Zəngəzurun xoş növrağı
06.05.2023 [10:00]
Qalib Azərbaycanın Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası və oraya Böyük Qayıdışı həyata keçirməklə bağlı geniş planları var. Müharibənin başa çatmasından sonra ötən iki il yarımda bəhs olunan ərazilərdə reallaşdırılan çoxsaylı layihələr bir daha təsdiqləyir ki, ölkəmiz qarşıya qoyduğu hədəflərə çatacaq və üç onilliyi əhatə edən işğal dövründə ağır qaçqınlıq, məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın doğma yurd yerlərinə Böyük Qayıdışını layiqli şəkildə təmin edəcək. Ermənilərin xaincəsinə xarabazarlıqlara çevirdikləri şəhər və kəndlərimiz - Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli, bir sözlə Zəngəzur xoş növrağını yaşayaraq yenidən dirçəlir. Elə bu günlərdə ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda iştirak edən Prezident İlham Əliyev regiona növbəti səfəri çərçivəsində çoxsaylı açılış və təməlqoyma mərasimlərinə qatılıb.
Şəhər və kəndlər yenidən qurulur
Azərbaycanın Böyük Qayıdış planında işğal dövründə dağıdılmış şəhər və kəndlərin bərpası mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Böyük Qayıdışın ilk ünvanı Ağalı kəndi oldu. Cari ildə - Novruz bayramı ərəfəsində isə soydaşlarımızın Talışa köçü baş tutdu. Bundan sonra köç prosesi daha da intensivləşəcək. Hazırda ayrı-ayrı ünvanlarda şəhər və kəndlərin bərpası, yeni yaşayış məhəllələrinin salınması intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib. Dövlət başçımıza məlumat verilib ki, ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Məhəllə şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur.
Laçın rayonunun Güləbir kəndi də bərpa olunan yaşayış məntəqələrinin siyahısında yer alır. Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır.
İndiyədək reallaşdırılan bir sıra zəruri infrastruktur layihələri Qubadlı rayonunda da yaşayış məntəqələrinin bərpasına imkan yaradıb. Prezident İlham Əliyevin iştirakı ilə Qubadlı şəhərində tikiləcək inzibati binanın təməlinin qoyulması mərasimi keçirilib. İnzibati bina şəhərin giriş hissəsində, Baş plana əsasən işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Binanın konsepsiyasının hazırlanması zamanı milli memarlıq elementləri, yaşıl fasad və dam həlləri, həmçinin günəş panellərinin inteqrasiyası nəzərə alınıb. Üçmərtəbəli binada avtomobillər üçün yeraltı parklanma nəzərdə tutulub. Binanın daxili planlaşdırılması müxtəlif mərtəbələrin vizual şəkildə əlaqələnməsini təmin edir. Bu yanaşma dinamik və müasir tələblərə cavab verən işgüzar mühitin formalaşmasına şərait yaradacaq.
Xanlıq, Mahruzlu, Zilanlı Qubadlı rayonunda ilkin mərhələdə təməli qoyulan kəndlər sırasında yer alır. Hər üç kəndin təməli Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Xanlıq kəndi Qubadlı rayonunun mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Yaşayış məntəqəsinin layihələndirilən ərazisi elə Xanlıq kəndinin köhnə ərazisini əhatə edir və ümumi sahəsi 273 hektardan çoxdur. Birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur.
Mahruzlu Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Gələcəkdə bu kənddə 2700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, çayxana da yaradılacaq.
Zilanlı kəndi Qubadlı rayonunun mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşir. Zilanlı Zəngilan rayonunun Ağalı kəndi ilə qonşudur. Kəndin layihələndirilən ümumi ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub.
Prezident İlham Əliyev regiona səfəri çərçivəsində Zəngilan və Cəbrayıl rayonlarında da inzibati binaların və ayrı-ayrı yaşayış məntəqələrinin təməlqoyma mərasimlərinə qatılaraq Özünün xeyir-duasını verib. Zəngilanın Cahangirbəyli kəndində birinci mərhələdə 1200 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Cəbrayıl rayonunda təməli qoyulan Xudafərin qəsəbəsi Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Cəbrayıl rayonunda salınan Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Cəbrayıl rayonunda həmçinin Horovlu kəndinin təməli qoyulub. Burada layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd və Füzuli rayonlarında səfərdə olublar. Dövlətimizin başçısı Tuğ kəndində İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub.
Sosial təyinatlı obyektlərin inşası
İşğaldan azad edilmiş ərazilərdə sosial təyinatlı obyektlərin inşası da geniş vüsət alıb ki, bu da Azərbaycanın sosial siyasətini əyani şəkildə təzahür etdirir. Qubadlı rayonunda Dövlət başçısının iştirakı ilə təməli qoyulan tam orta məktəb 600 şagird yerlikdir. Məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacaq. Təhsil ocağı və ona məxsus açıq ərazilər yaşayış sahələri ilə əhatə olunacaq. Məktəbin həyətyanı ərazisindəki idman qurğularından və oyun meydançalarından axşamlar və həftə sonları ictimaiyyət nümayəndələri də istifadə edə biləcəklər. Məktəb binası modul tipli sinif otaqlarından istifadə olunmaqla layihələndirilib.
Prezident İlham Əliyev regiona növbəti səfəri çərçivəsində həmçinin Cəbrayıl şəhərində inşa edilən akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Bildirilib ki, 960 yerlik yeni məktəb binasının inşasına 2021-ci ilin oktyabrında başlanılıb. Burada şagirdlərin təhsili, təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq. Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər 145 yaşlı orta ümumtəhsil müəssisəsinin ən müasir tələblərə cavab verən yeni binasında təhsil alacaqlar.
Dövlət başçımızın xeyir-duası ilə Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının inşasına start verilib. 4,5 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq.
Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan daha bir xəstəxana Zəngilan rayonunda inşa olunacaq. Baş plana əsasən, yeni xəstəxananın ümumi ərazisi 4,5 hektardır. 91 çarpayılıq xəstəxananın ərazisində yoluxucu xəstəliklər şöbəsi və bir sıra texniki təyinatlı binalar olacaq. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacaq.
Dayanıqlı enerji təchizatı sisteminin qurulması
İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı enerji təchizatı sisteminin qurulması da önəmli məsələlərdəndir. İndiyədək “Azərenerji” tərəfindən 11 yerdə ümumi gücü 53,6 meqavat olan Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Onlardan ümumi gücü 27 meqavat olan 5 stansiya Kəlbəcər rayonunda açılışa hazır vəziyyətə gətirilib. Prezident İlham Əliyev mayın 4-də “Azərenerji” ASC-nin Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, Araz çayının sol qolu olan Oxçuçayın üzərində yerləşən stansiyanın qoyuluş gücü 10,5 meqavatdır. Su Elektrik Stansiyasında orta illik elektrik enerjisi istehsalı 26,7 milyon kilovat-saat nəzərdə tutulur. Tikinti işləri plan üzrə davam etdirilir.
Dövlətimizin başçısına Zəngilan, Laçın və Kəlbəcər rayonlarında tikilən Su Elektrik stansiyaları barədə də məlumat verilib. Bildirilib ki, hazırda “Azə?enerji” tərəfindən Zəngilan və Laçın rayonlarında 7 yerdə ümumi gücü 70,5 meqavat olan Su Elektrik stansiyalarının tikintisi aparılır. Oxçuçayın üzərində yerləşən və Zəngilan rayonunun ərazisində yaradılan “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” Su Elektrik stansiyaları yeni tikilir və həmin stansiyaların hər birinin gücü 10,5 meqavat olmaqla, ümumilikdə 42 meqavat təşkil edəcək. Laçın rayonundakı 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” stansiyaları isə yenidən qurulur.
Həmçinin diqqətə çatdırılıb ki, hazırda Laçın və Kəlbəcər rayonlarında daha 9 yerdə ümumi gücü 76,8 meqavat olan Su Elektrik stansiyalarının tikintisinə başlanılır. Laçın rayonu ərazisində “Mirik”, “Qaraqışlaq”, “Ağbulaq”, “Zabux” və Kəlbəcərdəki “Zar” Su Elektrik stansiyaları tamamilə yenidən qurulacaq. Eyni zamanda, Kəlbəcər rayonu ərazisində “Nadirxanlı”, “Yuxarı Vəng”, “Aşağı Vəng” və işğaldan azad edilən Murov dağın aşağı istiqamətində “Toğanalı” Kiçik Su Elektrik stansiyaları yeni layihə əsasında tikiləcək.
Beləliklə, böyük Zəfərdən sonra işğaldan azad edilən ərazilərdə tikilən Su Elektrik stansiyalarının ümumi sayı 25-ə çatdırılacaq və 200 meqavata yaxın ekoloji cəhətdən təmiz, hidro yaşıl enerji istehsal etmək mümkün olacaq.
Prezident İlham Əliyevin iştirakı ilə 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışı da əlamətdar hadisədir. Qeyd edək ki, ötən il mayın 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi Layihəsi çərçivəsində təməli qoyulan 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə 330 kV-luq “Ağcabədi-Cəbrayıl” ötürmə xətti “Azərenerji” tərəfindən rekord müddətdə - bir ildə tikilib və 330 kV-luq “Ağcabədi” yarımstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulub.
Dövlətimizin başçısı “Cəbrayıl” qovşaq yarımstansiyasını işə salıb. Bildirilib ki, üçmərhələli ölkələrarası enerji layihəsini həyata keçirmək üçün “Cəbrayıl” enerji qovşağında tikilən 330 və 110 kV-luq açıq paylayıcı qurğularda əlavə ehtiyat yuvalar yaradılıb. Eyni zamanda, burada avtomatik açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və digər proseslər üçün Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.
“Araz Vadisi İqtisadi Zonası”nda görülən işlər
Bərpa-quruculuq proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli şəkildə istifadə olunması da diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev bəhs olunan ərazilərə növbəti səfəri çərçivəsində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoyub.
Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, Sənaye Parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri çərçivəsində açılışına qatıldığı və yaxud təməlini qoyduğu sosial-iqtisadi təyinatlı obyektlərin sayı o qədər çoxdur ki, bir yazı daxilində onların hamısı barədə ətraflı məlumat vermək sadəcə mümkün deyil. Ermənilər 30 ili əhatə edən işğal dövründə ərazilərimizdə barbarlıq törədiblər, şəhər və kəndlərimizi dağıdıblar. İndi bu yerlərin əsl sahibləri qayıdıblar. Reallaşdırılan layihələr Azərbaycanın gücünü və xalqımızın bu yerlərə bağlılığını ifadə edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51

