Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xankəndi dirçəlir...

Xankəndi dirçəlir...

25.06.2024 [10:10]

Ötən il sentyabrın 19-20-də keçirilən 23 saatlıq uğurlu lokal xarakterli antiterror tədbirlərində separatçılardan təmizlənən Xankəndidən daha bir xoş xəbər gəlib. Belə ki, Xankəndi prokurorluğunun inzibati binası istifadəyə verilib. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, inzibati binanın istifadəyə verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbirdə Baş prokuror Kamran Əliyev, Baş Prokurorluğun rəhbər şəxsləri, millət vəkilləri, QHT sədrləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhərin tarixi-milli siması özünə qaytarılır

Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın xanımı Pəricahan bəyimə hədiyyə olunub.

Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin Qarabağda, o cümlədən də Xankəndidə yerləşdirilməsinə baxmayaraq, yaşayış məntəqəsinin tarixi adı uzun müddət saxlanılıb.  Keçmiş sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verib. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunub. 1923-cü ilin sentyabrında şəhər  Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılıb. Cəmiyyətin tələbini nəzərə alan Azərbaycan SSR Ali Soveti isə 1991-ci ildə bəhs olunan yaşayış məntəqəsinin tarixi adının - Xankəndinin bərpa edilməsi ilə bağlı qərar imzalayıb.

Xankəndinin baş planı hələ sovet dövründə Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib və Azərbaycan SSR tərəfindən şəhərdə geniş tikinti işləri aparılıb. Amma işğaldan sonra şəhərin bütün mənzərəsi pozulub, baş plana uyğun olmayan yöndəmsiz binalar tikilib. Məsələn, bunlardan biri “Artsax parlamenti”nin binası adlanırdı. Binanın açılışı keçmiş separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü, yəni 2007-ci il sentyabrın 2-də olub. 

İşğal illərində ucaldılan digər bir bədnam tikili “veteranlar binası” və yaxud “Artsaxı azad etmiş döyüşçülər ittifaqının binası” adlandırılırdı. Xankəndi şəhərinin mərkəzi meydandakı “veteranlar binası”ının açılışı 2013-cü il mayın 8-də baş tutub. Bu tarix, əlbəttə ki, təsadüfi seçilməmişdi. Şuşa məhz 1992-ci il mayın 8-də işğal olunmuşdu. 

Uğurlu 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra vaxt itirilmədən Xankəndinin tarixi-milli simasının özünə qaytarılmasına və genişmiqyaslı quruculuq-abadlıq işlərinə start verilib. Artıq işğal illərində şəhərin simasına yamaq edilən binalar, saxta simvollar, xaçkarlar sökülüb. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Xankəndi də abdalıq-quruculuq meydanına çevrilib. Qarabağda suverenliyimizin bərpasından sonra eybəcər simvollardan təmizlənən tikililərdən biri Xankəndi şəhər stadionu oldu. Buradan qondarma bayrağın rəngləri ilə  bəzədilmiş oturacaqlar sökülərək yeniləri ilə əvəzləndi və digər zəruri işlər görüldü. Açılışa hazırlanan Xankəndi şəhər stadionunda 21 dekabr 2023-cü ildə Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ” və MOİK komandaları üz-üzə gəldilər. Yenidən qurulan stadionda topa ilk dəfə ayaq vuran isə Prezident İlham Əliyev oldu...

Hazırda şəhərdə abadlıq-quruculuq işləri davam etdirilir. Verilən məlumatlara görə, məlum hadisələr zamanı Xankəndidən təxminən 15 min azərbaycanlı  didərgin düşüb. Xankəndidən olan azərbaycanlıların da üç onillik ərzində yaşadıqları məşəqqətli qaçqınlıq və məcburi köçkünlük dövrünün sona çatacağı günə az qalıb. Növbəti mərhələdə Xankəndinə zamanında orada yaşamış soydaşlarımızın köçürülməsi həyata keçiriləcək. 

Prokurorluq orqanlarına göstərilən davamlı diqqət və qayğı

Xankəndi şəhər prokurorluğunun inzibati binasının istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Baş prokuror bildirib  ki, Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır: “Ümummilli Lider Heydər Əliyev, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdikləri daimi diqqət və qayğı hər zaman hiss olunub.

Ölkə Prezidentinin cari ilin 24 may tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğunun təsis edilməsi və qısa müddətdə qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi, habelə digər maddi-texniki təminatı məsələlərinin həlli bunun göstəricisidir” , - deyə Baş prokuror vurğulayıb.

İnzibati binanın istifadəyə verilməsini prokurorluq orqanlarının əməkdaşlarının əməyinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib. Binada vətəndaşların qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, dəftərxana və arxiv yaradılıb. Bina  bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31