Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Co Baydeni heyrətləndirən səbəblər...

Co Baydeni heyrətləndirən səbəblər...

01.06.2023 [10:10]

Vaşinqton bəyan edir: YANINIZDA OLACAĞIQ

Möhkəm tərəfdaşlıq möhkəm tərəflər arasında yaranır

Sonuncu məktubun ən mühüm məqamları - iqtisadi yüksəlişdən enerji təhlükəsizliyinə qədər...

Azərbaycanın bütün müstəvilərdə əldə etdiyi uğurlar çoxşaxəli və düzgün istiqamətlənmiş müvafiq dövlət siyasətinə əsaslanır. İqtisadi sferada qazanılan nailiyyətlər isə birmənalı şəkildə milli maraqlara söykənən, müasir çağırışlara cavab verən, yeni dünya şərtləri ilə səsləşən siyasi xəttin bəhrəsidir. Bunun təməlində isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən enerji strategiyası dayanır.

Ümumiyyətlə, Azərbaycanın yürütdüyü enerji siyasəti son 30 ildə nəinki regionun, daha böyük coğrafiyanın mənzərəsini və enerji xəritəsini dəyişib. Bakı-Tblisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətləri kimi qlobal layihələrin ərsəyə gəlməsi, bu layihələrin daha geniş əməkdaşlıqlara meydan açması, yeni mərhələlər formalaşdırması göz önündədir - bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayır, Şimal-Cənub, Şərq - Qərb enerji tranzitinin mühüm logistik mərkəzlərindən sayılır.

Azərbaycan ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Regionda mühüm kommunikasiya-logistika mərkəzinə çevrilən Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən yaradır. Nəhayət, ölkəmizin təşəbbüsləri və liderliyi ilə enerji layihələrinin reallaşdırılması bütövlükdə, Xəzər hövzəsi regionunun, Cənubi Qafqazın geosiyasi statusunun yüksəlməsini təmin edir. Azərbaycanın həyata keçirdiyi regional miqyaslı, qlobal əhəmiyyətli layihələr Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır - Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha fəal yer almağa başlayıb. Bu istiqamətdə Avropa ölkələri, Avropa İttifaqı ilə mühüm dialoq gerçəkləşdirilib.

Ölkəmiz həm də bu enerji dialoqunun təbliğində, enerji ixracatçılarının dialoq məkanı kimi ad qazanıb. Ölkəmiz bu sahədə də görüş yerinə çevrilib - Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi buna bariz misaldır.

29 illik tarix - “Xəzər Neft və Qaz” sərgisi enerji dialoq mərkəzi kimi...

Dünyada və regionda neft-qaz sənayesinin ən mühüm təqdimat platforması sayılan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. Azərbaycanın neft strategiyasında özünəməxsus yer tutan bu sərgi 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilməyə başlayıb. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini “dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma” hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və o vaxtdan etibarən, “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya, bütün sahələr üzrə ixtisaslaşmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Bundan başqa, eyni zamanda, sərgi çərçivəsində elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edir.

Sərgi ildən-ilə daha da təkmilləşərək yeni mərhələdə dünyanın aparıcı neft-qaz tədbirinə çevrilib. Qeyd edək ki, tədbirin iştirakçıları, sərgidə təmsil olunmaq istəyən şirkətlərin sayı ildən ilə artmaqdadır. 1994-cü ildə baş tutan birinci tədbirdə dünyanın 20 ölkəsindən 180-dək şirkət yer alırdısa, 1997-ci ildə keçirilən üçüncü sərgidə 250 şirkət təmsil olunurdu. 1998-ci ildə baş tutan V Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində isə artıq 29 ölkədən 400 şirkət iştirak edirdi.  Ənənə artıq 29 ildir ki, davam edir. Bakı Enerji Həftəsi çərçivəsində bu il də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri keçirilir. Ümumiyyətlə, hər il baş tutan Xəzər neft və qaz sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair çoxlu sayda memorandumlar, eləcə də saziş və müqavilələr imzalanır. 

Sadiq tərəfdaş, strateji müttəfiq - Azərbaycan belə xarakterizə olunur...

Bütün bunlar isə yeni mərhələdə Azərbaycanın dünyanın aparıcı dövlətləri və təşkilatları tərəfindən sadiq tərəfdaş, əhəmiyyətli strateji müttəfiq kimi xarakterizə olunmasını şərtləndirir. Məsələn, Amerika Birləşmiş Ştatları kimi mühüm geosiyasi gücün Azərbaycanın yürütdüyü enerji siyasətini dəstəkləməsi, regionda yaradılmış yeni enerji xəritəsində Azərbaycanın rolunu yüksək qiymətləndirməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu kimi məqamlar isə ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublarda xüsusi olaraq vurğulanır. Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden mayın 31-də Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda Bakıda Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi bir vaxtda Prezident İlham Əliyevə və Azərbaycan xalqına ən xoş arzularını çatdırdığını vurğulayan Cozef Bayden qeyd edib ki, 30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb: “Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır”.

Bəli, Azərbaycanın ortaya qoyduğu səylər bir daha beynəlxalq səviyyədə təsdiq və təqdir olunur. Diqqət yetirsək, ötən il iyunun 1-də ABŞ Prezidentinin Xəzər Neft-Qaz Sərgisi ilə bağlı məktubunda “Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir” frazası qeyd edilirdi: “Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır”.

Beləliklə, Azərbaycanın mühüm bir coğrafiyada - Avropanın enerji təminatçılarından biri kimi çıxış etməklə bağlı qətiyyətli mövqeyi hələ ötən ildən ABŞ tərəfindən dəstəklənirdi. Mayın 20-də ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktubunda da vurğulandığı kimi, Rusiya - Ukrayna müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iki ölkə bir yerdə olub. Bunu faktlar da sübut edir - ötən ilin yayında Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalaması ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış vacib addım sayıla bilər. Bu kimi addımlar ABŞ tərəfindən də yüksək qiymətləndirilir, Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının perspektivə hesablanan yol xəritəsi kimi dəyərləndirilir.

Möhkəm tərəfdaşlıq: ABŞ Prezidenti Azərbaycanın regiondakı statusunu yüksək qiymətləndirir

Azərbaycanla ABŞ arasında möhkəm tərəfdaşlıq əlaqələrinin olması, bu tərəfdaşlığın ildən-ilə güclənməsi isə Ağ Ev rəhbərinin bütün məktublarında xüsusi xəttlə keçir. Rəsmi Vaşinqton bir daha Cənubi Qafqaz da daxil olmaqla mühüm bir bölgədə formalaşan yeni iqtisadi-siyasi münasibətlər sistemində Azərbaycanla yan-yana yerimək arzusunda olduğunu dilə gətirir. Bu isə olduqca mühüm amildir. Möhkəm tərəfdaşlıq məhz möhkəm tərəflər arasında qurulur - bu, Azərbaycanın ABŞ tərəfindən regionun əsas güc mərkəzi kimi qəbul edilməsinin təsdiqidir. Təbii ki, bu da səbəbsiz deyil. Uzun illərdir ik, çoxşaxəli əlaqələrə söykənən Azərbaycan-ABŞ münasibətlərində istər təhlükəsizlik seqmenti, istərsə də inklüziv əməkdaşlıq seqmenti mühüm şərtlər kimi çıxış edir. Prezident Baydenin məktubunda vurğuşandığı kimi iqtisadi əlaqələrin inkişafına qədər ABŞ ilə Azərbaycan arasında bir sıra sahələrdə mühüm tərəfdaşlıq nümayiş olunub - iki dövlət beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində yaxın əməkdaşlıq əlaqələrinə malikdirlər. Azərbaycan bu ölkənin terrora qarşı apardığı mübarizədə yaxından iştirak edir. Bu səbəbdən, Azərbaycan ABŞ üçün çox vacib regional tərəfdaş hesab edilir və tərəfdaşlığın tarixi bağlara əsaslandığı bildirilir.  Qarşılıqlı etimad və maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfə verir. Dünyada gedən bir sıra siyasi proseslər, müxtəlif ölkələr daxilində yaranan gərginlik, beynəlxalq cinayətkar qruplaşmaların, terrorçu təşkilatların fəaliyyətini genişləndirməsi hər iki dövlətin təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığının əhəmiyyətini dəfələrlə artırıb.

Azərbaycan yeni dövrün enerji çağırışlarına cavab verir...

Prezident Baydenin bu dəfəki məktubunda vurğulanır ki, Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir - buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir: “Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir”.

Ölkəmizin enerji ixracatçısı qismində rolunun daha da effektiv hal alması genişlənən tərəfdaşlıq münasibətlərində enerji dialoqunun prioritetliyini daha da aktuallaşdırıb. Avropada artan geosiyasi gərginliklər səbəbindən “köhnə qitə”nin qarşılaşdığı enerji təhlükəsi ötən dövr ərzində bəlli səviyyəyə gəlib çatıb. Avropa İttifaqına üzv dövlətlər isə qaz təchizatındakı kəsirləri yeni mənbələr hesabına aradan qaldırmağa çalışırlar. Azərbaycan bu ehtiyacın qarşılanması üçün geniş imkanlara sahibdir. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt da 1996-cı il iyulun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanmışdı. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Ölkəmiz Xəzər sahillərindən Avropanının mərkəzi hissəsinədək uzanan müasir nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır.

Hər zaman müasir çağırışları nəzərə alan Azərbaycan bu gün yaşıl enerji ixracatını özünün ən mühüm priorietlərindən birinə çevirib. Respublikamız dünyanın bir sıra dövlətləri üçün həm də yeni enerji mənbəyi kimi maraq kəsb edir. Yaşıl enerji həm də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi sayılır və tərəflərin strateji baxışlarını ifadə edir. Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və ?ünəş enerjisinin potensialı 27 qiqavatdır. Vətən müharibəsi zamanı işğaldan azad etdiyimiz torpaqlarda yaşıl enerji potensialı 10 qiqavata yaxındır. Ölkəmizdə bərpaolunan mənbələrdən enerji istehsalı üzrə layihələrin icrasına isə artıq start verilib. Əlamətdar haldır ki, xarici investorlar bu sahədə ilk böyük layihələrə sərmayələr yönəldirlər. Azərbaycanda istehsal olunacaq yaşıl enerji Avropaya Qara dənizin dibi ilə çəkiləcək marşrutla ötürüləcək. Yaşıl enerji dəhlizinin yaradılması isə Azərbaycanla Aİ arasında əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.

Cənubi Qafqazda dayanıqlı sülh naminə...

Cozef Bayden son məktubunda onu da bildirib ki, “bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaqdır. Bununla yanaşı, biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik”.

Vurğulandığı kimi, Azərbaycan hər zaman qanunun aliliyi prinsipinə hörmətlə yanaşıb və bu prinsipə sadiqlik nümayiş etdirib. ABŞ-ın Azərbaycana yaxın tərəfdaş qismində yaxınlaşmasının ən əsas amillərindən biri Azərbaycanın hətta ən ağır günlərində belə beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara əsaslanmasıdır. 30 ilə yaxın işğala məruz qalan ölkə olmasına baxmayaraq, Azərbaycan hər zaman sülhü və ədaləti dəstəkləyib, beynəlxalq hüququn kodekslərindən kənara çıxmayıb. Hətta 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan dövləti, Azərbaycan Prezidenti bütün addımlarında beynəlxalq hüququ əsas tutaraq özünün ərazi bütövlüyünü təmin etdi. Bu amil isə mövqeyimizin bütün dünya ölkələri tərəfindən dəstəklənməsində əsaslı rol oynadı.

İndiki halda, Ağ Ev həm də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesi diqqət mərkəzində saxlayır. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda, vasitəçilik cəhdləri də təsdiqləyir. Ötən ayın əvvəlində Vaşinqtonda Ermənistan ilə Azərbaycan arasında baş tutan danışıqlar prosesinin müsbət impulsda yekunlaşması, ardından isə Brüssel prosesinin mühüm nəticələrə yol aça biləcək məqamlarla yadda qalması çox şeydən xəbər verir. ABŞ tərəflər arasında birbaşa dialoq təşəbbüsü irəli sürür və danışıqların bu istiqamətdə inkişafını arzulayır.

Beləliklə, ABŞ Prezidentinin növbəti məktubu da Azərbaycan ilə rəsmi Vaşinqton arasındakı münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyinin, dialoqun çoxşaxəli və dostluq münasibətləri çərçivəsində formalaşdığının, əməkdaşlıqların milli maraqlar müstəvisində davam etdirildiyinin növbəti təsdiqinə çevrildi...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 286 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Xəbər lenti

XİN Makrona cavab verib

25 Sentyabr 13:17

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30