Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Ağ ölüm” satan qadınların “qara günləri”

“Ağ ölüm” satan qadınların “qara günləri”

30.11.2021 [11:55]

Müasir dövrün qlobal problemlərindən olan narkomaniya və narkobiznes bütün dünyanı cənginə alıb, bu bəla Azərbaycandan da yan keçməyib, “ağ ölüm”ün “qara qanadları” xalqımızın başı üzərindədir artıq. Bəşəriyyətin gələcəyini təhdid edən narkomaniya terroru güclənməkdədir. Narkomaniya, xüsusilə də gənclərimizi yoluxdurub gələcəyimizi məhv edir. Hesabatlardakı dəyərləndirmələrə əsasən, gənclər və yeniyetmələr bu bəlaya daha çox yoluxan və ondan əziyyət çəkən kateqoriyadır. Bu faktın özü belə həyəcan təbili çalmağa əsas verir.

Bu bəladan “şöhrət” qazananlar da olub. Dünyaca məşhur olan Pablo Escobar, Manuel Noriega, Leroy Barnes, Rick Ross və s. narkobaronlar sırasında Griselda Blanco kimi qadınların da adı hallanıb. Zamanla onların haqında filmlər və seriallar çəkilib, kitablar yazılıb. Pablo Escobar haqqında çəkilmiş “Narcos” serialı bu gün gənc və yeniyetmələrin ən çox izlədikləri, bir-birilərinə tövsiyə etdikləri işlər sırasında yer alır. Bəs, bu kimi təbliğatların qarşısını necə almaq olar?

Narkomaniya genefondumuzu məhv edir

Əvvəllər eşidərdik ki, filankəsin oğlu narkomandır. Böyük qınağa səbəb olan bu olay indi sanki adiləşməyə başlayıb. Artıq məhələlərdə bir-iki deyil, onlarla narkoman var. Unutmayaq ki, “o”nun hədəfi hər kəsdir. “Məndən ötdü, qardaşıma dəydi” məsəli burada öz əhəmiyyətini itirir. Ətrafda hətta bir narkomanın belə olması hamını ayıq-sayıq olmağa çağırmalıdır. Bu, yalnız hansısa qurumun fəaliyyəti ilə bağlı olan bir məsələ deyil, cəmiyyətin problemidir.“Ağ ölüm”lə  mübarizə aparmaq üçün 26 iyun tarixini (Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü) gözləməyə ehtiyac yoxdur.

Narkotik cinayətlərində qadınların sayı kəskin artıb

Bu il Azərbaycanda narkotiklərlə bağlı cinayətkarlıq öz pik həddini yaşadı. Statistikaya görə, 2021-ci ilin 8 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 5663 cinayət faktı aşkarlanıb. Respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı isə 33788 nəfər təşkil edir. Onlardan 618 nəfəri qadındır.

Son zamanlar narkobizneslə məşğul olan şəxslər bu işi pul müqabilində yeniyetmələrə, gənclərə, qadınlara tapşırırlar. İşsiz, pulsuz adamlar belə cinayətkarların toruna daha tez düşürlər. Ekspertlərin fikrincə, onları narkotikanın əsirinə çevirmək daha asandır. Tutaq ki, uşaqlar bu bəlanın içərisinə pula şirnikləndirilib, aldadılıb, qorxudulub salınmış ola bilərlər. Bəs hər zaman ailənin, ocağın qoruyucuları olan qadınları narkoticarətlə məşğul olmağa vadar edən səbəblər nədir? Qadın,  ilk növbədə, anadır. Biz anaya müqəddəs demişik. Ana göz görə-görə öz övladına narkoman balası damğası vurar, bir başqasının balasını da “ağ ölüm”ün qucağına atarmı?

Həyat yoldaşları və sevgililəri tərəfindən narkotikə qurşanan qadınlar da var. Bu barədə narkotik alüdəçisi olan qadınlar sosial çarxların çəkilişi zamanı etiraf ediblər. Onların sözlərinə görə, narkotik almaq üçün pulları olmayanda, qarşılığında narkoticarətlə məşğul olmaq təklif edilir. Nəticədə, qadınlar narkobiznesə qoşulmağa vadar olurlar.

Ayaqqabısında, tibbi maskasında, saçında, alt paltarında, daxili orqanında və s. narkotik gizlədən qadınlar

“Sosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri həbs edilib”, “Bakıda narkotacir qadın və tanışı saxlanılıb”, “Böyük əməliyyat: 16 narkotacir tutuldu, qadınlar da var”, “20 nəfərlik narkotacir şəbəkəsi saxlanıldı, başçıları qadın olub”, “Evində tiryəkxana açan ər-arvad saxlanılıb”, “Bakıda tiryəkxana aşkarlandı, narkotacir qadınlar tutuldu”, “Sumqayıtda narkotika satan ana, qızı və nəvəsi saxlanıldı” və.s bunlar son aylar ərzində medianın gündəmində yer alan xəbər başlıqlarıdır.

Belə qadınlardan biri də Sumqayıt şəhər sakini Qəmər Cəfərovadır. Q.Cəfərova dəfələrlə narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilib. Onun üzərindən 11 qram satmaq üçün nəzərdə tutulan heroin və psixotrop maddə “metamfetamin” aşkar olunaraq götürülüb. İfadə zamanı narkotik vasitələrinin bir hissəsinin isə qızı Sədat Cəfərovanın evində olduğunu bildirib. S.Cəfərovanın saxlanılması istiqamətində onun yaşadığı ünvana gedilib. Məsuliyyətdən yayınmaq istəyən S.Cəfərova 18 yaşlı qızını öz çirkin əməllərinə alət edərək evində olan külli miqdarda narkotik vasitələri ona verib təcili yaşadıqları evi tərk etməsini istəyib. Bu zaman o, polislər tərəfindən binanın çıxış qapısında saxlanılıb və əlindəki bağlamaya baxış zamanı anasının gizlətmək üçün verdiyi ümumi çəkisi 1 kiloqram 700 qram narkotik vasitə, o cümlədən, 817 qram heroin, 703 qram “metamfetamin”, 60 qram marixuana, 90 qram tiryək və 141 ədəd satışı qadağan edilən “Metadon” həbləri aşkar olunaraq götürülüb. Nəticədə polis əməkdaşları tərəfindən üçü də saxlanılıb.

Aydın olduğu kimi, ailənin 3 qadın fərdi narkoticarətlə məşğuldur. Heç düşünmədən qızını və nəvəsini uçuruma sürükləyən ana pul hərisliyi ucbatından yaxınlarının azadlıqlarını əlindən almış oldu. Narkotik satıcısı damğası nəinki həbsə düşən qadının adına, onun övladına, hətta bir nəslin adına ləkə vura bilər. Azərbaycan cəmiyyətində bunun necə bir ömürlük damğa olduğunu hamı bilir. Narkotik aludəçiliyi, narkotik ticarəti üstündə azadlıqdan məhrum olanların gələcəkdə cəmiyyətə inteqrasiyası demək olar ki, imkansızdır. Buna bəzən cəmiyyət “hə” demir, bəzən də həmin şəxslərin zəif iradəsi əngəl törədir. Bir ömür beləcə məhv olur, çürüyür gedir. Cəmiyyət içində “yararsız adamlar dəstəsi” yaranır.

Hadisəyə psixoloq gözündən baxsaq...

Mövzu ilə bağlı “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva qəzetimizə açıqlamasında bildirib ki, son zamanlar ölkəmizdə də narkotik istifadə edən və bunun satışı ilə məşğul olan qadınların sayı durmadan artmaqdadır:  “Narkotik istifadə edən qadınlarda depressiya, panik atak, diqqət əksikliyi, ruhi travmalar, yuxu və qida pozuntuları müşahidə olunur, narkotacir qadınlarda isə aqressivlik, stressə meyllilik, özünə və başqalarına zərər vermək davranışları, qərarsızlıq kimi hallar özünü büruzə verir. Həmin qadınlarla söhbət zamanı ortaya çıxan səbəblər təkcə maddiyyata söykənmir, mənəvi olaraq da bəzi nüanslar meydana çıxır. Bəzi qadınların bu bəlaya düşməsinin səbəbi ailəsində baş verən hadisələrdən və yaxınlarından gördüyü münasibətlərdən qaynaqlanır. Belə ki, həmin qadın yaxınları tərəfindən müxtəlif formada travmalar alır, xoş münasibət görə bilmir, stress, depressiv vəziyyətlə üşləşir və xoşbəxtliyi sevdiklərinin yanında deyil, başqa mühitdə axtarır. Bu mühit isə məhz narkotik dünyası olur. Narkotacirlər üçün bu tip insanlar şikardırlar. Çox təəssüf ki, sonu görünməyən bu yolun yolçularının da sonu yaxşı bitmir. Onlar ya həbs olunur, ya intihar edir, ya da başqaları tərəfindən öldürülürlər”.

Polisimizlə çiyin-çiyinə mübarizə aparmalıyıq!

Bu gün ölkəmizdə narkotacirlərə qarşı güclü mübarizə gedir. Azərbaycan polisi gecə-gündüz gərgin iş rejimində bu bəladan xalqımızı qorumaq üçün çalışır. Lakin narkomaniya ilə mübarizəni yalnız polis və hüquq-mühafizə orqanlarının üzərinə qoymaq olmaz. Hədəfdə hər birimizin yaxını, əzizi, balası ola bilər. Hər birimiz daha ayıq-sayıq olmalı, əzizlərimizi bu “qara dünya”nın toruna düşməkdən qorumalıyıq. Bu məqsədlə maarifləndrici sosial çarxlar, filmlər, eləcə də serialların çəkilməsi təqdirəlayiqdir. Gənclərin asudə vaxtının düzgün təşkili, işsizlik probleminin aradan qaldırılması, düzgün təbliğat, sağlam düşüncəli hər kəsin narkomaniyaya qarşı tövsiyələri gənc nəsil  üçün xilas yolu ola bilər.

Müşfiqə BAYRAMLI

Paylaş
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Sosial

Xəbər lenti

Yeni texnologiyalar

Xəbər lenti

Siyasət

Müsahibə

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31