Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 4-dən 44-ə...

4-dən 44-ə...

04.04.2023 [10:05]

Böyük Zəfərin müjdəsi - Aprel döyüşləri

Şanlı Aprel döyüşlərindən 7 il ötür. İşğalçılıq siyasətinə görə cəzalandırılmayan Ermənistan bundan ruhlanaraq yeni ərazilər zəbt etmək niyyətinə düşmüşdü və bu məqsədlə vaxtaşırı keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Düşmən belə təxribatlardan birini 2016-cı il aprelin əvvəlində törətdi. Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatları ilə düşmən təxribatının qarşısını qətiyyətlə aldı. Bu,

1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra keçmiş təmas xətti boyunca ilk ən şiddətli döyüş sayılır. Dörd gün davam edən müharibədə Silahlı Qüvvələrimiz nəyə qadir olduğunu düşmənə göstərdi.

Ermənilərin yaratdığı “yenilməz ordu” mifi tar-mar oldu

Azərbaycan öz ərazilərinin 20 faizinin ötən əsrin doxsanıncı illərinin əvvəllərində erməni işğalçıları tərəfindən zəbt olunması faktı ilə heç vaxt barışmayıb. Buna görə də xoş mərama əsaslanaraq sülh danışıqlarında konstruktivlik nümayiş etdirən respublikamız torpaqlarını işğaldan azad etməyə qadir olan Ordu formalaşdırılmasını daim diqqət mərkəzində saxlayırdı. Qısa müddət ərzində Azərbaycan özünün iqtisadi və maliyyə potensialına əsaslanmaqla dünyanın ən güclü 50 ordusu sırasında yer alan Silahlı Qüvvələr formalaşdırmağa nail oldu. Bu Ordu düşmənə sarsıdıcı zərbələr vurmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə hazır və qadir idi. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda qətiyyətlə bildirirdi ki, Ermənistan havadarlarının köməyi ilə öz nəzarətinə götürdüyü torpaqlarımızdan sülh yolu ilə çıxmasa, biz ərazi bütövlüyümüzü digər vasitələrlə təmin edəcəyik.

Ermənistan rəhbərliyi Azərbaycanın sülh çağırışlarına və verdiyi mesajlara məhəl qoymayaraq işğalçılıq siyasətindən əl çəkmirdi. Bu ölkədən yeni ərazilərin ilhaq edilməsi ilə bağlı iddialar eşidilirdi. Düşmən cəzalandırılmalı idi və bunu Azərbaycan Ordusu ilk dəfə 2016-cı il 1-4 aprel tarixində etdi.  Aprel müharibəsi nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz kəndləri istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafındakı strateji baxımdan mühüm əhəmiyyət daşıyan ərazilərin ələ keçirilməsi ilə Ordumuz geniş coğrafiyada düşmənin atəş məntəqələrinə nəzarət etmək imkanı qazandı. Qısa müddətdə bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mühəndis-istehkam məntəqələri quruldu. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Verilən məlumatlara görə, dörd günlük müharibədə 320-dən artıq düşmən hərbçisi məhv edildi. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Eyni zamanda, düşmənin Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və bir neçə hərbi hissəsi məhv edildi. Azərbaycan Ordusu Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanını qazandı. Aprel döyüşləri nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.

Dörd günlük Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Düşmənin yaratdığı “məğlubedilməz ordu” mifi məhz bu döyüşlərdə tar-mar oldu. Aprel döyüşlərindən sonra Ermənistanın həm silahlı qüvvələri, həm də siyasi rəhbərliyi çıxılmaz durumda qalmışdı. İndiyədək Ermənistanın siyasi-hərbi rəhbərliyi daim cəmiyyətə nağıllar danışır, vədlər verir. Aprel döyüşləri o reallığı ortaya qoydu ki, genişmiqyaslı müharibə başlayacağı təqdirdə Ermənistan ordusu Azərbaycanın Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyəcək. Serj Sarkisyan iqtidarı orduya ayrılan vəsaitləri təyinatı üzrə yönəltməmişdi. Pullar mənimsənilmiş, silahlı qüvvələr isə taleyin ümidinə buraxılmışdı. Ermənistan cəmiyyəti Serj Sarkisyan iqtidarından bütün bunların hesabatını istəyirdi.

Aprel döyüşlərindən Böyük Zəfərə doğru

Aprel döyüşləri, eyni zamanda, Azərbaycanın ərazi bötövlüyünün təmin olunmasında heç bir güzəştə getməyəcəyini nümayiş etdirdi. Bütün dünya hərbçilərimizin Vətən sevgisinin, eləcə də Ordumuzun gücünün şahidi oldu. İlk dəfə idi ki, Silahlı Qüvvələrimiz nəyə qadir olduqlarını açıq döyüşlərdə nümayiş etdirirdi. Əsgər və zabitlərimizin şücaəti ən yüksək qiymətə layiq idi. Prezident

İlham Əliyevin 2016-cı il aprelin 19-da imzaladığı müvafiq sərəncamlarla Silahlı Qüvvələrimizin üç üzvü “Azərbaycanın Milli Qəhrəmanı” adına, 7 üzvü “Azərbaycan Bayrağı” ordeninə, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 19 üzvü “Vətən uğrunda” medalına, 43 üzvü “İgidliyə görə” medalına, 45 üzvü “Hərbi xidmətlərə görə” medalına layiq görülüb, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Ordumuz Aprel döyüşlərindən sonra 2020-ci ildə Vətən müharibəsində qazanılan Böyük Zəfərə doğru irəlilədi. Vətən müharibəsi başlayanadək Silahlı Qüvvələrimiz daha bir neçə dəfə öz gücünü düşmənə göstərdi. Bu sırada Cünnüt döyüşlərini, Tovuz əməliyyatını misal göstərə bilərik. Ancaq Ermənistan bu döyüşlərdə uğradığı acınacaqlı məğlubiyyətdən özü üçün lazımi nəticələr çıxartmadı. Öz havadarlarına arxalanan düşmən 2020-ci il sentyabrın 27-də keçmiş təmas xətti boyunca növbəti dəfə genişmiqyaslı təxribata əl atdı. Bu dəfə Azərbaycan Ordusunun düşmənə cavabı daha qəti və sərt oldu. Ermənistanın heç bir motivasiyası olmayan hərbi birləşmələri Ordumuzun qarşısında duruş gətirə bilmədi və cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Sonrakı mərhələdə isə onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatla üzərinə müəyyən öhdəliklər götürən məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, Aprel döyüşlərində zəfər yoluna çıxan Azərbaycan 44 günlük müharibədə özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31