Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qarabağa Böyük Qayıdış...

Qarabağa Böyük Qayıdış...

08.06.2023 [10:00]

İşğaldan azad olunmuş ərazilərə qayıdan soydaşlarımızın əvvəllər yaşadıqları mənzillər kimlərə veriləcək?

Mübariz FEYİZLİ

Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim Azərbaycan dövlətinin gündəliyində dayanan mühüm məsələlər sırasında yer alıb. Bu, ölkəmizin sosial dövlət fəlsəfəsi ilə bağlıdır. Respublikamızda ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Bütövlükdə, müvafiq kateqoriyadan olan 1 milyondan artıq soydaşımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının iki mərhələsini fərqləndirə bilərik - 2020-ci ildə baş verən 44 günlük müharibəyə qədərki və tarixi Zəfərimizlə başa çatan müharibədən sonrakı mərhələlər. Hər iki mərhələdə qeyd olunan istiqamətdə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti çətin məqamlarda mütləq öz vətəndaşlarının yanında olur və onlara öz dəstəyini göstərir

Çadır şəhərciklərinin ləğvi

Ölkəmizin ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın işğalçılıq siyasətinə məruz qalmasının ən ağır nəticələrindən biri də 1 milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmələri olmuşdu. Ev-eşiklərini itirən soydaşlarımız müstəqilliyimizin ilk illərində çadırlarda, yük vaqonlarında, yarımçıq tikililərdə, başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdılar. Respublikamızda qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitinin yüngülləşdirilməsi, o cümlədən də onların mənzil-məişət şəraitinin yaxşılaşdırlıması siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub. 1998-ci ildə Prezident Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Növbəti ildə isə Ulu Öndərin Fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Beləliklə, görülən tədbirlər bu kateqoriyadan olan insanların həm məşğulluq problemlərinin həllində, həm də həyat şəraitlərinin yüksəlməsində əhəmiyyətli rol oynadı.

Ulu Öndərin əsasını qoyduğu bu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirildi. Dövlətimizin başçısı ağır şəraitdə yaşayan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ən vacib məsələ olduğunu bildirirdi: “Ölkə qarşısında duran ən vacib məsələ hansıdır?! Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, ən vacib məsələ köçkünləri normal evlərlə, mənzillərlə təmin etməkdir”.

Vətən müharibəsindən əvvəlki mərhələdə qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədlə Prezident İlham Əliyev tərəfindən bir sıra Fərman və sərəncamlar imzalanıb, müxtəlif qanunlar təsdiqlənib və yeni təşəbbüslər irəli sürülüb. O cümlədən dövlət başçısının 2004-cü il1iyul tarixində imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Dövlət başçısının 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib. Bundan başqa, dövlət başçısı 21 fevral 2011-ci il tarixində “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” daha bir Sərəncam imzalayıb.

Haqqında bəhs olunan Dövlət Proqramı və ona edilən Əlavələr qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib. Məlumat üçün bildirək ki, ümumilikdə, Dövlət Proqramında 22921 ailənin-110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin açılması nəzərdə tutulurdu.

Çadır şəhərciklərinin ləğv edilməsi müvafiq kateqoriyadan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çox mühüm addım oldu. 2003-cü ildə keçirilən prezident seçkilərinə qatılan cənab İlham Əliyev dövlət başçısı seçiləcəyi təqdirdə ölkə ərazisindəki bütün çadır şəhərciklərinin yaxın 5 ildə ləğvinə nail olacağını bəyan etdi. İlham

Əliyev praqmatik siyasətçidir, O, verdiyi vədləri həmişə yüksək səviyyədə həyata keçirir. Xalqımız seçkilərdə Ulu Öndərin ən layiqli siyasi varisi İlham Əliyevə səs verərək Onu dövlət başçısı seçdi. Prezident İlham Əliyev isə verdiyi vədə əməl edərək cəmi 4 il ərzində bütün çadır şəhərciklərinin ləğvinə nail oldu.  Belə ki, Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsindən Biləsuvar rayonu ərazisindəki 5-i 2003-cü ildə, Bərdə və Ağcabədi rayonlarındakı 4-ü 2006-cı ildə və Saatlı, Sabirabad rayonları ərazisindəki 3-ü isə 2007-ci ildə ləğv edildi .

Ölkəmizdə 2007-ci ildə12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesi sonrakı illərdə daha geniş vüsət alıb. Bütövlükdə, 44 günlük müharibədən əvvəlki dövrdə Bakının ayrı-ayrı qəsəbələrində, Sumqayıtda, ölkənin digər bölgələrində inşa olunan müasir evlər, salınan qəsəbələr hesabına  58 min 203 ailənin və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.

Birinci vitse-prezidentin diqqət və qayğısı

Müharibədən əvvəlki mərhələdə qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da daim diqqət mərkəzində olub. Mehriban xanım Əliyevanın yeni vəzifəsində ilk müşavirəsini 2017-ci il 9 mart tarixində Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bunun əyani təsdiqidir. Fəaliyyətində humanizm prinsiplərini əsas tutan Mehriban Əliyeva görülən işlərə baxmayaraq, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox sayda məcburi köçkün ailəsinin yaşamasından narahatlıq hissi keçirirdi. Buna görə də Birinci vitse-prezident sözügedən müşavirədəki çıxışında hələ də çətin şəraitdə yaşayan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün əlavə və təxirəsalınmaz addımların atılmasının zəruriliyini diqqətə çatdırıb. O deyib: “Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır”.

Qeyd olunan müşavirədən sonra Bakı və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkün soydaşlarımızın rahat mənzillərə köçürülməsi istiqamətində genişmiqyaslı iş yüksək intensivliklə reallaşdırıldı. Ümumiyyətlə, Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra ilk mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. Birinci vitse-prezidentin diqqət və qayğısı sayəsində “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində “Qobu Park-1”, “Qobu Park-2”, “Qobu Park-3” və digər layihələr uğurla reallaşıb. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri də yaradılıb.

Beş milli prioritetdən biri

Vətən müharibəsi böyük Zəfərlə başa çatdıqdan sonra qalib Azərbaycanın həyatında yeni bir səhifə açılıb. Belə ki, ölkəmiz üçün müsbət reallıqlarla səciyyələnən indiki mərhələdə  hədəflərimiz dəyişib. Hazırda 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib.  Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. Müharibə başa çatandan sonra Qarabağın bərpasına dövlət büdcəsindən 6,4 milyard manat vəsait ayrılıb. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən, ümumilikdə, 4311,0 milyon manat vəsait yönəldilib. 2023-cü ilin ilin dövlət büdcəsində isə işğaldan azad olunan ərazilərdə abadlıq və bərpa işlərinin davam etdirilməsi üçün 3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur quruculuğu ilə paralel şəkildə, şəhər və kəndlərin bərpası da həyata keçirilir. Ötən il Böyük Qayıdışın ilk müjdəsi verildi - Zəngilan rayonunda yeni yanaşmalar əsasında bərpa olunan Ağalı kəndinə sakinlər köçürüldü. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Kəndin sakinləri doğma yurdlarına qayıtdıqları üçün özlərini xoşbəxt hiss edirlər.

İşğaldan azad edilmiş digər ərazilərdə də yaşayış məntəqələrinin bərpası geniş vüsət alıb. Son 7-8 ay ərzində Laçın şəhərinin böyük hissəsi tamamilə yenidən qurulub. Bütövlükdə bəhs olunan dövrdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. İlk 20 ailə artıq Laçında yerləşib. İyun ayının sonuna qədər bura yeni ailələr köç edəcəklər. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq.

Qaçqın və məcburi köçkünlər sığınacaq tapmışdılar, bundan sonra haqqı çatanlar yaşayacaqlar

Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa start verilməsi fonunda bir sual tez-tez səslənir: Bəs zamanında qaçqın və məcburi köçkünlər üçün dövlət vəsaiti ilə tikilən mənzillərin taleyi necə olacaq, həmin mənzillər kimlərə veriləcək? Sualın cavabı olaraq bildirək ki, bu məsələ həm könüllülük prinsipi, həm də qanunvericilik əsasınada həllini tapır. İndiyədək Ağalı, Talış kəndlərinə, Laçın şəhərinə ilk köç edən soydaşlarımız son 30 il ərzində sakini olduqları yaşayış yerlərini könüllü olaraq müvafiq qurumlara təhvil veriblər. Onlar bildirirlər ki, həyatlarının ən ağır illərində bu mənzillərə sığınıblar. İndi onlar üçün yeni bir dönəm başlayır. Dədə-baba torpaqlarına qayıdan qaçqın və məcburi köçkün soydaşlarımız dövlət tərəfindən onlara verilən mənzilləri tərk etmələrindən əsla təəssüflənmirlər, əksinə bu mənzillərin gələcək sakinlərinə səmimi qəlbdən xoşbəxtlik diləklərini ifadə edirlər.

Digər tərəfdən, məsələ qanunvericiliklə tənzimlənir. Müharibədən əvvəlki mərhələdə yeni yaşayış yerləri ilə təmin olunan məcburi köçkünlərlə bağlanan müqavilələrdə bu mənzillərin dövlətin (Qaçın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin) balansında olduğu, onlara müvəqqəti yaşayış üçün verildiyi qeyd olunub. Müqavilənin bir bəndində isə bildirilirdi ki, bu mənzilləri satmaq, bağışlamaq, konstruksiyasında hər hansı dəyişikliklər etmək yolverilməzdir. Bu qeydlər ondan xəbər verirdi ki, həm dövlət, həm də məcburi köçkünlər bu məskunlaşmanın, bu evlərdə yaşayışın müvəqqəti olduğuna əmin idilər.

Bəhs olunan mənzillərin gələcək təyinatına gəldikdə isə, bu məsələ Prezident İlham Əliyevin şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında imzaladığı müvafiq Fərmanla  tənzimlənir. Sənədə əsasən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən, dövlət mənzil fonduna aid çoxmənzilli binalarda yerləşən mənzillərin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən özəlləşdirilməsi həmin mənzillərin satışı yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzillərin satışını təşkil etməlidir və mənzillərin satışından əldə olunan vəsait hesabına yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər görməlidir:

- “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulmuş şəxslər;

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulmuş şəxslər;

-2020-ci və 2021-ci illər ərzində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər.

Yerli icra hakimiyyəti orqanlarına bu Fərmanda göstərilən şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri tapşırılıb.

Paylaş:
Baxılıb: 339 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Xəbər lenti

XİN Makrona cavab verib

25 Sentyabr 13:17

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30