Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İdman / “Qarabağ”ı ancaq özü dayandıra bilər

“Qarabağ”ı ancaq özü dayandıra bilər

21.01.2022 [23:38]

Tahir Süleymanov: “Neftçi” özünə gəlməlidir

“Ümumi klub futbolunun durumu ürəkaçan olmasa da, mövcud şəraitdə müsbət məqam az sayda klubumuzun ayaqda qalmasıdır. Əksər komandalarımızın qış təlim-məşq toplanışlarını Antalyada keçirməsi bunun göstəricisidir. Davam edən pandemiya məhdudiyyətləri də klubların fəaliyyətinə, gediş-gəlişə, transfer çalışmalarına təsirsiz ötüşmür”. Bu sözləri “Yeni Azərbaycan”a sabiq FİFA referisi Tahir Süleymanov deyib.

Yanvarın əvvəllərindən hazırlıq üçün Türkiyəyə yollanan Azərbaycan klubları hazırlıqlarını davam etdirirlər. Bəzi klublar heyətlərini gücləndirsələr də, bəziləri hələ də axtarışdadır.  T.Süleymanovun sözlərinə görə, komandaların necə hazırlıq keçmələri keyfiyyət baxımından çempionatın davamında görünəcək: “Qış fasiləsində komandanın yenilənməyindən daha önəmlisi hazırlıq, bərpa prosesi ilə yanaşı, əsas heyətin qorunub saxlanılması, ilk yarıda buraxılan boşluqların aradan qaldırılması, daha da gücləndirilməsidir. Hazırlığa nəzər yetirdikdə, klublarda fərqli mənzərə üzə çıxır. Bəziləri yuxarıda qeyd olunanlara üstünlük verir, digərləri isə futbolçuları dəyişir. Bu da hansı klublarda sabitliyin olub-olmamasının əyani göstəricisidir. Komandaların necə hazırlıq keçmələri keyfiyyət baxımından çempionatın davamında görünəcək”.

33 xalla çempionatın lideri olan lider “Qarabağ” digər klublarla müqayisədə geniş olan heyətini daha da zənginləşdirdi. İkinci yarıda rəqiblərinin ona çatması nə dərəcədə realdır? 57 yaşlı mütəxəssisin fikrincə, “Qarabağ” uzun illərdi eyni rəhbərlik, baş məşqçi ilə yollarını artan trayektoriya ilə davam edir: “Artıq böyük təcrübəyə malikdirlər. Xüsusi qeyd edim, çox vaxt “vaxt verilməlidir” yanaşması yanlış anlaşılır. O halda vaxt verilir ki, inkişaf, stabillik nəticələrdə öz əksini tapır. Əksi olanda, komandalar, azarkeşlər əziyyət çəkir, vaxt itkisinə səbəb olur, nəticələr zəifləyir, zaman itirilir. Strateji olaraq, doğru yolun seçilməsi mütləqdir! “Qarabağ” ötən mövsüm çempionluğu itirdikdən sonra sarsılmadı, təcrübə hesabına toparlandı, heyəti qorudu, çağırışa cavab olaraq Konfrans Liqasında Azərbaycan futbolu adına tarixi uğur qazandı. Bu inam çempionata da öz təsirini göstərdi. Ağır, sıx qrafikdə oynamalarına baxmayaraq, böyük xal fərqi ilə önə çıxıblar. Psixoloji təzyiq, oyunların yükü, qələbələrin qazanılması ilə yanaşı, bəzi aparıcı futbolçuların zədələnməsi ilə nəticələndi. Hazırda “Qarabağ” heyəti qorumaqla yanaşı, bu boşluqları doldurmaqla məşğuldur. Planlı iş aparılır. Qış fasiləsindən sonra hansısa fars-major halla üzləşməsə, rəqiblərin ağdamlılara çatması inandırıcı deyil. “Qarabağ”ı ancaq özü dayandıra bilər”.

“Qarabağ”ın qızıl medallar uğrunda əsas rəqibi “Neftçi” olacaq ki, bu komanda qış fasiləsində aparıcı futbolçularından Sabir Buqrini itirdi, Mamadu Kanenin də gedişi istisna deyil. Son çempiondan ikinci yarıda nə gözləmək olar? T.Süleymanov hesab edir ki,  “Neftçi” üzün fasilədən sonra çempionluğu qazanmasına baxmayaraq, növbəti inkişaf addımlarına hazır ola bilmədi: “Geniş mövzudur və dərin təhlillər aparılmalıdır. Mövcud durumda heyətdə yenidən ciddi korrektələr edilir. Qış fasiləsində belə hallara yol verilməməlidir. Zədəli futbolçular öz yerində, əsas heyətin aparıcı futbolçuları gedir, yol üstündədilər və yeni gətirilmiş legionerlərdən də bəziləri yola salınır. Yerli futbolçu qıtlığı aradan qaldırılmağa, yeni legionerin gətirilməsinə çalışılır. Belə pərakəndəlikdə sabit çıxış, yüksək nəticələrin qazanılması mümkünsüzə çevrilir. Çempionluq böyük ölçüdə əldən verilib, titulsuz qalmamaq üçün kubokun qazanılması şərtdir. “Neftçi” kimi tarixi klub üçün ikincilik, üçüncülük göstərici sayıla bilməz”.

Maraqlıdır, T.Süleymanov həm toplanışa, həm də transferlərə baxanda, hansı komandadan ikinci yarıda yüksəliş gözləyir? Onun fikrincə,  “Neftçi” istənilən halda özünə gəlməlidir, ən azından ötən mövsümdə olduğu kimi psixoloji ruh yüksəkliyini qaytarmalı, bu fonda sona kimi mübarizə aparmalıdır: “Qış fasiləsi hazırlığının öz tələbləri var. Heyət qorunmalı, mövqelər gücləndirilməli, fiziki, taktiki, psixoloji olaraq komandalar  hazır vəziyyətə gətirilməlidir. “Zirə”, “Sabah”, “Qəbələ”də bu addımlar nisbətən hiss olunur. Avrokuboklara vəsiqə uğrunda mübarizə də böyük ölçüdə bu klublar arasında olacaq. Ən əsas məqamlardan biri də məşqçilərimizlə bağlıdır. Mövsümə yerlilərlə başlanıldı və fasiləyə artıq iki əcnəbi baş məşqçi gətirildi. Yerli mütəxəssislərə siqnal olmalıdır. Futbolda nə qədər haqsızlıqlar baş versə də, baş məşqçilərimiz yaradılan şəraitdən maksimum istifadə etməli, öz üzərilərində çalışmalı, bəhanələrə yol verilməməli, inkişaf edib, nəticə qazanıb gedəndə də qalib olaraq yollar ayrılmalıdır. İkinci yarı yerli gənc, orta nəsil məşqçilərimizin əcnəbi həmkarları ilə mübarizəsi də olacaq. Bu amil komandalar arasında  rəqabəti bir qədər artırmalıdır. Hər zaman yerli mütəxəssislərlə çalışmağa üstünlük vermişik, birgə uğurlar qazanılıb. Çempionatın davamında  məşqçilərimizin öz bacarığı, taktiki gedişləri, ictimaiyyətlə ünsiyyəti, qazanılacaq nəticələri ilə əcnəbiləri üstələməklərini arzulayıram”.

İxtiyar ƏSGƏROV

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31