Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmizin enerji sistemində baş vermiş qəzanın nəticələri qısa vaxt ərzində aradan qaldırılıb

Ölkəmizin enerji sistemində baş vermiş qəzanın nəticələri qısa vaxt ərzində aradan qaldırılıb

07.07.2018 [09:33]

Millət vəkilləri hesab edirlər ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələcəkdə bu kimi halların baş verməməsi üçün əlavə tədbirlər həyata keçiriləcək
Məlum olduğu kimi, bir neçə gün öncə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında müəyyən problemlər yaşandı. Dərhal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb və komissiya tərəfindən müvafiq araşdırma işləri aparılır. Həmçinin iyulun 4-də Azərbaycan Prezidentinin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Müşavirədə dövlət başçısı qəzanın səbəblərinin araşdırılması və ciddi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev deyib ki, heç bir ölkə texnogen hadisələrdən, təbii fəlakətlərdən, istehsal təyinatlı obyektlərdə baş verə biləcək qəzalardan sığortalanmayıb. Bir neçə gün bundan əvvəl Azərbaycanda da Mingəçevir İstilik Elektrik Stansiyasında qəza baş verdi və respublikanın elektrik enerjisi ilə təchizatında problemlər yaşandı.
A.Vəliyev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən genişmiqyaslı infrastruktur quruculuğu siyasəti çərçivəsində həmçinin generasiya güclərinin artırılmasına böyük diqqət göstərilir. Onun sözlərinə görə, son 15 ildə respublikamızda 2500 meqavat gücündə yeni elektrik stansiyalarının tikilməsi bunu bir daha təsdiqləyir. Hazırda Azərbaycanın elektrik stansiyalarının gücü 6400 meqavata bərabərdir ki, bu da ölkədaxili istehlakı qarşılamağa, eyni zamanda, müəyyən həcmlərdə elektrik enerjisi ixrac etməyə imkan verir. Bununla belə, respublikanın elektroenergetika təsərrüfatının möhkəmləndirilməsinə güclü siyasi və maddi dəstək verilməsinə baxmayaraq, bu sahədə qəzadan qaçmaq mümkün olmadı.
“Dövlət başçısı məsələ ilə bağlı keçirilən müşavirədə son illərdə böyük həcmlərdə investisiyalar yönəldilən elektroenergetika təsərrüfatında belə bir hadisənin baş verməsini və lokal xarakterli qəza nəticəsində ölkənin qaranlığa qərq olmasını kəskin şəkildə pisləyib, aidiyyəti məmurların ünvanına iradlarını bildirib. Prezident İlham Əliyev müşavirədə bir sıra ciddi mesajlar verərək bildirib ki, Mingəçevirdəki İES-də baş verən qəza belə genişmiqyaslı fəsadlarla nəticələnməməli idi”, - deyən millət vəkili əlavə edib ki, müşavirədə də qeyd edildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin, daxili işlər orqanlarının, Bakı Nəqliyyat Agentliyinin və digər dövlət qurumlarının əlaqəli fəaliyyəti nəticəsində kritik vəziyyəti qısa müddətdə aradan qaldırmaq mümkün olub. Hazırda ölkə üzrə istehlakçılara tələb olunan həcmlərdə elektrik enerjisi verilir.
“Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında qəzanın başvermə səbəblərini araşdırmaq məqsədilə yaradılan komissiya da operativ qaydada fəaliyyət göstərir. Komissiyanın gəldiyi nəticələr ictimaiyyətə açıqlanacaq. Qəzanın nəticələrinin qısa müddətdə aradan qaldırılması, ölkədə həyatın normal axara istiqamətləndirilməsi, ilk növbədə, respublika rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin baş verənlərə operativ müdaxiləsi, proseslərin gedişini Öz nəzarətinə götürməsi ilə bağlıdır. Burada Azərbaycanın dövlət qurumlarının çevik və əlaqəli fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Əsas məqamlardan biri isə odur ki, çətinliklər yarananda cəmiyyət dövlətlə həmrəyliyini qoruyub saxladı. Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətinin yetkinliyini, öz dövlətinə bağlılığını və inamını ifadə edən çox müsbət bir məqamdır. Dövlət xalqla, xalq da öz dövləti ilə güclü və yenilməzdir”, - deyə A.Vəliyev vurğulayıb.
“Elektrik enerjisi sistemində problemlər, qəzalar dünyanın bir çox dövlətlərində, o cümlədən inkişaf etmiş ölkələrdə baş verib. Yəni heç bir ölkə bu cür qəzalardan sığortalanmayıb. Təbii ki, Azərbaycan da belə hadisələrdən sığortalanmayıb və Mingəçevirdəki İES-də baş vermiş qəza bu cür neqativ hallar sırasında yer alır. Şübhəsiz ki, ölkə başçısının qərarı ilə yaradılmış Dövlət Komissiyasının təhqiqatlarından sonra ortaya çıxmış araşdırma materialları əsasında müvafiq tədbirlər görüləcək”. Bu fikirləri isə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. M.Quliyev bildirib ki, Prezident İlham Əliyev baş vermiş qəza ilə bağlı keçirilən müşavirədə problemin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün ciddi tapşırıqlar verdi. Onun sözlərinə görə, müvafiq qurumlar dövlət başçısının iradlarından nəticə çıxaracaq və işlərinə məsuliyyətlə yanaşacaqlar. “Bundan sonra isə hazırlanacaq tədbirlər planı ölkəmizi gələcəkdə bu cür qəzalardan və müxtəlif fəsadlara səbəb olan belə hallardan qoruyacaq. Tədbirlər planına bəhs olunan müşavirədə səsləndirilən təkliflərin salınması da xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, görüləcək tədbirlər sırasında strateji obyektlərdə generatorların quraşdırılması məsələsi də xüsusi əhəmiyyətə malikdir. Çünki bu, belə hallarda - ekstremal şəraitdə enerji təminatı üçün zəruridir. İlk növbədə, səhiyyə müəssisələrində, metroda bu zəruri tələb yerinə yetirilməlidir. Mühüm məqamlardan biri budur ki, belə bir çətin şəraitdə Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirdi və mürəkkəb situasiyadan şərəflə çıxmağı bacardı. Bu, Azərbaycan cəmiyyətinə xas olan səciyyəvi xüsusiyyətdir. Ekstremal şəraitdə vətəndaşların bir-birinə köməklik göstərməsi cəmiyyətdəki birliyin aşkar təcəssümü idi. Bu, həm də Azərbaycan cəmiyyətinin olduqca yetkin toplum olduğunu təzahür etdirmiş oldu. Prezident İlham Əliyev də insanların bu davranışını yüksək qiymətləndirərək Azərbaycanda, sözün həqiqi mənasında, vətəndaş həmrəyliyinin mövcud olduğunu vurğulayıb. Bütövlükdə, inanırıq ki, görülən işlər nəticəsində gələcəkdə belə problemlər yaşanmayacaq”, - deyə M.Quliyev qeyd edib.
Milli Məclisin deputatı Mirzəcan Xəlilov da deyib ki, Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə ölkəmizdə enerji sektorunda baş vermiş qəza geniş təhlil olundu. Məsələ dövlət başçısının şəxsi nəzarətindədir. Şübhəsiz ki, yaradılmış Dövlət Komissiyası qəzanın səbəblərini araşdıracaq və ictimaiyyətə məlumat veriləcək. Cənab Prezident bununla bağlı konkret tapşırıqlar verdi. M.Xəlilov bildirib ki, son illər ərzində ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilib istifadəyə verilib. Son 15 ildə 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib və hazırda ölkəmizin enerji potensialı 6400 meqavata bərabərdir. Onun sözlərinə görə, bütün bunlar ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. “Amma dövlət başçısının enerji sektoruna bu qədər investisiya ayırdığı bir şəraitdə son hadisə enerji sistemimizə müəyyən dərəcədə ziyan vurdu. Ona görə də, dövlət başçısı müşavirədə qeyd etdi ki, məsələ çox ciddi şəkildə araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır”, - deyən millət vəkili əlavə edib ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün dövlət qurumları bütün imkanlardan istifadə ediblər və onların fəaliyyəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib.
M.Xəlilov qeyd edib ki, dövlət başçısının tapşırığı ilə qəzanın aradan qaldırılması istiqamətində müvafiq addımlar atılmaqdadır. Müvafiq dövlət komissiyası və əlaqədar qurumlar artıq bu istiqamətdə fəaliyyət göstərirlər. Prezident İlham Əliyev əlavə tədbirlərin görülməsi ilə bağlı qəti tapşırıqlarını verdi ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın, yəni, qəza lokal xarakter daşısın. “Cənab Prezidentin qeyd etdiyi kimi, bu hadisələr zamanı Azərbaycan vətəndaşları böyük vətəndaş həmrəyliyi göstərdilər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi. Çünki Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur”, - deyə deputat vurğulayıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30