Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dərslər sentyabrın 1-dən başlasın?

Dərslər sentyabrın 1-dən başlasın?

25.06.2022 [10:32]

Biri “HƏ”, biri “YOX” deyir...

Yeganə BAYRAMOVA

Bir neçə gün öncə Milli Məclisin plenar iclasında dərslərin sentyabrın 1-dən başlanması ilə bağlı məsələ müzakirə olunub. Millət vəkillərinin bir qismi bildirib ki, dərslərin sentyabrın 15-də başlayıb, iyunun 14-də sona çatması düzgün deyil və vaxt itkisidir. Deputatlar dərs ilinin sentyabrın 1-də başlayıb, mayın 31-də yekunlaşmasını təklif ediblər. Parlament üzvləri qeyd edib ki, dərslər sentyabrın 1-də başlasa, həm müəllimlər, həm də valideyn və şagirdlər üçün yaxşı olar. Çünki tədris ilinin iyunun 15-nə qədər davam etməsi isti hava ilə əlaqədar müəyyən çətinliklər yaradır.

Məsələyə Təhsil Nazirliyinin reaksiyası gecikməyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, Bilik ?ünü Nazirlər Kabineti tərəfindən verilən qərar əsasında sentyabrın 15-i müəyyən edilib. Bu baxımdan, hər hansı şərh bildirilmir.

Xatırladaq ki, artıq yeddi ildir ölkədə dərs ilinin müddəti dəyişdirilib. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası ilə 2015-ci ilindən etibarən ümumtəhsil məktəbində dərslər sentyabrın 15-də başlayıb, iyunun 14-də bitir. Dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması göstərilib. Beləliklə, dərs ilinin müddəti yeddi ildir ki, dəyişdirilməsinə baxmayaraq, məsələ ilə bağlı narazılıqlar bitmir. Deputatların bununla bağlı təklifindən sonra məsələ ilə bağlı müzakirələr daha da qızışıb.

Bəs, müəllimlər, valideynlər və təhsil ekspertləri bu barədə nə düşünür?

Təhsil eksperti Kamran Əsədov “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, dərslərin sentyabrın 1-dən başlaması təklifi çox düzgün mövqedir. Ekspert qeyd edib ki, Azərbaycanda öyrəşilmiş, vərdiş edilmiş təqvim və tədris ili var: “2004-cü ilə qədər Bilik günü sentyabrın 1-nə təsadüf edirdi. Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Ardınca edilən dəyişiklik ilə 2015-2016-cı tədris ilindən ümumtəhsil məktəblərində dərslər mayın 31-də yox, iyunun 14-də başa çatır. Qeyd edim ki, şagird­lərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli lazımsız materialların sıxışdırılması yolu ilə həll etmək olar. Digər tərəfdən, dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə zəruri hesab olunan iki həftə bərpa edilə bilər”.

Dünya ölkələrində tədris ilinin başlanması

K.Əsədovun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir: “Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır. Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda və Türkiyədə dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır. Yaponiyada məktəblər aprelin 6-da açılır, tədris ilinin yekunu növbəti mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir. Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır”.

Ekspert vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində tədris ilinin başlanılması fərqli tarixlərdə olsa da, bir çoxunda sentyabrın 1-də başlayır: “Almaniyada hər inzibati bölgədə fərqli vaxtlarda tədris prosesi başlasa da, adətən bu tarix iyulun sonları ilə sentyabrın əvvəllərindən başlayıb iyunun ortalarına və iyula qədər davam edir. Hindistanda ibtidai və orta məktəblərdə dərslər iyun ayından növbəti ilin mart ayına qədər olan dövrü əhatə edir. İndoneziyada dərs ili iyuldan növbəti ilin iyununa qədər olan 11 ayı əhatə edir. İtaliyada məktəblər sentyabrın ilk 15 günlüyündə başlayır və iyunda başa çatır. Yeni Zelandiyada eyni təhsil dövrü 7 fevralda başlayıb 20 dekabra qədər uzanır. İngiltərə və Uelsdə dərs ili sentyabrın əvvəllərində başlayır və iyunun sonlarına qədər olur. Amma Böyük Britaniyanın digər subyekti Şotlandiyada dərslər avqustun ortalarında, yaxud sonlarında başlayıb növbəti il iyunun sonlarına və iyulun əvvəllərinə qədər davam edir”.

ABŞ-da Bilik gününün konkret tarixinin olmadığını söyləyən K.Əsədov bildirib ki, ştatlar və yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçir: “Amerikada bir çox məktəbdə Bilik günü sentyabr ayının ilk bazar ertəsi yaxud cümə axşamına təsadüf edir. Amma ölkənin cənubunda dərslər iyulun sonları və avqustun əvvəllərindən başlayır. Standart tədris prosesi 42 həftəni əhatə edir və iyun ayının ilk bazar ertəsinə qədər davam edir.

Ekspert hesab edir ki, dərs ilinin əvvəlki qaydada olması daha məntiqəuyğundur: “İyun ayı məktəblilərin yay tətili üçün nəzərdə tutulub. Belə isti havada şagirdlərin dərsə getməsi sağlamlıq cəhətdən də əlavə problemlər yarada bilər. Belə ki, istidə yorğun, halsız uşaqlar bir də məktəbdə əlavə olaraq yüklənirlər. Bu isə onların səhhətinə yaxşı təsir göstərməyə bilər. İyunda övladını məktəbə aparıb-gətirmək valideynlər üçün də çətin və zəhmətlidir. Vaxtı 14 gün uzatmaqla nəyəsə nail olmağın mümkün olmadığını hesab edirəm. Bu addımın təhsilin inkişafına faydalı olacağını düşünmürəm. Əksinə, bunun lazımsız bir qayda olduğunu fikirləşirəm. İndiyə kimi dərslərin may ayında bitməsinin hansısa mənfi tərəfini görməmişdik. Bunun valideynlər üçün daha çox ziyanı var. Çünki əlavə olaraq iki həftə məktəb xərclərini ödəmək heç də yaxşı hal deyil. İyun ayı məktəblilərin həvəslə gözlədiyi tətil ayıdır. Havaların bu qədər isti olduğu bir vaxtda heç kim əlavə olaraq iki həftə dərsə getmək istəməz”.

Şagirdlər iyun ayında həvəssiz olurlar

74 nömrəli tam orta məktəbin müəllimi Şükufə Cəbiyevanın sözlərinə görə, dərslərin əvvəlki illərdə olduğu kimi sentyabrın 1-də başlaması daha yaxşıdır: “İyun ayında şagirdlər dərsə çox həvəssiz olurlar. İsti havalar onların dərsə gəlməsini çətinləşdirir, istirahət etmək istəyirlər. Məncə, dərslər sentyabrın 1-i başlayıb mayın 31-də yekunlaşsa yaxşıdır”.

Problemin həlli üçün yay və payız məktəbləri yaradılsın

İsmayıllı rayon Zeyvə kənd tam orta məktəbin müəllimi İlqar Göyüşovun qənaətincə, dərslər sentyabrın 1-i başlasa, insanlar yenə də narazı qalmağa davam edəcək: “Bu mövzunun mütəmadi olaraq sosial şəbəkələrdə müzakirə olunduğunu görürəm. Qeyd edim ki, cəmiyyətimizi bu məsələdə 3 kateqoriyaya bölmək olar: Bir qrup insanlar dərslərin əvvəlki kimi başlamağını istəsə də, digər qrup dərslərin indiki vaxtda başlamağına və bitməyinə uyğunlaşıb. Üçüncü qrup insanlar üçünsə dərsin nə vaxt başlayıb-bitməyi önəmli deyil. Bəzi ailələr yay tətilinə gedir və heç də sentyabrın tez gəlməyini arzulamırlar, onlara sentyabrın 15-i sərf edir. Düşünürəm ki, məsələnin müzakirə mövzusu olmaması üçün, yay məktəbi kimi payız məktəbi də yaradılsın. Məsələn, məktəbə sentyabrın 1-i gəlmək istəyənlər azad seçimlərini edib tədrisə başlasın, digər qrup isə sentyabrın 15-i dərsə gəlsin. Müəllimlərdən də, 4-cü kurs tələbələrindən də könüllü olaraq payız məktəbini təşkil etmək olar ki, narazı müəllim qalmasın. İsti havalara gəldikdə isə günəş yalnız məktəbin üzərində olmur, həmçinin bizə sağlamlıq üçün bol istilik qəbul etmək lazımdır. Yəni bu istinin ziyanı yoxdur, yay məktəbi çox əyləncəli olur uşaqlar üçün. Dərslərin nə zaman başlaması problemini yay və payız məktəbi yaradıb azad seçim etməklə aradan qaldırmaq olar”.

Valideyn Əminə Eyyubova tədris ilinin sentyabrın 1-də başlamasının tərəfdarı deyil: “Övladlarımız bütün tədris ilində dərsə getdikləri üçün onların yayda istirahəti çox vacibdir. Dərslər sentyabrın 1-də başlayanda isə bu, bir az çətin olur, çünki yayda hansısa istirahət zonalarına gedirik. Məncə, dərslərin sentyabrın 15-də başlaması daha rahatdır”.

Valideyn Günel Osmanova isə dərslərin sentyabrın 1-dən başlamasını istəyir: “Çünki dərslər sentyabrın 15-də başlayanda iyunun 14-də sona çatır. Bu da həm bizim, həm də övladlarımız üçün çətindir. İyun ayında havalar isinir, dərsə gedib-gəlmək çox çətin olur”.

Paylaş:
Baxılıb: 216 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31