Heydər Əliyev yolunun alternativi yoxdur!
07.10.2022 [16:30]
Alqiş Musayev
Baş redaktor yazır...
Alqış HƏSƏNOĞLU
AXCP sədri 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini həmişəki kimi, özünəməxsus qərəz, iddia və dərin bir kədərlə qarşılayıb.
Mən onun Fb səhifəsindəki paylaşımını təftiş etmək fikrində deyiləm.
Hər kəs necə istəsə düşünə, nə istəsə iddia edə bilər.
Hətta iddia edə bilər ki, Azərbaycanı hamıdan çox istəyir.
Olsun.
Amma burada söhbət konkret işdən və nəticədən gedir.
Fakt budur ki, Heydər Əliyev ölkəsi, xalqı, dövləti üçün hamıdan çox mücadilə verib, öz mübarizəsini uğurla bitirmiş yeganə Azərbaycanlı Dahidir.
Hər kəs öz yolunu özü seçir.
O cümlədən Əli Kərimli və başqaları.
Yol isə konkret anlayışdır.
Yolçusu, gedib-gələni olmasa, yolun mövcudluğu bilinməz.
Hər şeyin, o cümlədən yolun əlaməti, nişanəsi gərək.
2021-ci ilin baharında ilk dəfə Müstəqil Azərbaycanın tarixində İlham Əliyevin Şuşada yandırdığı Novruz tonqalı Heydər Əliyev yolunun əlamətidir.
Heydər Əliyevin yolu bizi 30 ildən sonra anbaan, günbəgün, addım-addım, qayalara dırmaşa-dırmaşa, istehkamları uçura-uçura Şuşaya aparıb çıxardı.
Heydər Əliyev yolunun alternativi kimi təqdim edilən, təmtəraqlı, cazibədar görünsün deyə Elçibəy-Rəsulzadə adından aşırı dərəcədə sui-istifadə edilərək etiketlənən yol isə Azərbaycan tarixini boşluğa, Azərbaycan xalqını məyusluğa, Azərbaycan dövlətçiliyini keçilməzə dirədi, siyasi-iqtisadi dalana ürcah etdi.
Kələkidən o tərəfə gedə bilmədi.
Kimsə bundan inciyə, qıcıqlana bilər, ancaq bu, bir gerçəklikdir!
Siyasi yol, dövlətçilik marşrutu işlək olmalıdır - Heydər Əliyev yolu kimi!
Heydər Əliyev yolunun alternativi yoxdur...
5 il əvvəl 525-ci qəzetdə dərc edilmiş “Məmmədəmin Rəsulzadə, yoxsa Heydər Əliyev” adlı məqaləmin “Yeni Azərbaycan” qəzetinin oxucularına təqdim edilməsi də eyni məqsədə xidmət edir:
Tarix iddialar üzərində yox, əməllər üzərində bərqərar olur!
Hörmətli redaksiya!
Mən sosial psixologiyanın əskidən qalmış “Belə danışsam, belə etsəm - nə deyərlər” xofunu heç vaxt yaxına buraxmadım. Hər zaman düşündüyümü ifadə etdim, yazdım və tərəddüd göstərmədən müvafiq addımlar atdım. Prinsipial məqamlarda, həlledici siyasi dönəmlərdə seyrçi olmaq əxlaqıma və təbiətimə yaddır.
Söhbət fövqəladə ciddidir: Müxtəlif dövrlərdə, fərqli mühitdə fəaliyyət göstərmiş tarixi şəxsiyyətlərdən danışılır. Və əlavə edim ki, bu yerdə təkcə elmi-tarixi dəqiqlik, obyektiv araşdırmaçı vicdanı kifayət etmir. Həddindən ziyadə həssas olan bu mövzu həm də bir mövqe məsələsidir...
Belə ki, mənim Əvəz Zeynallının “Qaynar qazan” layihəsində “Heydər Əliyev ictimai-siyasi və dövlət xadimi, M.Rəsulzadə isə dövlət xadimi yox, ictimai-siyasi xadimdir”, - deyə verdiyim açıqlama birmənalı qarşılanmayıb.
Müxtəlif şərhlər gəlir. Məqbul, həm də kifayət qədər qaragüruhçu yozumlar var. Düşünürəm ki, bəzi suallara aydınlıq gətirməm lazımdır. Elə bu səbəbdən mövzuya aid bəzi qeydlərimi oxucularınız ilə paylaşmaq istərdim...
Bəri başdan vurğulayım ki, sərlövhə heç də ürəyimcə deyil. Nədən? Çünki bu cür müqayisə sağlam məntiqlə daban-dabana ziddir. Amma fakt budur ki, bu gün ictimai fikrin idarəolunma mexanizmi təkcə sağlam məntiq üzərində bərqərar deyil. Qeyri-sağlam məntiq hələ də öz “söz”ünü deməkdədir. Və onun fəsadları ilə hər addımbaşı üz-üzə gəlməli oluruq...
Bizdən asılı olmayaraq, bu məzmunlu dartışmalar gizli və ya açıq şəkildə aparılmaqdadır...
M.Rəsulzadə haqqında dediklərimi yenidən təkrarlayıram: Onun imici daha çox ictimai-siyasi xadim tipinə uyğundur. Nə etməli ki, əlahəzrət tarix M.Rəsulzadəyə özünü dövlət xadimi kimi sınamaq üçün şans tanımadı. Amma bu talesizlik onun Cümhuriyyət qurucularından biri kimi statusunu aşağılaya bilmir.
Məmmədəmin Rəsulzadə AXC-nin qurucularından biri, görkəmli ictimai-siyasi xadimdir. Bunu kim inkar edir? Kim inkar edə bilər ki?
Bəs, problem nədədir?.. Söhbət ondan gedir ki, M.Rəsulzadə haqqında deyilən fikirlərin, açılan müzakirələrin əksəriyyəti mənfəətçi yönümlüdür. İdeoloji siyasi dəyər daşımır, mövzu təsərrüfatlaşdırılıb, bir az da dəqiqləşdirsək, Rəsulzadə mövzusu bu gün “yardımçı təsərrüfat” funksiyasını yerinə yetirir...
Etiraf edək ki, bizim milli tariximiz və tarixi simalarımız həmişə konyuktur münasibətdən əziyyət çəkibdir: ayrı-ayrı şəxsləri, ayrı-ayrı mərhələləri ya məddahcasına ideallaşdırmışıq, ya da qəddarcasına təftiş etmişik. Hətta bəzən məddahlıqla qəddarlığın sərhədlərini müəyyənləşdirmək çətinləşir. Məddah təftiş etdiyi obyekti “uf” demədən amansızcasına təftiş edə bilir. Və ya əksinə, təftiş edilən utanıb qızarmadan mədh olunur. Azərbaycan Xalq Cümhuriyyətinə, onun qurucularına və irsinə yönəlik eyni, ənənəvi davranış, konyuktur bir “sevgi” bəslənilir. Bu gün Rəsulzadəni fikrini korrekt ifadə edə bilməyən millət vəkilindən, büstünə corab hörən məmurdan yox, mənfəətçi canıyananlıqdan - konyuktur sevgidən qorumaq vacibdir. Konyuktur sevgi daxili rəğbətin və ehtiramın əlaməti sayıla bilməz, bu, hər şeydən öncə öz gəlir-çıxarını, yalnız və yalnız cibini güdən adi hesabdar təəssübkeşliyidir. M.Rəsulzadəyə qarşı konyuktur sevgi əksər hallarda hakimiyyətdən deyil, özlərini Rəsulzadə yolunun davamçıları elan etmiş müxalif və qeyri-müxaliflyönlülərdən qaynaqlanır...
Məşhur bir sənətçi var. Elə ki, övladının vəzifə iyerarxiyasındakı irəliləyişi ləngiyir və ya hansısa xahişinə soyuqqanlı yanaşılır, yaxası növbəti orden üçün qəribsəyir - dərhal Rəsulzadəni xatırlayır: “O kişiyə niyə heykəl qoymursunuz” - deyə bir-iki cümləlik müsahibə verir. İşləri yoluna düşür və hər şey həmən də yaddan çıxır..
İlk baxışda dünyanın get-gəlindən baş çıxaran, mütaliəsi, yazısı-pozusu yerində olan bir tanışım deyir ki, müəllim, Siz öz saytınızın adını niyə “28 may” qoymusunuz, siz axı Heydər Əliyevçisiniz? 28 may Məmmədəmin Rəsulzadəyə məxsusdur.
“Niyə belə düşünürsünüz” deyə soruşuram.
O israr edir ki, necə yəni niyə? 1918-ci il mayın 28-də Rəsulzadənin başçılığı ilə müstəqilliyimiz elan olunub.
Mübahisə etmirəm. Deyirəm ki, sizin kəramətinizlə onda 28 apreli də Rəsulzadənin və onun silahdaşlarının ayağına yazmaq olar və mümkündür. Baxmayaraq ki, mən şəxsən bu fikirdən çox-çox uzağam.
Tanışım qayıdır ki, düz deyirsiniz, aa orası heç ağlıma gəlməyib.
“Orası”nı fikirləşməyənlərin dəst-xətti ictimai şüurda izsiz ötüşməyib və ötüşmür.
Yeri gəlmişkən, neçə vaxtdır ki, yeri gəldi-gəlmədi, belə bir əfsanə xatırladılır: 1988-ci idə Azərbaycan xalqı “İlin xalqı” elan edilib. Təbii ki, o dövrdə xalqımızın göstərdiyi dirəniş müzakirə və mübahisə yeri ola bilməz və olmamalıdır. O tarixi günlər iftixar və qürur mənbəyimiz kimi qalır. Ancaq “İlin xalqı” elan edilməyimizlə bağlı deyilənlərin arxasında heç bir ciddi əsas dayanmır. Kəsəsi, heç kim bizi “İlin xalqı” seçməyib. Bunun bircə adı var: siyasi avantüra. Kimsə (və ya kimlərsə) özünə şanlı keçmiş düzəltmək, inqilabçı-hərəkatçı fəaliyyətini maddiləşdirmək üçün bu ideyanı dövriyyəyə yeridib. Və təxribat öz işini görüb, istənilən nəticə əldə edilib.
Bu o demək deyil ki, təxribat müəllifləri fövqəladə qabiliyyət sahibləridirlər. Yox. Sadəcə, kütlənin elə bir əhvalı olur ki, ağzı açılı, gözüyumulu, əlləri yanında dinməz-söyləməz hər deyilənə inanmaq istəyir. Və inanır. 1988-ci ildə belə bir böyük yalanı kütlə nə baş verdiyinin fərqinə varmadan böyük həqiqət kimi öz yaddaşına pərçimləyib... Bugünkü ictimai ovqat mənə hərdən 80-ci illərin həmin sadəlövhlüyünü xatırladır və narahat edir.
Cəmiyyətimizin mühüm bir kəsimi şayiələrə qulaq asmaqda, yaymaqda və inanmaqda həvəsli görünür. Bəzən kimsə hakimiyyətə acıq verirmiş kimi, irəli gedib guya ki, hədələyici bəyanatlar səsləndirir: “Bakının ən uca yerində Rəsulzadənin heykəli qoyulmalıdır”. Heç kim narahat olmasın. Bakının ən hündür yerində, paytaxtımızdakı inşa edilmiş ən nəhəng və nadir, siyasi təşəbbüskeşliyi Heydər Əliyevə məxsus olan heykəltəraşlıq nümunəsi var. Bu, Nəriman Nərimanovun heykəlidir. Nə dəyişir? Nərimanovun heykəli mövcud siyasi ab-havaya nəyi diktə edə bilir ki? Abidənin pyedestalındakı genişlik heç kimin tarixdəki yerini dar eləmir. Abidənin nəhəngliyi heç kimin tarixi-siyasi obrazına kölgə salmır... Əksinə, pyedestalının genişliyi ilə Nərimanovun tarixdəki yeri arasında bir tərs mütənasiblik, ziddiyyət mövcuddur. Nə yazıq ki, abidənin əzəməti və möhtəşəmliyi bu ziddiyyəti birmənalı olaraq Nəriman Nərimanovun xeyrinə həll etmək gücündə deyil.
“Təsərrüfatçı” yanaşma M.Rəsulzadəni ideoloji-siyasi mahiyyətindən təcrid edir. Onun irsi, adı istismara məruz qalır, birləşdirici amilə çevrilmır. Onun ideoloji ardıcılları bir-biriləri ilə heç cür yola gedə bilmirlər. Hətta Rəsulzadənin Novxanıdakı heykəli də onun heykəlinin xiffətini çəkənləri bir yerə toplaya bilmir. Hər il yanvarın 31-də onu fərqli dəstələrlə, fərqli vaxtda, fərqli marşrutlarla ziyarət edirlər.
Rəsulzadəni cümhuriyyət qurucularından ayırmaq dəbdə olan bir üslubdur. Niyə heç kim “Nədən M.Topçubaşova heykəl qoymursunuz, onun yubileyini keçirmirsiniz” deyə hakimiyyəti ittiham etmir? Belə bir fikir səslənsəydi, axı, daha ədalətli olardı. Çünki iki ilə yaxın bir dövrdə Cümhuriyyətin başçısı, hüquqi təmsilçisi olmuş Topçubaşovun heç bir yubileyi dövlət səviyyəsində qeyd edilməyib.
Bu, mənfəətçi gedişdir, hədəf bəllidir. Məqsəd Rəsulzadəni tarixin köksündən və silahdaşlarından ayırıb böyütmək və böyüklüyə şərik çıxaraq siyasi meydanda duruş gətirə, Heydər Əliyev faktoruna qarşı dayana bilməkdən ibarətdir. Əlbəttə ki, bütün bunlar uğur vəd etməyən perspektivsiz cəhdlərdir.
Bəzi Rəsulzadəçilər isə “təsərrüfat”larını daha praqmatik üsullarla qorumağa və genişləndirməyə üstünlük verirlər. Heydər Əliyev hakimiyyətinin maddi-inzibati resurslarından, mandatından bəhrələnir, eyni zamanda, siyasi gələcəklərinin qayğısına qalaraq aradabir Rəsulzadə sevgisindən söz açırlar. Təəssüf ki, professor, qocaman müəllimimizin “Dövləti Məmmədəmin Rəsulzadə qurub, Heydər Əliyev hakimiyyət qurub” fikrini də “təsərrüfat” əhəmiyyətli hesab etməmək qeyri-mümkündür.
Dövlət smetası əvvəlcədən tutulmuş tikinti-quraşdırma kompleksi - bina deyil ki, divarlarını qaldırıb, qapı-bacasını qoyandan sonra qılçalarını qatlayıb arın-arxayın oturasan. Dövlət daim mükəmməlliyə ehtiyac duyan və can atan bir mexanizmdir. Dövlətçilik inkişafda olan bir prosesdir. Dövlətə münasibətdə söhbət yalnız kimin hansı tarixi şəraitdə nələr etmək istəməyindən və nələr edə bildiyindən gedə bilər.
Məmmədəmin Rəsulzadə və onun silahdaşlarının Azərbaycan dövlətçiliyinə verdiyi töhfə haqda ən etibarlı mənbə elə Rəsulzadənin özüdür. AXC-nin süqutundan sonra İosif Stalin “Bu ilyarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?” - deyə Məmməd Əmin Rəsulzadədən soruşur. “Çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüzillik əsarət dərsi ilə ikiillik hürriyyət qovğası bizi özümüzə tanıtdı” - deyə Rəsulzadə cavab verir.
Həmin dövrü dəyərləndirən Heydər Əliyev Rəsulzadədən fərqli heç nə demir: “AXC gərgin şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında tariximizin ən parlaq səhifələrindən biri kimi qalacaq. Ən əsası odur ki, AXC az yaşasa da, xalqımızda müstəqillik fikirlərini və azadlıq duyğularını gücləndirmiş oldu”.
Xalqa “çox şey verə bilmədiyinə” görə M.Rəsulzadəni heç kim mühakimə edə bilməz. Dövr gərgin idi. Obyektiv amillər həllediciydi. Hər şeydən öncə, dünya güclərinin Cənubi Qafqazda müstəqil dövlətlər görmək planı yoxdu. Subyektiv amillər təcrübə və peşəkarlıq ilə birbaşa bağlıydı.
Qeyd edim ki, bu yerdə “dövlət və hakimiyyət başqa-başqa anlayışlardır” mülahizəsi artıq keçərliliyini itirir. Müstəqilliyini yenicə elan etmiş ölkədə hakimiyyət dövlətin mühüm, həlledici və onu tamamlayan atributu rolunu oynayır. Hakimiyyəti qurmadan dövləti qurmaq olmur. Cümhuriyyət qurucuları məhz belə bir acı gerçəkliklə üzləşmişdilər. Hakimiyyəti qura bilən təcrübə sahibi, hakimiyyət ustası yox idi. 23 ay ərzində 5 dəfə, demək olar, üç-dörd aydan bir hökumətin istefaya göndərilməsini başqa cür necə izah etmək olardı? Doxsanıncı illərdə Ayaz Mütəllibovla Əbülfəz Elçibəy də məhz təcrübəsizlikdən və səbatsızlıqdan eyni aqibətə - iflasa məhkum idilər...
Rəsulzadədən fərqli olaraq, Heydər Əliyev ictimai-siyasi və dövlət xadimidir. Dövlət xadimi öz siyasi baxışlarını quruculuq relsləri üzərinə kökləyir, hakimiyyətini qurur və dövlət maşınını yığıb sazlayır və işlək duruma gətirir.
Mən tarixi şəxsiyyətləri qarşı-qarşıya qoymağı yanlış və zərərli hesab edirəm. Hər ikisi Azərbaycan naminə mücadilə verib. Vuruşub, döyüşüb. Müxtəlif şərtlər altında, fərqli vasitələrlə. M.Rəsulzadə qələmilə silahlanıb. Heydər Əliyev hakimiyyətin verdiyi ən kiçik şansı belə milli maraqlarımıza yönləndirib. Rəsulzadə bədii-fəlsəfi əsərlər yazıb. Heydər Əliyev unikal idarəçilik və dövlətçilik dərslikləri yaradıb. M.Rəsulzadə xalqımızın milli-mənəvi böyüklüyünü tərənnüm edib. Heydər Əliyev milli-mənəvi böyüklüyümüzü siyasi müstəvidə canlandırıb və s.
Mülahizələri genişləndirmək və davam etdirmək mümkündür. Amma mənim bəlli və birmənalı siyasi mövqeyim var. Nə və necə deməyimdən asılı olmayaraq, fikirlərim qərəzli təsir bağışlaya bilər. Razılaşaq ki, ən etibarlı mənbə ilkin mənbədir. Heydər Əliyev haqqında özü dolğun təsəvvür yaradır. Məmmədəmin Rəsulzadə və silahdaşlarından fərqli olaraq, Heydər Əliyev Azərbaycan xalqına çox şey verə bildi...
Tarixi bir sənəd var: 1 oktyabr, 2003-cü il, “Azərbaycan xalqına müraciət”.
Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyinin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyinin 10 ili tamam olduğu bu tarixi dönəmdə Heydər Əliyev deyir: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu illərdə xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə bilmişik.
İlk növbədə, dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq.
İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq.
Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik”.
Heydər Əliyev Azərbaycan xalqı üçün taleyüklü məsələni həll etməyi bacardı - müstəqilliyimizin dönməzliyini təmin etdi.
Bəzi şeyləri isə verə bilmədi: “Xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik”.
Bəzi işlərini tamamlaya bilmədi.
Səbəbini izah edir: “Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım”.
Nikbinlik üçün əsaslar var: çünki “tamamlanmamış planlar nəticəsi və perspektivi aydın görünən işlərdir”...
Yekunlaşdırsaq, Heydər Əliyev Azərbaycan dövlətçiliyi üçün əvəzsiz xidmətlər göstərmiş ən Böyük Azərbaycanlıdır.
Cümhuriyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsinə gəlincə...
Müasir və müstəqil Azərbaycan dövlətinin mövcudluğu cümhuriyyət xadimlərinin şəninə ucalan ən böyük abidədir.
Abidənin bir şəriksiz memarı var: Heydər Əliyev.
“525-ci qəzet”
20.04.2017
Müəllifin digər məqalələri:
Xarici təzyiqlərə boyun əyməməyin qüruru və düsturu…
Vətəndaş öhdəliyindən irəli gələn...
26.09.2024 [16:17]
Xəbər lenti
Hamısına baxDünya
08 Dekabr 23:49
Xəbər lenti
08 Dekabr 22:58
Xəbər lenti
08 Dekabr 22:16
Elm
08 Dekabr 21:54
Dünya
08 Dekabr 21:13
Dünya
08 Dekabr 20:43
COP29
08 Dekabr 20:17
İdman
08 Dekabr 19:54
Dünya
08 Dekabr 19:21
Dünya
08 Dekabr 18:52
Elm
08 Dekabr 18:27
Xəbər lenti
08 Dekabr 17:54
COP29
08 Dekabr 17:23
Hərbi
08 Dekabr 16:59
Dünya
08 Dekabr 16:21
Dünya
08 Dekabr 15:49
Dünya
08 Dekabr 15:18
Siyasət
08 Dekabr 14:55
Sosial
08 Dekabr 14:23
Siyasət
08 Dekabr 13:47
Xəbər lenti
08 Dekabr 13:29
Dünya
08 Dekabr 13:16
Dünya
08 Dekabr 12:54
Xəbər lenti
08 Dekabr 12:47
Dünya
08 Dekabr 12:45
Dünya
08 Dekabr 12:44
Dünya
08 Dekabr 12:42
Dünya
08 Dekabr 12:22
Dünya
08 Dekabr 11:41
Dünya
08 Dekabr 11:19
Dünya
08 Dekabr 10:58
Hadisə
08 Dekabr 10:36
Dünya
08 Dekabr 09:25
Dünya
08 Dekabr 08:32
İdman
07 Dekabr 23:38
Dünya
07 Dekabr 23:14
Siyasət
07 Dekabr 22:45
İdman
07 Dekabr 22:19
COP29
07 Dekabr 21:46
Dünya
07 Dekabr 21:23
Dünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35