Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Karantin dövründə immun sistemimizi gücləndirmək üçün necə qidalanmalıyıq?

Karantin dövründə immun sistemimizi gücləndirmək üçün necə qidalanmalıyıq?

13.04.2020 [10:26]

Həkim-dietoloq Tutu Zeynalova: Vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi olaraq qəbul etmək lazımdır


Yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması istiqamətində dünya ölkələrində karantin rejiminin tətbiq olunması, sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi fonunda istər yerli, istərsə də xarici mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri yoluxmadan necə - hansı yollarla qorunmaqdır. Təbii ki, həm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu istiqamətdə çoxsaylı tövsiyələr verilir, həm də ayrı-ayrı ölkələrin nümunəsində tibb mütəxəssisləri faydalı məlumatları diqqətə çatdırırlar. Azərbaycanda da COVİD-19-un geniş yayılmasınını qarşısının alınması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər çərçivəsində əhali arasında geniş maarifləndirmə işi aparılır. Eyni zamanda, kütləvi informasiya vasitələri həkim-mütəxəssislərin zəruri tövsiyələri və rəylərini insanların nəzərinə çatdırır. Bu sırada ən çox diqqət yetirilən məsələlərdən biri immun sistemini gücləndirmək üçün düzgün və sağlam qidalanma rejimi tətbiq etməkdir.

Mütəxəssislərin qənaətinə əsasən, immuniteti gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. İndi bütün dünyada geniş yayılan koronavirusa qarşı spesifik müalicə üsulu, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən adekvat və məqbul metod kimi səciyyələndirilir.

"Çox yeməyə can atmaq lazım deyil, çünki..."

Həkim-dietoloq Tutu Zeynalova qəzetimizə açıqlamasında bildirib ki, ümumiyyətlə, xəstəliklərin böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar yaranır. Onun sözlərinə görə, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir: "Sağlam qidalanmaq barədə xüsusilə təbii gigiyena ilə məşğul olan həkim və mütəxəssislərin mövqeləri maraq doğurur. Orqanizmə vaxtaşırı istirahət vermək lazımdır. Çox yeməyə can atmaq lazım deyil, çünki bu, orqanizm üçün lüzumsuz və səmərəsiz əlavə zəhmət, ağır yükdür. Həzm prosesinin yaxşı getməsi üçün nəyi nə ilə birlikdə yeməyin faydalı olduğunu bilmək çox vacib məsələdir".

"Karantin dövründə evdə qalmağımız bir çox məsələləri gözdən keçirmək üçün şansdır. Bu müddətdə özümüzə daha çox zaman ayıra bilərik, boş vaxtlarımız çoxdur. Bu da bizə yediklərimizi tanımaq, yaxud hansı qidanın nəyə faydalı olduğunu öyrənmək imkanı verir. Stressdən uzaq duraraq bu zaman müddətindən qida rejimimizi diqqətdə saxlamaq üçün istifadə edə bilərik”,-deyə həkim-dietoloq əlavə edib.

Gün ərzində qidalanma rejimi necə tənzimlənməlidir?

Tutu Zeynalova qeyd edib ki, bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil, çünki immuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi olaraq qəbul etmək lazımdır. Onun sözlərinə görə, evdə qaldığımız dönəmdə immun sistemimizi gücləndirmək üçün proteinli qidalardan istifadə etmək önəmlidir: "Buna görə də yumurta, ən azı həftədə 2 dəfə balıq, qırmızı ət və toyuq mütləq şəkildə rasionda olmalıdır. Təbii ki, söhbət təbii qidalardan gedir. Bundan əlavə, gündə 3-6 porsiya olmaqla bol tərəvəzdən istifadə etməliyik və onların rənglərinə xüsusi diqqət yetirməliyik. Tərəvəzlərin və onların rənglər çeşidi nə qədər çox olsa, o qədər çox vitamin və minerallar qəbul etmiş oluruq. Vurğulayım ki, tərəvəzlər yaxşı yuyulmalı və sirkəli suda saxlanılmalı, sonra istifadə edilməlidir".
Həkim-dietoloq bildirir ki, zülalla zəngin olan paxlalı bitkilərdən daha çox istifadə olunmalıdır: "Həftədə ən azı iki dəfə paxlalılar qrupuna aid olan qidalardan istifadə etmək lazımdır".

Çay süfrəsinə də diqqət yetirmək lazımdır

Həkim qeyd edib ki, çay süfrəsinə də diqqət yetirmək və şirniyyatlardan mümkün qədər az istifadə etmək lazımdır: "Mümkünsə, çayın yanında az miqdarda quru meyvələrdən istifadə edilsin. Çünki onların da kalori dəyəri yüksəkdir. Bitki çaylarına – yaşıl çay, cökə çayı , kəklikotu, exinazeya, melissa və s. üstünlük verilməsi daha məqsədəuyğundur. Qəhvəni isə gündə 2 fincandan artıq olmamaq şərti ilə içmək lazımdır".

Yuxusuzluq immun sisteminə neqativ təsir göstərir

Yuxusuzluğun immun sisteminə neqativ təsir göstərdiyini deyən Tutu Zeynalova "Yuxu rejimini normaya salmalıyıq. Çünki biz yuxusuz qaldığımız zaman melotonin hormonunun səviyyəsi aşağı düşür, bu isə xoşbəxtlik hormonunun azalmasına səbəb olur. Buna görə də lazım olduğundan daha çox qida qəbul etmək istəyirik. Gec yatan insanlar növbəti gün ərzində daha çox yemək və şirniyyat ehtiyacı hiss edirlər. Buna görə də optimal yuxu rejimini tənzimləmək lazımdır ki, artıq çəki problemi yaranmasın",-deyə vurğulayıb.

Fiziki aktivlik olduqca vacibdir

Fiziki aktivliyin çox vacib olduğunu deyən həkim-dietoloq bildirib: "Kimin evində idman alətləri varsa, onlardan istifadə edə bilər. Hazırda bir çox fitness-bloggerlər onlayn dərslər keçirlər, həmin dərslərə qatılmaq və yaxud evdə musiqi fonunda rəqs etmək olar. Əsas odur ki, evdə qaldığımız zamandan maksimum faydalı istifadə edək”.

Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 379 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31