“Birləşdik-2024” hərbi təlimi
19.07.2024 [10:25]
Mərkəzi Asiya ölkələrinin və Azərbaycan hərbçilərinin iştirak etdiyi təlim uğurla başa çatıb
Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər bu sahədə həyata keçirilən davamlı islahatların və məqsədyönlü tədbirlərin nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.
Məlum olduğu kimi, Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər də keçirir. Buna nümunə kimi Azərbaycan və Türkiyənin birgə hərbi təlimlər keçirməsini xatırlada bilərik. İki qardaş ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi artıq ənənə halını alıb. Bundan əlavə, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş-2021” hərbi təlimləri buna sübutdur. Eləcə də, Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimini də xatırlamaq olar.
Beynəlxalq əməkdaşlıq çərçivəsində daha bir hərbi təlim isə Qazaxıstanda keçirilib. İyulun 8-dən 17-dək Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətində Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın hərbi qüvvələrinin iştirakı ilə regional beynəlxalq təlimlər baş tutub. Qazaxıstanın Müdafiə Nazirliyinin məlumatına görə, təlimdə hərbi kontingentlər silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyatı hazırlayıb və həyata keçirib. Təlimlərə təxminən 4 min hərbi qulluqçu və 700-dək hərbi texnika cəlb olunub.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən “Birləşdik - 2024” əməliyyat-taktiki komanda-qərargah təlimi də keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Birləşdik-2024” beynəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri təmsil edib.
Birgə təlimin açılışı mərasimində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının təlimdə iştirak edən hərbi qulluqçularının təntənəli keçidi olub. Mərasimdə çıxış edənlər bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
İyulun 17-dək keçirilən təlimdə Azərbaycanı təmsil edən hərbçilər tapşırıqları uğurla yerinə yetiriblər. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da birgə təlimlə əlaqədar Qazaxıstanda səfərdə olub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın hərbi rəhbərliyi Xəzər dənizinin akvatoriyasının Tokmak burnuna gələrək təlimin sonuncu taktiki epizodunu izləyib. Təlim iştirakçıları Xəzər dənizinin sahilyanı sahəsinin akvatoriyasında qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetiriblər. “Birləşdik-2024” təlimində qarşıya qoyulan tapşırıqlar müasir döyüş üsulları nəzərə alınmaqla bütün qoşun növləri üzrə təlimə cəlb edilən şəxsi heyət tərəfindən yüksək peşəkarlıq və dəqiqliklə icra edilib.
Ssenariyə uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu qəzaya uğramış döyüş helikopterinin şəxsi heyətinin döyüş sahəsindən təxliyəsini həyata keçirib. Təlimin taktiki epizodu başa çatdıqdan sonra beynəlxalq təlimə cəlb edilən döyüş texnikası və aviasiya vasitələrinin təntənəli keçidi olub.
Daha sonra “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib. İştirakçı dövlətlərin hərbi rəhbərləri mərasimdə çıxış edərək ümumilikdə təlimin gedişatını, müasir döyüş texnikası və vasitələrindən təlim iştirakçılarının effektiv istifadəetmə bacarığını və hərbi qulluqçuların peşəkarlığını müsbət qiymətləndiriblər. On beş ölkənin hərbi attaşelik aparatının nümayəndələrinin də iştirak etdiyi təntənəli mərasimdə bir qrup hərbi qulluqçu medal və qiymətli hədiyyələrlə təltif edildikdən sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
Sonda Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə ölkəmizi təmsil edən şəxsi heyətlə görüşüb, beynəlxalq təlimdə yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onları təbrik edib və gələcək xidmətlərində uğurlar arzulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35

