Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Rəqəmsal bankçılıq - dələduzların yeni və asan “gəlir” yeri

Rəqəmsal bankçılıq - dələduzların yeni və asan “gəlir” yeri

18.01.2022 [10:39]

Nicat Dilqəmli

Texnologiyanın sürətlə inkişaf etməsi bir çox sahədə hər birimizin işini asanlaşdırır. Bir neçə il bundan əvvəl hansısa əməliyyatı yerinə yetirmək üçün bəzən km-lərlə məsafə qət etməli, qapı-qapı gəzməli olurduqsa, bu gün həmin işlərin 90 faizini elə oturduğumuz yerdə, smartfonumuzla edə bilirik. Bunun üçün mobil telefonumuzun internet təminatının olması kifayət edir. Sevindirici haldır ki, ölkədəki banklar, hökumət və qeyri-hökumət təşkilatları, kommunal müəssisələr texnoloji inkişaf tempi ilə ayaqlaşmağı bacarır. Hazırda, demək olar, bir çox dövlət xidmətinin elektron versiyası istifadəçilər üçün əlçatandır. Bu işdə dövlətin dəstəyini də xüsusilə vurğulamalıyıq. Belə ki, elektron hökumət portalı vasitəsilə vətəndaşlar bir çox xidmətlərdən heç yerə getmədən, asanlıqla istifadə edə bilirlər. E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.

Məhz texnoloji inkişafın nəticəsidir ki, artıq bəzi banklardan kredit almaq üçün növbəyə yazılmağa, sənədlər toplamağa da ehtiyac qalmayıb. Fəaliyyət göstərən bir çox bank müştərilər üçün onlayn formada, ən asan şərtlər altında kredit almaq imkanı yaradıb. Bunun üçün sizin mobil nömrənizə təklif məktubu gəlir və sizdən razılıq olduğu halda məktubda göstərilən linkə daxil olaraq məlumatlarınızı yazmaq tələb olunur. Anketin doldurulmasına cəmi bir neçə dəqiqə ayırmaq kifayətdir.

Hər gün daha da təkmilləşən rəqəmsal bankçılıq kibercinayətkarlar - hakerlər üçün sözün əsl mənasında “yağlı tikə”yə çevrilib. Belə ki, son günlər ölkəmizdə kibercinayətkarlıq hadisələrinin sayında artım müşahidə olunmaqdadır. Sosial şəbəkələrdə, cəmiyyətdə bu məsələ ciddi narahatlıq doğurur. Etiraf edək ki, hər kəs rəqəmsal imkanlarla tam peşəkar şəkildə davrana bilmir. Elə buna görə də dələduzlar yaxşı bilirlər ki, onlar böyük bir texnoloji dənizə tor atsalar, elə ilk cəhddən qismətlərinə “qızıl balıq” düşə bilər. Həm də bunun üçün hansısa xüsusi bilik və bacarıqlara ehtityac da yoxdur.

Proses necə işləyir?

Sizin hansısa banka məxsus karta sahib olmağınız artıq sizin potensial “qurban” olmağınıza əsas verir. Dələduzların ilk addımı ağıllarına gələn nömrələrə zəng etməkdir. Sizə zəng gəlir və dəstəyin digər başındakı adam özünü bank əməkdaşı kimi təqdim edir. Sizə məxsus bank hesabında və ya kartda hansısa problemin olduğunu deyərək sizdən bir neçə məlumat almaq üçün razılıq istəyir. Məqsədi guya bizim təhlükəsizliyimizi təmin etmək olan “bank əməkdaş”ının özü sonradan bizim üçün ciddi problem mənbəyinə çevrilir. Bəzilərimiz inanaraq özümüz öz dilimizlə, rahat-rahat məlumatları ötürürük o şəxsə. Hansısa məlumatın doğru olmadığından şübhələnib hələ bir yoxlamaq üçün “Doğrudurmu hər şey, düz dedim?” deyib qarşımızdakı cinayətkarı daha da əmin edirik ki, vallah, dediyim hər şey doğrudur, buyurub “işinizi” görə bilərsiniz. Kart məlumatları dedikdə ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə (PAN), PİN kod, kartın bitmə tarixi, kartın arxasında olan 3 rəqəmli kod (CVV2) və SMS ilə göndərilən birdəfəlik 3DSecure şifrəsi nəzərdə tutulur. Göstərilən bu məlumatlara sahib olan üçüncü şəxs heç bir çətinlik olmadan sizin kartınızla əməliyyatlar həyata keçirmək, balansınızdakı məbləği son qəpiyinədək sovurmaq imkanlarına malik olur.

Mütəxəssislər hesab edirlər ki, qeyd olunan informasiyaların hətta yaxın adamlara belə verilməsi bizi risk altına sala bilər. Ümumiyyətlə, şəxsi məlumatların paylaşılması heç arzuolunan deyil. Yarana biləcək şübhəli vəziyyətdən qorunmaq üçün ekspertlər ikitərəfli qoruma üsulunu tətbiq etməyi təklif edirlər. İkitərəfli qoruma üsulu necə işləyir? Deməli, icra olunan əməliyyatdan asılı olmayaraq, bank həmin prosesin müvəffəqiyyətlə yekunlaşması üçün sizin mobil nömrənizə təsdiq kodu göndərir. Yalnız və yalnız göndərilən kodu yazmaqla hesabdan bu və ya digər tranzaksiya üçün mədaxil ixrac olunur. Üstəlik, bank tərəfindən mesaj qutusuna göndərilən kodun yararlılıq müddəti yalnız bir neçə saniyədir. Nəzərdə tutulan vaxt ötdükdə ya yenidən kod göndərilməsi üçün müvafiq əməliyyatı icra etməlisiniz, ya da tranzaksiya başa çatdırıla bilmir.

Yuxarıda göstərilən xoşagəlməz hallarla qarşılaşmamaq üçün banklar mütəmadi olaraq öz müştərilərinə maarifləndirici-informativ məlumatlar göndərirlər, internet və televiziya vasitəsilə problemin detallarını izah etməyə çalışırlar. Lakin reallıq bunu deyir ki, hələ də hakerlərin toruna düşənlər var.

Bəs mütəxəssislər bu barədə nə deyir? Mobil bankçılıqda təhlükəsizliyin daha da artırılması üçün hansı addımlar atılmalıdır? Fors-major hallarda necə davranmalıyıq?

İnformasiya texnologiyaları üzrə mütəxəssis ( İT mütəxəssisi ) Pərvin Əsədov “Yeni Azərbaycan”ın suallarını cavablayarkən bildirib ki, ən kiçik bir səhv, ya da diqqətsizlik kartınızı, daha doğrusu, pulunuzu təhlükə altına sala bilər: “Buna görə də, bankınızın təhlükəsizlik sistemlərindən əlavə, siz də fərdi olaraq həm özünüzü, həm də kartınızı qorumaq üçün bəzi tədbirlər görməlisiniz. Kart şifrəniz sadəcə sizin tərəfinizdən bilinən xüsusi bir məlumatdır. Alış-veriş edərkən mütləq qaydada şifrənizi özünüz daxil etməlisiniz. Pulqabınızdakı nağd pul nə qədər qiymətlidirsə,  kart şifrəniz də eyni dərəcədə əhəmiyyətlidir. Buna görə də doğum tarixi, yoldaşınızın adı, ya da sıralı rəqəmləri şifrəniz olaraq təyin etməyin”.

Mütəxəssis elektron ticarət zamanı kartla ödənişin tətbiqində təhlükəsizlik tədbirlərinin önəminə də toxunub: “Onlayn alış-veriş etmək istədiyiniz sayt haqqında bir az araşdırma apararaq etibarlı olduğundan əmin ola bilərsiniz. Saytın “https” əlaqəli və “ssl” təhlükəsizlik sertifikatı olduğuna fikir verməlisiniz. Bəzi internet saytları məhsul ya da xidmət satmadan sadəcə məlumat məqsədli olaraq sizdən kredit kartı məlumatlarınızı istəyə bilər. Bu saytlara qətiyyən inanmayın, kart məlumatlarınızı əsla paylaşmamalısınız. Onlayn alış-veriş edərkən sizdən istənən məlumatlar bunlardır: kredit kartı nömrəniz, etibarlılıq müddəti və təhlükəsizlik kodu. Bunlardan əlavə kartınıza aid şifrə tələb olunsa, qətiyyən şifrənizi verməyin”.

P.Əsədov bankın etibarlı onlayn alış-veriş üçün təqdim etdiyi digər imkanın “3D Secure” əməliyyatı olduğunu da nəzərə çatdırıb: “Bu əməliyyat sayəsində kart məlumatlarınızın düzgünlüyünü yoxlamaq məqsədilə cib telefonunuza gələn bir kod var. SMS ilə gələn kodu sayta daxil etməsəniz və ya səhv daxil etsəniz, ödəmə reallaşmayacaq”.

“Alış-veriş etdikdən sonra kart məlumatlarınızın etibarda olmadığını düşünürsünüzsə, dərhal bankınıza vəziyyəti bildirməlisiniz. Bu sayədə, kartınızda aparılan mədaxil əməliyyatı ilə əlaqədar məlumat ala bilərsiniz”, - deyə İT mütəxəssisi fikirlərinə əlavə edib.

Paylaş:
Baxılıb: 255 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31