Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Aİ əməkdaşlığına qarant...

Azərbaycan-Aİ əməkdaşlığına qarant...

20.07.2022 [10:23]

Hansı sənədlər imzalanıb?

Nardar BAYRAMLI

Azərbaycan-Avropa İttifaqı əlaqələri uğurla inkişaf edir. İyulun 18-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin ölkəmizə səfəri, səfər zamanı aparılan müzakirələr əlaqələrin perspektivdə daha da yüksələcəyindən xəbər verir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı  arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimindən sonra mətbuata bəyanatla çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, bu Memorandum tərəflər arasında  imzalanmış birinci sənəd deyil.

Ümumiyyətlə, Azərbaycan və Avropa İttifaqı arasında daha hansı sənədlər imzalanıb? Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, enerji,  infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirib. Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlbedici edən faktorlardır. 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış  və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi  siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. 10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq, onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.  

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib. Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də “Avropa Qonşuluq Siyasəti” idi. Azərbaycan Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanmış və bu məqsədlə Aİ-nin maliyyə-texniki dəstəyini alıb.

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu isə 7 noyabr 2006-cı il tarixində Brüssel şəhərində imzalanıb. Tərəflər xüsusən Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin aradan qaldırılması baxımından regiondakı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsinin əhəmiyyətini vurğulayır. Sənəddə 4 sahədə əməkdaşlığın həyata keçiriləcəyi bildirilir: Enerji sahəsində milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması; Azərbaycan və Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi; Enerjiyə qənaət və iqlim dəyişikliyi hədəfləri ilə əlaqədar enerji tələbatının müfəssəl idarəçilik siyasətinin hazırlanması; Texniki əməkdaşlıq və təcrübə mübadiləsi.

Avropa İttifaqı ilə əlaqələr indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq - Qərb nəqliyyat - kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. çərçivələrdə inkişaf etdirilmişdir. Müstəqilliyin ilk illərində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa - Qafqaz - Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib. Tərəflər arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişlər müvafiq olaraq 29 noyabr 2013-cü il və 28 fevral 2014-cü il tarixlərində imzalanıb. Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə isə 5 dekabr 2013-cü il tarixində Brüssel şəhərində imzalanıb. Birgə Bəyannamənin əsas məqsədi ölkəmizlə Aİ arasında insanların hərəkətinin asanlaşdırılması, miqrasiya axınlarının müvafiq beynəlxalq standartlara uyğun daha yaxşı idarə olunması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsidir.

2017-ci ilin noyabrında isə  Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı Sammitinin qəbul edilmiş Birgə Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  bir daha dəstəklənib. Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb. Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sənəddə Azərbaycan Respublikasının iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib. Gələcək illər üçün Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçiriləcək birgə əməkdaşlıq istiqamətləri sırasında Azərbaycan Respublikasının Avropa İttifaqı ilə vizasız gediş-gəliş sənədlərinin işlənməsi xüsusi yer alıb. Sənəddə Azərbaycanın iştirak etdiyi digər beynəlxalq əməkdaşlıq sahələri də qeyd edilib.

2018-ci ilin iyulunda  Brüsseldə Avropa İttifaqının mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə  Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi keçirilib. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub.

Avropa Qonşuluq Siyasətinin (AQŞ) yeniləşdirilməsindən sonra Aİ Azərbaycanla AQS Fəaliyyət Planını əvəz edəcək yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparıb. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 11 iyul 2018-ci il tarixində Brüssel şəhərində sənəd üzrə danışıqların bitməsini qeyd edən mərasim keçirilib. Sənəd 28 sentyabr 2018-ci il tarixində Azərbaycan - Aİ Əməkdaşlıq Şurasının tövsiyəsi ilə qəbul edilib və həmin tarixdən qüvvəyə minib. Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır.

“Cənub Qaz Dəhlizi” layihəsi də Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetləri sırasındadır. Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə 13 yanvar 2011-ci il tarixində Bakı şəhərində imzalanıb. Sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymətləndirilir. Tərəflər Şahdəniz-2 və Azərbaycanın digər yataqlarından mövcud təbii qaz resurslarının Avropa bazarlarına çatdırılmasını bölüşülən strateji məqsəd kimi təsbit edir. 29 may 2018-ci il tarixində Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi baş tutub. Bununla Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin əsası qoyuldu. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşınan 3500 kilomet? lik “Cənub Qaz Dəhlizi” üç kəmərdən - CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarətdir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP 2020-ci ilin dekabrında tamamlandı. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

Bu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı  arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması isə ölkəmizin geosiyasi əhəmiyyətini daha da artıracaq.

Paylaş:
Baxılıb: 115 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31