Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şuşalı düşüncə adamı

Şuşalı düşüncə adamı

27.05.2022 [11:07]

İlk kitabxananın banisi, Atatürkün məsləhətçisi Əhməd bəy Ağaoğlu

Günel ABBAS

Xalqımızın Əhməd bəy Ağaoğlu başıucalığı

131 yaşlı Şuşa Real Məktəbi Azərbaycana çoxsaylı ziyalılar, yazıçılar, ədiblər bəxş edib. Məktəbdə onlarla görkəmli ziyalılar dərs alıb, dünyəvi elmlərə yiyələniblər. Şuşa Real Məktəbinin yetirdiyi görkəmli şəxsiyyətlərdən biri də Əhməd bəy Ağaoğludur. Əhməd bəy Ağaoğlu milləti millət edən, ona güc verən, özünə döndürən oğullardandır. O, Azərbaycan xalqının milli mübarizə tarixində mühüm rol oynayan simalardan biridir. Yaşadığı dövrün mənbələrinə nəzər saldıqda Azərbaycanın Əhməd bəy Ağaoğlu adında bir başıucalığı olduğunu daha yaxşı dərk etmək mümkündür.

Həyatının hər zərrəsində Şuşa

Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən bəy Qarabağın Qurdlar elindən idi. Bu tayfa XVIII əsrdə bütünlüklə etnik zərbaycan türklərinin yaşadığı Ərzurumdan köç edib Gəncəyə gəlmiş, daha sonra isə Qarabağa yerləşiblər. Atası Mirzə Həsən bəy varlı pambıqçı fermer olub. Ata tərəfinə Mirzə titulunun verilməsi ailənin ziyalı təbəqəsindən olduğunu göstərir. Elə babası Mirzə İbrahim də Şuşanın ən məşhur alimlərindən olub. O, xəttat idi və türk dilində şeirlər yazıb. Eyni zamanda əmiləri də türk dilindən başqa fars, ərəb və rus dillərini biliblər. Anası Tazə xanım Şuşanın Sarıcaalı elindən Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı olub.

Əhməd bəy Ağaoğlu xatirələrində təhsilində anasının və əmisinin böyük rolu olduğunu göstərib. Əmisi Mirzə Məmməd Əhməd bəyin müctəhid olmasını istəyərək ona 6 yaşından fars və ərəb dilləri üzrə müəllimlər tutur. İlk dövrlər məhəllə məktəbində təhsil alan Ağaoğlu anasının təşəbbüsü ilə gizlincə rusca dərslər də alır. Anasının dindar olmasına baxmayaraq axundlardan, mollalardan xoşu gəlmədiyini yazan Ə.Ağaoğlu anasının bu görüşlərinin onun təhsilinin istiqamətini Nəcəfdən, Kərbəladan Peterburqa, Parisə doğru dəyişdiyini yazır.

1881-ci ildə Şuşada altı siniflik Real Məktəbi açıldıqdan sonra Qarabağ canişini müsəlman əhalini Xurşidbanu Natəvanın evinə toplayaraq uşaqlarını bu məktəbə qoymalarını tövsiyə edir, atası da canişinə söz verərək oğlu Əhmədi Şuşa Real Məktəbinə göndərir. Bu məktəbdəki müəllimlərindən ikisinin, tarix müəllimi olan Şineyovski və riyaziyyat müəllimi olan Palekarpın ona böyük təsiri olub.

Hər iki müəllim çar rejiminə qarşı idi və işlədikləri məktəbdə də inqilabi təbliğat aparırdılar. Ağaoğlu da həyatında ilk dəfə qərb ideologiyası ilə bu məktəbdə tanış olur. Xatirələrində Əhməd bəy yazır ki, bu məktəb şəhərin erməni məhəlləsində yerləşirdi. 45 şagirddən yalnız beşi müsəlman uşağı idi. Erməni şagirdlərin bu azlığa qarşı münasibəti çox aqressiv olub, müsəlmanları daim incidiblər. Bu mühitə dözməyən şagirdlərin dördü məktəbi tərk edib, yalnız Əhməd təhsilini uğurla başa vura bilib.

Altıncı sinfi bitirdikdən sonra VII və sonuncu sinifləri Tiflisdəki 1 saylı gimnaziyada oxuyan Ağaoğlu məktəbin tək türk şagirdi olur. Tiflisdə təhsil aldığı dövrdə dostlarının təkidi ilə “Narodnik” Cəmiyyətinin gizli toplantılarında iştirak edir. Bu toplantılar Ağaoğlunun düşüncəsində dərin izlər buraxır. Tiflisdə gimnaziyanı müvəffəqiyyətlə bitirdikdən sonra Ə.Ağaoğlu fərqlənmə diplomu və üç yüz rubl mükafatla doğma Şuşaya qayıdır. Bütün yayı dayısı ilə birlikdə yaylaqda keçirir. Onun hər füsrətdə Şuşaya gəlməsi bu yerlərə nə qədər bağlı olmasından xəbər verir. 1887-ci ilin avqustunda ali təhsil almaq üçün Peterburqa gedən Ağaoğlu bir xristian ailəsinin evində kirayəşin olur. Həmin ailə Ağaoğlunun türk olduğunu biləndə çox təəccüblənir. Çünki o günədək ali təhsil üçün Peterburqa erməni və xristian əsilli digər xalqların gəncləri gəlirdi. Ailə türklərdən təhsil almaq üçün buraya gələn heç kimi tanımırdı...

Peterburqda tanış olduğu qafqazlı gənclər Ağaoğlunu Qafqazlı Tələbələr Birliyinin yataqxanasına aparırlar. Nəhayət, burada dörd nəfər türkün olduğunu öyrənir. Bu türklərdən biri sonralar Azərbaycanın Paris təmsilçisi olacaq Əlimərdan Topçubaşov, digəri isə keçmiş Qafqaz Şeyxülislamının oğlu Əli bəy Hüseynzadə idi. Digər iki türk tələbə isə yol mühəndisliyi ixtisası üzrə təhsil alırdılar. Ağaoğlu Texnoloji İnstitutunun bütün imtahanlarını uğurla verir. Yalnız sonuncu-cəbr imtahanından professorun verdiyi məsələni proqramdan kənar həll etməsi və professorun Ağaoğlunu yəhudi sanaraq həlli düzgün olduğu halda qəbul etməməsi Ağaoğlunu məyus edir. Professorun bu davranışı gənc Ağaoğluda ruslara qarşı böyük nifrət hissi yaradır.

Şuşada ilk kitabxananın banisi

Əhməd bəy Vətəninə, doğulduğu Şuşaya, elmə, təhsilə və millətə hər zərrəsi ilə bağlı idi. Bunun nəticəsidir ki, Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana açır. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, “Kaspi” qəzetinin baş redaktoru olub. O, eləcə də Ə.Hüseynzadə ilə “Həyat” qəzetinə də redaktorluq edib.

Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan “İslam dünyasında qadın” adlı kitabında “azad qadınsız milli inkişaf ola bilməz” fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevrilir.

Böyük ideoloq çar hökumətinə qarşı

1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin Difai təşkilatını qurur. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın konqresinə prezident seçilir. Sonradan gənc türklərin “İttihad və tərəqqi” partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, “Türk yurdu” jurnalının redaktoru olmaqla İstanbul universitetində rus dilindən dərs keçir.

Düşüncə və siyasət adamı

İctimai-siyasi fəaliyyətinin böyük bir hissəsi Türkiyə ilə bağlı olan Əhməd bəy Ağaoğlu həyatının otuz ilini burada keçirir. Bu müddətdə o, həm Azərbaycan, həm də Türkiyə cəmiyyəti üçün ölçüyəgəlməz dərəcədə işlər görür. Bu işlərdən biri Azərbaycan və Türkiyə, eləcə də ürk dünyası siyasi tarixində xalqın şüurunda milli düşüncəni inkişaf etdirmək idi. Bu cəhətdən milliyyətçilik onun yaradıcılığının ilkin mərhələsində başlıca yer tutur. Onun həm yaradıcılığında, həm də fəaliyyətində milliyyətçilik, vətənçilik, türkçülük amili mühüm rol oynayır.

Əhməd bəyin yaradıcılığının və fəaliyyətinin əsas istiqamətlərindən biri isə Türk-müsəlman dünyasında qərbləşmə, modernləşməni nəinki təqdir etmək, həm də onun yollarını göstərməkdən ibarət idi. Bu istiqamət onu uzun müddət ürk dünyasında türkçü kəsim olaraq tanıtsa da, sovet elmi tərəfindən pantürkist kimi damğalanaraq vətənində yaradıcılığının araşdırılması uzun müddət qadağan olunub. O, həm də sovet rejimi tərəfindən bir islamçı, panislamist kimi qələmə verilib. Bu da onun islamın dünəni, bu günü və problemlərilə bağlı elmi yazılarının dərc olunmasından, yeni fikir və ideya müəllifi olmasından irəli gəlirdi.

Görkəmli fikir adamının Türkiyədəki dərnəkçilik və mətbuat fəaliyyəti sistemliliyi, yenilikçiliyi ilə yeni bir yolun, ictimai-siyasi tendensiyanın əsasını qoyur. Bunun nəticəsidir ki, yeni qurulan Türkiyə hökumətində Mustafa Kamal Atatürk Əhməd bəyə böyük etimad göstərir. İlk dəfə görüşdükləri halda həmyerlimiz ilə bağlı Atatürkdə yüksək təəssürat yaranır. O, Əhməd bəy Ağaoğlunu tarixin ən böyük türk ideoloqlarından biri hesab edir. Türkiyə siyasi həyatında fəallığı ilə seçilən Əhməd bəyin əsas amallarından biri demokratik dövlət quruculuğu olub. Hətta bu xüsusda dəfələrlə ölkə rəhbərliyinə təklif və iradlarını bildirib, Atatürkün özü ilə bu barədə müzakirələr aparıb. İkinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub. Birgə fəaliyyətləri dövründə görkəmli ideoloq haqqında müsbət fikirlər səsləndirən Atatürk onun siyasətinə necə rəğbət bəslədiyini sadəcə bir cümlədə çox gözəl ifadə edir: “Bu qafa ancaq bir türkdə ola bilər!” Bütün həyatı türkçülüklə bağlı olan siyasət və düşüncə adamını bundan daha gözəl təsvir etmək olmazdı.

Paylaş:
Baxılıb: 149 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31