Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nazir təklif etdi...

Nazir təklif etdi...

28.07.2022 [10:12]

Bu təklif necə qarşılanacaq?

MÜŞFİQƏ

Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq. Artıq məktəbə direktor təyinatı da olub. Bu barədə təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı təşkil etdiyi brifinqdə deyib. Nazir köç prosesinin başa çatmasını gözlədiklərini və müəllim sayının kifayət qədər olduğunu bildirib.

Yoluxma artsa, məktəblərin aqibəti necə olacaq?

Dünyada, eləcə də ölkəmizdə koronavirusa yoluxma sayı durmadan artır. Bu vəziyyətin yeni tədris ilinə necə təsir edəcəyi isə maraq doğurur. Təhsil naziri məsələyə aydınlıq gətirib. O, 2021-2022-ci tədris ilində dərslərin dayandırılmadığını xatırladaraq bildirib ki, əgər koronavirusa yoluxma artarsa, oxşar model yeni tədris ilində də tətbiq edilə bilər: “Təbii ki, bu məsələdə Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın və aidiyyəti dövlət qurumlarının qərarlarına uyğun addım atır. Bugünkü artım sayları əvvəlki dövrlərlə nisbətdə aşağıdır. Hesab edirəm ki, payız mövsümündə yoluxma sayının artmasının məktəblərin bağlanmasına səbəb olması ehtimalı azdır. Ola bilsin, bəzi siniflər distant tədrisə keçə bilər. Bu da həmin vaxtın göstəricilərindən asılıdır”.

5 yaşdan aşağı uşaqlar təhsilə cəlb olunacaqlar

Gələcəkdə 5 yaşdan aşağı uşaqların məktəbəqədər təhsilə cəlbi nəzərdə tutula bilər. Nazir deyir ki, bu gün ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsildə göstəricisi 85%-dir. Hədəf bu göstəricini 90%-dən yuxarı qaldırmaqdır: “Məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq. Ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri yaxşılaşdırılacaq, məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji heyətin və idarəetmə heyətinin peşəkarlığı artırılacaq, məktəbəqədər təhsilin keyfiyyətinin təminatı sistemi yaradılacaqdır. Hazırda 1-5 yaşında olan azyaşlıların 32%-i məktəbəqədər təhsilə cəlb edilib. Növbəti 5 il ərzində bu rəqəmin 50%-ə çatdırılması planlaşdırılır. Dövrün sonuna 100 min uşağın bu təhsilə cəlbi nəzərdə tutulub”.

Qeyd olunub ki, 1667 məktəbəqədər təhsil müəssisəsini özündə birləşdirən elektron sistem yaradılıb. Artıq bu sistemə 17 min 246 uşağın məlumatları daxil edilib.

Valideynlər tərəfindən bu günə kimi də qınanılır

Brifinqin yadda qalan məqamlarından biri də tədris müddətinin artırılması ilə bağlı təklif idi. Nazir müddətin artırılmasının tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə, bu addım valideynlər tərəfindən birmənalı qarşılanmaya bilər: “Təhsilin keyfiyyətinə təsir edən əsas amil tədris günlərinin sayıdır. Bizim cəmiyyətimiz isə hələlik tədris günlərinin sayının artırılmasına ürəklə yanaşmır. Nümunə göstərilən ölkələrdə tədrisin müddəti, təxminən, 42-44 həftədir. Azərbaycanda isə bu 36 həftədir və orta müddət sayılır. Təhsil işçisi olaraq hesab edirəm ki, müddətin artırılması yaxşı olardı. Lakin cəmiyyətimiz müddətin uzadılmasına ağrılı məsələ kimi baxır. Tədris müddətinin iyunun 14-dək uzadılması ilə bağlı islahatımız bu günə kimi də qınanılır. Bunun insan sağlamlığına vura biləcəyi zərərlərlə bağlı ciddi miflər mövcuddur. Bu günədək oxumaqdan kiməsə ciddi ziyan dəyməyib. Bu narahatlıqların elmi əsası yoxdur. Uşaq nə qədər təhsillə çox məşğul olsa gələcəyi daha yaxşı olar. Təbii ki, oxumaq da qədərində olmalıdır. Şagirdlər oxumağa həmişəkindən 2 saat əlavə vaxt ayırsalar, kifayətdir. Uşaq çox dincələrsə, böyüyəndə ciddi problemləri ola bilər. Uşaqları oxumağa həvəsləndirməyə və cəmiyyəti də tədris müddətinin uzadılmasına dəstək olmağa dəvət edirəm”.

Şagirdlərə 50 min yeni kompüter veriləcək

Bu il şagirdlərə 50 min yeni kompüter veriləcək. Bununla yanaşı, 75%-dən artıq şagirdin təhsil aldığı məktəb internetə qoşulacaq. Beləliklə, maddi-texniki bazası yenilənən məktəblərin sayının 2026-cı ilə kimi 86%-ə çatması hədəflənib. Bütün təhsil pillələri üzrə informasiya sistemləri və elektron xidmətlər təkmilləşdiriləcək: “Hazırda müxtəlif təhsil pillələri və ümumi idarəetmə üzrə 18 informasiya sistemi və elektron xidmətlər yaradılıb. 2026-cı ilədək isə müxtəlif təhsil pillələri və ümumi idarəetmə üzrə 26 informasiya sistemi və elektron xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulub. Məktəblərdə hər şeyi eyni vaxtda yaxşı etmək heç də asan deyil. Maddi-texniki bazanın zəif olması qəbulediləndir. Lakin son zamanlar bu istiqamətdə çoxlu tədbirlər görülür. Növbəti ilin əvvəlinə 75%-dən artıq şagirdin təhsil aldığı məktəb internetə qoşulacaq. Bu rəqəm əvvəl 10% idi. Məktəbdə ağıllı lövhələrin olması da bacaran müəllim üçün əlavə alətdir. Bu lövhə olmadan da müxtəlif fənlərdən yüksək nəticə əldə etmək olar. Müəllimlərin əksəriyyətinin problemi metodika ilə bağlıdır”.

Öz növbəsində, 2022-2026-cı illərdə STEAM əsaslı tədrisin əhatə dairəsi genişləndiriləcək. Dövrün sonuna qədər 10 min sinfin, 280 min nəfər şagirdin STEAM əsaslı tədrisə cəlb edilməsi nəzərdə tutulub.

51 uşaq bağçasının direktoru işdən çıxarılıb

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinq nəticəsində 51 nəfər bağça müdiri tutduğu vəzifədən azad edilib: “Uşaq bağçalarında aparılan monitorinqlər hər zaman davam edəcək, çünki bu, dövrü prosesdir. Bu günə qədər 51 uşaq bağçasının direktoru vəzifəsindən azad olunub, bir neçə yüz adama töhmət verilib və xəbərdarlıq edilib: “Problemlər çoxdur, həlli qısa zaman ərzində mümkün deyil. Sadəcə, səbirli olmalıyıq”.

Peşə təhsilinə qəbul artacaq. Bəs keyfiyyət?

Nazir brifinq zamanı peşə təhsilinin əhatə dairəsi və keyfiyyətinin artırılacağını söyləyib. Onun sözlərinə görə, əmək bazarının tələblərinə cavab verən peşə təhsili tətbiq olunacaq, işəgötürənlər peşə təhsili sisteminə inteqrasiya ediləcək. Peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sistemi təkmilləşdiriləcək, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi yüksəldiləcək. Nəticədə, peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayı əlavə olaraq 11 min nəfər artırılacaq.

“Bu il 50 min abituriyentin tələbə adını qazanmasını gözyəyirik. Təxminən, 10 min məzunun isə magistraturaya qəbulu nəzərdə tutulur”, - deyə açıqlama verən E.Əmrullayev ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsi və keyfiyyətinin artırılacağını da diqqətə çatdırıb. Qeyd olunub ki, “SABAH” qruplarında təhsil alan tələbələrin sayı 15 minə çatdırılacaq. Bundan başqa, iki ali təhsil müəssisəsi elmi-tədqiqat universitetinə çevriləcək.

Müəllim çox, vakansiya  yox...

Müəllim ixtisası üzrə vakant yerlərin sayının müəllim işləmək istəyənlərin sayından dəfələrlə az  olması müəllim peşəsinə yiyələnənlərin harada işləyəcəyi barədə sual yaradır. Emin Əmrullayev deyir ki, hazırladığımız müəllim sayı bir qədər vakansiyalardan çox olur. Buna səbəb isə: “Bəzi regionlardakı bir çox məktəblərdə 8 ibtidai sinif üçün 22 müəllim fəaliyyət göstərir. Həmin müəllimlərin sayının artıq olması da ayrı suallar yaradır. Əminliklə deyə bilərəm ki, həmin müəllimlər son illərdə işə götürülməyiblər. Çünki biz son illərin müəllim şagird nisbətinə nəzarət edirik. Bu gün təxminən 10 mindən artıq insan pedaqoji sayılan ixtisaslara daxil olur. Hər il tək ümumtəhsil müəssisələri üçün 7-8 min vakansiya veririk. Hesab edirəm ki, bununla bağlı balans qorunur və gələcəkdə bu tendensiyanı qorumağa çalışacağıq. Etiraf edək ki, müəllimlərimiz adətən öz evinə yaxın məktəbdə işləmək istəyirlər. Hazırladığımız müəllim sayı bir qədər vakansiyalardan çox olur. Bu da təbiidir, çünki hamı müəllim olmaq istəmir. Odur ki, tələbə uyğun pedaqoji heyət hazırlanacaq”.

Müəllimlərin maaşları...

Təhsil naziri müəllimlərin maaşından danışıb. Onun sözlərinə görə, ilin sonuna 137 min təhsilverənin sertifikasiyası və 68 min heyət differensial əməkhaqqı sisteminə cəlb olunacaq: “Müəllimlərin sertifikasiyası ilə bağlı çoxlu fikirlər səsləndirilir, izləyirik və heç bir narahatlıq yoxdur. Əməkhaqqının artımlarının qanunvericilikdə əks olunması sevindiricidir. Məktəb direktorlarının təyinatı zamanı da yalnız yüksək nəticə göstərən müəllimlərin seçiminə önəm veriləcək. 3-5 ildən sonra təhsildə sertifikasiyanın müsbət təsirlərini görəcəyik. Çalışırıq ki, şagirdlərin qarşısına savadlı müəllimləri çıxaraq”.

Paylaş:
Baxılıb: 85 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Müsahibə

Xəbər lenti

8 avqust 1991-ci il...

06 Avqust 10:12

Prezident bu gün

Prezident bu gün

06 Avqust 10:08

Siyasət

Səfirliyimizə hücum...

06 Avqust 10:05  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31