Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan tərəfdaşlığa böyük önəm verir

Azərbaycan tərəfdaşlığa böyük önəm verir

23.02.2024 [10:00]

Rəsmi Bakı qlobal çağırışların həllində fəal iştirakçıdır

Hər cəhətdən nümunəvi inkişaf modelinə malik olan Azərbaycan özünün ardıcıl və məqsədyönlü siyasətində yaranan yeni qlobal çağırışları nəzərə alır. Ölkəmiz davamlı səylərlə meydana çıxan qlobal təhdidlərə qarşı güclü beynəlxalq həmrəyliyin formalaşmasına və dövlətlərin, beynəlxalq qurumların fəaliyyətlərinin uzlaşdırılmasına nail olmaq istəyir. Necə ki, yeni növ koronavirus pandemiyası dövründə Azərbaycan öz nümunəvi davranışı ilə qlobal mübarizəni formalaşdırmışdı.  Hazırda dünya, həmçinin qlobal iqlim böhranı, enerji təhlükəsizliyi, ətraf mühit çağırışları ilə üz-üzədir. Azərbaycan həm milli səviyyədə reallaşdırdığı tədbirlərlə, həm də ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirməklə qeyd olunan məsələlərdə də beynəlxalq birliyə dəstək verməyə, müxtəlif layihələrə qoşulmağa hazır olan ölkədir. Prezident İlham Əliyev bu günlərdə  XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə ölkəmizin mövqeyini  bir daha diqqətə çatdırıb. Müraciətdə dövlətimizin başçısı əminliyini ifadə edərək bildirib ki, bu iclas Avrasiya regionunun davamlı inkişafı naminə qarşılıqlı faydalı tərəfdaşlığın genişlənməsinə töhfə verəcək.

Planetimizi təhdid edən əsas problemlərdən biri - iqlim dəyişmələri

Xoş ənənəyə çevrilmiş Avrasiya İqtisadi Zirvə Toplantısı dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplandığı, regionumuzda və qlobal miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirə edildiyi mötəbər platformadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, sürətlə transformasiyaya məruz qalan müasir dünyada ənənəvi təhdidlərlə yanaşı, bəşəriyyəti narahat edən yeni çağırışların və təhlükələrin meydana gəlməsi regional və qlobal problemlərin həlli istiqamətində yeni yanaşmaların formalaşdırılmasını labüd edir. “Bu baxımdan Zirvə Toplantısının hər il olduğu kimi builki gündəliyi, o cümlədən iqlim böhranı, ətraf mühit və enerji məsələlərinə həsr olunmuş sessiyası xüsusi aktuallıq kəsb edir”, - deyə müraciətdə vurğulanır.

Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. İqlim dəyişmələrinin təsirləri həyatın bütün sahələrində özünü büruzə verir. Açıq statistikaya əsasən planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Çox doğru olaraq bu tendensiya qlobal miqyasda sənaye inkişafının genişlənməsi ilə əlaqələndirilir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq. Antropogen fəaliyyət zamanı atmosferə atılan hissəciklər və qazlar nəinki iqlim sferasında qlobal dəyişikliklərlə nəticələnir, həm də insan sağlamlığına birbaşa mənfi təsir göstərir. BMT-nin məlumatına görə, dünyanın 99 faizi havanın çirklənməsindən təsirlənir. Bu da ildə 6,5 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. 

Çərçivə Konvensiyasının mahiyyəti

Qlobal istiləşmənin və güclü sənaye inkişafının yaratdığı ekoloji fəlakətlərin qarşısını almaq üçün BMT səviyyəsində həyəcan təbili çalınır. İndiyədək qurum dünya ölkələrinin səylərini əlaqələndirmək məqsədilə bir sıra sənədlər, o cümlədən də İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qəbul edib. Həmçinin Konvensiyanın Kioto Protokolu təsdiqlənib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün Doha əlavəsi qəbul olunub. Eyni zamanda, 22 aprel 2016-cı il tarixində Paris razılaşması imzalanıb. Razılaşmanın məqsədi (2-ci maddəyə görə) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının “tətbiqini artırmaq”, xüsusən qlobal orta temperatur artımını 2 °C-dən “çox aşağıda” saxlamaq və məhdudlaşdırmaq üçün “səy göstərmək”dən ibarətdir. Razılığa gələn tərəflər SO2 emissiyalarının zirvəsinə “ən qısa müddətdə” çatmalı olduqlarını elan ediblər.

Ölkəmizin milli səviyyədə nümayiş etdirdiyi məsuliyyət

Bəhs etdiyimiz qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. Bu mənada, məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Respublikamız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu  2000-ci ildə təsdiqləyib. Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən  ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Paris Sazişi  isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir.  Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Bütün neft-qaz əməliyyatlarında 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, 2022-ci il baza dövrü ilə müqayisədə 2030-cu ilə qədər “Upstream” seqmentində emissiya intensivliyinin 30 faiz, 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 faiz azaldılması, 2035-ci ilə qədər “Sıfır metan” hədəfinə yaxınlaşılması və 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatılması SOCAR-ın əsas məqsədlərindən biridir. Bütün bu kimi faktlar Azərbaycanın iqlim dəyişiklikləri və dekarbonizasiya məsələləri ilə bağlı ardıcıllıqla həyata keçirdiyi siyasətin əhatə dairəsinin kifayət qədər geniş olduğunu təsdiqləyir. Ölkəmizin məsuliyyətli yanaşmasına bir daha diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcəkdir”.

Azərbaycan cari ildə  COP29 tədbirinə ev sahibliyi etməklə qlobal həmrəyliyə növbəti böyük töhfəsini vermiş olacaq. Artıq beynəlxalq səviyyəli tədbirə hazırlıq işlərinə start verilib. Bununla bağlı ölkə Prezidentinin Sədrliyi ilə ayrıca müşavirə keçirilib və müvafiq qurumlara zəruri tapşırıqlar verilib.

Azərbaycan fəal əməkdaşlıq qurur

Azərbaycanın yerləşdiyi coğrafiyada və bütövlükdə, beynəlxalq miqyasda önəmini artıran çoxsaylı amillər sadalamaq mümkündür. Məktubda da vurğulandığı kimi, Azərbaycan Avrasiya regionunda dinamik inkişafı ilə səciyyələnən tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük önəm verir. “Azərbaycan inkişaf etmiş nəqliyyat-logistika infrastrukturuna malik etibarlı tranzit ölkə olaraq Avrasiyada regional əməkdaşlığın irəlilədilməsi, iqtisadi tərəqqinin təşviq edilməsi, qarşılıqlı bağlılığın gücləndirilməsi baxımından vacib rol oynayır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Qeyd edək ki, qısa müstəqillik tarixində Azərbaycan tərəfdaşlarla qurduğu fəal əməkdaşlıq şəraitində çoxsaylı enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına nail olub. Bu sırada ölkəmizin moderatorluğu ilə yaradılan Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi zəruri və müasir infrastruktur obyektlərini sadalamaq mümkündür. Hazırkı geosiyasi gərginliklər fonunda bu infrastruktur qurğuları bütün Avrasiya məkanının enerji təhlükəsizliyinin təmin olunması, nəqliyyat-tranzit məsələlərinin optimal həlli baxımından müstəsna önəm daşıyır. Zamanında qeyd olunan nəqliyyat və enerji infrastrukturunun yaradılması Azərbaycan Prezidentinin uzaqgörənliyini və strateji baxışlarını əks etdirir.

Türkiyənin əhəmiyyətli rolu...

Bəli, Azərbaycan regional və qlobal əhəmiyyət daşıyan layihələri tərəfdaşları ilə birlikdə reallaşdırıb. Bu sırada qardaş Türkiyənin adı əlbəttə ki, ön sırada gəlir. Türkiyənin roluna diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Bu xüsusda ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətini vurğulamaq lazımdır. Qardaş Türkiyə ilə çoxşaxəli birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, regional əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə mühüm töhfə verir. Əminəm ki, xalqlarımızın qardaşlığı və birliyindən, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir”.

Eyni zamanda, Avrasiya İqtisadi Zirvə Toplantısının xüsusi sessiyasının Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr edilməsinin rəmzi mənası vardır. Məktubda da bildirldiyi kimi, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin əsasının qoyulmasına böyük töhfə vermiş mərhum Süleyman Dəmirəl Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin formalaşmasında, qardaşlığımızın möhkəmləndirilməsində mühüm rolu olan görkəmli dövlət xadimi olub. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31