Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülhməramlıların aqibəti…

Sülhməramlıların aqibəti…

22.07.2023 [10:20]

Zaxarovanın açıqlamasındakı “Vilnüs amili”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Vilnüs sammitində Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması ilə bağlı fikirləri həm Ermənistanda, həm də Rusiyada hələ də geniş müzakirə mövzusudur. Ermənilər və ruslar bununla bağlı narahatlıqlarını açıq şəkildə nümayiş etdirirlər. Sammitdə Türkiyə Prezidenti xatırlatmışdı ki, razılığa görə, Rusiya sülhməramlıları 2025-ci ilə qədər müəyyən olunan yerlərdə qalmalıdırlar: “2025-ci ildə isə bu yerləri tərk edəcəkdir, anlaşma bu cür olub. Mən də Rusiyanın bu anlaşmaya sadiq qalacağına inanıram. Hörmətli qardaşım İlham Əliyev də bu məsələni yaxından izləyir”. Bir sıra siyasi mütəxəssislər Rusiya Xarici İşlər Nazirliyinin iyulun 15-də verdiyi və Brüssel görüşü ilə üst-üstə düşən məlum bəyanatını, həm də Prezident Ərdoğan “cavab” kimi xarakterizə etmişdilər. Bəyanatda Qarabağın erməni sakinləri ilə bağlı səsləndirilən fikirlər də buna dəlalət edir. Amma, deyəsən, Rusiya bir bəyanatla “kifayətlənmək istəməyib” - Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bugünlərdə Türkiyə Prezidentinin məlum fikirlərinə növbəti də qayıdıb. O deyib ki, Rusiya hərbi kontingentinin Qarabağda mövcudluğu və qalma müddəti üçtərəfli bəyanat əsasında müəyyənləşdirilir və  Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil.

Zaxarovaya xatırlatma...

Türkiyənin üçtərəfli Bəyanatda imzası olmasa da, regionda gedən proseslərə təsiri və iştirakı təkzibolunmazdır. 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi də qələbəmizdə mühüm şərtlərdən biri oldu. Bu, bəzi beynəlxalq “güclər”in prosesə müdaxiləsini blokladı, bunu mümkünsüz etdi. Digər tərəfdən, Mariya Zaxarova unutmamalıdır ki, məhz istinad etdiyi üçtərəfli Bəyanata əsasən bölgədə vəziyyətə nəzarət etmək üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.

Bütün bunlarla yanaşı, Rusiya sülhməramlılarının ötən dövr ərzində göstərdiyi fəaliyyət birmənalı qiymətləndirilmir - bəzi hallarda Azərbaycan cəmiyyətində haqlı narazılığa belə səbəb olur. Buna görə də, ictimai fikirdə sülhməramlıların razılaşmanın ilkin mərhələsindən sonra regionu tərk edəcəyi ilə bağlı mövqelər nümayiş etdirlir. 

Türkiyə prosesdən kənarda deyil...

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, qardaş Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini birmənalı olaraq dəstəkləyib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rus sülhməramlıları ilə bağlı açıqlamasının rəsmi Moskvada qıcıq yaratması ortadadır: “Mariya Zaxarova Türkiyənin üçtərəfli Bəyanatın tərəfi olmadığını iddia edir. Amma bunu da deməyi unudur ki, cənab Ərdoğanın mövqeyi məhz üçtərəfli Bəyanata əsaslanır. Həmin sənəddə açıq-aydın yazılıb ki, Rusiya sülhməramlı kontingentinin bölgədə qalma müddəti beş ildir. Əgər tərəflərdən biri istəməzsə, sülhməramlıların mandatı uzadılmayacaq. Eyni zamanda, üçtərəfli Bəyanata əsasən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb və hazırda Ağdamda fəaliyyətini davam etdirir. Bu isə o deməkdir ki, rəsmi Ankara prosesdən kənarda deyil və bu, sözügedən sənədlə təsbit olunub”.

Sülhməramlılar öhdəliklərinə tam əməl etmirlər

Politoloqun fikrincə, sülhməramlılar öz öhdəliklərini tam yerinə yetirməlidirlər. “Doğrudur, Ermənistan rus sülhməramlılarının bölgədə qalmasında maraqlıdır. Çünki rəsmi İrəvan məhz sülhməramlılar vasitəsilə Qarabağdakı erməni separatçılarına dəstək verirlər. Amma Azərbaycan dövləti sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı bəzi məqamları açıq şəkildə bildirib. Buna səbəb sülhməramlıların 10 noyabr üçtərəfli Bəyanatının müddəalarını tam yerinə yetirməməsidir. Təəssüf ki, hələ də qanunsuz erməni hərbi dəstələrinin Qarabağdan çıxarılması təmin edilməyib. Bu məsələdə Rusiya sülhməramlı kontingeninin üzərinə məsuliyyət düşür. Laçın yolunda dövlətimiz tərəfindən sərhəd-buraxılış məntəqəsi qurulana qədər, sülhməramlıların himayəsi ilə Ermənistandan Qarabağ separatçılarına silah-sursat, o cümlədən mina daşınırdı. Eləcə də, xarici ölkələrdən Ermənistan vasitəsilə Qarabağa qanunsuz səfərlərin təşkil olunmasına göz yumulurdu. Buna görə də, dövlətimiz tərəfindən Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi yaradıldı. İndi Ermənistandan qanunsuz silahlar gətirə bilməsələr də, rus sülhməramlılarının müşayiəti ilə separatçılar Qarabağ daxilində silahların yerdəyişməsini aparırlar. Eləcə də, sülhməramlılar separatçıların, qanunsuz erməni silahlarının hərbi təxribatlarına, ordumuzun mövqelərinin atəşə tutmasına da göz yumurlar.  Bütün bunlara son qoyulmalıdır”, - deyən R.Alıyev əlavə edib ki, sadalanan faktlar 2025-ci ildə mandatın başa çatması ilə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxmasını aktuallaşdırır.

Bakı regionda vəziyyətə tam nəzarət edir

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Vilnüs sammitində səsləndirdiyi fikirlər böyük əhəmiyyət kəsb edir. Rəsmi Bakı regionda vəziyyətə tam nəzarət edir. Hansısa qüvvələrin regionda gərginliyi saxlamaq, Qarabağ separatçılarına dəstək göstərmək cəhdləri heç bir nəticə verməyəcək. Sülhməramlıların  Qarabağ separatçılarının bütün təxribatlarına göz yumması uzun müddət davam edə bilməz. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi ortadadır. Qarabağdakı erməni sakinlərimizin Azərbaycana inteqrasiyası sürətləndirilməlidir. Humanitar məsələlərlə bağlı rəsmi Bakı Ağdam-Xankəndi yolunu təklif edib. Görünən odur ki, rus sülhməramlıları bu istiqamətdə heç bir addım atmır. Yəni Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiya olunmasına maraqlı deyillər. Əksinə, separatçıların təxribatçı addımları qarşısında susqunluq nümayiş etdirirlər.”, -deyə politoloq vurğulayıb.

Nardar

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31