşinyan Azərbaycan ərazilərində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingentinin BMT missiyası ilə əvəzlənməsi iddiasını səsləndirib. Burada N.Paşinyanın  E.Makronun dili ilə danışdığı qənaətini bölüşə bilərik. Fransa prezidentinin ötən ilin dekabrında BMT TŞ-də Azərbaycan əleyhinə sənəd qəbul etdirmək təşəbbüsünü yada salaq. Həmin təşəbbüs ölkəmizin dostları tərəfindən iflasa uğradılsa da, E.Makronun bəd niyyətindən geri çəkildiyini düşünmək sadəlövhlük olardı. Aİ missiyasının Ermənistana gəlməsindən sonra vəd olunan sabitliyi görmürük. Əksinə, iki ölkə arasındakı şərti sərhədlər boyunca və Qarabağda Ermənistanın təxribatları vüsət aıb. Belə təxribatların təkrarlanacağı ehtimalları böyükdür. Bununla məkrli ssenarinin müəllifləri iki məqsəd güdürlər

1. Rusiya sülhməramlı kontingentinin sabitliyi təmin etmək iqtidarında olmadığı qənaətini formalaşdırmaq,

2. Tənzimləmə prosesinə BMT qüvvələrinin cəlb olunmasının vazkeçilməzliyini əsaslandırmaq.

Təbii ki, N.Paşinyanın və E.Makronun tənzimləmə prosesini belə çirkin ssenari üzrə davam etdirmək istəkləri nəticə verməyəcək. İstənilən halda onlar Azərbaycanın və ölkəmizin dostlarının müqaviməti və sərt cavabı ilə qarşılaşacaqlar.

Cənubi Qafqazda müharibə anonsu

Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər boyunca, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı ərazilərdə eşidilən atəş səsləri fonunda Cənubi Qafqazda maraqları toqquşan güc mərkəzlərindən ilk müharibə anonsu eşidilib. Bu günlərdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı Aİ tərəfinin təşəbbüsü ilə baş tutub. Telefon danışığı zamanı M. Qaluzin İrəvan-Bakı münasibətlərinin normallaşmasını müzakirə edərkən bildirib ki, Aİ missiyasının Ermənistanda yerləşdirilməsi qərarında Cənubi Qafqazda real sabitləşməyə töhfə verməyən geosiyasi niyyət var. Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensusun olmaması da vurğulanıb. Rusiya tərəfindən bu praktikanın danışıqlar mexanizminin işinin əslində bloklanmasına gətirib çıxaracağı diqqətə çatdırılıb. Telefon danışığında Aİ missiyasının Ermənistana gəlməsinin regionda eskalasiya riski yaratdığı da qeyd olunub.

Beləliklə, ilk dəfə  Cənubi Qafqazda müharibə anonsu edilib. Bu yerdə Rusiya-Ukrayna müharibəsinə gətirib çıxardan ssenarini xatırlamamaq mümkün deyil. Təəssüf ki, paralellər aparmaq üçün çoxlu məqamlar var.

Bu dəfə hərbi əməliyyatların miqyası daha geniş ola bilər

Son iki ildə biz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindən sonra qələbə seriyalarını şərti sərhədlər boyunca qarşı tərəfin təxribatlarına cavab verilməsində, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində gizlənən erməni hərbi birləşmələrinin tərksilah olunması zamanı davam etdirdiyinin şahidi olmuşuq. Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov KİV-ə müsahibəsində belə bir fikri bölüşüb ki, indiki mərhələdə ehtimal olunan hərbi əməliyyatlar daha genişmiqyaslı ola bilər. “Özü də hərbi əməliyyatlar başlasa, bu, təkcə Qarabağda olmayacaq. Misal üçün, sərhəddə bizə təhlükə yaradan hansısa mövqelər də nəzarət altına alına bilər. Biz başa düşməliyik ki, böhran dövründə Naxçıvanda heç bir hərbi toqquşmalar olmayıb. İndi isə vəziyyətin davamı başqa cür ola bilər. Azərbaycanın orada gücü, birbaşa Türkiyə ilə bağlantısı var və sair. Əslinə qalsa, hərbi baxımdan Ermənistan üçün ən böyük təhlükələrdən biridir”.

Eks-nazir müəyyən detallara da varıb. O deyib ki, Qarabağ mövzusuna gəldikdə, biz başa düşməliyik ki, Ağdərə-Kəlbəcər yolu bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Kəlbəcərə qışda təhlükəsiz kommunikasiyamız mütləq olmalıdır. Strateji baxımdan bizə o yol lazımdır ki, Kəlbəcərdəki müdafiə qüvvələrimizlə əlaqələrimiz olsun. Çünki hələlik Murovdağın altından çəkilən tunel hazır deyil. “Hərbi tələblər nədirsə, biz ona əsaslanmalıyıq, kim nə deyəcək, o, sonranın işidir. Onsuz da hansısa dairələr bizim xeyrimizə bir söz deyən deyillər. Heç BMT qətnamələrini yada salan yoxdur, amma bir kilsəyə mərmi dəyən kimi hay-küy salırlar. Bu baxımdan, Azərbaycan ilk mərhələdə strateji məqsədinə, hədəfinə çatacaq. Təbii, hərbçilər bu məsələləri bizdən yaxşı bilirlər. Hiss olunur ki, ermənilər həmişə olduğu kimi, yenə də təxribat yolunu seçiblər. 2020-ci il müharibəsi ərəfəsində də belə olmuşdu”, - deyə T.Zülfüqarov qeyd edib.

Azərbaycan antiterror əməliyyatına başlamaq hüququnu özündə saxlayır

Yaranmış vəziyyəti “Yeni Azərbaycan”a şərh edən hərbi ekspert Ədalət Verdiyev  baş verənlərin Azərbaycanla bilavasitə bağlı olduğunu, ancaq ölkəmizin məkrli ssenarilərdən uzaq dayandığını və antiterror əməliyyatına başlamaq hüququnu özündə saxladığını diqqətə çatdırıb. Fikirlərini əsaslandıran hərbi ekspert vurğulayıb: “Üçtərəfli Bəyanatın şərtlərinə əməl olunmaması, o cümlədən erməni silahlı birləşmələrinin indiyədək Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərindən tam çıxardılmaması, Xankəndidəki qondarma qurumun nümayəndələri tərəfindən səslənən son açıqlamalar Azərbaycan tərəfini ərazilərini erməni silahlılarından təmizlənməsi üçün adekvat və təsirli addımlar atmağa vadar edir. Bu addımlardan biri də ərazidə daha əvvəl başlanan və rəsmi olaraq başa çatması elan olunmayan qisas əməliyyatının növbəti fazasının həyata keçirilməsindən ibarət ola bilər. Bu günlərdə Aİ missiyasının Azərbaycan və Ermənistan arasında müəyyənləşdirilməmiş sərhədlər yaxınlığında yerləşdirilməsi Ermənistan silahlı qüvvələrini və Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində olan erməni hərbi birləşmələrini bir qədər cəsarətləndirib. Buna misal olaraq, bu günlərdə Naxçıvan, Tovuz  Kəlbəcər, eləcə də Şuşa və Xocavənd istiqamətində erməni silahlılarının atəşkəsi pozmasını nümunə göstərə bilərik. Belə olan halda sülhməramlı kontingentin nəzarətində olan ərazilərimizdə qisas əməliyyatının ikinci fazasını, sərhəddə isə “Qətiyyətli cavab” əməliyyatının növbəti mərhələsi həyata keçirilə bilər”.

Ədalət Verdiyev o qənəti bölüşüb ki, biz Qarabağ zonasındakı erməni silahlı birləşmələrindən ciddi bir müqavimət gözləmirik. “Azərbaycan Ordusunun Fərrux, Sarıbaba və digər yüksəkliklərin azad edilməsi, Laçının Sus və Zabux kəndlərinin düşməndən təmizlənməsi zamanı itki verməməyimiz ərazilərimizdəki erməni hərbi birləşmələrinin müqavimət potensialının yox səviyyəsində olduğunu deməyə əsas verir. Ötən ilin sentyabrında baş tutan əməliyyat Ermənistan tərəfi üçün ağır nəticələrlə müşayiət olundu. Cəmi 10 saatlıq gecə döyüşləri zamanı Ermənistan ordusu 600-dək canlı qüvvə , 11 strateji yüksəklik, 74 döyüş mövqeyini itirdi. Növbəti əməliyyat keçirilsə, nəticə bundan fərqli olmayacaq”.

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31