Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / NATO müharibəyə qoşulacaqmı?

NATO müharibəyə qoşulacaqmı?

08.06.2024 [10:45]

Macarıstandan “hələ vaxt var” xəbərdarlığı

Avropa İttifaqı (Aİ) və Şimali Atlantika Alyansı (NATO) daxilində müxtəlif məsələlərə münasibətdə fikir ayrılığı dərinləşir. Bu, xüsusilə də sonu görünməyən Rusiya-Ukrayna müharibəsinə münasibətdə daha qabarıq şəkildə nəzərə çarpır. Macarıstanın fərqli yanaşması buna misaldır.  Bu ölkə rəsmiləri NATO-nun Rusiya-Ukrayna müharibəsində mümkün iştirakına etirazlarını bildirirlər.  Bu günlərdə Macarıstanın Baş naziri Viktor Orban “Mandiner” jurnalına müsahibəsində ölkəsinin fərqli yanaşmasını növbəti dəfə diqqətə çatdırıb.

NATO-nun müharibəyə qoşulmaq riskləri

Rusiya-Ukrayna müharibəsinin ilkin fazasında Avropa İttifaqına və NATO-ya daxil olan ölkələr müharibədə birbaşa iştiraklarını istisna edirdilər. Kollektiv Qərb missiyasını Ukraynaya silah-sursat göndərməkdə, maliyyə vəsaitləri ayırmaqda və siyasi dəstək verməkdə görürdü. Qərbdən gələn bəyanatlarda bildirilirdi ki, Rusiyaya qarşı “yorucu müharibə”  başlayıb. Ümumi qənaət belə idi ki, siyasi təzyiqlər və bir neçə mərhələdə tətbiq edilən sanksiyalar Rusiyanı taqətdən salacaq və geri çəkilməyə məcbur edəcək. Ancaq vaxt uzansa da, gözləntilər özünü doğrultmur ki, bu da Qərb dairələrində narahatlıq yaradır. 

Son günlərdə Aİ və NATO üzvü olan ayrı-ayrı ölkələrin müharibənin əvvəlində tutduqları mövqedən geri çəkildikləri aydın şəkildə sezilir. O cümlədən siyasi bəyanatların ritorikası sərtləşdirilib. Ukraynaya hərbi dəstəyin miqyasının genişləndiriləcəyi bildirilir. Bəzi ölkələr Ukrayanaya tədarük etdikləri silahlarla Rusiya ərazilərinin vurulmasına razılıq veriblər. 

Eyni zamanda, NATO-nun müharibədə birbaşa mümkün iştirakı ilə bağlı xəbərlər dövriyyəyə buraxılır. Əlbəttə, belə xəbərlərin yayılmasında məqsədlərdən biri nəbz yoxlamaq və ictimai rəy formalaşdırmaqdır. Ancaq konkret müharibə hazırlıqları aparıldığı da acı reallıqdır. Yayılan son məlumatlarda bildirilir ki, NATO ölkələri Rusiya ilə birbaşa münaqişə vəziyyətində qoşunları ABŞ-dan Avropaya sürətlə köçürmək planı hazırlayır. “The Telegraph” qəzetində dərc olunan məqalədə qeyd olunub ki, NATO Avropada Rusiya ilə böyük müharibə baş verəcəyi təqdirdə amerikalı hərbçiləri və zirehli texnikanı tez bir zamanda cəbhə xəttinə yeritmək üçün çoxsaylı “yerüstü dəhlizlər” üzərində işləyir.

ABŞ silahlı qüvvələri əvvəlcədən müəyyən edilən beş limandan birinə, daha sonra isə logistik marşrutlar üzrə təyinat məntəqələrinə çatdırılacaq. Nəşrin mənbələrinin məlumatına görə, NATO-nun hazırkı planları Amerika qoşunlarının Niderlanda, oradan isə dəmir yolu ilə Almaniyadan keçməklə Polşaya daşınmasını nəzərdə tutur. Alyans bu məqsədlə Norveç, İtaliya, Yunanıstan, Türkiyə, İsveç, Finlandiya və Baltikyanı ölkələrin limanlarından da istifadə etməyi planlaşdırır.

Dünən isə Finlandiyaya səfər çərçivəsində bu ölkənin Prezidenti Aleksandr Stubb ilə keçirdiyi birgə mətbuat konfransında NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur. Stoltenberqin mövqeyini təkrarlayan Stubb Finlandiyanın da Ukraynaya qoşun göndərmək planının olmadığını söyləyib. O, Finlandiyanın müttəfiqləri ilə birgə Ukraynaya dəstək məsələsinə dair müzakirələr aparıldığını vurğulayıb.

Budapeştdən kəskin etiraz

Mümkün NATO-Rusiya qarşıdurmasının necə böyük fəsadlara yol açacağını təsəvvür etmək çətin deyil. Buna görə də belə bir ehtimalın qarşısını bəri başdan almaq lazımdır.  Xatırladaq ki, bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijarto NATO-nun hazırda Rusiya Federasiyası ilə silahlı münaqişəyə hazırlaşdığı barədə xəbərdarlıq etmişdi. O bildirib ki, beynəlxalq ictimaiyyətin NATO ilə Rusiya arasında müharibənin qarşısını almaq üçün “hələ vaxtı var”. “Macarıstan Ukraynada hərbi əməliyyatların genişlənməsinə və qaçılmaz dünya müharibəsi təhlükəsinə səbəb ola biləcək hər hansı təkliflərə qarşı çıxacaq”, - deyə Peter Szijarto “Facebook” hesabında yaydığı videomüraciətində bildirib.

Baş nazir Viktor Orban ölkəsinin narahatlığını yenidən gündəmə gətirib. “Gələcək baş katiblə razılaşmaq istərdik ki, NATO üzvü olsaq belə, Ukraynada ruslara qarşı NATO əməliyyatlarında iştirak etməyəcəyik. Biz üzvlüyümüzü qoruyub saxlayacağıq, lakin NATO ərazisindən kənarda hərbi fəaliyyətlərdə iştirak etmək istəmirik və buna imkanımız olmalıdır. Biz bunun siyasi cəhətdən məqbul, təqdim edilə bilən mövqe kimi elan olunmasını gözləyirik”, - deyə o, müsahibəsində bildirib.

Viktor Orban qeyd edib ki, bu məsələdə Macarıstan NATO-nun baş katibi postuna namizəd, Niderlandın baş naziri səlahiyyətlərini icra edən Mark Rutte ilə razı deyil: “Biz bütün üzv dövlətlərə alyansın ərazisindən kənarda hərbi əməliyyatlarda iştirak etmək öhdəliyi qoyan NATO-nun baş katibini dəstəkləyə bilmərik”.

O, həmçinin xatırladıb ki, rəsmi Budapeşt Macarıstanın diz çökdürülməsini və Avropa İttifaqından çıxarılmasını təklif edən Ruttenin namizədliyinə qarşıdır. Qeyd edək ki, Macarıstan alyansın Baş katibi vəzifəsinə namizəd kimi Rumıniya prezidenti Klaus İohannisi dəstəkləyir. Stoltenberqin səlahiyyət müddəti isə oktyabrın 1-də başa çatacaq.

Təbii ki, Macarıstanın yüksək səviyyəli rəsmilərinin bu məzmunlu bəyanatlar vermələri Aİ və NATO daxilində anlayışla qarşılanmır. Son vaxtlarda hər iki qurumda Macarıstana hansı yollarlasa təzyiqlər göstərməyə, bu ölkəni cəsarətli mövqeyindən çəkindirməyə çağırışlar edilir. Bu çağırşların səsləndirilməsi isə özlüyündə Qərb təsisatlarının selektiv yanaşmalarını bir daha nümayiş etdirir.

MÜBARİZ

Paylaş:
Baxılıb: 173 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30