Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın bugünkü uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası dayanır

Azərbaycanın bugünkü uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası dayanır

17.09.2014 [09:24]

Məlum olduğu kimi, Azərbaycanın bugünkü sürətli inkişafının təməlində uğurla reallaşdırılan daxili və xarici siyasət, o cümlədən, ölkənin strateji əhəmiyyətli enerji resurslarının milli maraqlara uyğun istifadə olunması dayanır. Lakin bu heç də birdən-birə həllini tapan asan məsələ olmayıb. Bildiyimiz kimi, Azərbaycan karbohidrogen ehtiyatlarla zəngin olan ölkələrdən biridir. Ancaq bu ehtiyatlardan əldə edilən gəlirlər uzun illər ölkəmizin və xalqımızın deyil, başqalarının rifahı üçün sərf edilib. Daha dəqiq desək, Çar Rusiyası və SSRİ dövründə Azərbaycan nefti amansızcasına istismar olunub. Düzdür, 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə neftimizin milli maraqlar naminə istifadəsi üçün ən əlverişli imkan yaranmışdı. Lakin həmin dövrdə ölkədə hökm sürən hərc-mərclik, yarıtmaz daxili və xarici siyasət, sosial-iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü və digər amillərin təsiri nəticəsində parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalan respublikamızda normal enerji siyasətinin yeridilməsi də mümkün deyildi.
Məhz belə bir ağır dövrdə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev daxili sosial-siyasi sabitliyi bərpa etdi, yaranmış vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Heç şübhəsiz, Ulu öndər ölkənin düşdüyü durumdan çıxa bilməsi üçün düzgün neft strategiyasının əhəmiyyətini çox yaxşı bilirdi. Həmin vaxt Azərbaycanın mövcud maliyyə və texniki imkanları isə hasilatın nizamlanmasına imkan vermirdi. Bu səbəbdən, neft sektorunun inkişaf etdirilməsi, hasilatın artırılması üçün xarici şirkətlərlə əməkdaşlıq zəruri idi. Beləliklə, Ümummilli liderimizin qısa zaman çərçivəsində ölkə daxilində həyata keçirdiyi tədbirlər, həmçinin, atəşkəsin imzalanması ilə Ermənistanın hərbi təcavüzünün genişlənməsinin qarşısının alınması nəticəsində yaranan sabitlik xarici şirkətlərin ölkəmizə investisiya yatırımlarını stimullaşdırdı. Bir sözlə, Azərbaycanda istər siyasi, istərsə də sosial-iqtisadi sabitliyin bərqərar olması, ölkənin müsbət imicinin formalaşması dünyanın aparıcı neft şirkətlərinin ölkəmizdə çoxillik əməkdaşlığa başlaması üçün mühüm təkan oldu. Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 beynəlxalq neft şirkəti ilə sonralar “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. Bununla, ilk dəfə olaraq Azərbaycanın yaratdığı şərait sayəsində Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Həmin vaxt ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin ən iri neft şirkətlərinin cəlb olunduğu “Əsrin müqaviləsi” Azərbaycanın regional və qlobal əhəmiyyət daşıyan enerji siyasətinin zirvəsini təşkil edir.
Yeri gəlmişkən, Ulu öndər Heydər Əliyev müqavilənin imzalanması mərasimindəki tarixi nitqində həmin hadisəni bu cür qiymətləndirib: “Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər”.
Öz növbəsində, “Əsrin müqaviləsi”nin 15-ci ildönümü münasibətilə keçirilən mərasimdəki nitqində Prezident İlham Əliyev müqavilənin imzalandığı dövrün çətinliklərinə əsasən Ulu öndərin bu nailiyyətini cəsarətli addım kimi səciyyələndirib: “Mən qeyd etmək istəyirəm ki, bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın, həqiqətən, müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Ulu öndər Heydər Əliyev tərəfindən atılan bu addım Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir”.
“ƏSRİN MÜQAVİLƏSİ” AZƏRBAYCANIN NEFT SEKTORUNUN SÜRƏTLİ İNKİŞAFINA TƏKAN VERDİ
Qeyd etdiyimiz kimi, müstəqilliyin ilk illərində Azərbaycanda sosial-iqtisadi durum ağır idi. “Əsrin müqaviləsi”nin imzalanması isə ölkəmizdə tezliklə bütün sahələrdə böhranın tərəqqi ilə əvəz olunması, iqtisadi keçid dövrünün sürətlə və uğurla başa çatdırılması üçün əlverişli imkanın yaranması demək idi. Yəni, Ulu öndərin əsasını qoyduğu neft strategiyası da məhz xalqın rifahının təmin edilməsinə, Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə qorunmasına xidmət edirdi.
Beləliklə, “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və neft sektorunda əsaslı işlər görüldü. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu. 1997-ci ildə isə “Çıraq” yatağından neft hasilatına başlandı. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Belə ki, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edildi, ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olundu. Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salındı. 1999-cu ilin noyabrında ATƏT-in Türkiyənin İstanbul şəhərində keçirilən Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyularaq tikintisinə başlandı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Beləliklə, Azərbaycanın fəal neft siyasəti qlobal əhəmiyyətli regional layihələrin reallaşmasına imkan verdi.
Qeyd etdiyimiz kimi, “Əsrin müqaviləsi”nin həyata keçirilməsi Azərbaycanda təkcə neft sənayesinin deyil, bütün sahələrin inkişafına səbəb olub. Elə ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də neftdən gələn gəlirlərin köməyi ilə digər sahələrin sürətli inkişafına nail olmaqdır. Bu nöqteyi-nəzərdən, neft strategiyasının rasional və səmərəli şəkildə həyata keçirilməsini təsdiq edən ən mühüm göstəricilərdən biri 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılmasıdır. Fonda daxil olan neft gəlirləri planlı və sistemli şəkildə ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına yönəldilir.
Bu gün ölkədə regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində görülən əsaslı tədbirlərin, təhsil, səhiyyə, idman və digər sahələrin inkişafına dövlət dəstəyinin, özəl sektorun makroiqtisadiyyatda rolunun artmasına şərait yaradan tədbirlərin gerçəkləşdirilməsinin maliyyə əsaslarının böyük hissəsini neftdən gələn gəlirlər təşkil edir. Həmçinin, Azərbaycanın artan maliyyə imkanları sayəsində əməkhaqları və təqaüdlər dəfələrlə artırılıb, bir milyondan artıq yeni iş yerinin yaradılması ilə işsizliyin səviyyəsi ən aşağı həddə endirilib. Beləliklə, hərtərəfli düşünülmüş neft strategiyasının uğurla reallaşması nəticəsində Azərbaycan 20 il ərzində bir əsrlik inkişaf yolunu qət edib.
“ƏSRİN MÜQAVİLƏSİ”NİN REALLAŞMASI AZƏRBAYCANIN BEYNƏLXALQ MÖVQEYİNİ GÜCLƏNDİRDİ
Məlum olduğu kimi, “Əsrin müqaviləsi”nin imzalanması ilə, ilk növbədə, xarici şirkətlərin ölkəmizə marağı daha da artdı. İlk vaxtlarda xarici investisiyalar əsasən enerji sektoruna yatırılırdısa, sonradan Azərbaycanın iqtisadi potensialının bütün sahələrdə geniş olduğunu görən xarici şirkətlər digər sferalara da böyük həcmdə maliyyə yatırımları etməyə başladı. Azərbaycanın iqtisadi imkanları, əlverişli coğrafi mövqeyi respublikamızın möhkəm ikitərəfli və çoxtərəfli əlaqələr qurmasını təmin edib. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə ixrac olunan neft Azərbaycanın dünya bazarlarındakı mövqeyini möhkəmləndirməklə yanaşı, ölkəmizə müəyyən siyasi dividendlər də gətirir.
Belə ki, regiona maraq göstərən ABŞ və Avropa ölkələrinin iri şirkətləri ilə müxtəlif sahələrdə, o cümlədən, enerji sferasında əməkdaşlıq Azərbaycanın Qərbə inteqrasiyası, Avroatlantik qurumlarla əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir. Qlobal əhəmiyyətli regional layihələrin reallaşmasının əsas iştirakçısı olan Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur. Eyni zamanda, düzgün neft siyasəti sayəsində iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətə, real güc amilinə çevrilib. Bu isə ölkəmizin bütün məsələlərdə öz sözünü deməsinə, tam müstəqil daxili və xarici siyasət yeritməsinə imkan verir. Azərbaycanın siyasi nüfuzunun, iqtisadi və hərbi gücünün artması ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həlli üçün əlverişli mühitin formalaşmasına təsir edir.
TƏMƏLİ “ƏSRİN MÜQAVİLƏSİ” İLƏ QOYULAN UĞURLU ENERJİ SİYASƏTİ DAVAM ETDİRİLİR
Qeyd etmək yerinə düşər ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının həyata keçirilməsində ilk böyük addım olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra dünyada neft ölkəsi kimi tanınan Azərbaycan 2,6 trilyon kubmetrlik təsdiqlənmiş qaz ehtiyatları və qaz hasilatı imkanları ilə beynəlxalq diqqət mərkəzindədir. Xüsusən də, Avropa İttifaqı ölkələri qaz idxalı mənbələrinin şaxələndirilməsi siyasəti çərçivəsində ölkəmizin qaz ehtiyatlarına böyük maraq göstərirlər.
Xatırladaq ki, ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilən, Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi üzrə 1996-cı il iyunun 4-də müqavilə imzalanıb. Ulu öndərin əsasını qoyduğu layihələri davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında sonrakı illərdə yatağın istismarı üzrə böyük işlər görülüb. Uğurlu beynəlxalq əməkdaşlığın nəticəsi olaraq 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəməri istifadəyə verilib və dekabr ayından dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat başlanıb. 2007-ci ilin fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum (BTƏ) vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz BTƏ marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub.
Layihənin ikinci mərhələsi olaraq, 2013-cü il dekabrın 17-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” qaz yatağı üzrə yekun investisiya qərarının imzalanması isə “XXI əsrin müqaviləsi” adlandırıldı. “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub qaz dəhlizi” vasitəsilə mavi yanacağın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Ümumilikdə, “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Bundan əlavə, Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) tikintisi də sürətləndiriləcək.
Ümumiyyətlə, xəritəyə nəzər saldıqda, son illərdə Azərbaycanın iştirakı ilə qlobal əhəmiyyətli təbii qaz layihələrinin reallaşdırılmasının və bu sahədə irəliyə doğru addımların atılmasının şahidi olmaq mümkündür. Belə ki, BTƏ qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhədə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada mavi yanacaq bazarını genişləndirəcək, istehlakçı ölkələr enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər. Azərbaycan isə xarici bazarlardakı mövqeyini gücləndirəcək, beynəlxalq nüfuzunu artıracaq və daha sürətli inkişafa nail olacaq.
Beləliklə, bütün bu sadalananlar da onu deməyə əsas verir ki, Azərbaycanın bugünkü uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası və onun mühüm nəticəsi olan “Əsrin müqaviləsi” dayanır. Bu strategiyanın uğurlarının bu gün Azərbaycanın təbii qaz hasilatı potensialının reallaşdırılmasına yönəldilməsi və ölkəmizin yeni layihələrin təşəbbüsçüsü kimi çıxış etməsi isə Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin bundan sonra da sürətli və ardıcıl inkişafına söykənən siyasətinin göstəricisidir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31