Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ali Baş Komandan doğru bildiyi zamanda düşmənə savaş elan etdi

Ali Baş Komandan doğru bildiyi zamanda düşmənə savaş elan etdi

05.11.2021 [10:56]

“Qarabağ savaşı razılıqla baş tutub”-deyənlərə “göz yuman”lar niyə 28 il gözləyirdilər ki?

Azərbaycan əsgərinin, zabitinin, bütövlükdə Ordusunun Qarabağı düşməndən azad etməsi faktına kölgə salacaq fikirlərdən, tezislərdən, arqumentlərdən uzaq olmaq lazımdır

44 günlük Milli Qürur Savaşımızın, müqəddəs müharibəmizin ildönümü yaxınlaşır. Hadisələrə bir qədər uzaqdan baxınca, müharibə barədə fikir mübadiləsi apararkən cəmiyyətdə müxtəlif mülahizələr səslənir. Bu müharibəyə “izn verilməsi” tezisi xalq olaraq tərəfimizdən qəbul olunmasa da, bu fikri ortaya atıb, qələbəmizə kölgə salmaq istəyənlər var.  “Qarabağ savaşı razılıqla baş tutub” çirkin tezisinə  müxalifət partiyasının da yanaşmasını öyrənmək istədik. Müsahibimiz siyasi ekspert, AY Partiya başqanının müavini Rəşad Bakuvidir.

- Bəzi qüvvələr cəmiyyəti inandırmağa çalışırlar ki, Azərbaycan mövcud geosiyasi reallıqları qəbul etməlidir. Yaxud Rusiyanın torpaqlarımızda müvəqqəti yerləşdirilmiş sülhməramlı qoşunları barədə hər fikir populizm təəssüratı yaradır və s. 

- Əvvəla, özünü siyasət adamı hesab edən, siyasətlə məşğul olan hər kəs başa düşməlidir ki, “populizm” sözünün özü siyasi termindir və siyasətçinin populist  tezislərinin olması normaldır. Populizm - xalqın maraqlarının cəmiyyətdə hər hansı cəhətdən məhdudlaşdırılmasının qarşısının alınması və xalqın xeyrini düşündüyünü önə sürərək edilən fəlsəfi çıxış və ya ifadədir. Əsasən siyasi partiyaların hakimiyyətə gəlmək üçün istifadə etdikləri üsuldur. Başqa sözlə, populizm demokratiyanın olmadığını və ya demokratiyanın zəif nöqtələrini göstərərək, mövcud ideologiyaya qarşı çıxmaq, onu tənqid etmək deməkdir.

İndi gələk əsas məsələyə. Mən xatırlatmaq istəyirəm ki, Ermənistan-Rusiya hərbi maşını birlikdə Azərbaycan ordusunu öz suveren ərazilərindən qovaraq, 28 il ərzində səngərin bir ucunu Murovda, bir ucunu Tərtərdə, bir ucunu Ağcabədi-Xocavənd sınırında, bir ucunu da Füzuli rayonunun qurtaracağında qazmışdı. Nə az, nə çox, düz 28 il. O illərdə reallıq, status-kvo ondan ibarət idi ki, biz öz torpaqlarımıza doğru 1 kilometr belə, irəliləyə bilmirdik. Onda belə çıxır ki, həmin vəziyyətlə barışmalı idik, Rusiyanın və digər ölkələrin bizə zorən qəbul etdirməyə çalışdıqları “reallıqlara” boyun əyib, hansısa xain sülh müqaviləsi ilə torpaqlarımızın ermənilərə bağışlanmasına razı olmalıydıq?

Əvəzində biz nə etdik? Ali Baş Komandan siyasi iradə nümayiş etdirməklə, Ordunu gücləndirməklə, arsenalımızı müasir silahlarla təchiz etməklə, doğru müttəfiqlər seçərək, o cümlədən xalqın, cəmiyyətin, siyasi partiyaların həmrəyliyi fonunda doğru bildiyi zamanda düşmənə savaş elan etdi, bununla da Rusiyanın, ABŞ-ın, Fransanın və Ermənistanın bütün məkrli oyunbazlıqlarını, planlarını pozduq, darmadağın elədik, coğrafiyanın gerçək sahibinin kim olduğunu bütün dünyaya sübut etdik. Kimsə düşünməsin ki, guya II Qarabağ Savaşı kimlərinsə göz yumması, icazəsi, razılığı əsasında baş tutub. Belə razılıq, göz yummaq, ürəkağrısı, rəhm, sevgi, mərhəmət azərbaycanlılara qarşı var idisə, o zaman həmin dövlətlər niyə 28 il gözləyirdilər ki? Göz yumaydılar, biz də gedib torpaqlarımızı işğaldan azad edərdik! Bəzən insanlar elə sakit, rahat danışırlar ki, elə bil gerçəkdən hər şey bu qəliz regionda elə Moskva üçün də, Vaşinqton üçün də, Paris üçün də bir udum su kimi sadə imiş, elə danışırlar, sanki daşları oyun taxtasına özləri düzüblər...  

- Sadə deyil, bu məlumdur. Bəs onsuz da qəliz vəziyyəti bir az da qəlizləşdirən kim idi?

- Əgər sadə olsaydı, hələ ötən il, müharibənin başlamasına bir ay qalmış Sergey Lavrov tələsikliyə, əl-ayağa düşüb Azərbaycana heç bir halda sərf etməyən “5+2 həlli”ni təklif etməzdi, bəri başdan əl sıxıb, “gedin torpaqlarınızı düşmən bildiklərinizdən təmizləyin” deyərdi. Əgər Moskva üçün hər şey o qədər rahat idisə, 44 günlük savaşın gedişatında üç dəfə atəşkəsə cəhd olunmazdı. Niyə çox uzağa gedirik, əgər Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsinə göz yuman olsaydılar, bunu məhz vəziyyətin kritik həddə qədər qəlizləşdiyi 2016-cı il 4 günlük Aprel Savaşında edərdi, halbuki, etdiyi iş, sadəcə başlayan savaşı dayandırmaq və irəliləyən Azərbaycan Ordusunu xahiş-minnətlə durdurmaq oldu. Fakt budur ki, dünya ölkələri Azərbaycana qarşı hər zaman ikili oynayıb və öz torpaqlarını işğaldan azad etməsini istəməyib.

Rəsmi Kremldən olsaydı, Azərbaycan Ordusunun nə Lələtəpədən, nə Tərtərdən, nə də Murovdan o yana 5 km irəliləməsi mümkün olmazdı, yaxud çox çətin olardı. Azərbaycan dövləti bütün xalqı, cəmiyyəti, siyasi cameəni mobilizə edərək, Ordunu vacib döyüşə hazırlayaraq müttəfiqləri qardaş Türkiyə, Pakistan, İsrail, Ukrayna və Böyük Britaniya ilə birlikdə 30 illik ədalətsizliyə son qoydu, Qarabağda qeyri-qanuni erməni hərbi dominantlığını darmadağın etdi.

Müharibənin gedişində Rusiyanın müvəqqəti sülhməramlı kontingenti ilə Qarabağa yerləşməsini isə, nə qədər də arzulamasaq da, istəməsək də, mütləq ki, bunun da hansısa əsaslı səbəbi olub. Bildiyimiz Rusiya beynəlxalq hüquqa məhəl qoymayaraq, hər yerə har hansı şərtlər olmadan birbaşa hərbi müdaxilə edir, necə ki Gürcüstana, Ukraynaya etmişdi. Ancaq Azərbaycana daxil olmaq üçün Ağdam, Laçın, Kəlbəcərin qansız, çəhidsiz azad olunması bir yana, üstəlik Zəngəzur dəhlizi, Türkiyənin Azərbaycanın hərbi-siyasi müttəfiqi kimi tanınması da şərtlər arasında idi.

- Qarabağda zəfərimizin elə “özümüzünkülər” tərəfindən həzm edilməməsinin də yəqin bir səbəbi var...

- Azərbaycan əsgərinin, zabitinin, bütövlükdə Ordusunun Qarabağı düşməndən azad etməsi faktına kölgə salacaq fikirlərdən, tezislərdən, arqumentlərdən uzaq olmaq lazımdır. Bunu danışan adamların ya baş verənlərdən zərrə qədər məlumatı yoxdur, ya da özlərini artistliyə qoyur, qərəzli yanaşma ilə süni gündəm yaratmağa cəhd edirlər.

II Qarabağ müharibəsinin tarixi zəfərlə bitməsinin Azərbaycanda ortağı çoxdur. Ali Baş Komandan başda olmaqla Müzəffər Ordumuz, xalqımız, cəmiyyətimiz, siyasi institutlarımız, partiyalarımız, mediamız başımızı dikəldən, alnımızı ləkədən təmizləyən bu qələbənin memarı olmağı bacardılar. 

Qarabağı dağ kimi xalqına söykənən Azərbaycan Ordusu dişiylə-dırnağıyla işğaldan azad edib! Məhz elə Moskvaya, Vaşinqtona, Parisə rəğmən işğaldan azad edib, Azərbaycan generalları, hərbi gücü və döyüşməyi bacaran qəhrəman oğulları öz canı, qanı ilə azad edib torpaqlarımızı. Hər kəs bunu belə bilsin.

İlhamə

 

 

 

Paylaş
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31