Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Kitab Mərkəzi kitabsevərlərin sevimli məkanı olacaq

Bakı Kitab Mərkəzi kitabsevərlərin sevimli məkanı olacaq

08.09.2018 [10:18]

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan bu Mərkəz mütaliəyə marağı yenidən bərpa etməklə yanaşı uşaq və yeniyetmələrdə kitaba olan sevgini artıracaq
Məlum olduğu kimi, Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarları, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, tolerantlığın təbliğinə, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi öndə tutan Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
Bundan başqa, Azərbaycan mədəniyyətini və milli dəyərlərini təbliğ edən nəşrlərin dünya ictimaiyyətinə çatdırılmasında da ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri danılmazdır.
Vurğulamaq yerinə düşər ki, kitab və mütaliənin təbliği bu gün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki bu məsələ uşaqların, yeniyetmə və gənclərin, ümumilikdə isə cəmiyyətimizin gələcəyi ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycanda vaxtilə kitaba böyük maraq göstərilib, mütaliə sevənlərin sayı isə digər ölkələrlə müqayisədə dəfələrlə çox olub. Və sevindirici haldır ki, son illərdə ölkəmizdə kitab oxuyanların sayında ciddi artım müşahidə olunur. Bunu Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinə qısa zaman ərzində göstərilən maraq bir daha təsdiq edir.
Xatırladaq ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışında iştirak ediblər. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi ölkədə intellektual səviyyəni yüksəltmək, bilik və savad almaq üçün ən mühüm şərt olan mütaliə mədəniyyətini yaşatmaq və gələcək nəsillərə ötürmək kimi vacib məsələyə böyük töhfə verir. Beləliklə, bu Mərkəzin istifadəyə verilməsi kitaba marağı yenidən bərpa etməklə yanaşı, eyni zamanda, uşaq və yeniyetmələrdə kitaba olan sevgini artıracaq, onlara mütaliə etmək vərdişləri aşılayacaq. Bütün bunlar gənc nəslin bilikli, savadlı və yüksək intellektual səviyyədə yetişməsinə xidmət edir ki, bu məsələyə də Heydər Əliyev Fondu xüsusi diqqət yetirir.
Bakı Kitab Mərkəzi müxtəlif ədəbi-mədəni tədbirlər üçün də əvəzsiz məkan olacaq
Biz də kitabsevərlərə ən müasir imkanları təqdim edən Mərkəzlə tanış olmaq üçün birbaşa paytaxtın Üzeyir Hacıbəyli və Qoqol küçələrinin kəsişməsində yerləşən həmin məkana yollandıq. Qapıdan içəriyə daxil olarkən sanki sehrli bir aləmə düşürsən. Kitablarla əhatə olunmuş bu çağdaş məkan öz müsbət aurası, gözoxşayan dizaynı ilə səni bir növ öz möcüzəvi dünyasına çəkir. Yüksək zövqlə inşa olunan bu Mərkəzin sahəsi 2500 kvadratmetrə yaxındır. Xüsusilə də, Qarabağın rəmzi olan əfsanəvi xarı bülbül və başqa milli ornamentlərlə bəzədilmiş tavan görənlərin könlünü oxşayır. Belə ki, orijinal üslubda tikilən Mərkəzdə oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab oxumalarına şərait yaradılıb. Hər yaşdan olan nəslin nümayəndələri sözügedən ünvanın qonağı olurlar. Həmçinin Kitab Mərkəzində görmə imkanları məhdud şəxslər üçün də guşə fəaliyyət göstərir. Klassik musiqi incilərinin müşayiəti ilə bu məkanda həm sevdiyiniz əsəri mütaliə edə, həm də bəyəndiyiniz təqdirdə həmin kitabı satın ala bilərsiniz. Bu, artıq sizin ixtiyarınıza verilib.
Diqqət çəkən daha bir məqam isə odur ki, binanın foyesində quraşdırılan monitorlar vasitəsilə axtardığınız kitabları rahatlıqla tapa bilərsiniz. Kitab satışı ilə bərabər, burada “Coffeemood” adlı kafe də fəaliyyət göstərir. Qonaqlar kafedə istirahət edərkən Mərkəzdə təqdim olunan kitab və jurnallarla tanış ola biləcəklər. Beləliklə, şəhər mənzərəsinə açılan pəncərələrin önündə çay süfrəsi arxasında mütaliə xüsusi zövq verəcək.
Həmçinin burada müxtəlif nəşrlərlə yanaşı, “I love Baku” milli brendinin Azərbaycana dair suvenirlərini və “Azərmarka”nın məhsullarını əldə etmək mümkündür.
Bakı Kitab Mərkəzində, eyni zamanda, oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir. Fondun Ulu öndər Heydər Əliyev, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, görkəmli şəxsiyyətlərimiz haqqında bir-birindən maraqlı nəşrləri müxtəlif dillərdə ölkəmizin təbliği baxımından mühüm rol oynayır.
Bakı Kitab Mərkəzinin fəaliyyətə başlaması ədəbiyyatsevərlər üçün böyük töhfə oldu
Heyranlıq və məmnunluq hissi ilə davam etdirdiyimiz gəzinti əsnasında buraya üz tutan insanların bir neçəsi ilə görüşüb söhbətləşmək imkanı əldə etdik. Beləliklə həmsöhbət olduğumuz ADA universitetinin tələbəsi Nicat Məmmədov müstəqil Azərbaycanda belə bir Mərkəzin yaradılmasını yüksək qiymətləndirdi: “Biz kitabsevərlər üçün burada hər cür şərait yaradılıb. Özümü sanki xarici ölkələrin kitab mərkəzlərindəki kimi hiss etdim. Qiymətlər də olduqca münasibdir. Hazırda “1001 Paintings You must see before you die” (Ölmədən öncə görməli olduğunuz 1001 rəsm) kitabını almışam. Heç şübhəsiz, bu gündən etibarən bu Mərkəzin daimi oxucularından biri olacağam”.
Mərkəzdə həmçinin “Uşaq guşəsi” də fəaliyyət göstərir ki, valideynlər azyaşlı uşaqlarını buraya gətirməklə onları kitab oxumağa sövq edirlər. Eynilə, müsahibimiz Şəbnəm Həsənzadə kimi. Öz azyaşlı övladları ilə Mərkəzə üz tutan Şəbnəm xanım ilk dəfə buraya gəldiyini və olduqca məmnun qaldığını dedi. Müsahibim belə bir mədəniyyət və ədəbiyyat ocağını xalqımıza nəsib etdiyinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü bildirdi: “Təməli möhkəm gəncliyin yetişməsini istəyiriksə, onların kitab oxumalarına şərait yaratmalıyıq. Çox istərdim ki, bu möhtəşəm layihə uzunömürlü olsun və gələcək nəslin maariflənmə, mütaliə məsələlərində əsas rollardan birini oynasın”.
Yeri gəlmişkən, Bakı Kitab Mərkəzi təkcə paytaxt əhalisinin deyil, ölkəmizə gələn çoxsaylı turistlərin də üz tutduğu məkanlar sırasına daxil olmağı bacarıb. Azərbaycana ilk dəfə səfər etdiyini deyən amerikalı Tomas Pol Mərkəzin arxitekturasının diqqətini daha çox cəlb etdiyini bildirdi: “Qısa müddətdir ki, ölkənizdə qonağam. Azərbaycan qədimliyi qoruyub saxlamaqla, yeniliyin vəhdətini yarada bilib. Bu günlər ərzində İçərişəhəri gəzdim, milli mətbəxinizdən təamların dadına baxdım. Hazırda Kitab Mərkəzinə gəlmişəm. Buranı çox bəyəndim. Yeni fəaliyyət göstərməsinə baxmayaraq, ziyarətçilərin sayının çoxluğu sevindirici haldır. Tarixinizi və mədəniyyətinizi əks etdirən bir neçə kitab alıb ölkəmə aparmaq istəyirəm”.
Rusiyanın Vladivostok şəhərindən şəhərimizə qonaq gələn Maiseevlər ailəsi də Mərkəzi ziyarət edənlər sırasındadır: “Bir neçə gündür ki, şəhərinizə ailəmlə qonaq gəlmişik. Sabah da qızım Bakıya gələcək. Sözsüz ki, qızımı gətirəcəyim ilk ünvan bura olacaq. İnanıram ki, Kitab Mərkəzi tezliklə Bakının “görməli yerlər siyahısı”nda öz yerini alacaq. Bakı sadəcə vizual cəhətdən deyil, daxilən də zəngin şəhərdir. Mərkəzi ziyarət etməklə bunu bir daha anlamış olduq. Burada hər bir tarixi zənginlik, o cümlədən mədəni dəyərlər cəmlənib”.
Xatırladaq ki, Mərkəz səhər saat 10:00-dan axşam saat 22:00-dək kitab həvəskarlarının üzünə açıqdır.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30