Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İran Aİİ-yə üzv olacaqmı?

İran Aİİ-yə üzv olacaqmı?

06.06.2024 [10:48]

Tehran müşahidəçi üzv olmaq üçün təşkilata rəsmi müraciət edib

Vüqar Bayramov: Bu üzvlük Aİİ-nin fəaliyyətində ciddi dəyişikliklərə səbəb olmayacaq

İran İslam Respublikası Avrasiya İqtisadi İttifaqına müşahidəçi üzv olmaq istəyir. Avrasiya Hökumətlərarası Şurasının son iclasında Avrasiya İqtisadi Komissiyasının sədri Bakitjan Saqintayev bildirib ki, İran bu platformada müşahidəçi olmaq üçün Aİİ-yə müraciət ünvanlayıb: “Mayın 27-də müraciət daxil olub, müvafiq prosedurlara başlayırıq”.

Sözügedən iclasda Belarusun Baş naziri Roman Qolovçenko da Aİİ-nin azad ticarət zonası haqda sazişlər imzalamağa başlamalı olduğu ölkələr və regional ticarət birliklərinin siyahısının yaradılmasını zəruri hesab edib. O vurğulayıb ki, bu gün dünyada Aİİ ilə əməkdaşlığa hazır olan çoxlu dövlətlər var. Bunlar, ilk növbədə, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Monqolustandır. Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk isə deyib ki, müəyyən prosedurlar var, əgər onlara əməl olunarsa, İranın Aİİ-də müşahidəsi ilə bağlı qərarın bu il dekabrın sonunda verilməsi mümkündür.

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus tərəfindən yaradılıb. Növbəti mərhələdə Ermənistan və Qırğızıstan da  bu təşkilata qoşulub. 2020-ci ildə isə Özbəkistan və Kuba Aİİ-də müşahidəçi statusu alıb.

Yeri gəlmişkən, ötən ayın 8-də Moskvada Avrasiya İqtisadi İttifaqının  yaradılmasının 10 illiyinə həsr olunmuş sammit keçirilib. Tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan prezidentləri və Ermənistanın baş naziri iştirak ediblər. Rusiya Prezidenti Vladimir Putin, Aİİ-nin Ali İqtisadi Şurasının iclasında bildirib ki, Avrasiya İqtisadi İttifaqındakı hesablaşmaların 90 faizindən çoxu milli valyutalarda aparılır. Onun sözlərinə görə, 10 il ərzində Avrasiya İqtisadi İttifaqı ölkələrinin ümumi ÜDM-i 1,6 trilyondan 2,5 trilyon dollara yüksəlib. “Qarşılıqlı ticarətin həcmi 45 milyard dollardan 89 milyard dollara qədər olmaqla, iki dəfə artıb. Üstəlik, hesablaşmaların 90 faizindən çoxu artıq milli valyutalarda aparılır”, - deyə V.Putin qeyd edib.

İrana gəlincə, hələ 2015-ci ildən etibarən bu ölkənin Aİİ-yə üzv olması ilə bağlı ehtimallar səslənir. Aİİ üzvləri ilə yanaşı İran rəsmiləri də ötən illər ərzində  rəsmi Tehranın təşkilata üzvlük perspektivləri haqqında müxtəlif fikirlər bildiriblər. Nəhayət, İran Aİİ-yə müşahidəçi üzv olmaq üçün rəsmi müraciət etdi.

Bəs, İranın müşahidəçi üzv olması üçün hansı prosedurlara əməl olunmalıdır və bu üzvlük tərəflərə nə verəcək? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, hər hansı ölkənin Aİİ-ə üzvlüyü həmin qurumun üzvlərinin yekdil  dəstəyi ilə mümkündür. Üzvlüyə müraciət üçün müvafiq qaydaların olduğunu deyən millət vəkilinin sözlərinə görə, müraciət təşkilatın qərargahı və protokol idarəsi tərəfindən qiymətləndirilir. Qiymətləndirmə aparıldıqdan sonra artıq ilkin rəy verilir və həmin rəy əsasında müvafiq qərar qəbul olunur.

V.Bayramov qeyd edib ki,  İranın Aİİ-ə üzvlüyü  uzun müddətdir müzakirə edilsə də, hələ yekun nəticə yoxdur: “İran Rusiya ilə münasibətləri genişləndirməyə çalışır. Hər iki ölkənin Qərblə münasibətlərində gərginlik var. Qərb dövlətləri İranla Rusiyaya qarşı kifayət qədər ağır sanksiyalar tətbiq edib. Sanksiyalardan əziyyət çəkən İran bu təşkilata üzv olmağa çalışır. Nəzərə almaq lazımdır ki, İranla Qərb arasında gərginlik daha da artmaqdadır. İranın Aİİ-yə qoşulması təşkilat çərçivəsində üzvlərin sayının və ÜDM-nin artmasına gətirib çıxaracaq. Amma bu amil birliyin fəaliyyətində ciddi dəyişikliklərə səbəb olmayacaq. Çünki Qərblə gərgin münasibətlər texnologiya və innovasiyaların cəlb edilməsində çətinliklər yaradır. Bu amil sürətli iqtisadi inkişafa əngəldir”.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30