Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / 2022-ci il minimum 220 manata başa gələ bilər?

2022-ci il minimum 220 manata başa gələ bilər?

29.12.2021 [10:31]

MÜŞFİQƏ

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Paytaxtın küçələri rəngbərəng işıqlandırılıb, şam ağacları bəzədilib, şəhərin gözəlliyinə gözəllik qatıb. Bir sözlə, hər yerdə bayram ab-havası hiss olunur. Hər kəs bayram bazarlığına hazırlaşır. Görəsən, ötən illə müqayisədə qiymətlər bahalaşmayıb? 300 manata yaxın maaşı olan orta statistik Azərbaycan vətəndaşı evini Yeni il üçün bəzəmək və uşaqlarını sevindirmək üçün nə qədər xərc çəkməlidir?

Bayramqabağı qiymətlərlə tanış olmaq üçün “28 May” metrostansiyasının yaxınlığında quraşdırılan bayram yarmarkalarını nəzərdən keçirdik. Piştaxtalarda bir-birindən rəngarəng bayram atributlarına rast gəlmək mümkündür. Mağazalarda canlanma müşahidə olunurdu. Hər il olduğu kimi, indi də valideynlər övladlarını sevindirmək üçün alış-veriş təlaşına düşüblər.

Şam ağacını bəzəmək üçün nə qədər pul lazımdır?

Reportajımıza elə şam ağaclarının qiymətini öyrənməklə başladıq. Bu işdə isə bizə satıcı Hüseyn kömək etdi. Dediyinə görə, ən ucuz şam ağacı 6 manat, ən bahalısı isə 140 manatdır. Qiymət ağacın ölçüsündən və keyfiyyətindən asılı olaraq dəyişir.

Sözsüz ki, ağacı işıqlandırmaq lazımdır, oyuncaqlar, bəzək də alınmalıdır. İşıqların qiyməti 5-35 manat arası dəyişirsə, ağac bəzəklərini isə 6 manata qədər tapmaq mümkündür.

Müxtəlif ölçülü rəngli maskaların qiyməti 3 manatdan başlayır. Uşaqların həvəslə şişirtdiyi şarların qiyməti isə 10, 30, 50 qəpikdir.  Süni qar dənəcikləri 3 manat, musiqili şaxta baba kürələrinin ən kiçiyi 8, ən böyüyü isə 20 manatdır.  Həmçinin gecə 00:00-da fişəng atmaq xülyasında olanlar 3 manatlarından keçməlidirlər.

Hətta balacalar üçün maskarad geyimləri də satılır. Övladınıza şaxta baba geyimi almaq istəsəniz, gərək, 20 manat ödəyəsiniz. Əgər bunun üçün büdcəniz yetərli deyilsə, onun əvəzinə 5 manatdan başlayaraq işıqlı papaqlar ala bilərsiniz. Bir sözlə, burada ürəyiniz istəyən, gözünüz bəyənən istənilən bəzək əşyasını alıb evinizi xoş ab-havaya bürüyə bilərsiniz. Necə deyərlər, əliniz cibinizdə olsun. Hüseyn deyir ki, təki siz gəlin, münasib endirim etməyə hazırıq.

Bayram süfrəsi isə...

Yeni ili fürsət bilib hər kəs öz doğma və əzizləri ilə bir süfrəyə yığılıb, ləziz təamların dadına baxmağı planlaşdırır. Günlərdir, bayram süfrəsi üçün hazırlıq görürlər. Adətdəndir deyiblər, bayram süfrəsi zəngin olmalı, bir-birindən dadlı yeməklərlə bəzədilməlidir. Bəs buna hər kəsin büdcəsi çatacaqmı? Ərzaqların qiymətində artım yoxdur ki? Sevindirici haldır ki, bir sıra meqamarketlər bayramqabağı endirim kampaniyaları keçirirlər.

Əlqərəz, ilk növbədə, ətin qiyməti ilə tanış olmağa çalışdıq. Qəssabların sözlərinə görə, ətin qiyməti ötən illə müqayisədə bahalaşıb.  Belə ki, bir kiloqram mal ətinin qiyməti 12-14 manat civarındadır.

Bahalaşan məhsulların ən başında isə kərə yağları gəlir. Vaxtilə 14 manata satılan yağın qiyməti piştaxtada 18 manat 50 qəpiyə qoyulub. Süfrənin əsas atributu sayılan aş üçün istifadə edilən düyünün bir kiloqramı isə 3 manatdan başlayır. Ət və ət məhsulları 5 manatdan 13 manata qədər dəyişir. Meyvələri isə müxtəlif qiymətə tapmaq olar. Bayramdan-bayrama süfrələrə yol tapan ananasın qiyməti 5.29 manat, banan 2.25, kivi 2.19, armud isə 4 manat 39 qəpikdir. Tərəvəzlərdən xiyar 1.49, pomidor 2-6 manat civarında, soğan 49 qəpik, kartofun kilosu isə 1 manat 9 qəpik təşkil edir. Göy-göyərtinin qiymətləri isə 15 qəpikdən başlayır. Süd və süd məhsullarından çanax pendiri 7.99, inək pendiri 5.69, xama 2.20, qatıq isə qramından asılı olaraq 80 qəpik - 5.69 manat civarındadır.

Yeni il süfrəsinin bir dəyişməz atributu da var. Şampan şərabı! Ən ucuzu 4 manat, ən bahalı isə 36,70 manatadır.  Salfetlər isə keyfiyyətindən asılı olaraq 39 qəpikdən 3 manata qədər mövcuddur.

Evə Şaxta baba, Qar qızı çağırmaq istəyənlər...

Yeni il axşamı sevdiklərinizi əyləndirmək, uşaqlarınızı sevindirmək üçün Şaxta baba və Qar qız sürprizi edə bilərsiniz. Apardığımız araşdırmanın nəticələrinə görə, əgər ev sahibi təkcə Şaxta baba istəsə, qiymət 100 manat olacaq. Şaxta babanın yanında Qar qızı da dəvət etsələr, 130 manat ödəmək lazımdır. Sifarişlərin çoxluğundan artıq onlar əlçatmaz olublar. Deyilənə görə, günlər öncədən yazılmaq lazımdır.

Bəs restoran?

Bununla yanaşı, Yeni ili restoranda qarşılamağı düşünənlər də az deyil. Qiymətlərlə tanış olmaq üçün bir neçə restoranla əlaqə saxladıq. Sən demə, qiymətlər təkcə menyudan asılı deyilmiş. Dəvət olunmuş musiqiçilər, müğənnilərə görə qiymət dəyişir. Məsələn, daha populyar müğənnisi olan restoranın yeni il şənliyi 200-300 manat arasındadır, digər restoran və kafelərdə qiymətlər nisbətən əlçatandır - 50-90 AZN arası.

 

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31