Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hərbi / Əməkdaşlıq üçün mükəmməl platforma

Əməkdaşlıq üçün mükəmməl platforma

26.09.2024 [12:32]

“ADEX-2024” yubiley sərgisində dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edir

Son illərdə özünün müdafiə sənayesini inkişaf etdirməyi dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirən Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də böyük önəm verir. Bu baxımdan respublikamızda müntəzəm olaraq ixtisaslaşdırılmış sərgilərin keçirilməsi diqqətəlayiq haldır. Dünyanın qabaqcıl şirkətlərinin qatıldıqları belə sərgilərdə səmərəli təcrübə mübadiləsi aparılır, yeniliklər təqdim olunur, həmçinin alqı-satqı müqavilələri, niyyət protokolları imzalanır. Bu günlərdə Bakı Ekspo Mərkəzində “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılışı baş tutub. Prezident İlham Əliyev sərgi iştirakçılarına məktub ünvanlayıb və tədbirin keçirildiyi məkana gələrək sərgi ilə tanış olub. Dövlətimizin başçısı məktubunda vurğulayıb ki, bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkətidir.

Dünyada Azərbaycana artan inam

Bəhs olunan sərgi öz miqyasına görə kifayət qədər sanballı tədbirdir  və ona beynəlxalq səviyyədə böyük maraq var. Bunu iştirakçıların sayından da görmək mümkündür. Bu il yubiley sərgisində daha çox - dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edir.

Ölkəmizdə belə bir beynəlxalq səviyyəli sərginin baş tutması dünya birliyinin Azərbaycana olan dərin inamının ifadəsidir. İndiki dönəmdə hansısa bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun müsbət  beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Milli maraqlar üzərində qurulan müstəqil xarici siyasət kursu həyata keçirən, qlobal çağırışlara həssas yanaşmalar sərgiləyən, beynəlxalq əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verən Azərbaycan bütün dünyada ləyaqətli dövlət kimi tanınır və hörmət bəslənilir.

Eyni zamanda, dünya birliyinin inamı Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən qaynaqlanır. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirləri keçirilib. Uğurla baş tutan beynəlxalq idman yarışlarını, müxtəlif mövzularda forumları, konfransları, müsabiqələri bura aid etmək olar. Qeyd olunan siyahıda Formula 1 Azərbaycan Qran-Prisini, “Eurovision” mahnı müsabiqəsini, I Avropa və IV İslam Həmrəyliyi oyunlarını, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumlarını, Dini Liderlərin Zirvə toplantısını, Qoşulmama Hərəkatının nazirlər görüşünü və digər tədbirlərin adlarını sadalamaq mümkündür.

Hazırda isə Azərbaycan noyabr ayında keçiriləcək ?OP29 iqlim konfransına ev sahibliyi etməyə hazırlaşır. Bununla bağlı qərar ötən ilin dekabrında Dubayda baş tutan COP28 çərçivəsində verilib. Respublikamızın namizədliyi Şərqi Avropa qrupu üzrə irəli sürülərək yekdilliklə dəstəklənib. Azərbaycanın bu mötəbər tədbirə hazırlaşmaqdan ötrü cəmi bir il vaxtı var idi. Vaxtın azlığına baxmayaraq, bütün hazırlıq işləri cədvəl üzrə yüksək səviyyədə həyata keçirilir. BMT-nin ən böyük tədbirlərindən biri olan COP29 konfransında qlobal iqlim çağırışları müzakirə olunacaq. Kifayət qədər əhatəli gündəlik müəyyənləşdirilib. Hazırda iqlim çağırışları dünyanın əksər ölkələrinin qapısını döyür. Ancaq hər tərəfdən su ilə əhatə olunan kiçik ada dövlətləri üçün bu, bir mövcudluq məsələsidir. Buna görə də Azərbaycan həmin dövlətlərə real dəstək verilməsi təşəbbüsündən çıxış edir. Azərbaycanda COP29 öncəsi baş tutan sərgidə də iqlim çağırışları ilə bağlı peşəkar müzakirələrin aparılması mümkündür. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev “Ölkəmiz mötəbər beynəlxalq tədbirləri yüksək səviyyədə və böyük peşəkarlıqla təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Azərbaycanın belə genişmiqyaslı və son dərəcə əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması dünya ictimaiyyəti tərəfindən hər zaman müsbət qiymətləndirilir. Bu il ölkəmizdə baş tutacaq dünyanın qlobal xarakterli mötəbər beynəlxalq tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 da bunun bariz nümunəsidir. Əminliklə söyləmək olar ki, artıq beşinci dəfədir təşkil olunan “ADEX” sərgisi əvvəlki illərdəki kimi yenə də yüksək səviyyədə keçiriləcəkdir. Müdafiə sənayesi də karbon tullantılarının azaldılması baxımından böyük potensiala malikdir. Hesab edirəm ki, COP29 öncəsi keçirilən “ADEX-2024” sözügedən mövzunun peşəkar müzakirəsi üçün əlverişli platformadır”, - deyə vurğulayıb.

10 illik uğurlu fəaliyyət

“ADEX”-in qısa müddətdə keçdiyi yol kifayət qədər uğurlu olub. Tam əminliklə deyə bilərik ki, paytaxtımızda keçirilən bu tədbir artıq beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında mühüm rol oynayır. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, “ADEX” dost və müttəfiq ölkələrin tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında unikal rol oynayır. “ADEX” müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayesi sahələrini gücləndirmələri, istehsal imkanlarını artırmaları, müasir və innovativ vasitələri tətbiq etmələri və təcrübə mübadiləsi aparmaları baxımından önəmli tədbirdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır.

Açılış tədbirində bildirildiyi kimi, yubiley sərgisinin iştirakçıları arasında Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorlarının aparıcı şirkətləri var. Macarıstan, Rumıniya və Sinqapurdan olan şirkətlər sərgiyə ilk dəfə qatılıb. Bu il 12 ölkə sərgidə milli stendləri ilə iştirak edir. İtaliya, Macarıstan, Qətər Dövləti və Slovakiya ilk dəfə milli stendlərlə iştirak edirlər. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini böyüdüblər.

Qardaş Türkiyə sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biridir. Bu şirkətlərdən biri olan “Roketsan” 1988-ci ildə qurulub. Şirkət müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə-idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni zamanda, şirkət bu sistemlərə maddi-texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır.

Dost Pakistan İslam Respublikasının pavilyonları da öz zənginliyi ilə diqqət çəkir. Ölkəmizlə əməkdaşlıq edən Pakistanda istehsal olunan hərbi məhsullar hərbi sənaye kompleksinin bütün istiqamətlərini əhatə edir. Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) şirkəti Pakistanın birinci dərəcəli dövlət mülkiyyətində olan müdafiə konsorsiumudur və ölkənin ən böyük müdafiə istehsalatı müəssisələrini, o cümlədən əsas tədqiqat və inkişaf fəaliyyətlərinin mərkəzini təmsil edir. Şirkət tərəfindən sərgidə döyüş PUA-ları, aviasiya raketləri, tank mühafizə sistemləri, maskalanma toru, tank əleyhinə sistemlər nümayiş olunur.

İsrailin milli pavilyonlarında geniş çeşiddə eksponatlar nümayiş olunur. Müdafiə, aerokosmik və kommersiya bazarlarında lider olan İsrail Aerokosmik Sənayesi (“IAI”) milli müdafiə və təhlükəsizlik problemlərini həll etmək üçün ən müasir texnologiyadan və onilliklər ərzində sübut edilmiş döyüş təcrübəsindən istifadə edir. “IAI” şirkəti sərgidə yerüstü sistemlər, çoxmissiyalı havadan kəşfiyyat və nəzarət sistemləri, radarlar, rabitə sistemləri, PUA-lar üçün komponentlər, çoxsahəli ballistik raketlər və rəqəmsal kommunikasiya peykləri nümayiş etdirir.

Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir

Təxminən otuz il ərzində işğal faktı ilə üzləşən Azərbaycan son 20 ildə ordu quruculuğuna, o cümlədən də müdafiə sənayesinin inkişafına böyük diqqət göstərib. Əgər Azərbaycanın hərbi-müdafiə xərcləri 2003-cü ildə 150 milyon manat idisə, hazırda 6 milyard manatdan çoxdur. Yəni son 20 ildə hərbi xərclər 40 dəfə artırılıb. Respublikamızda 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə 5622,5 milyon manat məbləğində vəsait yönəldilib. Qeyd olunan rəqəm dövlət büdcəsi xərclərinin 17,5 faizini təşkil edib.  Bu vəsait 2021-ci illə müqayisədə 737,0 milyon manat və ya 15,1 faiz çox olub. 2023-cü ilin təsdiqlənən büdcə layihəsində müdafiə və milli təhlükəsizlik istiqaməti üzrə 5 320 093 593,0 manat məbləğində vəsait yönəldilməsi nəzərdə tutulmuşdu. Ötən ilin yayında dürüstləşmə zamanı büdcəyə bütövlükdə, 3 milyard manatdan çox vəsait əlavə edildi. Əlavə vəsaitin də 1,1 milyard manatı məhz bəhs olunuan prioritet üzrə istiqamətləndirildi. 2024-cü il dövlət büdcəsi layihəsinə dəyişikliklərdən sonra müdafiə və milli təhlükəsizlik xərcləri 705 milyon manat artırılaraq 6 milyard 421 milyon manatdan 7 milyard 126,3 milyon manata çatdırılıb.

Qürurverici haldır ki, ölkəmizin müdafiə sənayesi müəssisələrində buraxılan müxtəlif növ hərbi texnika Ordumuzun silahlanmasına cəlb olunub və onların keyfiyyət parametrlərinin yüksək olduğu bilavasitə döyüşlərdə təsdiqlənib. Yubiley sərgisində də respublikamızda buraxılan silahlar və digər hərbi texnikalar geniş çeşiddə nümayiş olunur. Açılış tədbirinə qatılan Prezident İlham Əliyev əvvəlcə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxıb. “Azərsilah”a məxsus pavilyonda PUA, müxtəlif növ kəşfiyyat və kamikadze dronları, 30 millimetrlik avtomatik top, zirehli gödəkcələr, aviabombalar və təlim simulyatorları nümayiş etdirilir. Bütövlükdə, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti sərgidə fəal iştirak edir. “Azərsilah”ın daha bir pavilyonu sərginin 3-cü zalında fəaliyyət göstərir. Burada ziyarətçilərə müxtəlif növ atıcı silahlar, snayper tüfəngləri, minaatanlar, kiçikçaplı patronlar, müxtəlif növ mərmilər, zirehli dəbilqə və zirehli gödəkcələr, optik nişangah və cihazlar təqdim olunur. Milli müdafiə sənayesi müəssisələrində müasir silahların istehsalının mənimsənilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Xüsusi qeyd edim ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir. Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31