Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mərc oyunlarında kim uduzdu, kim uddu?

Mərc oyunlarında kim uduzdu, kim uddu?

29.12.2021 [10:44]

MÜŞFİQƏ

Mərc saytları və onlayn qumar oyunları bu gün virus kimi bütün dünyanı öz ağuşuna alıb. Pandemiya dövründə bir çox məkanlar kimi kazinoların da fəaliyyət göstərməməsi onlayn qumar və mərc saytlarında canlanmaya səbəb oldu. Mərc oyunlarının həvəskarlarının 60 faizi indi onlayn qumar ilə məşğuldur. ABŞ dünyanın ən çox mərc oynanılan ölkələrinin başında gəlir. Onun ardınca gələnlər isə Almaniya və İsveçrədir. Türkiyədə də son illərdə mərc oyunlarına böyük həcmlərdə vəsaitlər qoyulur. Türkiyədə səlahiyyətli şirkətlər istisna olmaqla, mərc oyunları qadağandır. Buna baxmayaraq, araşdırmalara görə, 18-50 yaş qrupunda olan 5 milyon insan ildə 50 milyard pul itirib.

Həyatlarını mərcə qoyanlar

Mərc oyunları Azərbaycanda da geniş vüsət alıb. Müxtəlif metodlara əl atan işbazlar reklamlarda mərc oyunlarını “əyləncə oyunları” kimi təqdim edirlər. Bu yolda var-dövlətini, hətta həyatını qurban verənlər də az deyil.

Deyirlər, söz vaxtına və yerinə çəkər. Elə dünən ictimai radionun “Manpası” adlı verilişində “İtirdiyiniz ən böyük məbləğ nə qədər olub?” sualı qoyulmuşdu. Dinləyicilərdən biri zəng edib xarici mərc saytlarında 2 min manat itirdiyini söylədi. Dediyinə görə, əvvəl bu cür saytlara etibar etməsə də, onu bu uçurma aparan səbəb cəlbedici reklamlar və aparılan təbliğat işləri olmuşdu.

Əfsuslar olsun ki, həmin dinləyici kimi bu bəlaya qurşananların sayı minlərlədir. Onların arasında xüsusilə də tələbələr çoxluq təşkil edir. Bəziləri öz təqaüdünü, digərləri ailəsinin göndərdiyi təhsil və yemək pulunu mərcə qoyur, pulu çatmayanda isə borca düşür. Sonrakı taleyi isə, yəqin ki, hər kəsə məlumdur.

“2 manat qoy, 2500 AZN qazan!”

“2 manat qoy, 2500 AZN qazan!”, “10 dolları 400 dollar etmək”, “İnternetdə 1 saata 132 manat qazanmaq”... “Youtube” platforması bu kimi “cəlbedici” başlıqlı videolarla doludur. Görəsən, son günlərdə sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarının reklamlarının kəskin şəkildə artmasına səbəb nədir? “Risksiz pul qazanmaq” adı ilə kütləni uçuruma aparan bu qumarxanalarla bağlı hansı tədbirlər görülür?

Qarşısı alınacaq

Ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısı alınacaq. Bununla bağlı məsələ Milli Məclisin bu günlərdə keçirilən iclasında müzakirəyə çıxarılan “Telekommunikasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən yeni maddələrə əsasən, telekommunikasiya operatoru və provayderlərinin vəzifələri sırasına telekommunikasiya xidmətləri vasitəsi ilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və ya satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tədbirlər görmək daxil edilir.

Faktiki olaraq şəffaflıq pozulur

“Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələni şərh edən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, mərc oyunlarında faktiki olaraq şəffaflıq pozulur. Mənfi halların və mərc oyunlarında insanların pul itkisinin qarşısını almaq üçün İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib: “Kifayət qədər ciddi qanundur, amma icra mexanizmi elə təmin edilməlidir ki, qanun normal işləyə bilsin. İstəyirik ki, bundan sonra şəffaflığı təmin edək. Qanun pozuntusu varsa, cərimə olunmalıdır. Mərc oyunları sayəsində dövlət büdcəsinə 7-8 milyon manat vəsait daxil ola bilərdi”.

Xaricdən pullarımıza göz dikənlər

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə ölkə ərazisində qeydiyyatdan keçməyən, yəni akkreditasiyası olmayan mərc saytlarına qoşulmamağa çağırıb. Bildirib ki, bu məsələ ilə bağlı vaxtaşırı ictimaiyyətə ayrı-ayrı formalarda xəbərdarlıqlar edilib: “Mərc oyunlarının maliyyə itkisinə səbəb olan halların yaranması ilə bağlı daxil olan müraciətlər üzrə müxtəlif əməliyyat-axtarış, istintaq-əməliyyat və əməliyyat-texniki tədbirləri həyata  keçirilib. Həmin mərc oyunlarının icraçılarının xarici ölkələrdə olması müəyyən edilib. Qeyd edim ki, vətəndaşlarımız Azərbaycan Respublikasının hüdudları daxilində olan və qanunvericilik ilə tənzimlənən forma və qaydalara uyğun fəaliyyət göstərən mərc oyunlarına qoşulub iştirak edə bilərlər”.

Paylaş
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31