Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bir il əvvəl...

Bir il əvvəl...

27.09.2022 [09:58]

Xalq şəhidlərimizi andı

Bakıda şəhidlərin xatirəsinə möhtəşəm anım yürüşü keçirilib

Mübariz FEYİZLİ

Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində misilsiz şücaətlər göstərərək düşmənin üç onillik ərzində öz nəzarətində saxladığı torpaqlarımızı işğaldan azad etdilər. Vətən torpaqlarının azadlığı uğrunda həyatlarını itirən şəhidlərimizin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq. Azərbaycan cəmiyyətində şəhid ailələrinə və qazilərə böyük ehtiram bəslənilir. Eyni zamanda, bu qəbildən olan ailələr və hərbiçilər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.

Bir il bundan əvvəl - 27 sentyabr 2021-ci il tarixində Bakıda möhtəşəm yürüş keçirildi. Minlərlə paytaxt sakininin və şəhərimizin qonaqlarının qatıldıqları bu yürüş Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq təşkil olunmuşdu. 44 günlük müharibənin elə ilk günlərindən Azərbaycan cəmiyyəti yüksək həmrəylik nümayiş etdirərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi və Silahlı Qüvvələrimizə hər cür dəstək verməyə hazır olduğunu bildirdi. Bu həmrəylik Bakıda bir il bundan əvvəl keçirilən yürüşdə də ifadə olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdiriblər.

Dövlətimizin başçısı yürüşdə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı aparırdı. Müdafiə Nazirliyinin hərbi hissəsinin zabiti baş leytenant Adil İbrahimli 2020-ci il noyabrın 7-də Xocavənd rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı həlak olub. O, Şuşa istiqamətində aparılmış döyüş əməliyyatlarında xüsusi tapşırıqların yerinə yetirilməsində şəxsi igidlik göstərib. Prezident İlham Əliyev Adil İbrahimlini “Vətən müharibəsi qəhrəmanı” adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edib.

Birinci xanım Mehriban Əliyeva isə yürüşdə şəhid Narin Teymur qızı Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləyirdi. Narin Xalıqova 2019-cu il dekabrın 17-də Gəncə şəhərində doğulub. Ailənin tək övladı olan Narin 5 illik həsrətin sonunda dünyaya göz açmışdı. Narin Xalıqova 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində anası Sevil Əsgərova, həmçinin yaxın qohumları Suliddin Əsgərov, Bəxtiyar Əsgərov, Nigar Əsgərova ilə birlikdə həlak olub. Nazirlər Kabinetinin qərarına əsasən Narin Teymur qızı Xalıqovaya şəhid statusu verilib.

Neftçilər prospektindən başlayan yürüş Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinədək davam edib. Yürüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib.

Həyatla vidalaşan 2907 şəhid

44 günlük Vətən müharibəsində 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb ki, onların da mütləq əksəriyyəti gənclərdən ibarətdir. Müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır. Biz xatırlaya bilərik. Son 18 ildə Prezident İlham Əliyev daim gənclərə xitab edərək onları ana Vətəni sevməyə, torpaqlarımızı qorumağa çağırıb. Digər tərəfdən, dövlətimizin başçısı şəxsi nümunəsi ilə gənclərə Vətənə necə xidmət göstərməyin nümunəvi modelini təqdim edib. Milli maraqlarımızın qorunması dövlətimizin başçısının fəaliyyətinin ana xəttini təşkil edir. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə  ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün ardıcıl səylər göstərib, bu məsələdə Ona göstərilən bütün təzyiqləri qətiyyətlə dəf edib.

Dövlət başçısının konkret yaxın və uzaq məqsədlərə, milli maraqlarımızın qorunmasına hesablanan səmərəli fəaliyyəti Azərbaycan cəmiyyətində təqdir olunur. O cümlədən gənclərimiz də dövlət başçısının fəaliyyətini və çağırışlarını özləri üçün həyat kredosuna çeviriblər. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi təsdiqlədi ki, Azərbaycan gənclərində vətənpərvərlik kifayət qədər yüksək səviyyədədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına başlayan Silahlı Qüvvələrimiz bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdi. Vətən müharibəsinin elə ilk günlərindən Azərbaycan Ordusu döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirərək üstünlüyü ələ aldı. Qısa müddətdə Ordumuz 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında geri qaytardı. Noya­brın 8-də bizim hamımız üçün əziz olan Şuşanın xüsusi əməliyyatla işğaldan azad edilməsi ilə müharibənin taleyi böyük dərəcədə həll olundu. Ertəsi gün daha 70-dən çox yaşayış məntəqəsi, yeni strateji yüksəkliklər düşməndən təmizləndi. Hərbi resurslarının tükəndiyini, ordusunun darmadağın edildiyini dərk edən düşmən noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları sənədə əsasən, düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza qaytardı. Bu proses 2022-ci il avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərində, Zabux və Sus kəndlərində yerləşməsi ilə başa çatdı. Sentyabrın 21-də Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Laçın şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını ucaltdı. Beləliklə, respublikamız üç onilliyi əhatə edən işğal faktının aradan qaldırılmasına hərbi-siyasi yolla nail oldu.

Vətən müharibəsində şanlı qələbənin təmin olunmasında, şübhəsiz ki, müxtəlif amillər öz müsbət təsirini göstərdi. Burada gənclərin rolu isə heç nə ilə müqayisə oluna bilməz. Verilən xəbərlərə görə müharibə dövründə işğalçı Ermənistanın hərbi birləşmələrinin təxminən 10 min üzvü fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycanda isə tamam fərqli mənzərə hökm sürürdü. Biz Vətən müharibəsi başlayanda gənclərin könüllü şəkildə orduya yazılmaq üçün növbəyə durduqlarının, eləcə də gənc əsgər və zabitlərin döyüş meydanında torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmələrinin şahidi olduq. Bu, Azərbaycan gənclərinin vətənpərvərliyinin təcəssümüdür. İkinci Qarabağ savaşının iştirakçılarının böyük əksəriyyəti respublikamızda son 18 ildə formalaşan sağlam ruhlu, möhkəm əqidəli gəncliyi təmsil edir. Uğurlu gənclər siyasəti ölkəmizdə Vətənə, torpağa möhkəm tellərlə bağlı olan gənclər ordusunun formalaşmasını şərtləndirib. Qarabağı azad etmiş gənc nəsil məhz Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən gənclərin qələbəmizin təmin olunmasında xüsusi rol oynadıqlarına diqqət çəkərək “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”, - deyə bildirib.

Şəhid statusu alan mülki vətəndaşlar

Respublikamızda 94 nəfər mülki şəxsə ölümündən sonra şəhidlik statusu verilib. Bəli, mülki vətəndaşların şəhid statusu almaları ilk baxışda suallar yarada bilər. Ancaq bu, Ermənistan silahlı qüvvələrinin müharibə qanunlarını, Cenevrə konvensiyasının müddəalarını pozmasının nəticəsində yaranan acı reallıqdır. Ermənistana məxsus hərbi birləşmələr müharibə zamanı döyüş meydanlarında uğradıqları sarsıdıcı məğlubiyyətlərin əvəzini təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizi, mülki infrastrukturu aramsız atəşə tutmaqla çıxmağa çalışırdılar. Özü də bu zaman erməni vandalları qadağan olunmuş silahlardan istifadə edirdilər. Düşmənin insanlıqla bir araya sığmayan belə hücumlarına baxmayaraq, Gəncə şəhərinin, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də, ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdiriblər.

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30