“Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər”
25.12.2019 [10:02]
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib
Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, partiyamız ənənəvi olaraq ilin sonlarına yaxın bu və ya digər əhəmiyyətli mövzularla əlaqədar konfrans keçirir, fikir mübadiləsi aparır.
Çıxışında ilk olaraq dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkilərinin keçirildiyini və YAP-ın da seçkilərdə öz namizədləri ilə iştirak etdiyini deyən Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda 1606 bələdiyyə üzrə xeyli sayda namizədlər mübarizə aparıblar. O qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə və partiyanın müşahidəçilərinin verdiyi məlumatlara əsasən, YAP-ın namizədlərinin əksəriyyəti seçicilərin səsini qazanıb: “Bu əminliyi ona görə səsləndirirəm ki, Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin inkişafı, iqtisadiyyatımızın artması, insanlarımızın rifahının yüksəlməsi vətəndaşlarımız tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir və bu iqtidara, hakim partiyaya vətəndaşların münasibətinin daha da yüksəlməsinə gətirib çıxarır”.
YAP-ın təmsilçilərini əldə etdikləri qələbə münasibəti ilə təbrik edən Əli Əhmədov əminliyini bildirib ki, seçkilərdə qalib gəlmiş partiya üzvləri bələdiyyələr vasitəsilə Prezident İlham Əliyevin siyasətinin yerlərdə reallaşdırılması üçün fədakarlıq nümunələrini göstərəcək, xalqa layiqli xidmət edəcək və ölkəmizin ümumi inkişafına öz töhfələrini verəcəklər.
Bugünkü konfransın mövzusunun təhsil sahəsi ilə bağlı olduğunu deyən Əli Əhmədov bu mövzunun seçilməsinin təsadüfi olmadığını söyləyib. O deyib ki, bütövlükdə inkişafın fundamental əsaslarından ən birincisi təhsildir. Baş Nazirin müavini qeyd edib ki, tarix boyu xalqlar yalnız elm və təhsil sayəsində inkişafa nail ola biliblər: “Bu gün də müasir cəmiyyətin inkişafı, iqtisadiyyatın tərəqqisi, bütövlükdə həyatın müasirləşməsi bilavasitə təhsillə, insanların biliklərinin inkişaf etdirilməsi, bütövlükdə insan kapitalı ilə əlaqədardır. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, insan kapitalının inkişaf etdirilməsi həyata keçirilən siyasətin başlıca qayəsini, strateji məqsədini və hədəfini təşkil edir. Son illər təhsilin inkişafı ilə bağlı böyük layihələr həyata keçirilir, məktəblər tikilir, təhsilin məzmununun yüksəldilməsi istiqamətində islahatlar aparılır. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təhsil sahəsinin inkişafına çox böyük önəm verilir. Biz inanırıq ki, Azərbaycan təhsilinin inkişafı iqtisadiyyatın inkişafının əsasını təşkil edəcək. Təhsil işçiləri də bu sahədə səylərini əsirgəməyəcəklər”.
Əli Əhmədov bildirib ki, konfransın keçirilməsi əlamətdar bir günə təsadüf edir: “Dekabrın 24-ü Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin doğum günüdür. Azərbaycanın XXI əsrdəki sürətli inkişafı, dünyanın ən sürətlə inkişaf edən və uğurlu gənc dövləti statusu qazanması, həyatımızın bütün sahələrində mötəşəm inkişafın əldə edilməsi, ilk növbədə iqtisadiyyatımızın böyüməsi və bunun əsasında sosial layihələrin uğurla həyata keçirilməsi, Azərbaycanın müasirləşməsi, yeniləşməsi, ölkəmizin simasının bütünlüklə dəyişməsi və dünyada müasir imicinin formalaşması, insanlarda gələcəyə ümidin formalaşması, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsi, ordunun gücləndirilməsi, beynəlxalq müstəvidə rolunun artması və digər möhtəşəm nailiyyətlər Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini XXI əsrdə uğurla həyata keçirməsinin real təzahürü və ifadəsidir. Vətəndaşlar aydın şəkildə dərk edirlər ki, Azərbaycanın nəinki bu günü, eyni zamanda, gələcək taleyi də Heydər Əliyev siyasəti və Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi ilə bağlıdır. Ona görə də insanlarımız Prezident İlham Əliyevi sevir, Ona inanır və böyük ümidlər bəsləyirlər. Bütün bunlar çox ciddi əsaslara söykənir və hər şeydən əvvəl isə Azərbaycanın bu günü və gələcəyi ilə əlaqədar heç kimdə şübhə yaratmayan böyük inkişaf perspektivləri ilə əlaqədardır”.
Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edən Əli Əhmədov dövlətimizin başçısına möhkəm cansağlığı və Azərbaycanın inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. “Xalqımız, o cümlədən Yeni Azərbaycan Partiyası xoşbəxtdir ki, onun Prezident İlham Əliyev kimi lideri var”, - deyə Əli Əhmədov vurğulayıb.
Konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib, həyata keçirilən sosial-iqtisadi islahatlar, müasir idarəetmə modeli nəticəsində ölkəmizin iqtisadi qüdrəti davamlı şəkildə artıb. Onun sözlərinə görə, bütün seqmentlərdə həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırıb, dünyanın ən islahatçı ölkələri arasında ön sıralarda yer alıb. Nazir qeyd edib ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar təhsil sektoruna da öz müsbət təsirini göstərib, son illərdə təhsilin inkişafı sahəsində mühüm strategiya və proqramlar qəbul edilib, təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biri olub: “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən ötən dövr ərzində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlib, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi tədbirləri cari ildə də davam etdirilib, Təhsil Nazirliyi tərəfindən 50-si modul tipli olmaqla, 84 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılıb. Ölkə Prezidentinin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 74 faizini təşkil edir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb, ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enib”.
C.Bayramov söyləyib ki, cari ildə ümumi təhsildə məzmun islahatlarının bir mərhələsi başa çatıb, yeni təhsil proqramlarına uyğun olaraq buraxılış siniflərində beynəlxalq təcrübəyə əsaslanan, təhsil alanların bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verən yeni imtahan modelinə keçilib, ümumi təhsildə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatıb. Qeyd olunub ki, istedadlı uşaqlarla bağlı həyata keçirilən ardıcıl tədbirlər öz müsbət nəticəsini verib, respublika və beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşıb. Cari ildə respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib ki, bu da əvvəlki illərə nisbətən 5 dəfə çoxdur. 2019-cu ildə beynəlxalq olimpiadalarda məktəblilərimiz 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə edib, 2013-2019-cu illərdə isə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb.
Nazir, həmçinin diqqətə çatdırıb ki, son illərdə əldə etdiyimiz ən böyük nailiyyətlər məhz müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı olub: “Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artaraq 54 min nəfərdən çox olub. Son iki tədris ilində mərkəzləşdirilmiş müsabiqə nəticəsində 20 minə yaxın müəllim işə qəbul edilib, vakant yerlərin 100 faiz tutulması təmin edilib, uzun illər ərzində ixtisaslı kadr çatışmazlığı olan ucqar kənd məktəblərinin kadr təminatı problemi, demək olar ki, həll edilib. Hökumətin qərarına əsasən, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib, hazırda 10 mindən çox müəllim bu tədbirlərdən faydalanmaqdadır. Bildiyiniz kimi, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatdırılıb, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Bu tədbirlərin davamı kimi, ölkə Prezidentinin Sərəncamına əsasən müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və beləliklə orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər təşkil edib. Sevindirici haldır ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib, ən yüksək nəticə göstərmiş abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı dəfələrlə artıb. Cari ildə 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri müəllimlik ixtisaslarını seçib ki, bu da istər müəllim peşəsinin rəqabətliliyi, istərsə də təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir. İnanırıq ki, bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına, yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcək”.
C.Bayramovun sözlərinə görə, təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri də məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir. Məhz bu səbəbdən son illərdə məktəbəhazırlıq Təhsil Nazirliyi üçün prioritet istiqamət olub, ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən cari ildə 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib. Nazir qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisəsi olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilib. Növbəti ildə əhatə səviyyəsinin 90 faizə çatdırılması nəzərdə tutulur ki, bu da inkişaf etmiş ölkələrin göstəricilərinə uyğundur.
Bildirilib ki, bu gün peşə təhsili ölkəmizin təhsil siyasətində əsas prioritetlərdən biridir. Məhz peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, gənclər arasında məşğulluğun təmin edilməsinə xidmət edən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir. Bu sistemin yenidən qurulması, çevik idarəetmənin təmin edilməsi məqsədilə son illərdə peşə təhsili şəbəkəsi optimallaşdırılıb, 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi aparılıb və əməkhaqqı artırılıb. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış Kredit Sazişinə əsasən Bakı şəhərində peşə təhsili mərkəzinin tikintisi başa çatdırılıb, burada ən müasir infrastruktur yaradılıb. Sənaye və innovasiyalar üzrə ixtisaslaşmış, regionda bənzəri olmayan bu Mərkəz cari ilin sentyabrından fəaliyyətə başlayıb. Koreyalı və yerli mütəxəssislər tərəfindən özəl sektor da cəlb edilməklə əmək bazarına uyğun kurikulum və tədris vəsaitləri hazırlanıb. Cari tədris ilində Mərkəzə 8 istiqamət üzrə 231 tələbə qəbul edilib. Növbəti tədris ilindən qəbul planının artırılması və qısamüddətli kursların tətbiqi nəticəsində tələbə sayının 1000 nəfərə çatdırılması planlaşdırılır. Bununla yanaşı, Avropa İttifaqının dəstəyi ilə 4 layihənin icrasına başlanıb, regionlarda peşə təhsili müəssisələrində infrastrukturun müasirləşdirilməsi, yeni məzmunun hazırlanması və mühəndis-pedaqoji heyət üçün təlimlərin təşkili ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, məzmunun yenilənməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin stimullaşdırılması və peşəkarlığının artırılması istiqamətində tədbirlər hazırda davam etdirilməkdədir.
C.Bayramov diqqətə çatdırıb ki, bilik iqtisadiyyatı və innovasiya cəmiyyəti ilə xarakterizə olunan müasir dünyada davamlı və hərtərəfli inkişafın təmin edilməsində ali təhsilin rolu sürətlə artmaqdadır: “Ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində ölkə Prezidenti tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub. Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb, 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib. Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə AMEA-da yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi nəticəsində hər bir təhsilalana düşən təhsil xərcləri orta hesabla 30% artırılıb. Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66,1 faiz artırılıb. Son 5 il ərzində ali məktəblərə qəbul olunan tələbələrin sayında təxminən 21 faiz artım olub. Hazırda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan 17120 nəfər məcburi köçkün statusuna malik olan, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin uşaqları, sağlamlıq imkanları məhdud və əlilliyi olan tələbələrin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Həssas sosial qruplardan olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan 100-dən çox tələbəyə Prezident təqaüdünün verilməsi “hər bir gəncin təhsil ala bilməsi” konseptinin reallaşdırılmasına şərait yaradıb”.
Nazirin sözlərinə görə, ali təhsilin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin müasir inkişaf səviyyəsinə adekvat olan yüksəkixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrların hazırlanmasından ibarətdir: “Bu baxımdan, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Proqram çərçivəsində iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci istiqamət üzrə ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılması, ikinci istiqamət üzrə isə yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi və onların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Proqram çərçivəsində, ilkin mərhələdə, 5 beynəlxalq ikili diplom proqramının təsis olunması ilə bağlı hazırlıq işləri görülməkdədir. Xaricdə doktorantura təhsili üçün prioritet ixtisaslar artıq müəyyən edilmiş, seçim məqsədilə müvafiq elan da verilib”.
C.Bayramov söyləyib ki, müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Onun sözlərinə görə, təhsil sistemi gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir: “Bu istiqamətdə cari tədris ilində ilk dəfə olaraq 42 məktəbdə 6 mindən artıq şagird əhatə edilməklə STEAM layihəsinə başlanıb, təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın ayrı-ayrılıqda deyil, inteqrativ tədrisinə başlanıb. Bu yanaşma şagirdlərdə “XXI əsr bacarıqları”nın formalaşdırılmasını, məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqini nəzərdə tutur. Bu, məzmun islahatları baxımından yenilikdir. İxtiraçılığın, innovasiyaların və yaradıcılığın şagirdlər arasında təşviq edilməsi layihənin əsas məqsədlərindəndir. Növbəti illərdə 20 mindən artıq şagirdin STEAM layihəsinə cəlb edilməsi, 10 bölgədə isə regional tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur. Şagirdlərdə tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, yüksək texnoloji ixtisaslara marağı artırmaq məqsədilə ötən tədris ilindən “Rəqəmsal bacarıqlar” layihəsinə başlanıb, uğurlu nəticələri nəzərə alınaraq cari tədris ilində layihə 120 məktəbi və 70 mindən çox şagirdi əhatə edlb”.
Bu gün dünyada bir sıra risklərin mövcud olduğunu deyən Təhsil nazirinin sözlərinə görə, təbii resursların azalması, iqlim dəyişiklikləri və ekoloji tarazlığın pozulması, peşə və ixtisasların sürətlə dəyişməsi kimi risklər bütün ölkələri, o cümlədən Azərbaycanı narahat edən problemlərdəndir: “Həmin risklərin yaratdığı təhdidlərdən qorunmaq üçün isə ölkələr qlobal çağırışlara adekvat innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüsləri artırıb, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlayıblar. Yeni çağırışlar, ilk növbədə, postindustrial cəmiyyətin yaranması, müasir informasiya və rəqəmsal texnologiyaların, süni intellektin geniş tətbiqi ilə bağlıdır. Belə bir şəraitdə ölkəmizdə də qlobal çağırışlar, dünyada elmin və təhsilin inkişaf tendensiyaları və ölkənin sosial-iqtisadi inkişaf perspektivləri əsas götürülməli, tətbiqi tədqiqatların, xüsusən də elmi-innovativ fəaliyyətin gücləndirilməsi ön plana çəkilməlidir. Elmi-texniki inkişafın əsas xüsusiyyətləri haqqında danışarkən rəqəmsal istehsal və süni intellektə əsaslanan texnologiyaların tətbiqini xüsusi vurğulamaq istərdim. Hazırda 3 ölçülü printerlərdən tikinti, təbabət və digər sahələrdə istifadə, robototexnika sahəsində yeni tətbiqlər, kibertəhlükəsizlik sistemlərinin inkişaf etdirilməsi, müstəqil idarəedilən avtomobillər artıq fərziyyə deyil, gündəlik həyatın bir hissəsidir. Bərpa olunan enerji mənbələrinin tədqiqi bir çox ölkələr üçün prioritet istiqamətdir. Bu baxımdan növbəti illərdə erkən yaş dövründən uşaqların təhsilə cəlbi, ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılması, şagirdlərdə “XXI əsr bacarıqları”nın formalaşdırılması, müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, o cümlədən təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması, beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tədqiqatlar, innovasiyalar və inkişaf tədbirlərinin, habelə tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”.
Nazir qeyd edib ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyində ölkə Prezidentinin proqram xarakterli çıxışındakı tövsiyələrinə uyğun olaraq təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyəsi, onlarda ölkəmizin tarixinə, mədəniyyətinə bağlılıq, fəal vətəndaş mövqeyinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi ən vacib iş istiqamətlərindən olacaq. “Əminik ki, Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi uğurlu təhsil strategiyasının icrası nəticəsində Azərbaycan təhsili müasir dövrün çağırışlarına uyğun keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək”, - deyə C.Bayramov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52

