Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / GMO təhlükəsi artır

GMO təhlükəsi artır

21.04.2022 [10:02]

Ekspertlərdə fikir ayrılıqları var

Mübariz ABDULLAYEV

Hazırda bütün dünyada geni dəyişdirilmiş məhsullarla bağlı mövzu çox aktualdır. Qlobal səviyyədə ərzağa tələbatın artması alimləri məhsuldarlığı yüksəltmək üçün yeni vasitələr tapmağa sövq etdi. Lakin geni dəyişdirilmiş məhsulların meydana çıxması özü ilə bərabər ciddi problemlər də gətirdi. Məlum oldu ki, GMO məhsulları bir sıra fəsadlara yol aça bilər. Artıq sübut olunub ki, belə məhsullar insanların səhhətində sonradan sağalması mümkün olmayan izlər qoyur. İmmun çatışmazlığı, psixoloji naqisliklər, akselerasiya və yaxud inkişafdan qalma, aqressiya, hormon pozğunluğu və digər belə qorxunc xəstəliklər GMO-ların fəsadlarının tam olmayan siyahısını təşkil edir.

GMO məhsullarına qadağalar

Dünya ölkələri GMO məhsulların xeyri ilə zərərini, necə deyərlər, tərəzinin gözünə qoyaraq onlardan istifadə edib-etməməklə bağlı qərarlar verirlər. Tendensiya o istiqamətədir ki, bir vaxtlar geni dəyişdirilmiş məhsulların istehsalına və satışına “yaşıl işıq” yandıran ayrı-ayrı ölkələr artıq geri dönüş edərək onlardan istifadəyə sərt qadağalar qoyurlar. Azərbaycanda da geni dəyişdirilmiş məhsullara həm cəmiyyət, həm də dövlət səviyyəsində əks münasibət var. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 28 aprel 2015-ci il 1266-IVQD nömrəli Qanununa əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə və həmçinin istehsal olunmuş məhsulları xeyli miqdarda bilə-bilə idxal etmə və ya satma üçün cinayət məsuliyyəti müəyyən olunub. Azərbaycan Respublikasına idxal olunan bütün genetik materiallar ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmaması yoxlanılır və genetik modifikasiya olunmuş materialların hərəkətinə qanunauyğun qaydada icazə verilmir.

Quba almasına, Xaçmaz pomidoruna, Sabirabad qarpızına nə gəlib...

Azərbaycanın coğrafi iqlim xüsusiyyətləri elədir ki, ölkəmizdə müxtəlif növ məhsulları yetişdirmək imkanları kifayət qədər genişdir. Deyə bilərik ki, respublikamızın ayrı-ayrı bölgələri bu və ya digər məhsulların yetişdirilməsi üzrə ixtisaslaşıblar. Lənkəran, Astara ətirli çayı, sitrus meyvələri, Quba alması, Xaçmaz pomidoru, Şəki-Zaqatala zonası findıq və qozu, Göyçay narı, Sabirabad qarpızı, Kürdəmir qovunu, Gədəbəy kartofu ilə ad çıxardıb. Belə dadlı-tamlı meyvə-tərəvəzimiz olduğu halda biz nə üçün xaricdən gətirilən məhsulları almalıyıq?  Bir vaxtlar xaricdən gətirilən məhsullara böyük maraq yaranmışdı - onların xarici görünüşü, eyni ölçüdə olması cəlbediciliyi artırırdı. Zaman hər şeyi öz yerinə qoydu. Bəlli oldu ki, xaricdən gətirilən ayrı-ayrı məhsulların yerli analoqları görünüşcə onlardan geri qalsalar da, keyfiyyət baxımından daha üstündür və təhlükəsizdir. Elə bu kimi amillərə görədir ki, artıq istehlakçılar dükan-bazarda məhz yerli mallar almağa üstünlük verirlər.

Ölkədə GMO əkinçiliyi?

Bununla belə GMO əkinçiliyi respublikamıza da ayaq açıb. Sözügedən məsələ ilə bağlı Milli Məclisin deputatı Siyavuş Novruzov “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı danışıb. Siyavuş Novruzov bildirib ki, geni dəyişdirilmiş məhsullar əsas problemlərdən biridir: “Hətta artıq Azərbaycana geni dəyişdirilmiş bu meyvələrin özü yox, toxumları gətirilir. Soyuqda bitməsi nəzərdə tutulan və daha çox məhsul verən bitkini gətirib Azərbaycanda əkirlər, onun məhsullarının da insana psixoloji təsiri başqa cür olur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da “Yeni Azərbaycan”a açıqlamasında respublikamızda GMO əkinçiliyinin mövcudluğunu təsdiqləyərək həyəcan təbili çaldı. Onun sözlərinə görə ölkədə bəzi qurumlar və şəxslər GMO əkinçiliyinə lobbiçilik edirlər. Soyanın əkilib becərilməsi respublikamızda GMO əkinçiliyinə bir nümunədir. Eyyub Hüseynov hesab edir ki, GMO məhsulları calaq və digər texnologiyalarla əldə olunmuş hibrid adı altında ölkəyə idxal olunur. “Amerikanın böyük qida istehsalçısı “Monsanto” şirkətinin istehsal etdiyi və Azərbaycanda satılan “Raund-up” herbisidi var. Bu herbisid GMO bitkilərini alaq otlarından müdafiə etmək üçün istifadə olunur. Əgər bu herbisid Azərbaycanda satılırsa, bu o anlama gəlir ki, ölkədə GMO əkinçiliyi də var”, - deyə ekspert vurğulayıb.

AQTA-nın mövqeyi narazılıqlar yaradır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanun layihəsinin yuxarıda bəhs etdiyimiz müddəasını dəstəkləyir. AQTA-nın sədri Qoşqar Təhməzli bildirib ki, qanunda söhbət qida məhsullarından deyil, heyvan və quş yemlərindən gedir: “Tərkibində GMO olan yemlərlə bəslənən heyvanlardan hazırlanmış məhsulların insanlara heç bir təsiri yoxdur. Bu yemlər də izləniləcək”, - deyə qurum rəsmisi bildirib.

AQTA-nin belə mövqe sərgiləməsi narazılıqlara yol açıb. Bununla bağlı fikirlərini qəzetimizə ifadə edən Eyyub Hüseynov deyib:  “AQTA  hər vəchlə isbat etməyə çalışır ki, heyvanlara  GMO yemləri yedizdirilərsə, onların insana heç bir zərəri olmaz. Bu, doğru mövqe deyil”. 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri vurğulayıb ki, genetik modifikasiya olunmuş orqanizmlərin  ölkəyə idxalının məhdudlaşdırılması və qadağan edilməsi barədə ölkə Prezidentinin çox əhəmiyyətli fərmanları var. Təsadüfi deyil ki, Azərbaycanda “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun qəbul olunub. Həmin qanunda vurğulanır ki, tərkibində GMO elementləri olan mallar ekoloji  təmiz mallar deyil. Həmçinin ekoloji təmiz olmayan GMO malların markalanması da qanunda əksini tapıb. Eləcə də Azərbaycan GMO-nun məhdudlaşdırılması və istifadəsinə  dair 153 ölkənin də qoşulduğu  “Kartagen protokulu”nu  ratifikasiya  edib. Fikirlərinə davam edən ekspert vurğulayıb:  “AQTA cənab Prezidentin GMO-nun məhdudlaşdırılmasına dair verdiyi, Azərbaycanın flora və faunasını qoruyan, istehlakçıların həyatını təhlükədən xilas edən fərmanlara uyğun iş qurmalıdır. Əgər sözügedən qanun layihəsi qəbul olunarsa, o zaman qanuna genetik modifikasiya olunmuş  orqanizmlərlə yemləndirilən heyvan və quşların südündən, ətindən alınan mal olduğunun məhsulun üzərinə yazılması ilə bağlı maddə əlavə olunmalıdır. Qeyd olunmalıdır ki, bu, təsərrüfat GMO yemçiliklə təchiz olunub. Qoy, istehlakçının seçim hüququ olsun”.

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31