Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qarabağa qayıdışı ləngidən səbəb - MİNA

Qarabağa qayıdışı ləngidən səbəb - MİNA

13.11.2021 [09:14]

Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir

Kəlbəcərdə nə qədər mina var?

Vətən müharibəsinin başa çatmasından bir il ötməsinə baxmayaraq, Qarabağın minalanmış ərazilərində ölən və yaralananların artan statistikasını izləməli oluruq. Azərbaycan Ordusu Ermənistan silahlı qoşunlarını  torpaqlarımızdan çıxarsa da, qarşı tərəf öz mənfur əməllərini bu yolla davam etdirir.

Xarici işlər naziri Ceyhun Bayramovun iki gün əvvəl Parisə işgüzar səfəri çərçivəsində Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşündəki məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bağlı idi. Görüşdə nazir Lö Drian Azərbaycana minaların təmizlənməsi prosesində yardım etməyə və bu xüsusda ANAMA ilə əməkdaşlığa hazır olduqlarını bildirdi.

Görüşün gündəliyində minalardan təmizlənmə məsələsinin də yer alması göstərir ki, Azərbaycan Qarabağa qısa müddətdə qayıdış üçün Ermənistanın mina xəritələrini qaytarması məsələsini diqqət mərkəzində saxlayır.

Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Ermənistan baş nazirinə dəfələrlə xəbərdarlıq edib. Bildirib ki, Ermənistan Qarabağda basdırılan yüz minlərlə minanın xəritələrini qeyd-şərtsiz Azərbaycana verməlidir. Uzun danışıqlardan, bəyanatlardan və güzəştlərdən sonra Ermənistan bir rayonun mina xəritəsini verməyi qəbul etmişdi.

Ağdam rayonuna aid mina xəritələrinin verilməsi müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verildi. Ərazisində 97.000 mina basdırılmış Ağdam erməni vandalizmindən ən çox zərər görən şəhər olduğuna görə onu Qafqazın Xirosiması adlandırırlar. Bu rayonun mina xəritələrinin tam dəqiqliklə Azərbaycana verilməsi minalardan təmizlənmə prosesini sürətləndirəcəkdi. Lakin müəyyən edildi ki, ermənilərin təqdim etdikləri xəritələrdə yalnız 25% doğruluq payı var. Bu məsələni Azərbaycan Prezidenti və xarici işlər naziri Ceyhun Bayramov öz çıxışlarında  dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıblar.

Hazırda bütün ərazilərdə minalardan təmizlənmə prosesi xəritə olmadan aparılır. Yuxarıda nümunə gətirdiyimiz göstərici bir rayona aiddir. Ağdamdan dəfələrlə böyük və coğrafi mövqeyinə görə çətin ərazidə yerləşən Kəlbəcərdə nə qədər mina olduğu isə məlum deyil.

Bu il iyunun 4-də Kəlbəcərdə çəkiliş zamanı jurnalistlərin minaya düşməsi  mina xəritələrinin verilməsi məsələsini daha da ciddi bir rakursa gətirdi. Jurnalistlərin şəhid olmasından sonra hadisə dünya ölkələri tərəfindən daha ciddi qiymətləndirilməyə başladı. Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı hadisə ilə bağlı bəyanat da yaymışdı.

Mina xəritələri və minalardan təmizlənmə prosesi Azərbaycan üçün öz aktuallığını qorumaqdadır. Xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək şəhid olan hərbçilərin sayı da az deyil.

Qeyd edək ki, minalar təkcə işğaldan azad olunmuş ərazilərdə deyil, münaqişə zonasından uzaq olan Gədəbəydə də aşkar edilib. Burada da minaya düşərək xəsarət alan, hətta dünyasını dəyişən sıravi vətəndaşlar var... Statistika işğaldan azad edilmiş torpaqlardan kənar ərazilərdə də minaların olmasını sübut edir. Nə etməli? Mənfur qonşumuzun minaladığı ərazilərdə necə davranmalıyıq? Bu suallarımıza cavab tapmaq üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə müraciət etdik.

6 085  hektar ərazi minadan təmizlənib

ANAMA-dan “Yeni Azərbaycan” qəzetinə verilən məlumata görə, insanların mina partlayışlarından minimum zərər görməsi üçün  müharibədən zərərçəkmiş və işğaldan azad olunmuş ərazilərdə mütəmadi olaraq maarifləndirmə tədbirləri yerinə yetilir: “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) işi müxtəlif komponentlər üzrə həyata keçirilir. Bu, əsasən, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumların müvafiq mütəxəssisləri üçün təlimçilərin təlimi, işçilərin ümumi maarifləndirilməsi, o cümlədən əvvəllər təmas xətti dediyimiz ərazilərə yaxın kəndlərdə yaşayan insanlar arasında icma səviyyəli maarifləndirmə tədbirlərindən ibarətdir. Müharibədən zərər çəkmiş ərazilərdəki məktəblərdə PSTM istiqamətində tədbirlərin yerinə yetirilməsi, şagirdlərin bu yöndə biliklərinin artırılması vacibdir. Bu məqsədlə cari il ərzində ANAMA tərəfindən sifariş edilmiş 50 minə yaxın Mina Təhlükəsi kitabları tədris üçün məktəblərə paylanılmışdır.  İşğaldan azad olunmuş ərazilərdə çalışan 120 dən yuxarı dövlət və özəl qurum əməkdaşları maarifləndirmə tədbirlərinə cəlb olunublar. UNİCEF, Təhsil Nazirliyi və ANAMA-nın birgə tərəfdaşlığı ilə bu yaxınlarda başlayan proqram çərçivəsində isə 100 mindən yuxarı insanın prosesə cəlb edilməsi nəzərdə tutulub. İşğaldan azad olunmuş və minalarla çirklənmiş ərazilərdə təhlükəni bildirən 500-dən yuxarı bilbord basdırılıb və insanların təhlükə ilə bağlı xəbərdar olması üçün media vasitəsi ilə 200 dən yuxarı çağırış olub, televiziya proqramları yayımlanıb”. 

Həmçinin bir il ərzində minalardan təmizlənən ərazilərin həcmi də açıqlanıb: “2020-ci ilin 10 noyabr tarixindən bir il ərzində işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı 10 399 ədəd piyada əleyhinə, 4 496 ədəd tank əleyhinə mina və 12 535 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Nəticədə  6 085 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib”.

Agentlikdən verilən məlumatda qeyd olunub ki, ərazilərdə kustar üsulla hazırlanan partlayıcı qurğulara da rast gəlinir: “Təmizləmə əməliyyatlarında Əldədüzəlmə Partlayıcı Qurğulara da rast gəlinir, onlar 3 qrupa ayrılır: minalar kimi öz qurbanları tərəfindən işə salınan, məsafədən idarə edilən və vaxtla işə düşən. Belə qurğular müxtəlif vasitələrdən, məişət əşyalarından və hərbi sursatlardan da istifadə edilərək düzəldilir. Adi metal boruların içinə partlayıcı dolduraraq,  dəmir qırıntıları əlavə edib istiqamətlə atəş açan silahlar hazırlayıblar. Tikililərə mərmilərdən düzəlmə tələlər quraşdırıblar, hərbi sursatları tələ halına gətiriblər, tank əleyhinə minaların üzərinə odun parçaları qoyublar ki, minaaxtaranlar minanı tapa bilməsin, lakin texnika keçəndə partlayış baş versin - bu kimi misallar göstərmək olar”.

Bildirilib ki, minalardan təmizləmə prosesində 3 üsuldan istifadə edilir: “Əllə minatəmizləmə, minaaxtaran itlərin dəstəyi və xüsusi təyinatlı mexaniki maşınlardan istifadə. Mexaniki maşınlar əsasən texniki tədqiqat prosesində şübhəli ərazilərin qısaldılması məqsədilə tətbiq olunur, minaaxtaran itlər isə həm təmizləmə əməliyyatlarına, həm də şübhəli sahələrin kiçildilməsinə, mexaniki yolla yoxlanılmış sahələrdə aparılan keyfiyyətə nəzarət prosedurlarına cəlb olunur. Əl ilə minaaxtarma fəaliyyəti isə humanitar minatəmizləmə sahəsinin ayrılmaz və çox zəhmət tələb edən tərkib hissəsidir”.

Minalanmış ərazilər - 350, yoxsa 830 kv.km?

Landmine Monitor Report nəşrinə görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv. km-dən 830 kv. km-dək ola bilər.

Nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında Qarabağ müharibəsi 30 ilə yaxın davam edib. İşğal dövründə Ermənistan bu ərazilərdə minaların basdırılması və istehkamların qurulması işini aparıb.

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ işğaldan azad olunduqdan sonra deyib ki, 10 il ərzində məcburi köçkünlər öz torpaqlarına qayıdacaqlar. Bu o deməkdir ki, minalardan təmizlənmə prosesi 10 il çəkəcək.

Faktiki vəziyyətə görə, Qarabağın böyük bir hissəsi və 5 kilometr enində Laçın dəhlizi Rusiya hərbi kontingentinin məsuliyyət zonasına aiddir. Həmin ərazidə minalardan təmizləmə işini Rusiya hərbçiləri öz texnikası və mütəxəssisləri ilə aparır.

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, bu işlərə hər gün 10 hərbi qulluqçu cəlb olunur.

Azərbaycanın öhdəliyinə düşən bölgələrin minalardan təmizlənməsi üçün Türkiyə də öz dəstəyini əsirgəməyib. Belə ki, 20 ədəd mina təmizləyən maşın və 5 mexaniki minatəmizləmə texnikası göndərib. Bu texnikalar 500 metr məsafədən idarə olunur və partlayış olarsa, insan tələfatı baş vermir.

Dünyada necədir?

BMT-nin məlumatına görə dünyada 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır. Hər gün orta hesabla desək, 70-dək insan minaya düşür, minalardan zərər çəkmiş hər 3 nəfərdən biri isə uşaqdır.

Həmçinin minalanmış ərazilərdə təsərrüfat fəaliyyəti aparmaq mümkünsüzdür, bu isə ərazisi kiçik, əhalisi sıx olan ölkələrin rifahına öz təsirini göstərir.

BMT-nin təşəbbüsü ilə hazırlanan “minalardan təmizləmə əməliyyatları üçün beynəlxalq standartlar”ın ərazilərin təmizlənməsi keyfiyyətinə dair əsas tələbi belədir: 20 sm-dək qalınlığı olan torpaq təbəqəsinin 99,6 faizi mina və partlayıcı maddələrdən təmiz olmalıdır.

Mütəxəssislərin sözlərinə görə, mövcud texnologiyalardan istifadə edərək, bütün planetin minalardan təmizlənməsi təxminən 1000 il çəkə bilər və 65-100 milyard dollara başa gələcək. Bir minanın aşkar edilib zərərsizləşdirilməsi 1000-5000 dollar məbləğə başa gələ bilər.

Postsovet məkanında baş verən münaqişələrdə döyüş əməliyyatları zamanı hərbi sursatların təxminən 40 faizi partlamamış qalıb.

Köhnəlmiş hərbi sursatların utilizasiyası, yəni zərərsizləşdirilməsi işi çox bahalı olduğuna görə, Rusiya belə sursatları qonşularına sataraq yaxşı qazanc əldə edir, həm də köhnəlmiş sursatlardan öz yaxasını qurtarır.

Qeyd edək ki, Yuqoslaviyanın dağılmasından sonra öz ərazisinin bütövlüyü uğrunda müharibə aparmış Xorvatiyada minalardan təmizlənmə prosesi 20 ilə başa gəlib, Mozambikdə analoji iş 23 ilə görülüb.

Ekspertlər bildirirlər ki, minalardan təmizləməyə sərf olunan vaxt müharibənin davam etdiyi müddətdən təxminən 5 dəfə çox olur.

Məqsəd insan itkisini artırmaqdır

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, minaların təmizlənməsi prosesinin yaxın bir neçə il ərzində davam edəcəyi şübhəsizdir: “Mina xəritələrinin 25% doğru olması prosesi olduqca zəiflədir. Ermənistanın yanlış xəritə verməkdə məqsədi o torpaqlara qayıdışı ləngitmək və insan itkilərini artırmaqdır. 10 min kv. km ərazidə minaları axtarmaq və onun növünü, harada yerləşdiyini, dəqiq koordinatlarını bilmək prosesi  2-3 dəfə daha erkən başa çatdırar. Problem tək bu deyil. Partlamamış hərbi sursatların təmizlənməsi də kifayət qədər zaman alacaq. Atılan raketlər dərinlərdə yerləşə bilir. İşğaldan azad olunmuş ərazi çox böyükdür, minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıqdır. Onların da törətdiyi təhlükə kifayət qədər böyükdür. Odur ki, təmizlənmə prosesinin tez başa çatmasını gözləmək doğru olmaz”.

Ukraynanın hakim partiyasının üzvü, deputat Valeriy Kolyoxun sözlərinə görə, Ukrayna İrəvanın Qarabağ ərazisindəki minalanmış sahələrin bütün dəqiq xəritələrinin istisnasız olaraq təhvil verməsinin yubanmasından narahatdır: “Hərbi əməliyyatlar bitdikdən sonra da bu ərazilərdə insanlar ölür. Təkcə son bir ildə minalar 30 nəfərin ölümünə səbəb olub. Azərbaycan Qarabağdakı 6 min hektar ərazini uğurla minalardan təmizləsə də, insanların həyat və sağlamlığı üçün təhlükə aktual olaraq qalır”. Deputat qeyd edib ki, minalardan tam təmizləmə məsələsi sərhədin demarkasiyası və nəqliyyat kommunikasiyalarının blokunun açılması ilə bağlıdır. Bu, həm Bakı, həm də İrəvan üçün faydalıdır, çünki regionda təhlükəsizliyin tam bərqərar olmasına mane olan bir sıra aspektlər bərabərləşdiriləcək. Ukrayna belə bir ssenarinin həyata keçirilməsində maraqlıdır və ümid edir ki, tezliklə Bakı və İrəvan Cənubi Qafqazda davamlı sülhə nail olmaq və onun çiçəklənməsini təmin etmək naminə əvvəllər əldə edilmiş razılaşmaların icrasını uğurla davam etdirəcək, - o vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Ermənistan öz ölkəsinin də yaxşılığı üçün beynəlxalq hüququn tələblərinə riayət etməli və ən qısa müddətdə mina xəritələrini Azərbaycana təqdim etməlidir.

Günel Abbas

 

 

Paylaş
Baxılıb: 285 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31