Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AP-nin tərkibi dəyişir - tarix təkrar olunurmu? 

AP-nin tərkibi dəyişir - tarix təkrar olunurmu? 

13.06.2024 [10:30]

Son seçkilərin yaratdığı siyasi mənzərə...

Avropanın siyasi simasında baş verən dəyişikliklər son 10 ildə daha kəskin hal almaqda və artan xəttlə inkişaf etməkdədir. Sirr deyil ki, özünü “hegemoniya ansamblı”ndan kənarda saxlamamaq üçün səfərbər olan Avropada münasibətlər sistemi daha çox irrasional faktorlarla əhatə olunur. Post-Merkel dövründən etibarən isə lidersizlik, bunun fonunda ideoloji boşluqlar, sistemsizlik, təşəbbüslərin önündə yer almaq əvəzinə arxasında qalmaq, “dəstəkçi qrup” mahiyyəti “qazanmaq”, imperialist maraqların qeyri-demokratik şərtlərlə “sərgilənməsi” kimi qeyri-adekvat hallar “göz oxşayır”. Bu isə çox mənfi təzahürlərə yol açır - liberal cəmiyyət quruculuğundan millətçi ideoloji xəttə keçid Avropa üçün heç də yaxşı gələcək vəd edə bilməz. 

Son 20 ildə kim geri qaldı, kim önə çıxdı...

Avropa İttifaqının ən mühüm strukturlarından sayılan və qanunverici mahiyyət daşıyan Avropa Parlamenti “qoca qitə”nin gələcək planlaşdırması, siyasi və iqtisadi imkanlarının araşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu quruma seçilən üzvlər öz fəaliyyətlərini milli parlamentlərdən azad bir formada təmsil etsələr belə, ideoloji əsaslandırmada məhz onları “seçən” cəmiyyətin mahiyyətini əks etdirirlər. Başqa sözlə, bu parlament qrupunda təmsil olunan deputatların siyasi yönü seçici istəyindən asılı olaraq müəyyənləşmiş olur. Nəzərə alsaq ki, Avropa Parlamenti Avropa Komissiyasının proqramına səs verir və xüsusilə Komissiya və Şuraya şifahi və yazılı suallar istiqamətləndirərək Avropa siyasətlərinin gündəlik fəaliyyətini izləyir, demək ki, bütövlükdə “Qərb yanaşması”nın ana xətti məhz bu qurumla birbaşa əlaqəlidir. 

Statistikaya nəzər salsaq, 2003-cü ilin fevral ayında qüvvəyə minən və Aİ-nin yaradılmasını özündə ehtiva edən Maastrixt sazişinə düzəliş kimi tarixə düşmüş Nitsa Anlaşması çərçivəsində Avropa Parlamentindəki kreslo sayı 626-dan 732-yə yüksəldi - bu qurumun daha yüksək işlək mexanizm qazanması üçün atılan bir addım idi. Parlamentdəki kreslo yayılmasının yeni qatılan ölkələri də əhatə etməsi nəticəsində Almaniya 99, Fransa 88, İtaliya 78, İngiltərə 78, İspaniya 54, Polşa 54, Hollandiya 27, Belçika 24, Çex Respublikası 24, Yunanıstan 24, Macarıstan 24, Portuqaliya 24, İsveç 19, Avstriya 18, Danimarka 14, Slovakiya 14, Finlandiya 14, İrlandiya 13, Latviya 13, Litva 9, Sloveniya 7, Estoniya 6, Kipr 6, Lüksemburq 6, Malta 5 yer qazandı. 

Avroparlamentə 2004-cü ildən bu yana keçirilən seçkilərin statistikana baxsaq maraqlı bir mənzərə ilə qarşılaşırıq - 2004-2009-cu illərdə fəaliyyət göstərən Avroparlamentin 5,6 faizini kommunist sollar, 27,3 faizini sosial demokratlar (sol təmayül), 5,8 faizini yaşıllar və regionçular, 12 faizini isə liberallar qazanmışdı. Xristian demokratların təmsilçilik hüququ 36,7 faiz idi. Sağ təmayülün təmsilçiliyi isə yox səviyyəsində idi. 

2019-cu ildə seçilən Avroparlamentin statistikasına baxsaq ki, sol təmayüllü sosial-demokratların təmsilçilik hüququ 21 faizə enmişdi. Beləliklə, sağ mərkəzçi qüvvələr artıq yavaş-yavaş Avropanın idarəçilik “sükan”ını əldə edirdi. Bir neçə gün öncə keçirilən son seçkilərdə sağ mərkəzçilərin (bəzi hallarda qatı millətçilərin) önə çıxması Avropanın tükürpədici mənzərəsinin yeni ştrixlərini ortaya qoyur. 

Aparıcı dövlətlərdə vəziyyət dəyişib...

Bu seçkilər həm də ona görə xüsusi anlam daşıyırdı ki, BREXİT-dən sonrakı ilk Avroparlament seçkisi idi. Almaniyada ifrat sağçı partiya olan Almaniya üçün alternativ səslərin 16 faizə yaxınını qazanaraq Avroparlamentdə 15 yer qazanıb. Fransada isə qatı sağçı Milli Birlik partiyası Avropa Parlamentinə keçirilən seçkilərdə 31,8 faiz səs toplayıb.  Belçikada isə mandatların 3-nü sağçılar, 3-nü isə liberallar qazanıb. Hətta baş nazir Aleksandr De Kros seçkilərdən sonra istefa verib. İspaniyada isə sağ mərkəzçi müxalif partiya Xalq Partiyası avroparlemntdə 22 deputatla təmsil olunmaq haqqını əldə edib. Sosial Demokratlar təxminən əvvəlki nəticədə (134 yer) qalsalar, o zaman “Yeniləşən Avropa” liberal alyansı 23 mandatını itirərək məğlub oldu. Düzdür, “sağ dönüşə” baxmayaraq, Avropa Parlamentində dominant qüvvələr Xristian Demokratlar və Sosialistlər olaraq qalırlar - ən güclü fraksiya isə təxminən 185 yer alacaq sağ mərkəzçi “Avropa Xalq Partiyası” olaraq qalır. Avropa Birliyinin bir çox aparıcı ölkələrində ifrat sağçılar keçən dəfəkindən xeyli çox səs toplayıb. Siyasi ekspertlərin gözləntiləri bu mənada özünü doğrultdu. Ən real fakt isə Fransada nəzərə çarpır - artıq Le Peni yeni prezident kimi təbrik edənlər belə tapılır. 

İtaliyada da vəziyyət dəyişib - Baş nazir Giorgi Melonun İtaliya Qardaşları partiyası əvvəlki ümumavropa seçki kampaniyası ilə müqayisədə dörd dəfədən çox səs toplayıb. Əgər 2019-cu ildə cəmi 6,44 faiz- səs almışdısa, bu dəfə partiya 28,59 faizlə seçiklərə liderlik edib. Beləliklə sağ qüvvələrin ən böyük uğurları ən böyük Avropa ölkələrini əhatə edib - Fransa, İtaliya və Almaniyanın sağ mərkəzçi qüvvələrinin sayı Avropa Parlamentindəki fraksiyalar üzrə 13 yer artıb. 

Yeni dünya müharibəsi? 

Səslənən faktlar bəzi maraqlı təhlillərə yol açıb. Avropanın aparıcı siyasi analitikləri baş verənləri ötən əsrin ikinci rübündə Mərkəzi Avropada millətçi kontingentin siyasi elitaya daşınması ilə müqayisə edib. Onların fikrincə, İkinci Dünya müharibəsi öncəsi Avropanın siyasi atlası müəyyən mənada özünü təkrar edə bilər - başqa sözlə, dövlətlərin yerli seçkilərində millətçi, ifrat sağ mərkəzçi qüvvələr tam iqtidarı ələ ala bilər. Bu isə təhlükəli hal kimi qiymətləndirilib. 

Siyasi təhlilçilərin fikrincə, vaxtilə Adolf Hitlerin rəhbərlik etdiyi “Nasional Sosialist Alman Fəhlə Partiyası” da 1930-cu il seçkilərində 18,3 faiz səs toplayaraq 107 yerə, 5 mart 1933-cü ildə keçirilmiş seçkilərdə isə səslərin 43,9 faizini toplayaraq 288 yerə sahib olmuşdu və Reyxstaqda hakim partiyaya çevrilmişdi. Hətta İtaliyanın ötən əsrin ikinci onilliyindən sonrakı vəziyyətinin də analogiyası xatırlanır. Beləliklə, ortaya maraq doğuran sual çıxır - tarix təkrarlanırmı? Bu təkrarın isə dünya üçün nələr vəd etdiyini yalnız yaşayaraq görmək mümkündür...

Azərbaycana münasibətdə...

Beynəlxalq araşdırmaçılar Avroparlamentin, dolayısı ilə Aİ-nin siyasi hədəflərinin ən yaxın tarix üçün “refreş” edilməyəcəyini düşünür. İndiki məqamda özünün siyasi, iqtisadi və hərbi gücünü artırmaq istiqamətində prioritetlərini müəyyənləşdirməli olan Avropa məkanı üçün çətin anlar yaşanır - Ukrayna-Rusiya müharibəsinin siyasi-iqtisadi təsirləri, ABŞ-ın hərbi üstünlüyü, bunun qarşılığında Avropanın kölgədə qalması faktları göz önündədir. 

Eyni zamanda, yeni parlamentin öz sələfinin siyasi kursunu davam etdirəcəyi düşünülür. Başqa sözlə, bu parlamentdə də fərqli lobbilərin nümayəndələrinin təsirləri açıq şəkildə hiss olunacaq, qeyri-real, hətta qeyri-demokratik qərar və qətnamələrin şahidi olacağıq. Çünki mahiyyətin dəyişməyəcəyi bütün kontekstlərdə açıqdır - xüsusilə, mərkəzçi Avropanın Şərqə münasibətində yeniliyin müşahidə edilməsinə ümid yoxdur. 

Hər bir halda Azərbaycana qarşı illərdir Avroparlamentin qərəzli münasibətinin sona çatmasını diləyirik - özünü demokartik dünya, demokratik qitə adlandıran Avropanın əsas parlamentinin bundan sonrakı müddətdə məsələlərə real baxış sərgiləməsi, hansısa kənar təsirlərə uymaması, məsələlərə hüquqi müstəvidən yanaşması arzuları ilə...

Paylaş:
Baxılıb: 220 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31