Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 53 ölkə təqdir edir...

53 ölkə təqdir edir...

05.08.2023 [10:10]

Azərbaycanın yürütdüyü siyasət beynəlxalq hüquqa əsaslanır

Yeni dünya nizamının formalaşdığı hazırki zamanda dövlətlər üçün ən mühüm göstərici regional sabitliyə, inkişafa və əməkdaşlığa verdiyi töhfələr sayılır. Bu mənada, qlobal dünyanın diqqət mərkəzində olan regionlardan biri də məhz Cənubi Qafqazdır. Azərbaycan isə bu qlobal prosesdə mühüm siyasəti ilə seçilir. Ölkəmiz beynəlxalq əməkdaşlıq platformalarında uğurla təmsil olunur, strateji tərəfdaş kimi qəbul edilir, beynəlxalq hüquq müstəvisində demokratik inkişaf yoluna sadiqlik nümayiş etdirir, yaxın qonşuluq və səmimi tərəfdaşlıq siyasəti yürüdür.

Beynəlxalq təşkilatlar Azərbaycana etimad edir

Bundan başqa Azərbaycanın dünya birliyi tərəfindən yaxın və etibarlı tərəfdaş kimi qəbul olunmasının ən mühüm şərtləri arasında regional və qlobal təhlükəsizliyin təmini üçün bütün gücünü səfərbər etməsi kimi mühüm faktorlar da yer alır. Azərbaycan bu uğurlu siyasəti nəticəsində qısa zaman kəsiyində olduqca mühüm nailiyyətlər əldə edib:

- Ölkəmiz Qərb dünyası ilə yüksək əməkdaşlıq əlaqələrinə malikdir - Aİ və digər qərbyönümlü platformalar müstəvisində milli maraqlar çərçivəsində mühüm münasibətlər formalaşdırıb;

- Paralel olaraq Şərq ölkələri ilə yaxın dostluq münasibətlərinə malikdir - Azərbaycan Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı kimi müsəlman dövlətləri birliyinin ən yaxın müttəfiqi sayılır.

Beləliklə, Azərbaycan əməkdaşlıq, tərəfdaşlıq və təhlükəsizlik seqmenti üzrə ən yüksək göstəricilərə malikdir. Azərbaycanın neçə illərdir uğurla Qoşulmama Hərəkatına liderlik etməsi, qlobal çağırışlara uğurla cavab verməsi, ən mühüm anlarda beynəlxalq aləm üçün vacib olan qərarların verilməsində mühüm rol oynaması faktlarla sübut olunub. Bu kimi faktlar isə Azərbaycanın qlobal miqyasda imicinin yüksəldiyini, ölkəmizin təhlükəsiz məkan kimi səciyyələndirildiyini göstərir. Azərbaycan Prezidentinin apardığı uğurlu və çoxvektorlu xarici siyasət kursu bu amilin reallaşmasında ən mühüm şərt kimi çıxış etməkdədir. Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət əməkdaşlığa, qarşılıqlı milli maraqların qorunmasına, yüksək səviyyəli tərəfdaşlığa əsaslandığı üçün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana etimad göstərir. Bir sözlə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasi kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Bu mənada Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasındakı münasibətlər xüsusi olaraq səciyyələndirilir.  

İƏT bəyan edir ...

Azərbaycan İƏT çərçivəsində fəal siyasət həyata keçirir - ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı və quruma daxil olan ölkələrlə yüksək əlaqələrə malikdir. Ümumiyyətlə, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasındakı münasibətlər xarici siyasət kursumuzun prioritet istiqamətlərindən sayılır. Uzun illərdir ki, təşkilat Azərbaycanın ərazi bütövlüyünə tam dəstək nümayiş etdirir. 44 günlük Vətən müharibəsi dövründə, eləcə də postmüharibə dövründə İƏT Azərbaycanın haqq işini daima dəstəkləyib. Hətta ötən ilin martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində İƏT Xarici İşlər Nazirləri Şurasının “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyası çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən 4 qətnamə qəbul edilib.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesinə hər zaman müsbət yanaşma sərgiləyən İƏT baş verən son prosesləri də diqqətdə saxlayır. Qeyd edək ki, qurumun yaydığı son bəyanatda da İslam Əməkdaşlıq Təşkilatının Baş katibliyinin Azərbaycanın təhlükəsizlik təhdidlərinə cavab olaraq və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq öz ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması barədə qanuni qərarının tanındığı və Qarabağın erməni sakinlərinin Laçın yolundan tibbi məqsədlə istifadəsinə Azərbaycanın şərait yaratmasını, daha iri yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin müsbət qarşılandığı vurğulanır. “Bu kimi təşəbbüslər erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına imkan yaradacaq. Baş katiblik Ermənistanın istənilən təxribatçı hərəkətlərdən çəkinməyə və Ağdam-Xankəndi yolundan, eləcə də Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün təklif olunan marşrutlardan istifadə təklifini dəstəkləməyə çağırır”, - İƏT-in bəyanatında deyilir.

İƏT Baş katibliyi sülh yolunda irəliləməyin və regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün lazımi tədbirlərin görülməsinin zəruriliyini vurğulayır.

Azərbaycanın dostları...

Nəticə etibarı ilə, bu bəyanat Azərbaycanın əməkdaşlığa əsaslanan xarici siyasət kursunun növbəti təntənəsidir. Dünya ictimaiyyətinin, eləcə də, İslam ölkələrinin Azərbaycanın ədalətli mübarizəsinə göstərdiyi diqqət dünyada davamlı sülhün bərpasına dəstək, terrorun və təcavüzün aradan qaldırılması yönündə səy kimi dəyərləndirilməlidir. Bu kimi səylər isə erməni vəhşiliyinin dünyanın başqa regionlarında başqa adla təzahür etməsinin və presedentə çevrilməsinin qarşısını uğurla alınmasına kömək göstərir. Bir məqama diqqət yetirək - 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılan İƏT 60-a yaxın dövləti özündə birləşdirir. Bundan başqa, bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər. İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. 1975-ci ildən BMT yanında müşahidəçi statusu alıb. Beləliklə, İƏT-in Azərbaycana dəstək bəyanatı birbaşa 60 dövlətin, dolayısı ilə isə BMT üzvü olan bir çox ölkələrin, İƏT-də müşahidəçi qismdə təmsil olunan dövlətlərin Azərbaycana dəstəyini özündə ifadə edir. Eyni zamanda, bu kimi bəyanatların yayılması, ciddi beynəlxalq təsisatların Azərbaycanın haqlı mübarizəsində onun yanında yer alması dövlətimizin dünyadakı dostlarının sayının günü-gündən artdığını göstərir. Bu amil xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycanın son illərdə dünyanın yeni enerji xəritəsinin qurulmasında, iqtisadi münasibətlərin tənzimlənməsində rolu, eləcə də terrora və kalonizm siyasətinə etirazı, qlobal problemlərin həllindəki təşəbbüsləri bütün dünya tərəfindən təqdir olunur. Ölkəmizlə dostluq münasibəti qrumaq istəyən ölkələrin sırası genişlənir - bu isə bizə beynəlxalq mühitdə mühüm üstünlüklər yaradır. Məsələn, Fransanın ölkəmizə qarşı Frankafoniya, eləcə də BMT TŞ müstəvisində apardığı açıq qərəzin qarşısı məhz dostlarımızın səyi ilə aradan qaldırıldı. Azərbaycan bu gün apardığı açıq və şəffaf, milli maraqlara və qarşılıqlı mənafeyə söykənən siyasəti ilə bütün dünyada şöhrət qazanıb. Bu, İslam dünyasının Azərbaycana ifadə etdiyi dəstəyində də öz əksini tapmaqdadır. Həmin dəstək isə ölkəmizin regiondakı aktiv siyasi rolunu daha da artır, stabilləşdirici faktor olmasını daha da qətiləşdirir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31