Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib

Prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib

19.10.2013 [13:33]

Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə prezident seçkiləri azad, şəffaf və demokratik qaydada keçirildi. Bu faktı seçki prosesini izləyən çoxsaylı beynəlxalq müşahidəçilər də təsdiq edib. Amma maraqlıdır ki, bütün digər beynəlxalq müşahidəçilərdən fərqli olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu həmişəki kimi Azərbaycandakı bu seçkilərə də qeyri-obyektiv yanaşdı. Belə ki, təşkilatın müşahidə missiyasının seçki ilə bağlı ilkin rəyində qeyri-obyektiv, qərəzli və reallığı əks etdirməyən fikirlərə yer verilir.
Məsələ ilə bağlı Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib ki, prezident seçkiləri Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu. Onun sözlərinə görə, bu fakt bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də, siyasi sistemin demokratiklik səviyyəsinin yüksək şəkildə təminatını göstərir: “Bu faktorlar seçkilərin tam şəffaf və ədalətli şəkildə baş tutmasının əsas təminatçılarından biri qismində çıxış etdi. Eyni zamanda, Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi də formalaşdırılıb. Məlum olduğu kimi, Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bununla belə, qəbul olunduğu zamandan indiyə qədər də Seçki Məcəlləsinin üzərində xeyli təkmilləşdirmə işləri aparılıb”.
E.İbrahimov qeyd edib ki, təkmil qanunvericiliklə yanaşı, ölkədə normal seçki mühiti və prosesin təşkili üçün hazırlıq prezident seçkilərinin yüksək səviyyədə keçirilməsinin başlıca şərtlərindən biri oldu. Azərbaycanda seçki kampaniyasının mövcud qanunvericilik və beynəlxalq standartlara uyğun keçirildiyini deyən YAP İdarə Heyəti üzvünün sözlərinə görə, seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradıldı, namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil etdi, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlandılar. Komitə sədri bildirib ki, seçkilərdə cənab İlham Əliyevin qələbəsi xalqımızın öz Prezidentinə inam və etimadının parlaq göstəricisidir.
Beynəlxalq müşahidəçilərin rəyinə gəlincə, E.İbrahimov müşahidəçilərin mütləq əksəriyyətinin seçkilərə yüksək qiymət verdiyini bildirib. Onun sözlərinə görə, yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu öz ənənəsinə sadiq qalaraq qeyri-obyektiv, qərəzli fikirlər səsləndirib: “ATƏT/DTİHB burada Azərbaycan xalqının iradəsindən irəli gələn məsələləri deyil, yalnız öz maraqlarını ortaya qoydu. Hesab edirəm ki, bu qurum hansısa dairələrin sifarişi əsasında ölkəmizə qarşı daima qərəzli mövqedən çıxış edib. Ümumiyyətlə, ATƏT/DTİHB-nin fəaliyyətində Azərbaycana qarşı ikili standartlardan, qərəzdən başqa bir şey olmayıb. Onların seçki ilə bağlı ilkin rəyləri reallığı əks etdirmir. Bu hesabatlar əvvəlcədən hazırlanıb, radikal müxalifətin məlumatları əsasında formalaşıb. Bu qurum sadəcə olaraq, özünün növbəti ədalətsiz mövqeyini ortaya qoydu. Bu, Azərbaycan seçicisinə qarşı hörmətsizlikdir”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da bildirib ki, Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkiləri çox şəffaf, ədalətli və demokratik şəraitdə keçib: “Hesab edirəm ki, hər bir seçici bu seçkilərdə öz fikrini azad, sərbəst şəkildə ifadə etdi və birmənalı şəkildə cənab İlham Əliyevə səs verməklə, Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə, eləcə də, ölkəmizin dünya birliyində daha da layiqli yer tutmasına, vətəndaşlarımızın firavan yaşamasına səs vermiş oldular. Bir sözlə, bu, Azərbaycanın qələbəsi idi”.
S.Fətəliyevanın fikrincə, seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur: “Məlum olduğu kimi, Azərbaycan dövləti daim keçirilən seçkilərin geniş beynəlxalq müşahidəçilər missiyaları tərəfindən izlənilməsinə maraqlıdır. Məhz buna görə də, müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkə parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir. Ümumiyyətlə, Azərbaycanda seçkiləri müşahidə etmək üçün prosedurlar çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləmək imkanı qazanır. Bu mənada 9 oktyabr seçkilərini on minlərlə yerli, 1400 nəfərə qədər isə beynəlxalq müşahidəçilər izləyib. Müşahidə missiyaları Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf və obyektiv keçirildiyini bəyan etdilər”.
Komitə sədrinin müavini qeyd edib ki, bu rəylərin fonunda yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası seçkilərlə bağlı ilkin rəyində qeyri-obyektiv mövqe bildirib, seçkilərdə ciddi neqativ hallar baş vermədiyi halda bu tipli iddialarla çıxış edib: “Əslində, bu qurum qeyri-obyektiv mövqeyi ilə cəmiyyətə çoxdan tanışdır. Çünki ölkəmizdə keçirilən bütün seçkilər zamanı təşkilat obyektivlikdən uzaq mövqe sərgiləyir. Vəziyyət o həddədir ki, DTİHB-nin mövqeyi ilə ATƏT-in digər institutları da razılaşmır. Bu mənada ATƏT DTİHB-nin hesabatındakı qərəzli yanaşmalar həm cəmiyyətimizdə, həm də digər beynəlxalq qurumlarda ciddi qarşılanmır”.
YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, 9 oktyabr tarixində Azərbaycanda ədalətli, şəffaf və bütün demokratik normalara, Avropa və dünya dəyərlərinə söykənən prezident seçkiləri keçirildi. Onun sözlərinə görə, prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının iradəsini bütövlükdə əks etdirmiş oldu. Təşkilat sədri qeyd edib ki, 1993 və 2003-cü illərdən öz müdrik seçimini edən Azərbaycan xalqının ölkə Prezidenti İlham Əliyevə olan inamı, etimadı bu seçkilərin nəticəsində bir daha üzə çıxdı. A.İmaməliyevin bildirdiyinə görə, Azərbaycan xalqının cənab İlham Əliyevi dəstəkləməsinin əsasında isə son 10 il ərzində gedən fundamental dəyişikliklər, hər bir vətəndaşın həyatında baş verən pozitiv məqamlar dayanır.
O deyib ki, 9 oktyabr seçkilərini təxminən 50 mindən çox yerli, 1400-ə qədər beynəlxalq müşahidəçi izləyib. Ümumilikdə seçkiləri müşahidə edən beynəlxalq müşahidəçilərin seçkilərin gedişi və nəticələri ilə əlaqədar səsləndirdikləri rəylər, fikirlər qaneedicidir. ATƏT DTİHB-nin müşahidə missiyasının seçkilərlə bağlı ilkin rəyinə gəlincə, təşkilat sədri bildirib ki, bu rəy ya məlumatsızlıqdan, yaxud da birtərəfli qaydada yalnız radikal müxalifətin verdiyi məlumat əsasında formalaşıb: “Bununla belə, Yeni Azərbaycan Partiyası öz mövqeyini ortaya qoydu, hesabatdakı qüsurlu məqamlara etirazını bildirdi. Hesab edirəm ki, hesabat obyektiv, qərəzsiz və bütün namizədlərə eyni dərəcədə yanaşma mövqeyini ortaya qoymalıdır”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1061 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31