Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hərbi / Milli təhlükəsizlik strategiyamızın ayrılmaz tərkib hissəsi...

Milli təhlükəsizlik strategiyamızın ayrılmaz tərkib hissəsi...

27.09.2024 [10:47]

Müasir texniki vasitələrlə zənginləşən Silahlı Qüvvələrimiz regionun təhlükəsizlik təminatçısıdır

Azərbaycan son 4 ildə apardığı siyasət, həyata keçirdiyi addımlarla Cənubi Qafqaz regionun həyatında yeni - təhlükəsiz və sabit inkişafın əsasını qoyub. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə edilən zəfər illərdir bölgədə davam edən hərbi qarşıdurmaları, müharibə vəziyyətini, işğalı və təcavüzü sona çatdırdı. Artıq Cənubi Qafqazın gələcək perspektivi kataklizm və ya qarışdurmalarla deyil, əməkdaşlıq və sülh, sabitlik kimi anlayışlarla xarakterizə olunur. Bölgənin həyatında yeni sülh dövrünə start verilir. Ötən ilin dekabrından başlanan, bu ilin aprelində isə özündə yeni konturları əks etdirən Ermənistan ilə ikitərəfli təmaslar bəhrəsini verir - bir sıra ərazilər üzrə müvafiq olaraq delimitasiya, hətta demarkasiya işləri görülür.

Nəzərə çarpan bu irəliləyişlər əslində sülh üçün böyük ümidlər yaratsa da, bölgədə sabitliyin formalaşmasını istəməyən bir sıra qüvvələrin qeyri-adekvat davranışları prosesin inkişafına kölgə salır - təəssüfləndirici haldır ki, bəzi məqamlarda İrəvan bu korporativ oyunlarda vasitəyə çevrilir, bölgədə yeni təhdid mühiti yaradır. Bu isə bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturası üçün təhlükələrdən xəbər verir.

İnnovativ silahların əldə olunması...

Beləliklə, müharibə sona yetsə də, təhlükələr hələ də davam etməkdədir. Bu təhlükələri bloklamaq üçün isə dövlətin hərbi gücü əsas meyar kimi çıxış edir. Azərbaycanda müasir ordu quruculuğu siyasəti hər zaman ən prioritet hədəflər arasında yer alır - milli təhlükəsizlik strategiyamızın ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi işi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Arxada qoyduğumuz illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi öz bəhrəsini verdi - 2020-ci il Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı.

Bununla belə, postmüharibə dövründə də Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin qüdrəti, iqtisadi imkanlarımız yeni silahların alınmasına, islahatların davamlılığına zəmin formalaşdırır. Xüsusi diqqət yetiriləsi məqam ondan ibarətdir ki, ölkəmiz ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Uzun müddət havadaqalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, ortaölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP”, “Bayraktar” pilotsuz uçuş aparatları Vətən müharibəsində düşmənin ölüm kabusuna çevrilmişdi. Ölkəmizin xaricdən aldığı ən yeni silahlar, müasir aparatlar bizə bütün maneələrin öhdəsindən gəlməyə imkan verir. Bunun arxasında isə Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi qüdrətini yüksəltmək istiqamətindəki davamlı və qətiyyətli siyasəti dayanır. 

Yeni təyyarələr müdafiə arsenalımızda...

Bu proses davam edir - sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub. Qeyd edək ki, bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza dövlətimizin başçısına təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər göstəriciləri barədə məlumat veriblər. Bildirilib ki, JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir. Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.

Pakistan-Azərbaycan: hərbi müstəvidə əməkdaşlıq...

Qeyd olunmalıdır ki, milli müdafiə sənayemizin inkişaf etdirilməsi, eyni zamanda, xarici ölkələrlə hərbi sahədə əməkdaşlıq, yeni müqavilələrin imzalanması ordu quruculuğu prosesinjdə önəmli yer tutur. Azərbaycanın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etdiyi ölkələrdən biri də qardaş Pakistandır. Prezident İlham Əliyevin bu ilin iyulunda Pakistana dövlət səfəri iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə yeni təkan verib. Azərbaycan və Pakistan beynəlxalq platformalarda daim bir-birinə qarşılıqlı dəstək göstərir və həmrəylik nümayiş etdirirlər.

Pakistan Ermənistanla işğalçılıq siyasəti səbəbindən indiyə qədər diplomatik münasibətlər qurmayan azsaylı ölkələrdəndir. Rəsmi İslamabad bütün beynəlxalq tədbirlərdə, qlobal səviyyədə Azərbaycanın mövqeyini hər zaman açıq şəkildə müdafiə edib - vaxtilə Qarabağın işğal edilməsi faktnı pisləyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu ilin iyulunda Prezident İlham Əliyevin Pakistana dövlət səfəri çərçivəsində mətbuata bəyanatında Baş nazir Məhəmməd Şahbaz Şərif bildirib ki, Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı mövqeyini dəstəkləyib: “Sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib”.

Bəli, Pakistan İslam Respublikası artıq tarixə qovuşmuş “Qarabağ münaqişəsi”nin həllinə dair Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyib və münaqişənin Azərbaycanın maraqlarına uyğun şəkildə ədalətli nəticələnməsinin vacibliyini önə çəkib. Pakistanın Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT TŞ-da Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. Eyni zamanda qeyd etmək lazımdır ki, məhz bu səbəbdən Pakistan İslam Respublikası bu günədək işğalçı Ermənistan Respublikası ilə diplomatik münasibətlər yaratmayıb. İkinci Qarabağ müharibəsi zamanı isə bu dəstək ən yüksək səviyyədə özünü ifadə edib - Pakistan dövləti və Pakistan xalqı Azərbaycanın bu haqq işinə hərtərfəli mənəvi dayaq olduğunu bütün dünyaya nümayiş etdirdi.

Ordumuzun döyüş qabiliyyəti artır

Ölkələr arasındakı əlaqələr çoxşaxəli xarakter daşısa da, hərbi əməkdaşlığın inkişafı xüsusi yer tutur. Bu baxımdan əlaqələrin əsas istiqamətlərinin müzakirəsi zamanı bu predmetin hər zaman öndə tutulması, xüsusi əhəmiyyətlə qeyd olunması anlaşılandır - eyni zamanda, bu amil hazırki siyasi gündəmin ən mühüm detallarından sayılır. Regional təhlükəsizliyin təmini üçün səfərbər olan, Cənubi Qafqazda sülhə və sabitliyə nail olmaq üçün səy göstərən Azərbaycanın dəstəklənməsi qeyri-adekvat maraqlar oratya qoyan təhdidedici amillərin zərərsizləşdirilməsində əhəmiyyətli yer tutur. Hərbi, hərbi-texniki, eləcə də hərbi istehsalat sahələrində Azərbaycan ilə Pakistan arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər bölgənin təhlükəsizlik seqmentinin inkişafına töhfə verir.

Beləliklə, yeni dövrdə Azəbaycanın milli hərbi təhlükəsizliyi daha da möhkəmləndirilir. Bu fəaliyyət qarşıdakı dövrdə də uğurla davam etdiriləcək. Yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində hərbi gücümüzün artırılmasının bir nömrəli vəzifə olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Oktyabr 08:40

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31