Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tovuzçay su anbarı qərb bölgəsində aqrar sektorun inkişafına yeni təkan verəcək

Tovuzçay su anbarı qərb bölgəsində aqrar sektorun inkişafına yeni təkan verəcək

20.02.2016 [09:52]

Prezident İlham Əliyev: Biz su ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə etməliyik
Müasir dövrdə güclü infrastruktur təminatı ölkələrin hərtərəfli inkişafını şərtləndirən önəmli faktor qismində çıxış edir. Bu baxımdan, ölkəmizdə əldə olunan uğurlar diqqətəlayiqdir. Belə ki, son 12 ildə Azərbaycanın dinamik inkişaf mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri məhz ölkənin bütün bölgələrində müasir infrastrukturun yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev yeni dünya çağırışları nəzərə alınmaqla qarşıya qoyulan hədəflərə çatmaq üçün Azərbaycanın mükəmməl infrastruktur təminatına malik ölkəyə çevrilməsində güclü siyasi iradə nümayiş etdirir. Müəyyənləşdirilən strateji xəttə uyğun olaraq son illərdə ölkənin ayrı-ayrı bölgələrində çoxlu sayda müxtəlif təyinatlı layihələr reallaşdırılıb ki, bunun sayəsində hazırda Azərbaycanın infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb.
O da əlamətdar haldır ki, Prezident İlham Əliyev ölkənin bu və ya digər bölgəsində yaradılan infrastruktur obyektlərində işlərin gedişini bir qayda olaraq şəxsi nəzarətində saxlayır. Dövlət başçısı son 12 ildə regionlara mütəmadi hal alan səfərləri çərçivəsində onlarca infrastruktur obyektinin təməlqoyma və açılış mərasimlərinə qatılıb və dəyərli tövsiyələrini verib. Prezident İlham Əliyevin iştirakı ilə elə bu günlərdə Tovuz rayonunda daha bir mühüm infrastruktur layihəsi - Tovuzçay su anbarı istifadəyə verilib.
Regionlarda reallaşdırılan layihələr ölkənin inkişafında mühüm rol oynayır
Ölkəmizin regionlarında müasir infrastrukturun yaradılmasının əsas xarakterik cəhəti ondan ibarətdir ki, dövlət yeni obyektlərin inşasının maliyyə təminatını bir qayda olaraq öz öhdəsinə götürür. Sonradan bu layihələr bölgələrin və bütövlükdə ölkənin inkişafına təkan verən vacib faktora çevrilir. Yaradılan mükəmməl infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq zamanında regionların tarazlı inkişafının təmin edilməsi, o cümlədən də bölgələrdə zəruri infrastrukturun qurulması ölkəmizin hazırda arzuolunmaz qlobal trendlər fonunda yaranan yeni iqtisadi şəraitə uğurla adaptasiya olunmasını, vəziyyətdən daha az itkilərlə çıxmasını şərtləndirən çox mühüm faktorlardır. Respublikamız məhz öz gücünə, daxili resurslarına, regionlarda yaradılan infrastruktura arxalanaraq indiki çətin şəraitdə də inkişafın ardıcıllığını təmin etmək əzmi nümayiş etdirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Tovuzçay su anbarının açılışındakı çıxışında ötən illərdə regionlarda reallaşdırılan layihələrin önəmini xüsusi nəzərə çatdırıb. Dövlət başçısının qeyd etdiyi kimi, əgər biz regional inkişaf proqramlarını qəbul etməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi: “Regionların inkişafı, əlbəttə ki, burada əsas rol oynayır. 2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunanda mən demişdim ki, ölkəmizin inkişafı qeyri-neft sektorundan asılı olmalıdır. Həmin vaxtdan bu günədək bütün bölgələrdə, o cümlədən qərb bölgəsində bir çox önəmli layihələr icra edilmişdir. Əgər biz regional inkişaf proqramlarını qəbul etməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi”.
Son illərdə ölkəmizdə müasir infrastruktur qurulmasından söhbət açarkən meliorasiya və su təsərrüfatının da yenilənməsini xüsusi vurğulamaq lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğun olaraq ölkə miqyasında su-drenaj layihələrinə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Belə ki, son 12 ildə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektar yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib.
Regionlarda su-drenaj layihələrinin icrasına yeni Dövlət Proqramında da geniş yer verilib. Bəhs olunan Dövlət Proqramında respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı su layihələrinin, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlər üzrə arxada qalan iki il ərzində böyük iş həcmi yerinə yetirilib. Yeni Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi üçün tikinti işlərinə başlanılıb və hazırda bu işlər davam etdirilir. Dünya Bankının krediti hesabına respublikanın 10 rayonunda 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılıb.
Yeni layihələr respublikanın su ehtiyatlarından səmərəli istifadə edilməsi baxımından çox önəmlidir
Müasir dövrdə dünyanın üzləşdiyi çağırışlardan biri də su təchizatı ilə bağlıdır. Su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri nəzərə alsaq, onda etibarlı su təchizatının hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində su ehtiyatları məhdud olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ölkəmizi qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan su layihələrinə investisiya yönəltməkdə bir neçə məqsəd güdür: “...Dövlət bu sahəyə investisiya qoymaqla bir neçə məqsədi güdür. İlk növbədə, bunlar su ehtiyatlarımızdan səmərəli istifadə etmək üçün çox önəmli layihələrdir. Su təhlükəsizliyi məsələləri burada öz həllini tapır. Bu da Azərbaycan kimi xarici su mənbələrindən daha çox asılı olan ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz su ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə etməliyik”.
Qeyd edək ki, bölgəni qidalandıran əsas su mənbələrindən biri olan Tovuzçay çayının sululuq səviyyəsi ilin fəsillərinə uyğun dəyişir. Çayın ən yüksək sululuq səviyyəsi bir qayda olaraq yazda qeydə alınır. İsti yay günlərində isə Tovuzçayın sululuq səviyyəsi aşağı düşür, hətta bəzən çay tamam quruyur. Beləliklə də, yay mövsümündə əhalinin və ərazidəki təsərrüfatların su təminatında ciddi gərginlik yaşanır. Bundan sonra Tovuzçayın su ehtiyatları yeni inşa olunan anbara yığılacaq ki, bu da bölgənin ilin bütün fəsillərində tələbata uyğun su təchizatına imkan yaradacaq.
Başqa bir amil də çox önəmlidir. Tovuz və digər qonşu rayonlar Azərbaycana qarşı iyirmi ildən artıqdır ki, işğalçılıq siyasəti həyata keçirən Ermənistanla sərhəd bölgəsində yerləşir. Məlumdur ki, bu işğalçı ölkə Azərbaycana münasibətdə bütün beynəlxalq normaları pozur və respublikamıza təzyiq göstərmək məqsədilə müxtəlif vasitələrə əl atır. Ermənistan Azərbaycanı qidalandıran bəzi su mənbələrinin öz ərazisindən keçməsindən və yaxud işğal altındakı torpaqlarda qalmasından sui-istifadə etməyə çalışır. Su mənbələrinin davamlı olaraq çirkəndirilməsi, mövsüm vaxtı süni su qıtlığı yaratması bu ölkənin respublikamıza qarşı sərgilədiyi çirkin əməllərin siyahısına daxildir. Bütün bu deyilənlər Tovuzçay su anbarının istifadəyə verilməsinin sərhədyanı rayonların su təminatı üçün necə strateji əhəmiyyət daşıdığı barədə konkret təsəvvür yaradır. Qeyd edək, ki, Tovuzçay su anbarının ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi isə 18 milyon kubmetrdir.
Bölgədə kənd təsərrüfatının inkişafı daha sürətlə gedəcək
Yeni su layihələri regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən su layihələrinin kənd təsərrüfatının inkişafında böyük önəm daşıdığına diqqət çəkərək bildirib: “Əlbəttə, su olan yerdə kənd təsərrüfatı da inkişaf edəcək. Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin”.
Prezident İlham Əliyev vurğulayıb ki, kənd təsərrüfatının inkişafı üçün buna oxşar iki layihə icra edilmişdir - Taxtakörpü və Şəmkirçay su anbarları. 2013-cü ildə dövlət başçısının iştirakı ilə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox böyük uğurdur. Layihənin reallaşdırılması sayəsində 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək. 2014-cü ilin noyabrında istifadəyə verilən Şəmkirçay su anbarı da böyük investisiya tutumlu su layihəsidir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq.
Öz növbəsində Tovuzçay su anbarı da qərb bölgəsində aqrar sektorun inkişafına yeni impuls verəcək. Tovuzda və digər qonşu rayonlarda kənd təsərrüfatının geniş inkişaf potensialı var. Münbit torpaqlar, əmək ehtiyatları, ayrı-ayrı sahələrdə tarixən formalaşan ənənələr bu bölgədə aqrar sektorun rentabelliliyini təmin etmək baxımından geniş imkanlar açır. Bölgənin ehtiyatlarından səmərəli istifadə etməklə məhsul istehsalını artırmaq və bütövlükdə, ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə sanballı töhfələr vermək mümkündür. Prezident İlham Əliyev diqqəti vacib bir məsələyə - bölgələrdə məhsul istehsalı üzrə ixtisaslaşma aparılmasının zəruriliyinə yönəldərək deyib: “Bütün bölgələrdə ixtisaslaşma aparılmalıdır. Tovuz rayonunun ənənəvi kənd təsərrüfatı məhsulları vardır. Onların inkişafı, yeni əkin sahələrinin yaradılması, xüsusilə üzümçülüyün inkişafı mühüm əhəmiyyət daşıyır”.
Qeyd edək ki, “Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi” layihəsində nəzərdə tutulan tədbirlərin tam başa çatdırılması nəticəsində Tovuzda 16886 hektar, Şəmkirdə isə 2939 hektar olmaqla ümumilikdə 19825 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq. Eyni zamanda, Tovuz rayonunda 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin olunacaq. Beləliklə, yeni su anbarının istifadəyə verilməsi ilə bölgədə aqrar sektorun qarşısında yeni inkişaf perspektivləri açılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31