Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Niyə məhz Türkiyə?

Niyə məhz Türkiyə?

14.12.2022 [10:15]

Türkiyənin danışıqlar prosesinə qoşulması Cənubi Qafqazın sülh bölgəsinə çevrilməsinə yalnız fayda verə bilər

Nardar BAYRAMLI  

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi beynəlxalq birliyin diqqət mərkəzindədir. Sülhyaratma prosesində vasitəçi rolunda çıxış edən Avropa İttifaqı və Rusiyanın təşəbbüsləri ilə növbəlililik əsasında reallaşan görüşlərdə bir sıra müsbət nəticələr qeydə alınsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi yekun nəticənin əldə edilməsinə mane olur. Son təmasın oktyabrın 31-də Soçidə baş tutduğunu nəzərə alsaq, tərəflər arasında yeni görüşün keçirilməsi ehtimalı istisna edilmir. Əsas müzakirə mövzusu isə görüşün harada və kimin vasitəçiliyi fonunda keçirilməsidir.

Xatırladaq ki, növbəti görüş Brüssel sülh gündəliyi çərçivəsində dekabrın 7-nə planlaşdırılsa da, Ermənistanın gözlənilmədən görüşə Fransa prezidentinin də qatılmasına israr etməsi buna imkan vermədi. Bakıda keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, növbəti görüş dekabrın 7-də Brüsseldə keçirilməli idi: “Çünki son görüşdə biz noyabr ayında görüşməyə qərar verdik. Lakin sonra - oktyabrın sonunda Prezident Putin Soçidə görüş təyin etdi. Ancaq dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək”.

Doğrudur, Fransa Brüssel formatının birbaşa üzvü deyil. Çünki Avropa İttifaqının vasitəçiliyi ilə liderlər səviyyəsində keçirilən görüşlərin təşəbbüskarı Aİ Şurasının Prezidenti Şarl Mişeldir. Fransa prezidenti Makron bu formatda keçirilən bəzi görüşlərin iştirakçısı olub. Onun açıq-aşkar ermənipərəst mövqeyi, ölkəmizə qarşı əsassız fikirləri isə artıq bu prosesdə iştirakını mümkünsüz edir.

Bəs prosesdə Fransanı hansı ölkə əvəz etsə, tərəflər sülhə daha tez yaxınlaşa bilər? Son vaxtlar bəzi ekspertlər prosesdə Fransanın Türkiyə ilə əvəzlənməsinin əhəmiyyətli olduğunu vurğulayırlar. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da bu günlərdə İstanbulda keçirilən TRT Dünya Forumunda çıxışı zamanı deyib ki, Türkiyə İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün önəmli təkliflər verə bilər. “İnanın mənə, Türkiyənin Ermənistan və Azərbaycan arasında hərtərəfli nizamlanmaya dəstək vermək üçün təklif edəcəyi çox şey var”, - deyə xüsusi nümayəndə söyləyib.

Bəs Türkiyənin bu prosesdə iştirakı nə üçün arzu olunur? İlk növbədə qeyd etməliyik ki, Türkiyə hər zaman dünyada sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Bu istiqamətdə rəsmi Ankara daim qlobal təşəbbüslər ortaya qoyub. Xüsusilə, bu ölkənin Rusiya və Ukrayna arasındakı müharibənin dayanması, sülhün əldə olunması üçün təşəbbüsləri beynəlxalq birlik tərəfindən təqdir olunur. Taxıl dəhlizinin yaradılması da birbaşa rəsmi Ankaranın vasitəçiliyinin nəticəsidir. Məlumdur ki, müharibə səbəbindən Ukraynanın Qara dəniz limanlarında 20 milyon tondan çox taxıl anbarlarda qalmışdı. Qlobal ərzaq böhranının qarşısını almaq üçün Ukrayna taxılının ixracına böyük zərurət yaranmışdı. Uzun müzakirələrdən sonra taxıl sazişi üzrə iyulun 13-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələrindən ibarət dördtərəfli görüş keçirildi. Bu görüşün nəticəsi olaraq iyulun 22-də həmin məkanda taxıl ixracına dair saziş imzalandı. Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, müxtəlif ölkələrə taxıl daşınır. İstanbulda taxıl dəhlizi haqqında sazişə uyğun olaraq, Birgə Koordinasiya Mərkəzi də fəaliyyət göstərir. Bir müddət öncə Rusiya sazişdə iştirakını dayandırdığını elan etsə də, Türkiyənin səyləri nəticəsində qısa müddət ərzində rəsmi Moskva bu platformada fəaliyyətini bərpa etdi.

Qeyd etdiyimiz kimi, Rusiya-Ukrayna müharibəsinin dayandırılması, o cümlədən taxıl böhranının həlli yönündə Türkiyənin göstərdiyi səylər bütün dünyada yüksək dəyərləndirilir. Mart ayında Antaliya Diplomatiya Forumu çərçivəsində ilk dəfə olaraq Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü təşkil edildi. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir. Eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb. 

Bütün bunların fonunda, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə də Türkiyənin vasitəçi olaraq qoşulması arzuediləndir. Ümumilikdə, Cənubi Qafqazdakı reallıqlar fonunda Avropa İttifaqının sülhpərvər missiya ilə moderatorluq etməsi Azərbaycan və Ermənistan üçün uyğun formatdır. Brüssel ABŞ və Rusiyaya münasibətdə daha səmimi vasitəçidir, hərçənd ki, onu Azərbaycana bağlayan məqam daha çox enerji bazarlarındakı böhran, Avropanın Bakı qazı hesabına alternativlər axtarışında olması faktorlarıdır. Azərbaycanın da Avropa İttifaqında tərəfdaşları mövcuddur, yəni bu iki amil ittifaqla Bakı arasında qarşılıqlı maraqları stimullaşdırır. Ancaq Fransanın Avropa İttifaqının maraqlarını kənara ataraq özünün dağıdıcı ambisiyaları ilə çıxış etməsi prosesi ləngidir. Belə olan halda, Azərbaycan üçün ən etibarlı vasitəçi isə Türkiyədir, yəni Ankaranın vasitəçiliyi ilə Bakı-İrəvan arasında ali səviyyəli görüşlər keçirilməsi ən məqbuldur. Lakin iki səbəbə görə qlobal məkanda Ankaraya bitərəf kimi baxılmır.

- Türkiyə Azərbaycanın strateji müttəfiqidir, yəni Bakının strateji maraqlarını ön planda tutur;

- Türkiyənin özünün Ermənistanla münasibətləri normallaşmayıb ki, bu da Ankaranın moderatorluqda tərəf kimi çıxış etməməsi üçün əsasdır.

Ancaq bununla istisna etmək olmaz ki, Azərbaycan-Türkiyə-Ermənistan üçtərəfli görüşü mümkün deyil. Sadəcə, İrəvanın Bakı və Ankaranın maraqları çərçivəsində normal, konstruktiv mövqe sərgiləməsi kifayətdir ki, yeni formatda danışıqlar baş tutsun. Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş, eləcə də hər iki ölkənin xüsusi nümayəndələri arasında təmaslar prosesə nikbin baxmaq üçün əsaslar verə bilər. Eyni zamanda, Türkiyənin Brüssel formatı çərçivəsində də prosesdə iştirakı mümkündür. Bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə barədə bir müsbət fikri də rəsmi İrəvanın Ankaranın vasitəçiliyini qəbul edəcəyi ehtimalını artırır. Belə ki, Paşinyan Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq bildirib: “Bu yaxınlarda Türkiyədə səsləndirilən bir bəyanatla razılaşdığımı bildirmək istəyirəm. İdeya ondan ibarətdir ki, bütün region dövlətləri, o cümlədən Türkiyə, Ermənistan və Azərbaycanın öz təhlükəsizliyinin, suverenliyinin və müstəqilliyinin təmin edilməsi baxımından bir-birinə ehtiyacı var və bu, çox mühüm bir formuladır”.

Bütün hallarda, Türkiyənin prosesə qoşulmasının  əhəmiyyətli olması barədə fikirlər ümumilikdə, rəsmi Ankaranın sülhpərvər mövqeyinin ifadəsidir. Çünki Türkiyə tərəfi dəfələrlə ali səviyyədə regionda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına maraqlı olduğunu bəyan edib. Rəsmi Ankaranın prosesə qoşulması Cənubi Qafqazın sülh bölgəsinə çevrilməsinə yalnız fayda verə bilər.

Paylaş:
Baxılıb: 301 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29